Azərbaycan qadınını
azadlığa səsləyən nəşrlər
"İşıq”, "Zaqafqaziya zəhmətkeş
qadını”, "Şərq qadını” bu yöndə fəaliyyət
göstəriblər
"Azərbaycan
qadını” jurnalını qadınlarımızın həyatındakı
uğurlu və çətin günlərin salnaməsi
adlandırmaq olar
Düz
yüz il əvvəl müsəlman aləmində
tanınmış milyonçu, xeyriyyəçi, qızlar
gimnaziyasının yaradıcısı Hacı Zeynalabdin
Tağıyev "İşıq" adlı ilk qadın qəzetini
təsis etdi. Onun ilk nömrəsi 1911-ci il
yanvarın 22-də çapdan çıxdı. Qəzetin 1911-ci ilin yanvarından 1912-ci ilin
dekabrına qədər 64 (bəzi mənbələrə
görə 68) sayı işıq üzü görüb.
Məcmuənin redaktoru Azərbaycanın
ziyalı qadınlarından olan, ictimai, mədəni həyatda
fəal iştirak edən, qadın xeyriyyə cəmiyyətlərinin
yaradılmasının təşəbbüskarlarından biri
həkim Xədicə Əlibəyova idi. Qəzetin
naşiri isə həyat yoldaşı Mustafa Əlibəyov
oldu. Hüquqşünas, vəkil,
jurnalist, yazıçı Mustafa bəy insan
hüquqlarının, xüsusilə qadın
hüquqlarının müdafiəçisi kimi də
tanınırdı.
"İşıq" həftədə bir dəfə,
şənbə günü nəşr olunan elmi-pedaqoji, ədəbi,
təbabət və evdarlığa dair qadın məcmuəsi
idi. Burada uşaq tərbiyəsi, ədəbiyyat, təbabət
və evdarlıqla yanaşı, hüquqa, mədəniyyətə,
şəriət qaydalarına, dünya xəbərlərinə
aid müxtəlif guşələr vardı.
Qəzet o zaman müsəlman həyatının ən
ağrılı bir sahəsi, qızların təhsilə cəlb
olunmasına səy göstərilməsi, qadınların
öz hüquqlarını dərk etməsi, anaların
övladının tərbiyəsilə ciddi məşğul
olması məqsədindən yaranmışdı. Çünki
həmin dövrdə Azərbaycan qadınlarının şəxsi
taleyində, ictimai həyatında başlıca problem məhz
bunlar idi. Həmin vaxtda qız qardaşlarının fədakarlığını
alqışlayan Hüseyn Cavid, Əhməd Cavad, Məhəmməd
Hadi kimi şairlər, o zaman Peterburq, Kiyev, Odessa şəhərlərində
təhsil alan azərbaycanlı gənclər də
"İşıq"ın nəşrə başlaması
ilə əlaqədar öz çıxışlarında
sevinc və razılıqlarını ifadə edir,
qadınlara məxsus bir qəzetin meydana
çıxmasının onların maariflənməsinə
böyük təsir göstərəcəyini ifadə edən
məktubları ilə orada çıxış edirdilər.
Cəmi 68 sayı nəşr olunan
"İşıq"ın yaşadığı şərəfli
həyat yolu cəhalət girdabında yaşayan savadsız
qadınların həyatında əhəmiyyətli dəyişikliklərin
yaranmasına səbəb oldu. Cəmi iki il fəaliyyətdə
olsa da o nəinki XX əsrin əvvəllərində Azərbaycan
qadınlarının gözlərinə işıq, zəkalarına
nur oldu, islam dünyasının qanunları ilə
ömür sürən qadınların
şüarlarını silkələdi, o həm də Azərbaycan
mətbuatı tarixində qadın mətbuatının
bünövrəsini, ənənəsini yaratdı, qadın
problemlərinin mətbuatda həllinin zəmini oldu. Qəzetin tədqiqatçısı, tarix elmləri
namizədi Amaliya Qasımovanın sözlərinə görə,
"İşığ"ın ilk nömrəsi çapa
gedəndə bu, cəmiyyətdə böyük səs-küy
doğurmuşdu. Onun xarakterik cəhəti
fikir müxtəlifliyində idi. Qəzet
Azərbaycan qadınını azadlığa səsləyirdi.
Qeyd edək ki, Xədicə xanım Əlibəyova
Azərbaycanda ilk qadın redaktor kimi tarixə
düşüb.
Şəhrəbanu
xanım Şabanzadə "Oxumaq lazımdır"
("İşıq" 1911, H 1) məqaləsində
yazırdı: "Əvət, qadınlar bəşəriyyətin
anası, insaniyyətin ruhu olduqları üçün hər
kəsdən əvvəl təhsili-elm etməlidirlər. Halbuki biz o qaydadan çıxıb millətimizin tənəzzülünə
bais olmuşuz. İştə birinci olaraq bu bəlanı
dəf və izalə etmək üçün biz də
baisi-tərəqqi olan mətbuatımızın tərəqqisi
üçün oxuyalım! Oxutduralım! Oxumağa
çalışalım! Oxumaq lazımdır,
oxumaq!!!"
Şəhrəbanu xanımın arzularının
manifesti kimi səslənən bu
çağırışı maarifpərvər
ziyalının haqq səsi idi. Qəzetin müxbirləri Xədicə
xanım Əlibəyova, Nabat Nərimanova, Sona Axundova, Şəhrəbanu
Şabanzadə, Sara Vəzirova, Şəfiqə Əfəndizadə,
Asiyə Axundzadə, Gövhər Şövqiyə, Xuraman Rəhimbəyova,
Xavər Tahirova, Həyat Çayqıraqlı kimi aydınlar
idi.
1912-ci ildə
müəllimə Kamilə xanım Sübhanquluyeva hər bir
zinətdən, ləl-cavahiratdan dəyərli olan övlad tərbiyəsinin
zəruriliyindən bəhs etdiyi yazısında
fransızların kübar cəmiyyətindən
aldığı ibrətamiz bir əhvalatı nəql etməklə
fikrini çox yığcam formada açıqlayır: "Həzərat!
Mənim malım, mülküm, daş-qaşım, zər-zivərim
ciyərparəm olan bu iki övladımdır... Daş-qaş və zər-zivər insan
üçün bəzək deyildir. Bəlkə tərbiyəli
övladları onun həmişəlik bəzəyidir!.."
Qəzetdə bəzi yazılar rus dilinə də tərcümə
olunurdu. Cəhalət daşıyıcılarının
qurbanı oan "İşıq" maliyyə çətinliyi
ucbatından da uzun müddət yaşaya bilmədi.
1918-20-ci
illərdə ADR hökuməti qadın hərəkatının
geniş vüsət almasını nəzərə alaraq bu hərəkatı
istiqamətləndirmək niyyətilə qadınlar
üçün ayrı-ayrı səhifələr, sonra
"Zəhmətkeş qadınların yolu" və
"Qafqaziya zəhmətkeş qadınların yolu"
adlı bir saylı qəzetlər nəşr etdi.
Daha sonra 1922-ci ildə "Zaqafqaziya zəhmətkeş
qadını" adlı jurnal çap olundu. Tiflisdə
çıxan bu jurnal Azərbaycan, gürcü və erməni
qadınlarına onların hüquqları barədə
anlayış verməyə cəhd edir, onları
azadlığa çağırırdı. Amma bu, Azərbaycan qadınlarının öz mətbuatına
olan tələbatını ödəmirdi.
Beləliklə, 1923-cü ildə Azərbaycan
Qadınlar Şurasının orqanı olan "Şərq
qadını" jurnalı işıq üzü
gördü.
Onun ilk sayı həmin ilin noyabrında çap
olundu. Jurnalın ilk redaktoru Ayna Sultanova idi.
20-ci illərdə ərəb əlifbası ilə
çap olunan "Şərq qadını" qadınlara
azadlıq, bərabərlik ideyaları aşılayır,
maarif və mədəniyyətdən yazırdı. Amma bütün bunların hamısı kommunizm
ideologiyasının süzgəcindən keçirilib oxuculara
təqdim olunurdu.
"Şərq qadını" tərəqqipərvər
müəllimlərin və ictimai xadimlərin qüvvəsinə
arxalanaraq qadın təhsilinin, məktəbəqədər tərbiyənin
mühüm problemlərinin həllində görkəmli rol
oynayırdı. Azərbaycanda qadınların,
qızların təhsili, qız məktəblərinin,
kursların təşkili, burada aparılan təlim-tərbiyə
işi məsələlərinə jurnal səhifələrində
müntəzəm yer verilirdi. Bu jurnal
"İşıq"ın davamçısı oldu və
üzərinə düşən missiyanı uzun illər boyu
yerinə yetirdi.
Azərbaycanın
qadın mətbuatını araşdıranların qənaətincə,
"Şərq qadını"nın
bir tarixi rolu da odur ki, ətrafında Azərbaycanın
bütün savadlı, oxumuş, mübariz qadınları
toplaşmışdı. Jurnal qadın publisistlərin,
şair və yazıçıların yetişməsi
üçün bir məktəb rolunu oynayıb. Elmə, mədəniyyətə, incəsənətə,
təbabətə marağı olan qadınların,
qızların ilk məqalələri jurnalın səhifələrində
dərc edilib. Azərbaycanın ilk yazıçı və
jurnalist qadınları ilə bərabər görkəmli bədii
söz ustalarının C.Məmmədquluzadənin,
S.S.Axundovun, A.Şaiqin, S.Hüseynin, Y.V.Çəmənzəminlinin,
T.Şahbazinin, H.Cavidin, Qantəmirin, B.Talıblının, H.Nəzərlinin
və başqa yazıçıların öz
hüquqları uğrunda mübarizəyə qoşulan
qadınlarımızın həyatlarına həsr etdikləri
hekayə və şeirləri tez-tez çap olunurdu.
30-cu illərdə jurnal qadınlar arasında sənayeləşmənin,
kooperativləşmənin təbliğinin tribunasına
çevrildi, onun səhifələrində kolxoz, sovxoz
quruculuğu, əmək fəallığı məsələləri
xüsusi yer aldı. Jurnalın redaktoru, tanınmış ictimai xadim,
publisist Gülarə Köylüqızı həbs olunub
sürgünə göndəriləndən sonra, 1938-ci ilin
fevralından etibarən "Şərq qadını"nın adı da dəyişdirildi və "Azərbaycan
qadını" adı ilə nəşr olunmağa
başladı. "Şərq qadını"nın həmin dövr tirajı 7750 nüsxə
olub və jurnalın populyarlığı digər Şərq
ölkələrində də oxşar nəşrlərin
yaranmasına gətirib çıxarıb. Elə
bu səbəbdən 1938-ci ildə "Şərq
qadını" jurnalının adı dəyişdirilərək
"Azərbaycan qadını" adlandırılıb və
əsas diqqət respublika miqyaslı problemlərə verilib.
O artıq Azərbaycan KP Mərkəzi Komitəsinin
ictimai-siyasi və ədəbi-bədii aylıq jurnalı idi.
1937-40-cı illərdə jurnal bir neçə redaktor dəyişdi,
onun müəllifləri, müxbirləri repressiya qurbanı
oldu. Beləliklə, jurnalın tarixində
böhranlı günlər başladı. 1941-ci ildə
bir çox mətbuat orqanları kimi "Azərbaycan
qadını" da fəaliyyətini dondurdu və bir də 10
il sonra, 1951-ci ilin martında
açıldı. 50-ci illərdə jurnal
qadınların elm, mədəniyyət, təsərrüfat,
ictimai-sosial sahələrdə qazandıqları uğurlardan
yazır, onların məişət və həyat şəraitinin
yaxşılaşdırılması mövzularına daha
çox yer verirdi. "Azərbaycan
qadını" jurnalını Azərbaycan xalqının
keşməkeşli taleyinin, onun həyatındakı
uğurlu və çətin günlərin salnaməsi
adlandırmaq olar.
60-cı illərdə onun səhifələrində
partiya həyatı, pambıqçıların, zəhmətkeş
qadınların hünərindən bəhs edən
oçerklər, xalqlar dostluğu məsələləri
xüsusi yer tutur, hüquqşünas məsləhəti, gənclərin
yaradıcılığı öz əksini tapırdı. 1965-72-ci illərdə
"Azərbaycan qadını"nın
redaktoru Şəfiqə Ağayeva, 1972-96-cı illərdə
isə Xalidə Hasilova olub. Bu illərdə
jurnalın ideya-bədii səviyyəsinin yüksəlməsi
qeyd olunur.
O
dövrdə jurnalda "Gözəllik aləmində",
"Mədəniyyət tariximizdən",
"Açılmamış səhifələr",
"Teatr", "İncəsənət", "Poeziya
yarpaqları", "El sənətkarları" və s.
yeni rubrikalarda Azərbaycanın tanınmış elm və mədəniyyət
xadimləri, yazıçıları çıxış
ediblər. 80-ci illərdə jurnalın
tirajı 30 mindən 320 minə qədər artıb. 1951-91-ci illərdə "Azərbaycan
qadını" müntəzəm olaraq ayda bir dəfə nəşr
olunub.
90-cı illəri Azərbaycan mətbuatında yeni mərhələ
hesab etmək olar. Bu illərdə Azərbaycanda yeni nəşrlər
gündəmə gəlməyə başlasa da, iqtisadi
çətinliklər də özünü göstərməkdə
idi.
Əsrin böyük bir hissəsi boyu Azərbaycanda yeganə
qadın mətbu orqanı olan "Azərbaycan
qadını" jurnalı da o dövrdə çətin
günlərini yaşayırdı. Bunlar 1992-ci ildə
jurnalın tirajının 5 minə düşməsinə və
iki ayda bir dəfə çıxmasına səbəb oldu.
Bu tendensiya 1993-cü ildə də davam etdi.
1994-cü ildə jurnalın cəmi 4, 1995-96-cı illərdə
isə ikicə nömrəsi işıq üzü
gördü...
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 9 aprel.- S.11.