Hüseyn Cavidin romantik qəhrəmanları
Böyük şairin ədəbiyyatda orijinal bir yolu olub
Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi böyük şəxsiyyətlərdən biri də Hüseyn Caviddir. O, 1882-ci ildə Naxçıvanda ruhani ailəsində doğulub, ərəb-fars dillərini öyrənib, keçən əsrin əvvəllərində Təbrizə gedib Şərq fəlsəfəsi, tarixi və ədəbiyyatını öyrənib. Cavidin yetişməsi üçün isə Türkiyə mühiti rol oynayıb. İstanbul Universitetində azad dinləyici kimi görkəmli alimlərin mühazirələrini dinləyib. Onun şair, mütəfəkkir kimi yetişməsində isə Rza Tofiqin və Tofiq Fikrətin rolu böyük olub.
Hüseyn Cavid
böyük romantikdir.
Romantizmin nümayəndələri həyatda
arzuladıqlarını, nail
olmadıqlarını, həyata keçirə bilmədiklərini
yaradıcılıqlarında qəhrəmanlarının
taleyində həyata keçirmək zorunda
olublar. Romantik şairlərə bir pessimistlik də xasdır. Hüseyn Cavid lirik-romantik
şair olub. O, yaradıcılığının ilk dövrlərində hüzn,
kədər şairi kimi "Get", "Məyus
bir qəlbin fəryadı", "Ah, yalnız
sən", "Bir xatirə", "Çoban
türküsü" kimi
şeirləri ilə
ədəbiyyata gəlib.
O, müharibələrin əleyhinə
idi. "Hərb
və fəlakət"
şeirində birinci dünya müharibəsinin
törətdiyi qırğınları
qəzəblə tənqid
edirdi. "Qüruba qarşı"
şerində isə
o, müharibəyə lənətlər
oxuyurdu. Bu şeir də Birinci Dünya müharibəsinin dəhşətləri
ilə bağlı yazılıb.
Hüseyn Cavid filosof-şair kimi də diqqəti
cəlb edir. Onun "İştə
bir divanədən bir xatirə" şeirində şairin insan haqqındakı fəlsəfi fikirləri əks olunur. O, şeirdə insana qiymət verilmədiyini, sərxoş insanın bu dünyadan qafil olduğunu göstərmək istəyirdi.
Bir oyuncaqdır cahan başdan-başa,
Qafil insanlar da bənzər sərxoşa.
Səndələr hər kəs əməlsiz, qayğısız,
Həpsi kəndindən xəbərsiz,
sayğısız.
Şairin həyatının ən gur çağları Bakı ilə bağlıdır. 1910- 1918-ci illər
arası o, bir sıra şeirlərini və dram əsərlərini
- "Keçmiş günlər",
"Bahar şəbnəmləri",
"Ana", "Maral", "Şeyx Sənan",
"Şeyda", "Uçurum",
"İblis" kimi
əsərlərini yaradıb.
Dramaturgiya sahəsində teatrımızı
səhnə əsərləri
ilə müntəzəm
təmin edən Hüseyn Cavid olub.
Şair şeirdə Şeyx Sənanın məhəbbətinə
məftunluğunu bildirir. O, "Şeyx
Sənan" faciəsini
1914-cü ildə yazıb.
Şeyx Sənan əfsanəvi şəxsiyyətdir. Onun məhəbbət
macərasının dini
şəxsiyyətdən ta
məhəbbət mücahidi
olana qədər keçən müddətini
şair romantik məhəbbətin sətiraltı
mənaları içində
təsvir edir. O,
təriqət şeyxidir,
ona cəmiyyət inanır, etiqad edir. O, əvvəl insanları dinə çağıran bir mürşid olub. Ancaq gürcü qızı Xumara vurulan gündən o, şeyxliyini
yerə qoyub məhəbbətin əsirinə
çevrilir. Hətta
yoldaşları onu dini etiqada qayıtmağa
çağıranda Xumarın
eşqindən məst
olub aşağıdakı
misraları söyləyir:
Onun eşqində mən ki dərbədərim,
Hər nə əmr etsəniz, mən əmr edərim.
Hüseyn Cavid romantik şair kimi Şeyx Sənanın obrazını təsvir edərkən onun məhəbbətini sufilərin
ilahi məhəbbət
yolunda keçdikləri
yollardan keçirir. Sufilərin ilahi
məhəbbət yolundakı
birinci mərhələ
şəriət mərhələsi
olub. Faciənin əvvəlində də Şeyx Sənan dini etiqadlı, Qurana bağlı bir insan kimi təsvir
olunur. O, bütün
şəriət hökmlərinə
əməl edir, namaz, oruc və
s. tələbləri sözsüz
yerinə yetirir. Onun məhəbbət yolunun yolçuluğu da sufilərin təriqət yolçuluğu ilə üst-üstə düşür.
Ərəb dilində "təriqət"
- yoldur. Şeyx Sənanın
təriqət yolu sufilərin ilahi məhəbbəti dərk
etmə yolu olduğundan eyni yolçuluğun Şeyx Sənanda da olduğunu görürük.
Hüseyn Cavid onun bu yolçuluğunu
belə təsvir edir:
İştə mən naili vüsal oldum,
Aradım nuri-həqqi, ta buldum.
Seyr edib kainatı həp yorulun
Arayın siz də nuri-həqqi
bulun.
Şeyx Sənanın nuri-həqq dediyi Xumarın surətində Tanrıdır. Sufi ədəbiyyatında da sufilərin bu yolda başlarına gələn faciələr
onların öz taleləridir. Bu yolda Şeyx Sənanı da faciələr gözləyir.
O, Xumarın eşqi yolunda bütün əzablara dözür. Hüseyn Cavidin romantizmi burada Şeyx Sənanın sufi eşqini
bu faciədə üstələyir. Sufilərin mərifət
yolunda kamala çatmasını
faciədə Şeyx
Sənanın həyatında
görmürük. Onun məhəbbəti
zavala doğru aparır. Şeyx Sənanın romantizmində
kamala çatmaq zavala
çatmaqla müşayiət
olunur. Bu mərhələdə Şeyx
Sənanın güclü
romantik məhəbbəti
mərifət yolunun üstündən sürətlə
keçməyə şərait
yaradır. Əslində Şeyx Sənanın bu frazadakı romantik məhəbbəti
onun zavala yetişməsinə doğru
istiqamətlənir. Zavallı Şeyx
Sənanın yoldaşlarına
da dediyi sözlər və yoldaşlarının onun
haqqındakı fikirləri
bu obrazın zavala doğru getdiyini göstərir.
Sənan romantik-sufi qəhrəmandır,
deyərdim. O, müridlərini
kor-koranə ona sitayiş etdiklərinə
görə "zavalı"
adlandırır. Sənan belə
baxanda eşq yolunda zəif obrazdır. Bunun da səbəbi Cavidin təfəkküründə
romantik hisslərin daha güclü olması, sufi
dünyagörüşünün isə izaholunmazlığı
ilə bağlı idi. Bu səbəbin
bir tərəfi də mövzunun xalq əfsanəsindən götürülməsidir. Əfsanədəki Şeyx Sənan
və faciədəki
Şeyx Sənan mətnaltı sufizmdəki
Şeyx Sənanın
- obrazın mərifətdəki
yoluna əngəl olur. Şeyx Sənan məhəbbətində
sədaqətlidir, məhəbbətinə
qovuşmasına mane olan
isə dini ayrılıqdır. Xumar da zəif obrazdır, məhəbbəti yolunda axıra qədər mübarizə apara bilmir, xristian dini ehkamlarının əsiridir. Bu isə onların həyatının faciə
ilə qurtarmasına səbəb olur.
"Şeyx Sənan"
faciəsinin təkrarolunmaz
süjeti onu göstərir ki, Hüseyn Cavidin ədəbiyyatda orijinal bir yolu olub. O, hadisələrin
təsvirini güclü
poetik lövhələrlə
yaradırsa da, romantik əhval-ruhiyyə onun yaradıcılığında
bütün sehri ilə qalmaqda idi. Məhz bu səbəbdən
onun qəhrəmanları
nicat yolunu mücərrəd şəkildə
axtarırdılar.
Ramil Əliyev,
filologiya üzrə elmlər
doktoru
Xalq Cəbhəsi.- 2014.- 11 aprel.- S.14.