“Səyyad gəzər şikarının
dağıynan...”
Şair Telimxanın dodaqdəyməzləri
Şair Telimxan (1742/43-1829) haqqında elm aləminə ilk bilgi verən Əli Kamali (1944-1996) olub. İranın Savə şəhərinin yaxınlığındakı Bəndəmir kəndində doğulan Əli Əkbər oğlu Kamali Tehran Universitetinin hüquq fakültəsini bitirib. Ömrünün sonunadək Tehranda vəkil işləyən Əli Kamali həm də ədəbiyyatşünas kimi tanınıb.
İran qaynaqlarında "Orta İran türkləri", "Savə türkləri" adlandırılan xalqın ədəbiyyatının, folklorunun elmi ictimaiyyətin diqqətinə çatdırılmasında onun rolu əvəzsizdir. Tehranda türkcə və farsca nəşr olunan "Varlıq" jurnalının təkcə 1981-1989-cu il saylarında Ə.Kamalinin 20-dən çox araşdırması dərc edilib. XX yüzilliyin başlanğıcında Savə bölgəsində 729 kənddə türklər yaşayıb. Ə.Kamali bu kəndlərdən 30-a yaxın dastan, ədəbiyyat tariximizə daxil olmamış 100-ə yaxın şairin şeirini, atalar sözü, nağıl, bayatı və s. toplayıb. Onun topladığı "Qərib və Şahsənəm", "Tahir və Mirzə", "Əsli Kərəm", "Məhəmməd və Pəri", "Həmrah", "Səyyad və Səadət", "Duxarxanlı Abbas" və başqa dastanlar indiyədək Türkiyədə, İranda, Azərbaycanda, Türkmənistanda və başqa yerlərdə çap olunanlardan həcmcə böyükdür. "Koroğlu" dastanının qolları isə yeni variant kimi olduqca maraqlıdır. Əli Kamalinin toplayıb nəşrə hazırladığı əsərlər arasında Telimxan "Divanı"nın xüsusi yeri var. 10 min beyti əhatə edən "Divan"a araşdırıcı kimi ön söz yazıb, şeirlərdə geniş işlədilən 5 minə yaxın ərəb və fars sözünün, eləcə də 5 min cinasın izahını verib. Bu, onu göstərir ki, türk xalqları ədəbiyyatında Telimxan qədər cinasa önəm verən ikinci bir sənətkarımız yoxdur.
Telimxanın həyat və yaradıcılığını dərindən araşdıran Ə.Kamali yazır: "Marağa Mızılqan (Nobəran) bəxşinin (rayon-Ə.Ş.) kəndlərindən birisidir ki, Telimxan - bizim əziz qardaş və böyük şairimiz o kənd əhlidir. Maraqlıdır, onlar öz əsillərini türkmən sayarlar". Bu fikri Telimxanın şeirləri də təsdiqləyir:
Bilənlər bilsin, mən Telimxanam,
Bilməyənlər bilsin, gövhərəm, kanam.
Sakini Mərağey, əsli Türkmanam.
Gəzə-gəzə bu cahannan gəlirəm.
Yaxud:
Türkmən Tilim, belə qəmdən quruma,
Var getginən İstanbula Uruma,
Tor qurmuşdum tərlan gələ toruma,
Tərlan
şikarı da sar olub
mənə.
Hətta
Telimxanla deyişən
Bayat Cəfər də ona "Məndən salam olsun Türkmən Tilimə, Haqqü şəriətdən gəl
xəbər verim"
- deyə müraciət
edir. Əli Kamalinin xalqdan topladığı rəvayətlərə
görə Marağadakı
türklər orta yüzilliklərdə orada
yerləşmiş beş Türkmən qardaşın törəmələridir.
O qardaşların birinin
adı Asqin imiş. Telimxan da Asqin nəslindəndir. Atasının adı Temurxan, babasının adı isə Qaraxan imiş. 14-15 yaşlarında əmisi qızı Mehri xanıma vurulmasıyla şeir söyləməyə
başlayan Telimxan xalq arasında "haqq aşığı"
kimi məşhurlaşır.
Rəvayətə görə, Mehri
xanımı ona deyil, başqasına ərə verirlər.
Əri də söz-sovdan yaxa qurtarmaq üçün Mehrini də alıb Şiraz şəhərinə
köçür. Telimxan da
Şiraza gedir. 7
il orada
"qaltaqsudluq" (dəvə
çulu və at yəhəri düzəldən-red.)
etməklə güzəranını
təmin edir, sevgilisinin udduğu havanı udduğu ilə təskinlik taparaq ona şeirlər
qoşur. Ömrünün
sonunadək Mehri xanım hara köçsə oraya köçən, orada yaşayan Telimxan ölüm ayağında
sevgilisi yanına gəlməyənədək can vermir.
Ə.Kamali Telimxanın tərcümeyi-halını
dəqiqləşdirərkən sənədlərə və
şairin şeirlərinə
istinad edir. Şeirlərin birində Telimxan 60, başqa bir yerdə isə 90 yaşı olduğunu söyləyir. Buna əsaslanan araşdırıcı
şairin 90 ildən çox ömür sürdüyü qənaətinə
gəlir. Telimxanın mülk
alqı-satqısı haqqında
bağladığı müqavilədəki
tarix isə hicri 1244 (miladi 1818/19) ildir. Araşdırıcı nəinki Telimxanın
doğum və ölüm tarixini müəyyənləşdirir, həm də şairin nəvə-nəticələrinin
siyahısını tərtib
edir. Telimxanın oğlu Qulamhüseynbəy,
nəvəsi Qəribbəy,
nəticəsi Muradxan,
kötücəsi Türkmən
Mahmud təxəllüsü ilə şeirlər qoşan Mirzə Mahmud olduğunu göstərir.
Telimxan əruz
vəznin müxtəlif
bəhrlərində şeir
yazsa da, yaradıcılığının əsasını heca vəznində yazılmış
şeirlər tutur. Lirik qoşmaları,
gəraylıları, təcnisləri,
bayatıları ilə
yanaşı ictimai-siyasi
məzmunlu, eləcə
də didaktik (tərbiyəvi) şeirləri
də çoxdur.
Onun poeziyasının tədqiqi,
ayrı-ayrı janrlarda
yüksək sənətkarlıq
nümayiş etdirməsi
ayrı-ayrı elmi məqalənin, məruzənin
mövzusudur. Şeirlərinin möhürbəndində əsasən
"Telimxan", "Telimxan",
"Tellixan" işlədib.
Əli Kamaliyə görə bu, "saç",
"tük" anlamını
verən "tel" sözündəndir. Bugünün
özündə də
Telli adına
Azərbaycanda rast gəlinir. XIX yüz
ildə yaşamış
Qaçaq Nəbinin
(1854-96) döyüş dostlarından
biri də Telli Qaradır. Biz yalnız onu
qeyd edəcəyik ki, Telimxanın yaradıcılığı ilə
tanışlıq ədəbiyyatımızda
janrların yaranma tarixi ilə bağlı söylənilən
bəzi hökmlərə
yenidən nəzər
salmağı tələb
edir. Məsələn, Azərbaycan ədəbiyyatşünaslarının
əksəriyyəti heca
vəznində dodaqdəyməzi
ilk dəfə Göycəli
Aşıq Ələsgərin
(1821-1926) söylədiyini yazırlar.
Aşıq Ələsgərdən
66 il öncə
doğulmuş Telimxanın
da dodaqdəyməzləri
var.
Məsələn,
Səyyad
gəzər şikarının
dağıynan,
Lala ağlar zari-giryan dağıynan,
Aşıq deyər dağıynan,
Qar əlləşir dağıynan
Eşqini
çəkənnərin
Ciyərində dağıynan.
Aşıq deyər: həsrətiynən,
dağıynan
Aç zülfünü sinən
üstə ağla da.
Telimxan yaradıcılığındakı
cığalı dodaqdəyməz
təcnislərin cığalarının
4 və 6 misralı nümunələrinə də
rast gəlinir. Sənətkarlıq cəhətdən bitkin nümunələr onu göstərir ki, bunlar ilk qələm təcrübəsi, yəni
şairin yeni axtarışından doğan,
yeni yaranan nümunələr deyil.
Belə qənaətə gəlmək
olar ki, Telimxanın müasirləri
və özündən
əvvəl yaşamış
şair və aşıqlar da dodaqdəyməzlər yaradıblar.
Çox
təəssüf ki, hələlik onlar əlimizdə yoxdur.
Telimxan dilimizdəki sözlərin
çoxmənalılığından və səslərin ahəngindən məharətlə
istifadə edərək
sözlə musiqinin vəhdətinə nail olmuş
əvəzsiz sənət
inciləri yaradıb.
Məsələn:
Gül başımdan
gül ağlımı
gül aldı.
Gül qaşların,
gül gözlərin,
gül üzün.
Gül təklifi gül bizlərə gül etmə,
Gül, gedin siz gülşənindən
gül üzün.
Gül seyr edin, gül
bağlarda gül dərin,
Gül bülbüllər gül
bəkləyib, gül
dərin,
Gül eşqidir, gül dərmanı gül dərin,
Gül qəvvaslar,
gül dəryada gül tərin.
Şair
beş bəndlik
şeirdə "gül"
sözünü ayrı-ayrı
mənalarda 60 dəfə
işlədib. Telimxanın ərəb
əlifbası ilə
yazılmış şeirlərini
bu gün türkmən oxucusu Maxmudqulunun şeirləri kimi, Azərbaycan oxucusu M.P.Vaqifin şeirləri kimi asan oxuyur və
özününkü sayır.
Əli Kamali böyük iş gördü. O, Telimxanın şeirlərini toplayıb nəşrə hazırladı. Ə.Kamali Telimxanla yanaşı həmin mühitdə yaşayıb-yaratmış, onlarla şairin də şeirini toplayaraq nəşrə hazırlamağa çalışıb. Telimxan soyundan olan XIX-XX yüzillikdə yaşamış Mirzə Mahmud da şeirlərində Türkmən Mahmud ləqəbindən istifadə edib. Özünü türkmən adlandıran bu şairin şeirlərindəki dil, üslub, ritm nəinki orta əsrlərdə yaşamış türkmənistanlı şairlərin, hətta müasir Türkmən şairlərinin yaradıcılığında bir ortaqlıq var. Bu ortaq cəhətləri aşkarlamaq üçün yeni axtarışlar gərəkdir.
Əli Şamil,
araşdırmaçı
Xalq Cəbhəsi.- 2014.- 4 aprel.- S.13.