“Xaricdə daha çox şəxsi əlaqələrimiz,
dost-tanış hesabına çap olunuruq”
Əjdər Ol:
"Dünyada heç bir dövlət gecə-gündüz
öz ədəbiyyatının təbliği ilə məşğul
olmur” -
Əjdər
Olun APA-ya müsahibəsi
- Əjdər
müəllim, son vaxtlar az çap
olunursunuz, ədəbiyyat tədbirlərində
görünmürsünüz. Hərçənd işin
yaradıcılığınıza mane
olmadığını dəfələrlə deyibsiniz, amma
görünən odur, deyəsən, belə deyil axı...
- Yox, əslində
mən binadan çox tədbirdə iştirak etməyi sevməmişəm.
Mənim aləmimdə hər kəs ən
azı hərdən öz içi ilə baş-başa qalsa,
daha yaxşı olar. Ümumiyyətlə,
tünlüyü sevmirəm. Lap
uşaqlıqdan özüm-özümlə söhbət etməyə,
düşünməyə daha çox vaxt
ayırmışam. Eyni zamanda mən heç vaxt
darıxan adam olmamışam. Bunun səbəbi
çox sadədir: içimdə özümlə o qədər
söhbətlərim var ki, onu heç vaxt başa
çatdıra bilmirəm. Tutalım, istəyirəm
kənara çəkilib keçmişdə olan bir hadisəni
axıra qədər xatırlayım, imkan tapmıram. Obrazlı desəm, keçmişimi xatırlayıb
qurtara bilmirəm. Bəzən biz tədbirlərdə
həddən artıq çox vaxt itiririk. İndi vəziyyət
lap çətinləşib: yolda itirilən vaxt, tədbirin
özündə itirilən vaxtdan daha çox olur. Onu da deyim
ki, az göründüyüm yerlər
varsa, çox göründüyüm yerlər də var.
- Tədbir
və iclas adamı olmaq anadangəlmədir, yoxsa sonradan
qazanılan vərdişdir?
-
Çevrəmdə çox adamlar var ki, onlar həmişə
darıxırlar. Darıxdıqlarına görə,
həyatındakı boşluğu doldurmaq üçün
yığıncağa gedirlər, kiminləsə
görüşürlər, televizora baxırlar, musiqi dinləyirlər,
yaxud istəyirlər başlarını hansısa yolla
qatsınlar və s. Belə adamları heç vaxt başa
düşməmişəm. Mənim şüarım
belədir: "Boş oturmaqdansa, havayı işləmək
yaxşıdır". Həyatımda
boşluq yoxdur ki, onu belə-belə şeylərlə
doldurum.
- Qəribə
fikir formalaşıb: sanki ədəbiyyat adamı həmişə
darıxmalıdır...
- Bir məqamı
deyim: dəfələrlə mənə irad tutublar ki, sən
bizim yanımızda darıxırsan, elə bil harasa getmək
istəyirsən. Başa düşməyiblər
ki, mən özüm üçün darıxıram,
özümlə baş-başa qalmaq istəyirəm. Mənim
aləmimdə yaradıcı adam öz
zamanını, asudəliyini tapmağı bacarmalıdır.
Yəni yazıçı elə vaxt seçməlidir ki, o
vaxt heç kim onun qapısını
döyməsin, işindən təcrid etməsin, qələmindən
ayırmasın. Son illər səhərin
gözü açılmamış işləməyi sevirəm.
İstəyirəm səhərin duru yerindən
öz payımı, qismətimi götürüm. Onda nə
zəng edən olur, nə də qapı döyən! Adam
özü-özünə şərait yaratmasa, heç kim onun əvəzinə bu işi görməyəcək,
ona vaxt hədiyyə etməyəcək. Azərbaycan ədəbiyyatında
böyük işləri olan adamlar olub: məsələn,
Mirzə Cəlil o boyda jurnal buraxıb. Əslində hamı
öz işinin məmurudur: biri qəzet məmurudur, biri məktəb
məmuru, digəri dövlət məmuru. Bu
gün Azərbaycan ədəbiyyatında böyük dövlət
işlərində çalışmaqla yanaşı,
yaradıcılıqla məşğul olan ədəbiyyatçılar
da var.
-
Dünya və Azərbaycan ədəbiyyatından
yaradıcı mətbəxinə qibtə etdiyiniz imzalar var?
- Nə
dünya, nə də Azərbaycan ədəbiyyatında
xüsusi aludəsi olduğum yazıçı yoxdur. Heç bir yazıçını özüm
üçün kumirə, bütə çevirməmişəm.
Bütövlükdə ədəbiyyatı
sevirəm, ona min tellə bağlıyam. Ümumiyyətlə,
hər kəs özü üçün oxuyur. Mütaliəni, çox kitab oxumağını kiməsə
nümayiş etdirmək ciddi məsələ deyil.
- İlk
yazınızın çıxmağından danışaq...
- 1981-ci
ildə "Azərbaycan" jurnalında ilk şeirlərim
çap olundu. O vaxt "Azərbaycan" jurnalı 70-80 min
tirajla çıxırdı. Təsəvvür et, sənin iki şeirin çıxır və
az qala bütün Azərbaycan səni tanıyır, oxuyur. Mənim heç bir əsərim redaksiyadan geri
qaytarılmayıb. İlk gündən ta bu vaxta qədər...
Şeirlərimi o vaxt Fikrət Qocaya verəndə dedi ki, bir həftədən
sonra gəl. İki həftə sonra redaksiyaya getdim ki, içəridə
qələbəlikdir, adam çoxdur.
İndiki kimi yadımdadır: Fikrət Qoca, Nüsrət Kəsəmənli,
Siyavuş Sərxanlı, Natiq Səfərov, Vidadi Məmmədov...
daha kimlər söhbət edirdilər, utanıb geri çəkiləndə
Fikrət Qoca dedi, a bala, gəl, kimsən, nə istəyirsən?
Dedim, Fikrət müəllim, Əjdər Cəbiyevəm, sizə
şeirlərimi vermişdim. Adımı
eşidən kimi hamı bir nəfər tək ayağa durdu.
Sən demə, beş dəqiqə əvvəl
burda mənim söhbətim gedirmiş, Fikrət Qoca şeirlərimi
oxuyubmuş. İndiki kimi yadımdadır, Vidadi Məmmədov
dedi, qardaş, bütün Azərbaycana axtarış
vermişik, sən hardasan? Həmin gündən
yazıçılar ailəsinin bir üzvünə
çevrildim.
- Və
necə deyərlər, sonra gənclikdən gələn
şöhrət "azarı" başladı...
- Yox, buna
şöhrət azarı demək olmazdı. Mən
ta uşaqlıqdan həmişə mərkəzdə, hadisələrin
içində, diqqət mərkəzində olmağı
sevmişəm. Görünür,
şöhrətpərəstlik hər insanın içində
olur. Amma bir məsələ də var: gərək diqqət
mərkəzində özünü apara biləsən. Yəni demək istəyirəm, diqqət mərkəzinə
gəlib çıxmış, amma sonradan
uzaqlaşdırılan o qədər adamlar var ki. Bəlkə
qəribə səslənəcək: düzü, şeirlərimin
çıxmağına o qədər də sevinmədim.
Fikirləşdim ki, belə də olmalıdır, başqa necə
ola bilər?! O vaxt İsmayıl
Şıxlının rəhbərliyi ilə Şüvəlanda
gənc yazıçıların respublika müşavirəsi
keçirilirdi, "Kommunist" qəzetində iki nəfərin
adını "Ədəbiyyatda yeni nəfəs" adı
ilə başlığa çıxarmışdılar: mənim
və Namizəd Xalidoğlunun. "Azərbaycan"
jurnalında çıxan ilk şeirimdə belə bir misra
vardı:
O boylu
qadına oxsayan məzar,
nə səni,
nə məni dogmaz ki, dogmaz.
Nüsrət Kəsəmənli həmin misraları əzbər
deyəndə, mənə ləzzət elədi.
- Öz ədəbi
nəslinizi başqa ədəbi nəsillərdən bir boy
yüksəkdə tutmağınız olub?
- Yox,
heç vaxt! Ədəbiyyatda yaş məsələsini
heç vaxt qəbul etməmişəm. Bir də
görürsən, adam 20 kitab çap
etdirsə də, uğur qazanmayıb, başqası bir əsəri
ilə şöhrət qazanıb, dilə-dişə
düşüb. Ədəbiyyat dəstəbazlıq
deyil ki bir nəsil o birindən üstün, güclü olsun.
Ümumiyyətlə, ədəbi əsərə qiymət
vermək zaman tələb edir, görürsən, adam sağ ikən məşhur olur, amma öləndən
sonra əsərləri heç on ili o tərəfə
keçib yaşaya bilmir.
-
Çoxdandır portret yazılarınız çap olunmur. Yenisi var?
- Mənə
elə gəlir, müşahidə qabiliyyətim bir az fərqlidir. Uşaqlıqdan üzü bu yana müəyyən şeyləri
müşahidə edirdim və elə bilirdim, mənim
gördüyümü başqaları da o şəkildə
görür. Sonra başa düşdüm ki,
yox, adamlar çox şeyi unudurlar. Portret
yazan adamın yaddaşı gərək çox güclü
olsun. Hazırda böyük həcmli bir
yazını bitirmək üzrəyəm. 88-93-cü illərdə olan çaxnaşma
dövrünü əks etdirən bir əsərdir.
- Bir dəfə
demişdiniz ki, Ziya Bünyadovun, Tahir Salahovun, Azad Mirzəcanzadənin
portretlərini yaratmaq istəyirəm. Əslində Avropada bu ənənə
çoxdan var, bizdə isə bu işlə məşğul
olan adamlar olmayıb...
-
Böyük enerjisi, vaxtı olan cavanlara həmişə
tövsiyə etmişəm ki, indi yaşayan adamların
portretlərini yaratsınlar. İndi gənclər
mövzu axtarırlar, bəzən boş-boş şeylər
yazırlar. Amma bir adamı tədqiq etsələr,
araşdırsalar bu həm ədəbiyyatımızı zənginləşdirər,
həm də vətəndaşlıq borcudur. Klassiklərimiz, alimlərimiz, siyasətçilərimiz,
hərbçilərimiz, başqa ziyalılarımız var ki,
artıq yaşlanıblar, fəaliyyətlərini
dayandırıblar. Onların xatirələrini
yazıb gələcək nəsillər üçün
miras qoymaq olar. Yadımdadır, 19 yaşımda Leninqrada
Ermitajla tanış olmağa getmişdim. Muzeydə rus tarixindəki generalların portretlərini
sıra ilə divardan asmışdılar. Həsədlə baxırdım ki, kaş bizim də
muzeylərdə tariximizdə olan generalların portretləri
sıra ilə asılsın və mən fəxarətlə
onlara tamaşa edim. Belə şeylər
adama hansı xalqın oğlu olduğunu dərk etdirir,
özünlə, keçmişinlə qürur duyursan.
- Son
günlər Türkiyədə iki kitabınız
çıxıb. Türkiyədən başqa
hansı ölkələrdə kitabınız çap olunub?
- Xaricdə
kitablarım daha çox son illərdə çap olunub.
Almaniyada, Polşada, Gürcüstanda, İranda çap
olunmuşam.
- Ədəbi cameədə bir fikir formalaşıb:
kimin maddi imkanı çoxdursa, xaricdə məhz həmin
yazıçı çap olunur. Belədirmi?
- Bir həqiqət
var ki, ədəbi əlaqələr əvvəlcə şəxsi
münasibətlər hesabına yaranır. Tutalım,
bir var böyük və varlı ölkənin
yazıçısı olasan, bir də var Azərbaycan kimi gənc
ölkənin. Təbii ki, Azərbaycana
maraq İngiltərəyə olan maraq səviyyəsində
deyil. Biz ingilis, fransız dillərində
olan əsərləri götürüb özbaşına
çap edirik. Azərbaycana, bizim ədəbiyyatımıza
maraq isə indi-indi yaranmağa başlayıb. İqtisadiyyatımız inkişaf edir, ölkədə
böyük siyasət aparılır və bütün bunlar
Azərbaycana marağı daha da artırır. Xaricdə bizim iqtisadiyyatımıza və neftimizə
daha böyük maraq var, nəinki ədəbiyyatımıza.
Ona görə də biz xaricdə daha çox
şəxsi əlaqələrimiz, dost-tanış hesabına
çap olunuruq. Məsələn, mənim
hekayələr kitabımın alman tərcüməçisi
türk dilini gözəl bilir. Türkiyədə
çap olunan kitabımdan bir hekayə oxuyub alman dilində
çap etdirmişdi və dediyinə görə, dostları
hekayəni çox böyük maraqla qarşılayıblar.
Daha sonra başqa bir hekayəmi Almaniyada çap
etdirdi və beləliklə, kitabımı tərcümə
etmək eşqinə düşdü. Demək
istəyirəm, burda qeyri-adi nəsə yoxdur. Bilirsən, imkanı həmişə tapmaq olar, əsas
ünsiyyəti qurmaqdır. Dünyada
heç bir dövlət gecə-gündüz öz ədəbiyyatının
təbliği ilə məşğul olmur. Ona görə də şəxsi əlaqələrdən
istifadə edib ədəbiyyatın təbliği ilə məşğul
olmaq lazımdır. Məsələn, mənim Türkiyədən
bir dostum gəlirsə, o, həm də digər
yazıçıların əsərləri ilə tanış olur, onları tərcümə etmək
istəyir. Xaricdə çap olunmaq o demək
deyil ki, gedib onların ədəbiyyatına şərik
çıxdıq.
- Xaricdə
çap olunan kitablarınızdan qonorar alırsınız,
yoxsa...
- O
kitabları xaricdə böyük tirajla çap etmirlər. Məsələn, son iki kitabım hərəsi iki
min tirajla çap olunub. Bilmirəm
onların vəziyyəti necə olacaq, amma əvvəlki
kitablardan qonorar almadım. Çünki mən
kitablarımı nəşriyyata bağışlayıram.
Mənim kitablarım nəşriyyata o qədər divident gətirmir
ki, böyük tirajla çap etsin, mənə qonorar versin. Amma yazılarıma görə böyük məbləğdə
mükafatlar almışam.
- Azərbaycanda
yazı-pozu adamlarının maddi rifahı yaxşı deyil. Ev, iş problemləri olan,
dolanışığı aşağı səviyyəli
yazarlar çoxdur. Əjdər Ol yalnız ədəbiyyatdan
gələn gəlirin ümidinə qalsaydı, vəziyyəti
necə olardı?
- Ədəbiyyatın
həddən artıq az gəliri var, ona
görə də yazar qənaətlə yaşamağa məcbur
olur. Amma sırf ədəbiyyatla olmasa da, qələmlə
yaşayan dostlarımız çoxdur. Onlar
müxtəlif saytlarda, qəzetlərdə
çalışırlar, yazıçılıqla bərabər
jurnalistika ilə məşğuldurlar. Əjdər Ol da
qələmə pul verilən yerdə işləyərdi və
yaşayardı...
Xalq Cəbhəsi.-
2014.- 16 aprel.- S.15.