“Naxçıvan - Şərqin
qapısı”
Vəfa Qurban: "Naxçıvan həmişə Türkiyə ilə Azərbaycanı və Mərkəzi Asiyanı yəni türk dünyasını birləşdirən qapı funksiyasını yerinə yetirib”
Türkiyə
Dokuz Eylül Universitetinin dosenti, tarixçi Vəfa
Qurbanın BayMedia-ya müsahibəsi
- Vəfa
xanım, ermənilər Haxçıvanla bağlı mütəmadi
olaraq iddialarla çıxış edirlər. Bəs
tarixi faktlar nə deyir?
- Əvvəlcə bildirmək istəyirəm ki,
Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Tarixi arxivə
nəzər saldıqda Naxçıvanın qədim Azərbaycan
torpağı olduğu həqiqətini görürük.
Ermənilərin bu torpaqlara gəlişi isə XIX əsrdə
Osmanlı və İran torpaqlarından edilmiş
köçlərlə gerçəkləşib. Təbii ki,
ermənilərin ən böyük dəstəkləyicisi əvvəllər
Çar Rusiyası, daha sonra isə Sovet Rusiyası olub.
21 mart 1828-ci ildə Çar I Nikolayın fərmanı ilə
İrəvan və Naxçıvan xanlıqları ərazisində
"erməni rayonu" adlı administrativ idarə qurulub. Polkovnik Lazarev
və erməni tərəfdaşı diplomat,
yazıçı Qriboyedov bu rayonun sadəcə ermənilərdən
təşkil olunması üçün "böyük
işlər" görüb.
Çox qısa zaman ərzində yeni qurulan bu rayona
İran və Osmanlı torpaqlarından 130 min erməni
köçürüldü. Çar administrativ orqanları tərəfindən
hərtərəfli yardım və dəstək alan ermənilər Azərbaycan torpaqlarına
yerləşdirildilər. 1828-1838-ci illər ərzində
Naxçıvan xanlığı ərazisinə 2511 erməni
ailəsi köçürüldükdən sonra onların
ümumi sayı 12555 nəfərə yüksəldi.
Naxçıvan şəhərinə 434 erməni ailəsi
yerləşdirildi. Başda Nehrəm əhalisi olmaqla bir
çox kəndlərin əhalisi bu köçlərə
öz etirazlarını bildirdilər. Çar
hökumət dairələri nehrəmlilərin Araz
çayı ətrafındakı torpaqları güc tətbiq
edərək əllərindən alaraq "Təzəkənd"
adında kənd quraraq yeni yerləşdirilmiş ermənilərə
verdilər.
1829-cu ilin əvvəllərində çar generalı
Paskeviçin əmri ilə bölgə əhalisi qeydiyyata
alındı.
Belə ki, İrəvan vilayətində təxmini olaraq 17000
ev, Naxçıvan vilayətində isə 4600 ev və Ordubad
bölgəsində 2130 ev var idi.
Hər bir evdə isə orta rəqəmlə 5 nəfər
olduğu düşünülürdü. Bu hesablamaya əsasən
qeyd olunan vilayətlərdə 118650 nəfərin
yaşadığı düşünülürdü. Bunun da 81749 müsəlman, 25131-nin isə erməni
olduğu qeydiyyata alınmışdı.
1829-1932-ci
illər arasında İrandan
köçürülmüş erməni ailələrinin
366 evi (1715 nəfər) İrəvan vilayətinə, 265 evi
(1110 nəfər) Naxçıvan vilayətinə və 36 evi
(182 nəfər) isə Ordubad bölgəsinə yerləşdirilmişdi.
Bu ermənilər İrəvan vilayətinin 119,
Naxçıvan vilayətinin 61 və Ordubadın 11 kəndində
məskunlaşdırılmışdılar. İrəvan şəhərinə
və ətraf kəndlərinə 4599 ev
(23568 nəfər), Naxçıvan bölgəsinə 2137 ev
(10652 nəfər), Ordubad və ətraf bölgəsinə isə
250 ev (1340 nəfər) olmaqla ümumi 6949 ev (35560 nəfər)
erməni yerləşdirilmişdi.
- Ermənilərin Naxçıvan bölgəsində
törətdiləri qətliamlar haqqında nə deyə bilərsiniz?
-
1918-1920-ci illər ərzində Naxçıvan, Şərur-Dərələyəz,
Ordubad və ətraf ərazilərində ermənilərin həyata
keçirdiyi qətliamlar beynəlxalq problemə
çevrilmişdir. Bu qətliamlar əsnasında
bir çox qəsəbənin boşaldığını
görürük. Naxçıvan, Ordubad,
Şərur qəzalarında sadəcə kənd əhalisinin
sayında 52 min nəfərin azaldığını
görürük, 287 kənd ya tamamilə, ya da qismən yox
edilib.
1918-ci ildə
"Naxçıvan məsələsi" bir neçə dəfə
Zaqafqaziya seymində, 1918-1920-ci illər ərzində dəfələrlə
Azərbaycan Demokratik Cümhuriyyətinin parlamenti olan Milli
Şurada, erməni Milli Şurasında, Osmanlı Türkiyəsinin
Parlamentində, Təbriz Bələdiyyə İdarəsində,
Maku xanlığında, 1919-cu ildə açılmış
Versal Beynəlxalq Sülh Konfransında, 1919-1920-ci illər ərzində
Ermənistan və Naxçıvanda fəaliyyət göstərən
ABŞ təmsilçiliyində, 1920-1921-ci illər ərzində
Azərbaycan SSR və Ermənistan SSR İnqilab komitələrində,
1921-ci ildə RSFSR Xalq Komissarları Sovetinin, eyni zamanda Moskva və
Qarsda keçirilmiş beynəlxalq sülh konfranslarında
müzakirə obyektinə çevrildi.
Kazım Karabəkirin sözü ilə desək
"Naxçıvan - Şərqin qapısı", Mustafa
Kamal Paşanın dili ilə desək "Naxçıvan -
Türkün qapısı" olmuşdur. Naxçıvan
həmişə Türkiyə ilə Azərbaycanı və
Mərkəzi Asiyanı yəni türk dünyasını
birləşdirən qapı funksiyasını yerinə
yetirib. Bütün bu səbəblərə
görə, Naxçıvan hər zaman Türkiyə və
digər türklər üçün böyük əhəmiyyət
daşıyan bölgə olmuşdur. Naxçıvan,
bir türk torpağıdır və burada yaşayan xalq ilə
Türkiyə arasında güclü əlaqələr var.
Türkiyədəki proseslər Naxçıvana,
Naxçıvandakı proseslər də Türkiyəyə təsir
edir. Tarixi Moskva və Qars müqavilələri
Naxçıvan ilə Türkiyəni bir-birindən
ayrılmaz bağlarla bağlamışdır.
Naxçıvanın Azərbaycanın suverenliyi
altında olan muxtariyyəti RSFSR ilə Türkiyə
arasında imzalanmış Moskva müqaviləsində nəzərdə
tutulmuşdur.
Naxçıvanın gələcək taleyinin
ilk beynəlxalq müqavilədə öz həllini tapması
həm o dövrdə, həm də Azərbaycanın
hazırkı dövründə böyük siyasi əhəmiyyət
daşıyan bir həqiqət olaraq ortaya
çıxmışdır.
13 oktyabr
1921-ci il tarixində imzalanan Qars
Andlaşması türk dilində, fransız dilində, rus
dilində, erməni dilində, gürcü dillində
hazırlanmışdır. Müqaviləyə
sonradan üç əsas prinsip - sərhəd, Türk - Sovet
münasibətləri və Naxçıvan
torpağının vəziyyəti əlavə olunmuşdur.
Tarixi saxtalaşdıran ermənilər, vaxt məhdudiyyəti
qoyulmadan imzalanmış və təktərəfli ləğvi
mümkün olmayan Moskva, Qars müqavilələrinin ləğv
edilməsi ilə bağlı ortaya atdıqları
gülünc iddialardır.
Erməni siyasətçiləri bilməlidirlər ki,
bu müqavilə ləğv olunsa belə Aleksandrapol
(Gümrü) müqaviləsi qüvvəyə minəcək. Bu müqavilə
də, indiki Ermənistan torpaqlarının böyük
qisminin Azərbaycana, Türkiyəyə və
Gürcüstana aid olduğunu deyir.
Eyni zamanda Gümrü müqaviləsi Türkiyəni
Sovet İttifaqına bağlayan Ərzurum-Bakı dəmir
yolunun yenidən fəaliyyət göstərməsini və
iki dövlət arasında köklü əlaqələrin
qurulmasını nəzərdə tutmuşdur. Hər iki müqavilənin
Qafqazda millətlər arasındakı müharibələrə
son qoymasını, sülh və dostluğun hakim
olacağı bir dönəmin
açıldığını, Qars müqaviləsində
iştirak etmiş tərəflər öhdəlik
götürmüşdür.
-
Bildiyimiz qədər bu gün ermənilər gürcülərlə
də problem yaşayır. Bu məsələnin
mahiyyətində nə durur?
- Ermənilərin
torpaqlarına göz qoyduğu xalqlardan bir də gürcülərdir.
Şərqşünas Veliçko deyir ki: "Tarixi
arxeologiyada ermənilər gürcüləri vicdansızca qətl
və qarət etmişlər. Abidələr
üzərindəki gürcü yazılarını
silmişlər, qədim Ortodoks məbəd və kilsələrini
ələ keçirmişlər, qısaca hər
daşın Gürcü çarlığının tarixini əks
etdirdiyi yerləri qədim erməni torpaqları olaraq göstərməyə
çalışmışlar".
XIX əsrin
əvvəllərindən etibarən Osmanlı və Qacar
dövlətlərinin ərazilərindən ermənilərin
Qafqaz regionuna, eyni zamanda indiki Gürcüstan ərazisinə
köç etdirildikdən sonra torpaq mülkiyyəti
üçün gəlmə ermənilərin yerli
gürcülərlə bu günə kimi davam edən
münaqişələrinin təməli atılmış
oldu.
XX əsrin
əvvəllərində ermənilər tərəfindən gürcü
torpaqlarının kütləvi ələ keçirilməsi,
mülkiyyətləşdirilməsi prosesi başlamış,
bu da gürcülərin ali rəhbərliyində
ciddi etirazlara səbəb olmuşdur.
Gürcü
tarixçisi N.Eristov-Şarvaşidze bu
narazılığı belə təsvir edir:
"Gürcüstanın ən gözəl bölgələri,
yuxarı Kartalini, Axalkali qəzası gürcü xalqı
üçün itirildi. Burada Yaxın Şərqdən
gəlmiş ermənilər məskunlaşdırılmışdır.
Yüzlərlə məbədimiz və
monastırımız, gürcü xalqının sərvəti,
minlərlə kənd onların əlinə
keçmişdir. Minnət hissi duymadan onlar, gürcü xalqının
tarixi mirasına yiyələndilər".
Osmanlı
və Qafqaz regionuna yerləşmiş ermənilərin
arasında yaşamış və onları yaxından tədqiq
etmiş tarixçi Şopen belə yazırdı:
"Tamahkarlıq onları intensiv olaraq yalana sürükləyir,
bunun üçün də onların əksəriyyəti fikirlərini
sözlərlə ifadə etmək əvəzinə,
onları gizləməyi seçirlər; onlar yaltaqdırlar,
lakin sadiq deyillər və işləri keçən hər kəsi
asanlıqla unuda bilirlər".
Gürcü
knyazlarından biri ermənilərlə bağlı belə
deyirdi: "Şübhəsiz, gürcülər qısa zaman
ərzində hiss edəcəklər və başa düşəcəklər
ki, üzlərinə qapı açdıqları ermənilərin
gürcüləri vicdansızca istismar etməyi
qarşılarına məqsəd qoymuş insanlardan biz nə
gözləyə bilərik ki?"
Gürcüləri ən narahat edən hadisə ermənilərin
dövlətə və özəl mülkiyyətə aid torpaqları
qanunsuz yollarla mənimsəməsi idi. Ermənilərin
bu qeyri-leqal yollarla torpaqları mənimsəməsi XIX əsrin
50-60-cı illər ərzində intensivləşmişdir.
Erməni təhlükəsi sadəcə erməni
mühacirlərin Gürcüstana yerləşdirilməsi ilə
qalmamış Eçmiədzin kilsəsindən gələn
təlimatlarla erməni rahibləri bütün gürcü
katoliklərinə Qriqoryan məzhəbini qəbul etdirməyə
çalışmışlar.
Məşhur
gürcü şairi İlya Çavçavadze ermənilərin
gürcülərə qarşı tarixi-arxeoloji təcavüzlərini
belə ifşa etmişdir: "Onlar bizim adımızı
rüsvay etməklə, bizi milli ləyaqətimizdən məhrum
etmək istəyirdilər. Bizi yox etmək
üçün, qanla boyanmış tariximizi, salnamələrimizi,
tarixi abidələrimizi inkar etməyə başladılar,
müxtəlif fırıldaqlarla öz adlarına
çıxmağa başladılar".
Rusiyada çar dövləti süquta uğradıqdan
sonra Qafqaz regionunda yaranmış vəziyyətdən istifadə
etmək istəyən erməni daşnakları Qərbi Azərbaycan
torpaqları sayəsində dövlət qurdular.
Daşnak hökuməti yarandığı gündən
etibarən qonşularına qarşı ərazi
iddialarına, təxribatlara başladı. Bu vəziyyətdə
Ermənistan 14 dekabr 1918-ci ildə Gürcüstan
torpaqlarına təcavüz etdi. Britaniyanın
köməyi ilə Gürcüstan Axalkali torpaqlarını
geri aldı.
Amerikalı
tarixçi Samuel, Gürcüstana uduzan Ermənistan
üçün yazırdı ki: "Ermənistan öz
yaralarını yalamağa və bir başqasının
torpaqlarını ələ keçirmək üçün
növbəti qurban kimi Azərbaycanı
seçmişdir".
Sovet dövründə də ermənilər tərəfindən
Gürcüstana qarşı təcavüzkar siyasət daha da
mürəkkəbləşir. Erməni
"ziyalılarının" iddialarına görə,
gürcü kilsələrinin ilk qurucuları və
memarları ermənilər olmuşlar. Onlar
eyni zamanda tarixi gürcü yazılarının erməni mədəniyyətinin
məhsulu olduğunu vurğulayırdılar. Hətta Tbilisi ermənisi Mamulova görə,
bütün gürcülər əslində erməni idilər.
XX əsrin 30-cu illərindən etibarən
Gürcüstan vətəndaşı olmuş ermənilər
kütləvi şəkildə pasportlaşdırılaraq
gürcü ad və soyadları almağa başladılar. Görünür
ki, erməni rəhbərliyinin gələcək planlarında
Gürcüstanı mədəni şəkildə erməniləşdirmənin,
gürcülərdən "təmizlənmənin"
yollarından biri kimi seçmişdilər.
Əsas digər bir məsələ də Sovet
İttifaqı dövründə və sonrakı illərdə
də Ermənistanda elə bir qəzet olmamışdır ki,
səhifələrində Gürcüstan əleyhinə
yazılar olmasın.
XX əsrin sonlarına doğru Ermənistan
Respublikası qonşu Gürcüstanın Cavaxetiya bölgəsi
ilə bağlı ərazi iddiası
qaldırmışdı. Sovet
İttifaqının dağılması ərəfəsində
ermənilər həm Dağlıq Qarabağa, həm də
Cavaxetiya bölgəsinə qarşı hücum planları
hazırlamışdılar. Erməni millətçiləri
Moskvanın və beynəlxalq güclərin dəstəyi ilə
Azərbaycanın Qarabağ bölgəsini işğalla
başladılar.
Elnur Eltürk
Xalq Cəbhəsi.-
2014.- 8 aprel.- S.10.