Türklərin sevimlisinə
çevrilmiş türk alim
Henrix Fridrix fon Dits bütün həyatını və
maddi vəsaitini təmənnasız olaraq elmə qurban verib
Henrix
Fridrix fon Dits 1751-ci ildə Almaniyanın
Bernburq şəhərində tacir ailəsində anadan olub. 1769-cu ildə hüquqi təhsil almaq
üçün Halle Universitetinə daxil olub. Akademik təhsilini
bitirdikdən sonra 11 il Maqdeburqda əyalət
hökumətinin sərəncamında işləyib, burada
xüsusi qabiliyyətinə görə referentlikdən dəftərxana
müdirliyinə qədər yüksəlib. Bacarıqlı
hüquqşünas kimi xidməti vəzifəsini yerinə
yetirməklə yanaşı Dits vaxt və macal tapanda onun
üçün sevimli elm sahəsi olan fəlsəfə və
dilşünaslıq üzrə biliyini daha da artırıb.
Gəncliyində Şərqə səyahət
etmək arzusunda olan Ditsin Şərq dillərinə
böyük sevgisi olub. Buna görə də
daha çox Şərq dillərini öyrənməyə
çalışıb.
1784-cü
ildə Prusiyanın Türkiyədəki səfirliyində
iş yeri boşalır, Dits bu vəzifəni tutmaq
üçün yarışa qatılır və
Böyük Fridrix (Prusiya kralı II Fridrix) tərəfindən
soyuqqanlı xarakteri və bəzi üstünlüyünə
görə bir neçə namizəd arasından o yerə
seçilir. İşə başlamazdan əvvəl
Dits xüsusi maraqla türklərin tarixini, milli adət-ənənələrini,
dilini həvəslə öyrənir, onların ruhuna daha
yaxın olmaq üçün ilk başlanğıcdan
türk dilində danışır. Burada
Dits daha çox Osmanlı imperatorluğunun tanınmış
elm adamları ilə dostluq münasibəti qurur, kitablardan
aldığı bilgi ilə yanaşı onların məlumatlarından
da faydalanır. Türk xalqına olan məhəbbəti
onu türklərin sevimlisinə çevirir.
Bununla yanaşı işi o qədər də asan
deyildi, çünki Osmanlı sultanının ürəyincə
işləmək üçün ona dərin elmi bilik və
diplomatik keyfiyyətlər lazım olurdu. Ditsin
xüsusi istedadı və bacarığı işinin öhdəsindən
gəlməkdə ona çox kömək edirdi. Sərbəst
vaxtının az olmasına baxmayaraq, bu
böyük alim 6 il Türkiyədə yaşadığı
müddətdə türk, ərəb və fars dillərini
mükəmməl öyrənir. Onun bu fədakarlığı
və iradəsi gələcəkdə ən yaxşı tərcüməçi
kimi yetişməkdə əsas zəmin olur. Türklərə olan səmimi məhəbbəti
onu ruhən və görünüşcə xeyli dəyişir,
belə ki, burada Dits şərqlilər kimi geyinir, onların həyat
tərzini mənimsəyir. Hətta o,
Almaniyaya qayıtdıqdan sonra da otağının birini Şərq
üslubunda hazırlatdırır, köməkçisini və
xidmətçisini də türklərdən seçir.
Bu müddətdə Dits şəxsi vəsaiti
hesabına çox nadir və qiymətli əlyazmaları,
çap olunmuş kitabları toplamağa başlayır. Dits
kitabxanasını müqayisə olunmaz dərəcədə
zənginləşdirir. Kral Fridrixin
davamçısı II Fridrix Vilhelm 1786-cı ildə Ditsin
Türkiyədəki fəaliyyətini dəyərləndirir
və onu Konstantipolda Prusiyanın vəkil edilmiş naziri,
fövqəladə böyük elçisi təyin edir. Bir müddət keçdikdən sonra Türkiyə
ilə Rusiya arasında qarşıdurma baş verir, bu vəziyyət
Ditsin vəzifəsini xüsusilə əhəmiyyətli edir
və o, çətin tapşırıq qarşısında
qalır. Dits 1788-ci ildə Berlindən
almış olduğu təlimata baxmayaraq türklərə olan
məhəbbəti sayəsində öz səlahiyyət
imkanlarını aşaraq Türkiyə ilə ittifaq
sazişi imzalayır ki, bu da Prusiya sarayında böyük təşvişə
səbəb olur.
Saziş ratifikasiya olunmamışdan əvvəl
1790-cı ildə Dits vəzifəsindən geri
çağırılır və təqaüdə göndərilir. Konstantinopoldan
(İstanbuldan) ayrılmağını Dits özü belə
təsvir edir: "Vidalaşarkən qəbulumda olan nazirlər
göz yaşı içərisində idilər. İki gündür ki, gəmim ağlayaraq mənimlə
vidalaşmağa gələn türklərlə
dolub-boşalır". Yazılarından
məlum olur ki, Dits özü də bu ayrılıqdan
çox kədərlənir. Vətəninə
qayıtdıqdan sonra da dostları ilə əlaqəsini kəsmir.
Dits türkcə daha yaxşı danışmaq
üçün Almaniyada təhsilini davam etdirir. Əvvəllər
(1773-75-ci illər) 3 dərin məzmunlu fəlsəfi əsərin
müəllifi olan Dits diplomatik fəaliyyəti dövründə
yaradıcılıqla məşğul ola
bilmir. Təqaüdə çıxdıqdan
sonra isə yenidən elmi fəaliyyətə qayıdır.
Lakin bu dəfə o, ruhuna və istəyinə
uyğun olaraq yazıçılığa və şərqşünaslığa
meyl edir. O, kitablarının xarici görkəminə o qədər
də əhəmiyyət vermirdi, onun üçün əsərlərinin
elmi dəyəri və zəngin məzmunu əsas şərt
idi. Şərq haqqında mükəmməl məlumatı,
orada uzun illər qaldığı müddətdə
topladığı nadir əlyazmalarla zənginləşmiş
kitabxanası onu yaradıcılığa həvəsləndirirdi.
Ditsin elmi fəaliyyətinin ikinci mərhələsində
nəşr etdirdiyi əsərləri istisnasız olaraq Şərq
ölkələri haqqında dəyərli məlumatlar kimi nəzərdən
keçirilməlidir. Bu mərhələdə o,
işini bir türk şairinin əsərinin tərcüməsi
ilə davam etdirir (1811) və elə həmin ildə
"Qabusnamə"ni alman dilinə tərcümə
edib nəşr etdirir. Bu kitabla tanış
olan dahi alman şairi Göte əsərin məzmununa və
Ditsin tərcümə sənətkarlığına heyran
qalır. O, bu əsəri əsil hikmət xəzinəsi
hesab edir və özünün "Şərq-Qərb"
divanında ondan istifadə edir. Bu əsər
Götenin Şərqə marağını daha da
artırır, hətta dostlarına da onu oxumağı
tövsiyə edir. Götenin xahişinə görə
Dits ona "Molla Nəsrəddinin lətifələri"ni də alman dilinə tərcümə edib
verir. Dits vəfat edənə qədər onlar
məktub vasitəsilə əlaqələrini davam etdirirlər.
Ditsin yaradıcılığını maraqla
izləyən Göte 1811-1815-ci illərdə çapdan
çıxan "Asiya abidələri" kitabının I və
II hissələrini oxuduqdan sonra Şərq ədəbiyyatının
möcüzəsinə heyran qalır. Kitablarının
təsnifatından da görünür ki, Dits həmişə
öz əqidəsinə sadiq qalıb.
Xalqımızın
zəngin həyat təcrübəsinin,
dünyagörüşünün və yaradıcılıq
qüdrətinin məhsulu olan "Atalar sözlər"ni Dits çox yüksək qiymətləndirib.
Bu barədə Dits "Asiya abidələri..."
kitabının I hissəsində yazır: "Başqa xalqlar
öz müdrik əsərlərini qoruyub saxladıqları
halda tatarlar (Dits bizi "tatar türkləri"
adlandırır-F.D.) yeganə xalqdır ki, qiymətli əlyazmalarını
cırıb atmışlar... Yaxşı ki,
heç olmasa bu əlyazma tatarların kitab
yağılarının əlindən canını salamat
qurtarıb." Burada çox təəssüflə
qeyd etmək istəyirik ki, bu böyük alim bizim qiymətli əlyazmalarımızın
müxtəlif üsullarla Qərbə daşınmasından
xəbərsizdir. Belə ki, əlimizdə
olan yazılı məlumata görə hələ 1802-ci ildə
hakimiyyətdə olan Hersoq Ernst Şərqə səyahət
edən U.Y.Zeetsenə tapşırıq verir ki, oradan qədim
əşyaları və qiymətli əlyazmaları saray
üçün pul ilə alıb gətirsin. Nəticədə Zeetsen Almaniyaya aparmaq
üçün 17 dəvə yükü qədər qədim
əlyazmalar və qiymətli əşyalar toplayıb göndərir.
Elə Dits özü də Türkiyədə
işlədiyi zaman mümkün qədər daha çox qiymətli
və nadir əlyazmaları alaraq öz kitabxanasını zənginləşdirir.
Beləliklə, bizim, o cümlədən Şərq
xalqlarının yaradıcılıq məhsulu olan on minlərlə
əlyazmaları, qiymətli sənət əsərləri Qərbə
daşınıb. Dits özü də
"Asiya abidələri..." kitabının I hissəsinə
yazdığı "Ön söz"də deyir:
"...Avropanın bütün kitabxanalarında, o cümlədən
özəl kitabxanalarda Şərqə aid böyük miqdarda
əlyazmaların istifadəsiz saxlanmasının nə
faydası var?"
Buradan aydın olur ki, Ditsin dediyi kimi türklər əlyazmalarını
cırıb atmayıblar, əksinə, onlar müxtəlif
üsullarla talan edilib Avropa ölkələrinə
aparılıb.
Dits 1814-cü ildə Prusiya Elmlər Akademiyasına fəxri
üzv seçilib. 1817-ci il aprelin 7-də vəfat edib.
Vəsiyyətnaməsinə
əsasən 17000 nəşr olunmuş kitabları, içərisində
403-ü Şərqə aid olan 835 əlyazmasını, elmin
bütün sahələrinə aid 1000-dən artıq tədqiqat
işlərini, öz pulu ilə çap etdirdiyi əsərlərini,
özünün və III Sultan Səlimin yüksək sənətkarlıqla
işlənmiş portretlərini Berlin Kral kitabxanasına
(indiki Dövlət kitabxanası-F.D.) verir və göstərir
ki, hər iki portret xatirə olaraq ona aid olan fondun divarından
asılsın. Ditsin portreti fonddan asılsa da,
naməlum səbəbdən III Sultan Səlimin portreti itirilir.
Bizim fikirimizcə, bu hadisə almanların
Türkiyəyə olan qısqanclığının təzahürüdür.
Belə ki, onlar Berlin Dövlət
Kitabxanasında Osmanlı Sultanının portretini görmək
istəməyiblər. Dits uzun müddət
maraqla topladığı Osmanlı sülaləsinin
bütün dövrlərinə aid qiymətli xırda pul
kolleksiyasını isə Krallığa
bağışlayıb. O, şəxsi vəsaiti
hesabına çap etdirdiyi kitablarını tələbələrə
pulsuz paylamağı da qeyd etməyi unutmayıb. Dits vəsiyyətində şərt qoyur ki,
fondundakı kitablar və əlyazmaları onun
sağlığında tərtib etdiyi nömrə ilə
qorunub saxlanılsın.
Flora Mustafayeva,
filologiya üzrə elmləri doktoru
Xalq Cəbhəsi.-
2014.- 16 aprel.- S.14.