Yaradıcılıq azadlığı
Rza Təhmasib bir
rejissor kimi zəmanəsini
qabaqlayıb
Onun başına gələnlər sanki nağıla oxşayır. İnadı, inamıyla zamanın qovğalarına sinə gərib, azadfikirliyini qoruyub. Azərbaycan teatrının, kino sənətinin, ümumiyyətlə, mədəniyyətinin inkişafında Rza Təhmasibin mühüm xidmətləri var. Araşdırmaçıların fikrincə, teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor və rejissor kimi bu tamaşalarda işləməmiş olsun. Onun yaradıcılığı epoxal xarakterlidir, təxminən bir əsrə yaxın dövrdə bu istedadlı sənətkarın ömür yolu teatr və kinomuzun inkişafına xidmətdə keçib. Aktyor kimi yaratdığı İsgəndər ("Ölülər"), İblis və Arif ("İblis"), Şeyx Sənan ("Şeyx Sənan"), Qacar ("Ağa Məhəmməd Şah Qacar"), Süleyman ("Həyat"), Koşkin ("Lyubov Yarovaya"), Strijin ("Eskadranın məhvi"), Karl Moor ("Qaçaqlar") kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olub. Rza Təhmasibin Cəfər Cabbarlı yaradıcılığına böyük simpatiyası olub. Dəfələrlə dramaturqun əsərlərini səhnəyə qoyub, müxtəlif rolları ifa edib. Aydın, Elxan, Balaş, Hacı Əhməd, İmamyar, general-qubernator kimi Cabbarlı personajlarını xüsusi istedadla səhnədə canlandırıb.
Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri olub. O dövrün mətbuatında onun quruluşunda "Ölülər" yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilirdi. "Ölülər" onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynadı. "Şeyx Sənan" (1931), "Sevil" (1934), "Özgə uşağı" (1936), "Madrid" (1938), "Vəfa" (1943), "Hacı Qara" (1958) kimi tamaşaları Rza Təhmasibin rejissorluq məharətinin ən layiqli nümunələri idi. Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın təşkilatçısı və yaradıcısı kimi onun inkişafının təminatçılarından biri olub.
Tamella Təhmasib atası haqqında söz deməyin necə məsuliyyətli olduğunu dərk edir: "Atamın şəxsi arxivi onun sənəkarlığı haqqında daha dolğun, ciddi söz deməyim üçün mənə çox kömək etdi. Lakin bununla belə sualların çoxunu indi cavabsız qoymağa məcburam. Mən niyə sağlığında çox şeyi özündən öyrənə biləcəyim təqdirdə bu haqda düşünmədim? Bu "niyə"lər, "nə üçün"lər məni üzdü. Suallara özünün cavab verəcəyinə bəslədiyim ümidlər nahaq imiş. Hə biləydim ki, tale ona zərbəni zərbə üstündən vuracaq. Həyatını qəm, kədər, sonra da ağır, sağalmaz xəstəliklə amansız mübarizə günləri, ayları, illəri bürüyəcək. Hikbin ruhuna, möhkəm iradəsinə, sonsuz həyat eşqinə bəzən ümidsizlik kölgəsi düşürdü. Belə hallarda o, mənim bütün təkidlərimə: "Yaza bilmirəm, oğul, başa düş"- deyə cavab verirdi. Adətən atam mənə "oğul" deyə müraciət edərdi. İstər-istəməz mən ona tabe olurdum. Lakin az sonra təkid edirdim. Etiraz etmir, söz də vermirdi. Yalnız vəfatından sonra arxivini araşdırarkən bir vaxtlar yazmağa, lakin "Unuda bilmədiklərim" adı ilə davam etdirdiyi, təəssüf ki, bitirmədiyi xatirələrinə rast gəldim".
Müəllif natamam xatirələrdə teatr tarixinə aid maraqlı fikirlər, məlumatların az olmadığını bildirir. Dramaturqlar, görkəmli şəxsiyyətlər, aktyor və rejissor həmkarları, əsərlər və tamaşalar haqqında qeydləri onun sənətkar təbiətini öyrənməyə imkan verir: "Mən bu imkandan mümkün qədər faydalanmağa çalışdım, atamın vəsiyyətinə sadiq qalmışam. O, həmişə deyərdi ki, həyatda nə qədər çətinliyin olsa da, heç vaxt obyektivliyi və prinsipiallığı unutma".
Maarif Teymur Rza Təhmasibin şəxsi arxivində olan sənədlərin bir hissəsinin bugünümüzə gəlib çıxmamasının səbəbini belə izah edir: "Təəssüf ki, Rza müəllimin şəxsi arxivindəki sənədlərin bir hissəsi dövrünün ictimai-siyasi qaranlıqlarını "işıqlandırmaq" üçün yandırılıb. 1937-ci illərin repressiya qorxusu ondan da yan keçməyib".
Rza Təhmasibin özü bu faktı xatiratında belə təsdiq edir: "...Ay Allah, belə qansızlıq olar? Mənə deyir ki, əşşi, nə şişirdirsiniz bu Cavidi? Pantürkist olduğunu ki, dana bilməyəcəksiniz? Elə bildim ki, ürəyimə ox batırdılar. Dedim ki, vicdanınız var? Onun yox kəfənini didişdirməkdən yorulmadınız? Bəsdir, əl çəkin Caviddən! Çürütdünüz, yenə ürəyiniz soyumadı?"
Tamella xanım heyfsilənir ki, atası tarixi sənədlərin bir hissəsini yandırıb. O, isə həmin məqamda atasının niyə belə etdiyini soruşduğunu və cavabını yazır. Rza Təhmasib cavab verir ki, o illərin tələbi belə idi: "Sibirə getməmək üçün sənədləri yandırdım ki, təki sizi qoruyum". 86 il ömür sürmüş Rza Təhmasibin daim həyatın bütün çətinliklərinə mətanətlə sinə gərməsi, demək olar ki, heç vaxt taleyindən şikayətlənməməsi, daim taledən üstün yaşamaq cəhdi, ədalətsizliyə və haqsızlığa qarşı vuruşmaq inadı xarakterinin möhkəmliyindən irəli gəlirdi: "1894-cü ildə Rza Təhmasib anadan olanda Haxçıvanın tacir və dindar mühitində yaşayan, fəaliyyət göstərən ziyalı dəstəsinin böyük məhrumiyyətlər hesabına yaydığı ziya çətinliklə də olsa elin, yurdun qaranlıq həyatına işıq sala bilirdi.
Təhmasibbəyovlar nəslinin ağsaqqalı, dövlətli tacir Hacı Ələkbər kişi Haxçıvanda alicənablığı və dinə dərin etiqadına görə hörmət sahibi idi. Rza Təhmasib həmişə babasını böyük bir sayğı və hörmətlə yad edərmiş. Sənətkarın ömrü naz-nemətlə, qayğısızlıqla keçməyib. Babası Rzanı tacir və etiqadlı bir şəxs kimi görmək istəyirdi. Təbiidir ki, Rza onun istədiyi kimi olmasa da, amma dünyagörmüş babasından əxz etdiyi müəyyən keyfiyyətlər onun sonradan bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadı. O, anasını çox erkən itirir. Onun ömründə nənəsinin və Durna bibisinin əhəmiyyətli rol oynadığını daim xatırlayırmış".
Ədəbiyyat və İncəsənət Arxivində qorunan şəxsi sənədlər arasında Rza Təhmasibin xatiratı da var. Bu haqda arxivin cəfakeş direktoru Maarif Teymur danışır. O, xatiratında uşaqlıq dövrünü belə təsvir edir: "Mən ana görməmişəm. Durna bibim mənə əsil ana olub, nazımı çox çəkib. Hənəmi də daim xatırlayıram".
Onun elmə, təhsilə marağı hələ uşaqlıqdan çox güclü olub. 1909-cu ildə şəhər məktəbini bitirir, təhsilini davam etdirmək istəyir. Lakin atası Abbasqulu kişi onun istəyinə qarşı çıxır. Atası onu tacir görmək istəyirdi. Gənc Rza isə ədəbiyyatçı olmaq, kitab dükanı açmaq arzusu ilə əlinə düşən pulu kitaba sərf edirdi. 1909-cu ildə məşhur aktyor Hüseyn Ərəblinski Haxçıvanda qatrolda olur. Həmin andan gənc Rzanın həyatında əhəmiyyətli bir dönüş yaranır. O, bu zamandan başlayaraq taleyini bütünlüklə teatr aləminə həsr etməyi qərara alır. Gənc Rza artıq inadla Haxçıvanın həvəskar aktyorlarının məşqlərində iştirak edir. O, aktyorluq fəaliyyətinin başlanğıcını 1907-ci ildən hesab edirdi. 1909-cu ildə Rza Təhmasibin böyük şair Hüseyn Cavidlə görüşü onun ömründə, sonrakı yaradıcılığında sonralar silinməsi qətiyyən qeyri-mümkün olan izlər qoyur. Hüseyn Cavid gənc Rzaya Şərq ədəbiyyatını sevdirə bilir. Bu dövrdə gənc Rzaya analığının ögey münasibəti, evdə yaranmış əsəbi şərait onu bu mühitdən qopmağa məcbur edir. O, 1910-cu ildə Tiflisdə yaranmış Azərbaycan artistlərinin həvəskar dərnəyi olan "Auditoriya"nın üzvü olur. Və bu dövrdən başlayaraq Rza Təhmasibin aktyorluq aqibətinə sahib olması ciddi inadı nəticəsində gerçəkləşir. Digər tərəfdən də 1914-15-ci illərə qədər Rzanın ailəsi, sevimli babası, nənəsi, xüsusən də atası onun aktyorluğa olan sevgisindən əl çəkməsi üçün çox cəhdlər edirlər. Lakin o, inadından əl çəkmir.
Rza Təhmasibin bu dövrdən sonra həyatındakı gərginliklər daha da artmağa başlayır. O, 1917-ci ilin qışında Haxçıvana gedir. Rusiyada baş vermiş burjua inqilabının təsiri ilə Haxçıvanda təsis edilmiş izdihamlı mitinqdə hətta odlu nitq də söyləyir. Tamella xanım yazır ki, 1917-ci ilin yazında və yayında Haxçıvanda baş verən dəhşətli hadisələr - Andronikin ordusu ilə toqquşmalar, ermənilərin Hehrəmdə, Şahtaxtlı və başqa kəndlərdə törətdiyi qırğınlar Rzanı sarsıdır. O, şəhərin müdafiəsində fəal iştirak edir, ermənilərə qarşı döyüşür. 1918-ci ilin payızında Rza Təhmasib çətinliklə Bakıya gəlir. Bu dövrdə də onun həyatında maraqlı hadisələr baş verir. Aktyorluq qabiliyyətinin daha da aşkarlanması dövrü olan bu illərdə Rza Təhmasib püxtələşir...
1921-ci ilin yazının Rza Təhmasibin həyatında yeni başlanğıcın olduğunu yazan Tamella xanım bunu aktyorun Hüseyn Cavid sənətilə səhnədə ilk görüşü məqamından hesab edir. Rza Təhmasin aktyor və rejissor bioqrafiyasında bunun xüsusi yer tutması təsadüfi deyildi. 1921-ci il aprelin 8-də Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə hazırlanmış "İblis" tamaşasında Rza Təhmasib Abbas Mirzədən sonra baş rolda İblis rolunda səhnəyə çıxır. O, bu barədə xatiratında yazır: "Tamaşada ilk çıxışım gülüş doğursa da, danışmağa başladığım ilk dəqiqələrdən mən salonu tamamilə özümə tabe edə bildim".
Bu dövrdən başlayaraq Rza Təhmasibin ömründə aktyorluq sənəti ilə bağlı çoxsaylı uğurları sıralanmağa başlanır. O, 1935-ci ilədək olan dövrdə çoxsaylı tamaşalarda ölməz obrazlar sisiləsi yaradır. Artıq 1935-ci il Rza Təhmasibin yaradıcılığında yeni bir dövrün başlanğıcıdır. Bu zaman 41 yaşlı sənətkar Moskva Kinematoqrafiya Akademiyasına imtahan verir, "əla" qiymətlə akademiyaya qəbul olur. Üç il burada təhsil alan Rza Təhmasib həyat və yaradıcılıq təcrübəsini daha da artırır. Onun bir rejissor olaraq dəst-xətti xüsusən "Arşın mal alan" filmində bütün cəhətləriylə üzə çıxır. 1943-cü ilin payızında "Arşın mal alan" filminin çəkilişi başlayır. Tamella xanım yazır: ""Arşın mal-alan" filmi haqqında çox deyilib, yazılıb, danışılıb. Bunların hamısı haqqında söz demək, heç olmasa, adını çəkib, yerini göstərmək çox çəkər". Tanınmış kinoşünas Ayaz Salayev bu qənaətdədir ki, Azərbaycan kinematoqrafiyasının simasını müəyyənləşdirən bu filmin dünyəvi şöhrəti bizə imkan verir deyək ki, Rza Təhmasib bir rejissor kimi zəmanəsini qabaqlayıb."
Uğur
Xalq Cəbhəsi.- 2014.- 11 aprel.- S.11.