Azərbaycanda intibah dövrü fəlsəfi
və ictimai fikri
Fəlsəfi məzmun
ayrı-ayrı ideyalar və ya bütöv təlim şəklində
nəsr və nəzmlə ifadə edilirdi
XI-XII əsrlərdə
Azərbaycanda fəlsəfəni elmi nailiyyətlərlə
birləşdirərək fəlsəfi mövzuları
(dialektikanı, kateqoriyaları, qnoseoloji problemləri və
s.) tədqiq edən Şihabəddin Marağayi, Əbu Səid
Urməvi, Əbusəd Təbrizi, Abdulla Urməvi və b.
filosoflar məlumdurlar. XI-XII əsrlərdə
Azərbaycanda batinilik, ismaililik və sufilik cərəyanlarının
yayılması sürətlənir. Həmin
cərəyanların fəlsəfi ideyaları ölkədə
həm mənəvi mədəniyyətin, həm də sosial
həyatın müxtəlif sahələrinə fəal təsir
göstərib. Əsasən XI-XII əsrlərdən
başlayaraq adı çəkilən cərəyanların nəzəri
təlimləri, Sovet dövrü istisna olmaqla, Azərbaycan fəlsəfi
və ictimai-siyasi fikrində geniş yer tutub. Azərbaycanda
əsrlər boyu ezoterik fəlsəfi təlimlər və ilk
növbədə sufi fəlsəfəsinin
nəzəri əsasları haqqında əsərlər
yazmış alim-mütəfəkkirlər olublar. Onların əksəriyyəti dünyəvi təhsil
almış və fəlsəfi problemlərə əsasən
vəhdət əl-vücud adı altında tanınan və
dünya fəlsəfi düşüncəsi
üçün universal fenomen olan panteizm mövqeyindən
yanaşıblar. Onlar Allahın və
ilahiləşdirilmiş varlığın sirlərinin
irrasional dərkinə üstünlük versələr də,
bir çox hallarda varlığın rasional dərkini inkar etməyib,
mədəniyyət tarixində dünyəvi elmlərin dərin
bilicisi kimi də tanınıblar. XI-XII əsrlərdə
Azərbaycanda qeyri-ortodoksal sufilik fəlsəfəsinin
yaradıcıları dünya mədəniyyəti tarixində
tanınmış Baba Kuhi Bakuvi (948-1050), Eynəlqüzat Miyanəci
(1099-1131), Əxi Əbü-l-Fərəc Zəncani və
mötədil sufiliyin yaradıcılarından olan Şihabəddin
Əbuhəfs Ömər ibn Məhəmməd Sührəvərdi
(1145-1234) və b. fəlsəfi irsi olub. Eynəlqüzat Miyanəci
sufi fəlsəfəsinin nəzəri əsaslarını
İbn Ərəbidən əvvəl "Həqiqətlərin
seçilmişləri", "Əsaslar", "Aşiqlərin
sevinci və təşnələrin bidəti" və s. əsərlərində
verib. Dini fəlsəfəyə zidd olduğuna görə o,
arasıkəsilməz təqiblərdən sonra 1131-ci ildə
32 yaşında dərs dediyi mədrəsədə edam edilib.
Azərbaycan
fəlsəfi fikri XI-XII əsrlərdə sufi
fəlsəfəsinin radikal yönümü ilə seçilən
nümayəndələri ilə yanaşı mötədil
sufiliyin nəzəriyyəçiləri ilə də təmsil
olunub. İslam Şərqində
özünün mötədil sufilik məktəbini yaradan Azərbaycan
filosofu Əbu Həfs Sührəvərdi olub. Sührəvərdi
Şərqdə sufizmin dərsliyi kimi qəbul edilmiş
"Mərifətlərin töhfələri" əsərində
sufiliyin bidətə aparan panteizmini əl-Qəzalidən əvvəl
islah edərək onu ortodoksal İslam teologiyası ilə
bağlamağa və barışdırmağa cəhd
göstərib, dövrünün mədəniyyət tarixinə
peripatetik fəlsəfənin və hər cür bidətə
aparan ideyaların qatı əleyhdarı kimi daxil olub. Azərbaycan filosofu Əbülfütuh Yəhya ibn Həbəş
Sührəvərdi (1154-91) dünya mədəniyyətində
məşhur işraqilik fəlsəfəsinin banisidir.
Bu fəlsəfi təlim onun "İşraq fəlsəfəsi",
"Nur heykəlləri", "İşıq haqqında
risalə" və s. əsərlərində şərh
olunur. Qədim Azərbaycan, Şərq və yunan fəlsəfəsindən
qaynaqlanan, peripatetizmin rasionalizmini, sufilərin fəlsəfi
baxımdan əhəmiyyətli olan varlığın vahid
substansionallığı haqqında ideyasını və dini
təsəvvürlərin avtoritarlığını
özündə birləşdirən Sührəvərdi təlimi
bu gün də Şərq və Qərb fəlsəfə
tarixçilərinin diqqətini cəlb edir.
Dövrün
fəlsəfi fikri Azərbaycan ilahiyyatçıları
Əbuhəfs Zəncani, Əbu Ömər Osman Dərbəndi,
Əbülfəz Üşnuhi, Əbubəkr Urməvi,
Əbu Xəfif Şirvani və başqa mütəfəkkirlərin
ortodoksal təmayüllü teoloji risalələrində əksini
tapıb.
İntibah dövrü fəlsəfi və ictimai fikrinin əsas
təzahür formalarından biri folklor və fəlsəfi
poeziya idi ki, burada fəlsəfi məzmun ayrı-ayrı
ideyalar və ya bütöv təlim şəklində nəsr
və nəzmlə ifadə edilirdi. Dövrün fəlsəfi
və ictimai problemlərini əks etdirən fəlsəfi
poeziyanın görkəmli nümayəndələri
sırasına Məhsəti Gəncəvi, Əfzələddin
Xaqani və Nizami Gəncəvinin adları daxildir. Fəlsəfi
poeziyanın zirvəsi sayılan Nizami irsi, ilk növbədə
onun "Xəmsə"si XII əsrdə Azərbaycanın və
İslam Şərqinin fəlsəfi təfəkkürünün
poetik formada əksini tapmış nümunəsidir ki, bu da
sonralar fəlsəfi təfəkkürü nəzmlə
açıqlayan Şərq "Xəmsə"lərinə
örnək olub. Qədim Azərbaycan, Şərq və yunan
fəlsəfəsindən qaynaqlanan və onların
özünəməxsus sintezini əks etdirən Nizami "Xəmsə"sində
ontoloji aspektdə panteizm yönümlü idealizm, qnoseologiyada
rasionalizmlə irrasionalizmin sintezi, sosial və etik görüşlərdə
şəxsiyyəti və cəmiyyəti kamilliyə aparan
zahiri və batini yolların təsviri ehtiva olunub.
Orta əsrlərdə Şərqin və Azərbaycanın
İntibah mədəniyyətində müxtəlif növ təfsirlər
də məlum idi. Çoxaspektliliyi ilə seçilən təfsirlər
dil, bədiilik, üslub, fəlsəfə, elm, bir sözlə,
təfsir obyektinin məzmun və formasını aça bilən
bütün məqamların professional şərhini əhatə
edərək bütövlükdə məlum hermenevtik
yanaşma metoduna uyğun idi. Bu növ təfsirlər
içərisində Azərbaycan klassik mədəniyyətinin
nümayəndələri Xətib Təbrizi və Yusif
Xoylunun ərəb filosofu Əbül-Əla əl-Məərrinin
"İlk qığılcım" poemasına verdikləri
təfsirlər xüsusi yer tutur. Bu təfsirlər
poemanın fəlsəfi aspektdən şərhinin dərinliyi
və müfəssəlliyinə görə sonralar hər iki
təfsirçinin fəlsəfi dünyagörüşünün
tədqiqi üçün imkan və zəmin yaratdı.
XIII-XVI əsrlərdə Azərbaycan fəlsəfi və
sosial-siyasi fikri ölkənin sosial-siyasi və ümummədəni
kontekstində dövrün tələblərinə uyğun
inkişaf edirdi. Lakin bu kontekst XIII-XIV və XV-XVI əsrlərdə
xeyli fərqlənirdi. Belə ki, XIII-XIV əsrlərdə
ölkə ərazisində müstəqil Eldənizlər və
Atabəylər dövlətləri devrilir, monqolların və
Teymurilərin hakimiyyəti bərqərar olur. XV-XVI əsrlərdə isə Azərbaycan xarici
istiladan tədricən azad olur, müstəqil Ağqoyunlu,
Qaraqoyunlu dövlətləri və Azərbaycan Səfəvi
imperiyası yaranır.
XIII-XIV əsrlərdə ölkədə xarici istila
zülmü yerli feodal zülmü ilə birləşərək
genişmiqyaslı xalq üsyanlarına səbəb olurdu. Bu
üsyanlarda adətən əsas rolu yüzminlərlə
sakini olan və iqtisadiyyatı inkişaf etmiş şəhərlərin
əhalisi, ilk növbədə iqtisadi, ideoloji və siyasi cəhətdən
təşkilatlanmış və bir çox hallarda tacirləri,
yerli mülkədarları, ruhaniləri və kəndliləri
ətrafında birləşdirən sənətkarlar silki
oynayırdı. Ölkəsinin müdafiəsinə
qalxan xalqın ideoloji dayağı mövcud təriqətlərin
qeyri-ortodoksal, bir sıra hallarda ifrat şiəliyi və
ardıcıl panteizmi ilə səciyyələnən fəlsəfi
yönümlü təlimləri idi.
XIII-XVI əsrlərdə
keçmiş fəlsəfi cərəyanlar zəminində
yeni, özünəməxsus fəlsəfi baxışlara
malik, məhz Azərbaycanda yaranmış müstəqil
hürufi, nöqtəvi, qızılbaş, gülşəni
və s. təriqət və ideoloji cərəyanlara rast gəlinir.
Arasıkəsilməz müharibələrə və
istilalara baxmayaraq həmin dövrdə Azərbaycanda fəlsəfi
fikrin inkişafına dünyəvi elmlərin yüksəlişi
- XIII əsrdə Şərq alimlərinin elm ocağına
çevrilmiş dünya şöhrətli Marağa rəsədxanası
və Marağa universiteti, XIV əsrdə Təbrizdə
dünyəvi elmlər, fəlsəfə və ilahiyyat tədris
olunan Dar üş-Şəfa tibb kompleksi, XIV əsrin əvvəllərində
Təbrizdə dəqiq elmlərlə yanaşı fəlsəfənin
dərindən öyrənildiyi Rəbbi-Rəşidi elm şəhərciyinin
yaranması, əlyazmalarını hifz edən
çoxsaylı kitabxanaların və hətta ölkənin
kağız istehsalına ehtiyacını ödəyən
Kağazkunan şəhərinin olması təsir edirdi.
Fəlsəfi
və ictimai fikrin inkişafına ölkədə müxtəlif
din (zərdüştilik, təktanrıçılıq,
şamançılıq, bütpərəstlik, yəhudilik,
xristianlıq, İslam və s.) və dillərin (türk-Azərbaycan,
ərəb, fars, udi, gürcü və s.)
mövcudluğu etnosların birgə qarşılıqlı
anlaşma və etimad şəraitində yaşaması və
mədəni əlaqələri də böyük təsir
göstərirdi. Müxtəlif dinə, dilə
və siyasi bölgələrə mənsubluğu Azərbaycan
mədəniyyətini və fəlsəfəsini zənginləşdirən
amillər idi. Ərəb və fars
dilləri ilə bərabər artıq XII əsrdən
türk dili də elitar ədəbi dil kimi
tanınırdı. Azərbaycanın fəlsəfi
ədəbiyyatında türk-azərbaycandilli yazılı
abidələr getdikcə artırdı. Bunlardan
XIII əsrə aid alleqorik "Əhməd Hərami"
anonim etik risaləsini, Həsənoğlu, Qazi Bürhanəddin,
İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və
XIII-XVI əsrlər fəlsəfi poeziyasının başqa
çoxsaylı nümayəndələrinin məlum irsini
göstərmək olar. Azərbaycan
xalqının fəlsəfi mədəniyyəti XIII-XVI əsrlərdə
əsasən İslam və xristian mədəni bölgələrində
inkişaf edirdi. Lakin xristian bölgəsinin
yazılı mədəni abidələri Azərbaycan albanlarının
etnik assimilyasiyasına hər vasitə ilə cəhd edən
erməni kilsəsinin əli ilə uzaqgörənliklə məhv
olunduğundan, Azərbaycanın alban mənəvi mədəniyyəti
və xüsusən fəlsəfi
dünyagörüşü haqqında məlumat çox məhduddur.
XIII-XVI əsrlərdə İslam mədəni kontekstində
inkişaf edən Azərbaycan fəlsəfəsi əvvəlki
dövrdə olduğu kimi, teosofiya daxilində Şərq
peripatetizmi, təriqət fəlsəfəsi, fəlsəfi
poeziya, təfsirlər və s. formalarda inkişaf edirdi və
dövrün sosial-siyasi durumu fəlsəfəyə, xüsusən
genişlənən sosial bazaya malik fəlsəfi cərəyanlara,
onların ortodoksal dinə münasibətinə ciddi təsir
göstərirdi. Din xadimlərinin bir çox hallarda monqollar və
teymurilərlə əməkdaşlığı xarici
(istilaçı) və yerli sosial zülmə qarşı
yönəlmiş cərəyanların fəlsəfi
görüşlərində bidət təmayülünü
artırırdı. Bu cərəyanlar fəlsəfədə
materializm təmayüllü ardıcıl panteizmi təbliğ
edir və panteizmə əsaslanan hülul nəzəriyyəsini
sosial problemlərin həllinə yönəldirdi. Mistik özünüdərk və fərdi kamilləşmə
artıq real məqsədlərə, siyasi-sosial məsələlərin
həllinə istiqamətləndirilirdi. İslamın
panteizmə əsaslanan yeni bidətçi yozumlarının
sayı artır və onlara qarşı ortodoksal din və
dövlət xadimləri tərəfindən aparılan
amansız mübarizə şiddətlənirdi.
XIII-XVI əsrlərdə peripatetik fəlsəfənin
nümayəndələri Siracəddin Urməvi, Əfzələddin
Xünəci, Nəsirəddin Tusi və b. idi. Görkəmli
filosoflar Mahmud Şəbüstəri, Əvhədi Marağayi
isə həm peripatetizmi, həm də sufiliyi təmsil edirdilər.
Həmin mütəfəkkirlərin əsərlərində
fəlsəfi problemlərlə yanaşı nücum, təbabət,
riyaziyyat, məntiq və hüquq problemləri də
mühüm yer tuturdu. Məntiq elmi Şəmsəddin
Məhəmməd Xalxali, Şükrüllah Şirvani, Bədrəddin
Seyid Əhməd Lələvi və b. əsərlərində
işlənib. Bu dövrdə peripatetizm
nümayəndələri ölkə və bölgə fəlsəfi
ənənələrini elmin nailiyyətləri ilə birləşdirərək
bir sıra fəlsəfi problemlərin materialist təmayüllü
yozumunu vermiş, hərəkət və inkişafın
ümumiləşdirilmiş təsvirini, maddi və mənəvi
aləmin fenomenləri arasındakı
qarşılıqlı əlaqələri dialektik izah
etmişlər. Dövrün peripatetiklərinin
təlimi X-XII əsr Azərbaycan fəlsəfəsi ənənələrinin,
elm və mədəniyyətinin nailiyyətlərinə
söykənən davamı idi.
Zümrüd
Quluzadə,
fəlsəfə
elmləri doktoru
Xalq Cəbhəsi.-
2014.- 4 aprel.- S.14.