Şərqin əfsanəvi xanımı:
Leyla Məmmədbəyova
O, müharibə
dövrü ərzində 4000 paraşütçü-desant
hazırlamışdı
30-cu ilin əvvəlində
Moskvada nəşr olunan "SSSR na stroyke", yəni
"SSRİ tikintidə" adlı jurnalda Leyla adlı gənc
qızın fotosu dərc edilmiş və fotonun altında bu
sözlər yazılmışdı: "Şərqdə
ilk qadın-təyyarəçi". Leyla həmin
dövrün canlı əfsanəsi idi. Hələ
çadradan başlarını çıxarmağa cəsarət
etməyən qadınlar ona baxmağa gəlirdilər. Leyla fabrik və zavod sexlərində gənc
qadın işçilərin qarşısında
çıxış edirdi.
1931-ci ilin fevral ayı idi. Bakı aeroklubun
kursantları, o cümlədən Leyla Məmmədbəyova
yük maşınında aerodroma gedirlər. Onlar uçuş meydanında sıraya
düzülürlər. Bir neçə dəqiqədən
sonra Leyla Məmmədbəyova "U-1" təyyarəsində
təcrübəli təlimatçı ilə birgə ilk dəfə
havaya qalxır.
Həmin
ilin iyul ayında təlimatçı kursantlara
yaxınlaşıb, onlardan hər birini diqqətlə nəzərdən
keçirir və bərkdən deyir:
- Bu
gün uçuşa başlayırıq. Görürəm
sevinirsiz. Ancaq xəbərdarlıq edirəm:
uçuş heç də asanlıqla əldə edilmir. Zonaya uçuşla tanışlıqdan başlamaq
lazımdır. Birinci Leyla Məmmədbəyova
uçacaq.
Gənc qız təyyarəyə cəld minir. "Təkcə
səhvə yol verməyim. Təkcə təlimatçı
məni uçuşlardan kənarlaşdırmasın" -
deyə Leyla sükan arxasında düşünür.
O, təyyarəni uçuş xəttinə
çıxarır. Ətrafına baxıb sol əlini
qaldırır. Cavab olaraq startçı
bayrağını yelləyir - uçuşa icazə verilir.
Kabina titrəyir, təyyarə yerindən
götürülür. Yer təyyarənin
çarxları altından surətlə qaçır.
Budur, təyyarə artıq səmadadır! Maşın
getdikcə yüksəkliyə qalxır. Küləyin
axını yanlardan kabinaya dolur, Leylanın yanaqlarını
döyəcləyir. Təyyarəçinin
qarşısında yeni mənzərə açılır.
Leyla Məmmədbəyova sevinc içərisində
idi. O özünü xoşbəxt hesab edirdi. İlk müstəqil uçuş uğurla başa
çatır. Buraxılış uçuşundan sonra
məktəbin rəisi gülümsəyib deyir: "Təbrik
edirəm! Görünür, sən səma
üçün doğulmusan, Leyla!"
Bir il ötdü. Leyla Məmmədbəyovanı
yenidən hazırlıq üçün Moskvaya göndərirlər.
Yenidən gərgin təhsil, təlim və
uçuş günləri başlayır. Gənc
qız "U-2" təyyarəsini əla öyrənir, məşhur
təyyarəçilərlə, gələcəyin dünya
şöhrətli kostruktoru H.Yakovlevlə tanış
olur. Burada Leyla paraşütlə
özünün ilk tullanışını həyata
keçirir.
Azərbaycan
Tarix Muzeyində Leyla xanım üçün çox əziz
xatirə kiçik bir sənəd saxlanılır: "Təlimçi-pilot
Məmmədbəyova SSRİ Osoaviaxim Mərkəzi
uçuş-texniki məktəbində məşq zamanı
1933-cü il martın 17-də "U-2" təyyarəsindən
"PT-1" paraşütlə tullanmışdır. Bu Sovet İttifaqında qadının paraşütlə
tullanması ilə bağlı ikinci hadisə idi. Sovet İttifaqı Qəhrəmanı olmuş təlimçi
P.Qolovin Leylanı fikrindən daşındırmağa
çalışırdı. Amma Leyla qəti şəkildə
bildirdi: "Mən tullanacağam!" Sözünün
üstündə durur. 1934-cü ildə
Zaqafqaziya respublikaları arasında keçirilən hava
müsabiqəsində Leyla birinci yeri tutur.
Sovet Azərbaycanının 15 illiyi tamam olanda respublika
nümayəndə heyətinin tərkibində Leyla Məmmədbəyova
da Moskvaya getdi.
O vaxtı SSRİ MİK-in sədri M.Kalinin ona "Şərəf
nişanı" ordenini təqdim edərkən demişdi:
"Sizin peşəniz vacibdir, daha tez və yüksəkliyə
uçmağınızı arzu edirəm".
Böyük Vətən müharibəsi zamanı Leyla Məmmədbəyova
cəbhəyə göndəriləcəyini gözləsə
də bu baş vermir. Leyla xanımı cəbhəyə
yollamırlar, çünki həmin vaxt onun dörd
uşağı vardı. Bakı aeroklubu
bağlanır. Aviasiya mayoru Leyla xanım
Mir Cəfər Bağırovun qəbuluna düşür və
bekar qaldığını söyləyir. Beləliklə də, Leyla xanım
planer-paraşüt klubunun açılmasına çətinliklə
də olsa müvəffəq olur.
Müharibə dövrü ərzində Leyla Məmmədbəyova
4000 paraşütçü-desant hazırlamışdı. Onun son
uçuşu 1944-cü ildə olmuşdu. Çünki həkimlər onun səhhəti
üçün narahatlıq keçirirdilər. Səmadan ayrılmaq çətin idi. Sonradan o
özünə elə bir iş tapdı ki, nadir hallarda da olsa
səma ilə görüşürdü. Leyla
xanım DOSAAF-ın Bakı komitəsinin sədr müavini
işləyirdi.
Leyla Məmmədbəyovanın
müharibə və müharibədən sonrakı illərdə
aldığı ali hökumət
mükafatları arasında "Analıq medalı" da
vardı. Altı uşaq böyüdüb tərbiyə
etdiyinə görə layiq görülmüşdü.
Leyla
xanım kinoşünas Aydın Kazımzadəyə
danışdığı xatirələrində həmin
dövrü xatırlayır: "Geriyə dönüb fikirləşirəm:
həyat necə də sürətlə ötüb
keçdi! Sanki həyatımda hər şey
dünən baş vermişdir. Ancaq
keçmiş günləri xatırlayarkən heç də
qəm-qüssəyə batmaq istəmirəm.
Yanımdakılar mənim gələcəyimdir: mən
altı uşaq böyütmüşəm, indi isə mənim
yeddi nəvəm, üç nəticəm var (söhbət
1984-cü ildə olub. Nəsildə artım bu
gün də davam edir).
Mən çox erkən ərə getmişəm. O vaxtı mənim cəmi
14 yaşım, ərim Bəhram Məmmədbəyovun isə
19 yaşı vardı. O, fəhlə idi, amma təhsil
alırdı. Biz evlənən kimi mənə dedi: "Sən
həm oxumalısan, həm də işləməlisən!"
O vaxtlar, yəni iyirminci illərdə şərq ailəsində
belə söhbətlərə nadir hallarda rast gəlmək
olardı. Lakin Bəhram öz sözünün
üstündə durdu. Sonralar özü
müxtəlif vəzifələrdə
çalışdı, böyük hörmət sahibi oldu.
Mən isə o vaxt çadralı gənc qadın Əbilov adına kluba getdim. Burada təhsil
almağa başladım, özümə yaxşı rəfiqələr
tapdım.
Mən artıq dünyasını dəyişmiş ərimi
həmişə böyük minnətdarlıqla
xatırlayıram. Çünki o, məni savadlı,
qabaqcıl adamların sırasında görmək istəyirdi.
1928-ci ildə mən klubda çadramı
çıxartdım. O vaxt mənim 19 yaşım var
idi. Sonra öyrəndim ki, Osoaviaxim təyyarəçilər
məktəbinə qəbul keçirir. Ərim
o vaxtlar Dəvəçidə işləyirdi. Yazırdı ki, mən işləməyə gedim.
Mən də qərar qəbul etdim. Həmin məktəbə 22 nəfər qəbul
etdilər. Onların arasında bircə
qadın - o da mən idim. Bizə hərbi kişi
forması verdilər. Artıq mən oğlana
oxşayırdım. Yalnız
hörüklərim dizdən aşağı yellənirdi.
Ərimə özümü göstərmək
üçün yanına getdim. Bəhram
qapını açdı və məni tanımadı.
Sonra gülüb dedi: "Afərin sənə, uç!"
Elə sonralar da mən ərimə sürprizlər təqdim
edirdim. Moskvada Tuşinsk aerodromunda təcrübə
keçərkən mənə dedilər ki, təyyarəçi
əsasnaməyə görə hörük gəzdirə bilməz.
Evə qayıtdım, Bəhramla məsləhətləşdim.
Onun qanı bərk qaraldı. Lakin
hörüklərimi kəsəndən sonra o, mənə diqqətlə
baxıb dedi: "Bilirsən, heç də pis deyil!"
Birgə yaşadığımız illər ərzində
ərim bircə dəfə mənimlə mübahisə edib. 1933-cü il
avqustun 17-də aerodroma paraşütlər gətirdilər. O
vaxtlar bu, yenilik, əsl hadisə idi. Mən bunu
eşidəndə sevincək oldum. Ərimə deyəndə
ki, paraşütdən tullanacağam o, üstümə qışqırdı:
"Bəsdir, uşaqları fikirləş!"
Mən təyyarədə uçanda bir söz deməsə
də, o məndən ötrü çox qorxurdu. İndi də paraşüt
məsələsi ortaya çıxanda o, ürəyində nə
var idisə dedi. Necə deyərlər,
açdı sandığı, tökdü
pambığı. Əsəbi halda dedi: "Mən sənə
dedim ki, get oxu, işlə. Demədim ki, get
göyə çıx. Yaxşı, dinmədim.
Gül kimi saçların vardı, onları da
kəsib atdın, dinmədim. İndi də
paraşütdən tullanmaq istəyirsən, paraşüt
açılmadı, göydən gəlib düşdün
yerə. Bəs uşaqlara kim baxacaq,
hə?"
Mən dinmədim, amma sözümdə qəti idim. Artıq məni
saxlamaq olmazdı. Beləliklə,
1933-cü ildə mən ilk dəfə olaraq paraşütdən
tullandım. Mənə qədər Sovet
İttifaqında cəmi 84 nəfər paraşütdən
tullanmışdı. Mən ikinci qadın
paraşütcü oldum. Sonra təyyarəçi-təlimatçı
işləyirdim. Təyyarədə də
çox uçurdum. Mənim şagirdlərim
arasında iki Sovet İttifaqı Qəhrəmanı var: Adil
Quliyev və Nikolay Şeverdyayev. Onlar
Böyük Vətən müharibəsi illərində səmada
alman faşistlərinə qarşı cəsarətlə
vuruşmuşlar. Adil Quliyev müharibə
dövründə Berlinə qədər şanlı
döyüş yolu keçmişdi. Nikolay
Şeverdyayev isə hücumçu təyyarəsi ilə
Zapolyariyedə, Leninqrad yaxınlığında, Polşa və
Almaniyada faşist işğalçıları ilə
vuruşların iştirakçısı olmuşdur. Mayor Ağasəf Səmədov da bizim Bakı
aeroklubunun yetirməsidir. Faşist
yuvası Berlini birinci bombalayanlar arasında Ağasəf də
olub, əsl igidlik göstərib".
1933-cü
ilin yanvarında Bakıda Əli Bayramov adına
Qadın Klubunun tikiş fabrikinin işçisi Səriyyə
Xəlilova atası və qardaşı tərəfindən qətlə
yetirilir. Bu cinayət mövhumatçı kəsimin
yenilikçi qadınlara qarşı
çıxmasının tipik nümunəsi idi -
çünki Səriyyə Xəlilova Azərbaycanda
çadranı ataraq ictimai və iş həyatına
qoşulan qadınlardan biri idi.
Azərbaycanın
ilk qadın neft mühəndisi olan Füruzə Kərimovanın
(onu "Neft komandiri" də adlandırırdılar)
qızı Rəbiyyə Sultanzadə xatırlayır:
"Anam danışırdı ki, Qadın klubunun fəalı
Səriyyə Xəlilovanın həlak olduğu günü
heç vaxt unutmayacaq. Onu idman kostyumu geyindiyinə
görə, atası və qardaşı qətlə
yetirmişdi. Səriyyənin tabutunun arxasınca
gedən bir çox qadınlar əl-ələ verərək
çadralarını çıxarıb tulladılar. Bu, əsl qadın tətili idi və bu haqda onun
iştirakçıları əvvəldən heç
düşünməmişdilər də".
Kinorejissor və kinoaktyor Mikayıl Mikayılov həmin
hadisəni "İsmət" filminin süjet xətti kimi
götürür və bu kino əsəri Şərqin ilk
qadın təyyarəçisi Leyla Məmmədbəyovaya həsr
edilir. Rejissor
filmin yaranması ilə bağlı xatirələrindən:
"Mən İçəri Şəhərdə
yaşayırdım. Bu qala divarları
arasında hüquqsuz qadınların min bir müsibətini
görmüşdüm. Yaxşı
yadımdadır. Bir gün qonşumuzda bir
qadın neft töküb özünü
yandırmışdı. Bu hadisəni mən
öz gözlərimlə görmüşdüm. Və o vaxtdan sonra uzun müddət həmin
qadının faciəsini unuda bilmirdim. Qadınlarımızın
taleyi həqiqətən də acınacaqlı idi. Hətta
bir gün rus şairi Sergey Yeseninlə İçəri Şəhərin
küçələrində gəzərkən dediyi bu
sözlər indi də qulaqlarımda səslənir:
"Doğrudanmı, sizin qadınlar küçələrə
çıxmır, üzü açıq gəzmirlər? Bu
ki, faciədir..." Ancaq ən dəhşətli hadisə ilə
mən bir az sonra qarşılaşdım.
İndiki Səadət sarayında o vaxt
qadınlar üçün kurs təşkil olunmuşdu.
Kursa gələn Səriyyə Xəlilova
adlı bir qadının vəhşicəsinə
öldrüldüyünü eşitdim. Həmin
matəm mərasimində mən də iştirak etdim. Orada qadınların başlarından
çadranı çıxarıb ayaqları altına
atdıqlarının şahidi oldum. Təxminən
həmin dövrdə mən qəzetdə Azərbaycanın
ilk təyyarəçi qadını Leyla Məmmədbəyova
haqqında bir məqalə oxudum. Bundan
sonra Leyla haqqında bir sənədli film də çəkdim.
Lakin qala divarları arasında
rastlaşdığım o dəhşətli hadisələri
unuda bilmirdim. Nəhayət, "İsmət"
filminin ssenarisi üzərində işləməyə
başladım. Və bu mövzuların hər
üçünü birləşdirdim. "İsmət"
filmi hazır olduqdan sonra Moskvada onu məşhur kinorejissor
S.Eyzenşteynə göstərdim. Çox
bəyəndi".
Filmdə
belə bir epizod var: "İsmət iş yoldaşları ilə
Leyla Məmmədbəyovanın uçuşlarına baxmaq
üçün aerodroma gəlir. Ona təyyarəyə
minməyi təklif edirlər. İsmət
təyyarəyə əyləşib səmaya qalxarkən
külək onun çadrasını başından atır.
Rejissor öz xatirələrində bildirir ki, Azərbaycan
qadınını azad görmək onun arzusu idi.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 5 aprel.- S.15.