Qürbətdə vətən
ünvanı olmaq
Xaqani Qayıblı 1964-ci ildə Gürcüstanda, Aran Borçalıda - Qaraçöp mahalının Ləmbəli kəndində anadan olub. Səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Azərbaycanın Qazax rayonunda fərqlənmə ilə bitirib. 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya - Tartu Universitetinə göndərilib.
Eyni zamanda həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alaraq Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir. 2004-cü ildə ekstern yolu ilə Ankara Universitetini bitirib. 1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir.
1998-ci ildən Tartu Universiteti
Türk Dili Mərkəzi müdiridir. 2000-ci ildə
Estoniya hökuməti
tərəfindən Türkiyə
və Estoniya arasında diplomatik və mədəni əlaqələrin inkişafında
göstərdiyi xüsusi
xidmətlərinə görə
fəxri Estoniya vətəndaşlığı alan ilk türkdür.
"Eston və
türk dillərində
feil quruluşlarının
müqayisəsi" (elmi
rəhbəri akademik
Ago Künnap) adlı elmi işi ilə
dünya dilçiliyində
Fin-Uqor və Türk-Tatar dilləri arasındakı qohumluq əlaqələrini araşdıran
ilk azərbaycanlı alimdir.
Əsərləri eston, gürcü,
rus, latış, alman dillərinə və tatar, qazax, qaqauz, Türkiyə türkcəsinə
çevrilib. Müxtəlif illərdə 30-dan çox
ictimai-siyasi, tarixi, elmi-mədəni məqalənin,
4 kitab və 1 monoqrafiyanın müəllifidir.
Bir çox beynəlxalq simpozium və konfransların məruzəçisi
və iştirakçısıdır.
Xaqani Qayıblının
şeirlərində qürbəti
yarmaq inadı gördüm. Azərbaycan ədəbiyyatında qürbət mövzusu hamıya tanışdır.
Vətəndə qürbəti yaşayanlar
var, Vətəndən
qıraqda - qürbətdə
yaşayanlar var. Qürbəti
ürəyinin oduyla yarmaq hünərdir.
Qürbətdə vətən ünvanı olmaq hünərdir. Şeiriyyətin nəfəsi - ruhanidir, yəni insanidir, xəlqidir. Bundan məhrum olan
şeiriyyət deyil, yalnız quruca sözdür. Şeiriyyət gerçəkliyi ötən,
mənalandırandır. Doğma olmayan - xəlqi nəfəs deyil.
Xaqani Qayıblının
gənclikdən üzü
bəri özünüifadəsində
doğma əhval gördüm. İnsana doğmalığı var onun. Əgər insana doğmasansa, deməli, Yurduna da doğmasan, Bəşərə də.
Çox
zaman özümüzdəki
qeyri-adiliyi dəyərləndirə
bilmirik, özümüzə
dünyanın ölçüsüylə
yanaşırıq. Nəhayət ki, balacalıq ölçüsündən çıxmalıyıq.
Özümüzüifadəmiz, şeiriyət imkanımız
bunu deyir. Şeiriyyətdən gələn, ifadə
olunan ilahi məqamları ömrün
bütün çağlarında
diri saxlamaq, söz-əməl birliyinə
yetmək. Başqalarını vəsf edərsən, ancaq özünə inanmazsan. O zaman qürbətdə hamının
biri olarsan, başqalarından seçilməzsən.
Bu yaxınlarda Xaqani
Qayıblının "Yenə
canım söz gəzir" kitabı işıq üzü görüb. Kitab müəllifin oxucularla
ikinci görüşü,
Xaqani Qayıblının
Azərbaycanda çıxan
ilk kitabıdır.
Kitabı Nəriman Əbdülrəhmanlı
nəşrə hazırlayıb,
redaktoru Nurafizdir. Yazıçı Nəriman Əbdülrəhmanlının
fikrincə, Xaqani Qayıblı poetik səsi və nəfəsi ilə seçilən qələm
sahiblərindəndir. Onun şeirlərində bənzərsiz dil və duyum koloriti,
ruh zənginliyi, ifadə səmimiliyi diqqəti çəkir:
"Uzun illər Vətəndən uzaqlarda
yaşasa da, mənsub olduğu torpaq və xalqla mənəvi bağlarını qoruyub saxlaması onun şeirlərinin bədii siqlətini daha da artırır". Şair Rafiq Hümmət Xaqanini ilk görüşdə necə
tanıyıbsa, hər
dəfə elə də xatırlayır:
"Sonralar tale hərəmizi
bir coğrafiyaya səpələsə də,
imkan olduqca görüşərək saatlarla
dərdləşsək də,
onun haqqında təsəvvürüm və
duyğularım dəyişməz
qalıb: səmimi, canıyanan, kövrək,
sədaqətli, ailəcanlı,
millətpərvər, vətənpərvər.
Hər Tiflisə gəldiyində
mütləq telefon açır, imkan daxilində "Varlıq"ımıza
baş çəkir,
atüstü olsa da, əhvallaşır, dərdləşirik. Hər dəfə
ayrılırkən içimə
ağır bir tənhalıq çökür,
ilk tanışdığımız coşqulu illərin nostaljisi ruhumu sarır, Tiflisin mən bilən küçələrində bunca
yalqız qalmamın iztirabına qatlaşmalı
oluram. Xaqani Qayıblı uzaq qürbətdə çəkdiyi
bunca həsrətin əvəzində az şey qazanmayıb. Öz istedadı və
ağır zəhməti
bahasına taleyinə
bir çox ilkləri yazdırıb".
Ədəbiyyatşünas Məti Osmanoğlunun da qənaətləri maraqlıdır:
"Xaqani Qayıblının
şeirlərini ilk növbədə
bədii çəkisinə,
məna tutumuna, duyğu yükünə,
fərqli ifadə tərzinə görə ədəbiyyat nümunələri
hesab edirəm. Bu şeirlər varlığında
doğma yurd, doğma insanlar və bir də
doğma insanlardan ayrıldığı zamanın,
ömrün ilkin çağlarının nostalgiyasını
gəzdirən şairin
öz-özü ilə
ürək söhbətləridir.
Xaqani qürbətdə yaşasa
da, şeirləri Azərbaycan ədəbiyyatının
havası üstündə
yaranır. Xaqaninin yaradıcılığı
Azərbaycan şeir düşüncəsinin və
dilinin stixiyasının
dərinliklərindən süzülüb
gəlir, müasir axınlara qovuşur".
Xaqani Qayıblı ümidinin yiyəsi ola
bilib. Onun şeirlərində işıq gördüm.
Şair hər gözəllikdə işıq
axtarır, tapa bilir: insanın sifətində, baxışda,
əllərdə, mehrdə,
ülfətdə...
Bu duyğular birləşir,
insanın bütövlükdə
halını yaradır.
Həm də şair deyir ki, dünya düzəlməz. Düna insanın ruhuyla
düzəlir. Ona görə
əyrilik artıb ki, insan özündən
ayrılıb.
Dünyanın, həyatın, insanın mənasıyla bir olmaq gərək.
Həm də Xaqani Qayıblının şeirlərində kədər
var, bu da
təbiidir. Ona yeni yaradıcılıq
uğurları, Estoniyada
Azərbaycanı daha böyük ümid və inamla təmsil etməsini arzulayırıq.
Uğur
Xalq Cəbhəsi.- 2014.- 10 aprel.- S.14.