Qadınlara və uşaqlara qarşı zorakılıq problemi

 

Mətanət Əzizova: "Bizdə ictimai qınaq qadına qarşı yönəldiyindən zərərçəkmişlər çox zaman dinmirlər”

Tez-tez uşaqlara, eləcə də gənc xanımlara qarşı baş verən təcavüz halları problemi ölkə daxilində xüsusilə qabardıb. Bəzi hallarda baş verən təcavüz hallarının qətl bə ya intiharla nəticələnməsi cimiyyət daxilində artıq SOS siqnalının yandığını göstərir. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova ilə söhbətimiz bu siqnalın diqqətə alınmasının vacibliyi haqda oldu.

- Təcavüzə məruz qalmış uşaqla eyni halı yaşamış yetkin insanı müqayisə etsək, birinci daha çox psixoloji zərbəyə məruz qalır...

- Əgər uşaq təcavüzlə qarşılaşırsa, bunun psixoloji travması həddən artıq böyükdür. Bəzən uşağın psixoloji travmasını müalicə etmək üçün illər lazım olur. Ən pisi odur ki, uşaq adətən bu məsələdə susur. Çünki şüuraltı başa düşür ki, bu olmaz, bu qadağandır və ona görə də qorxur. Bir çox hallarda valideyn uşağa deyir ki, ayıbdır məsələn, paltarını qaldırma, ayıbdır qız uşağı filan işi etməz və s. Valideyn "ayıbdır" sözünü tez-tez təkrarlaya-təkrarlaya uşaqda kompleks yaradır. Belə qız uşaqları təcavüzə məruz qaldıqda bilir ki, "mən bunu valideynimə desəm, bu baş verdiyinə görə anam, atam məni danlayacaq. Bu ayıbdır, ola bilsin ki, günahkar mənəm və valideynlərim tərəfindən böyük bir problemlə qarşılaşa bilərəm. Ona görə də çox hallarda təcavüzə məruz qalmış uşaqlar bu haqda susurlar. Bir də təcavüzlə təkcə qızlar deyil, oğlan uşaqları da qarşılaşırlar. Adətən biz təklif edirik ki, valideynlər uşağa "ayıbdır" kəlməsi əvəzinə hardasa pozitiv kəlmələr işlətsinlər. Məsələn, "belə etsən, daha yaxşı olar". Bizim Mərkəzə təcavüzə məruz qalmış həm yeniyetmə, həm də yetkin xanımlar daha çox psixoloji sağlamlığı bərpa etmək üçün müraciət edirlər. Hüquqşünasa isə çox nadir hallarda müraciət olur.

- Bəlkə atrıq tərbiyə metodunu dəyişməyin vaxtı çatıb?

- Bu mütləq lazımdır. Artıq qadağa, qorxutma metodu işə yaramır. Məsələn, hələ keçmiş Sovet dövründə məktəbdə oxuyan uşağı dərsə həvəsləndirmək üçün deyirdilər ki, "yaxşı oxumasan, bomj olarsan" və ya "küçə süpürən olarsan". Bu metod artıq uşağı mənfiliyə proqramlaşdırır. Əgər uşağa deyilsə ki, "yaxşı oxu, proqramçı olacaqsan" və ya "yaxşı oxusan, yaxşı rəssam olacaqsan", o daha artıq səy göstərər . Yəni verilən mesaj uşağın şüuraltını müsbət formalaşdırmalıdır. Əgər müsbət mesajlar varsa, uşaq onun arxasınca gedəcək, daha çox uğur qazanacaq, nəinki uğursuzluq. Yenə deyirəm, keçmiş Sovet dövründən qalan qadağa-qorxu tərbiyəsi dəyişmək vacibdir. Uşağa daha çox başa salmaq, inandırmaq və müsbət mesajlar verilməlidir. Məsələn, adətən balaca uşaqlara deyirlər ki, buna əl vurmaq olmaz və s. Uşaq üçün hər zaman maraqlıdır; niyə olmaz? Valideyn onu başa salmasa, o, yanan oda yenə də əl uzadacaq. Amma uşağa anladanda ki, bunu eləmək olmaz, ona görə ki... filan fəsadlar olar. Uşaq adətən deyiləni gözəl anlayır, valideyn isə uşağın təhlükəsizliyini təmin etməklə yanaşı onun etibarını da qazanmış olur. Bu həm də uşağı körpəlikdən valideynlə ünsiyyətə cəlb edir.

- Bəzi hallarda ailə üzüvləri tərəfindən uşaqların zorlanmasının səbəbi nədir?

- Bu bir az çətin sualdır. Adətən uşaq ailə üzvü tərəfindən təcavüzə məruz qalırsa və ya zorlanırsa, burada çox zaman təcavüzkar uşağın ona olan etibarından sui-istifadə edir. Yalnız belə halda cinayət tərətmək üçün şərait yarana bilər. Məsəln, evə daxil olma; təcavüzkar bilir ki, ailəyə yaxın adamdır və uşaq onun gəldiyini adi qarşılayacaq. Yaxud təcavüzkar uşağa deyə bilər ki, biz dostuq və aramızda olan sirri kimsəyə demə. Dost dostu satmaz. Bu etibardan istifadə edərərək, uşağın susmasına nail ola bilər. Adətən kənar insan kiminsə həyətində və ya evində belə addım atmağa qorxar, yəni uşaq qışqıra bilər, şikayət edə bilər, kiməsə danışa bilər. Amma təcavüzkara etibarı olan uşağı yola gətirmək daha asandır.

- Azərbaycanda bu hadisələrin miqyası nə dərəcədədir?

- Konkret statistika məndə yoxdur. Amma bu problem var. Elə bu faktın özü kifayət edər ki, məsələyə ciddi yanaşılsın. Məsələn, ay ərzində təkcə bizim mərkəzə 5-7 valideyn bu səbəblə müraciət edir. Təcavüz artıq böyük problemlər yaradır. Ailədaxili zorakılıqla mübarizə zəif aparıldığı üçün problem çox aktualdır.

- Ümumiyyətlə təcavüz hallarının artması, xüsusilə ictimai nəqliyyatda daha aktual olması nə ilə bağlıdır?

- Bəzən mənə elə gəlir ki, Azərbaycanda elə xanım yoxdur ki, heç olmasa həyatında bircə dəfə də olsa təcavüzə məruz qalmamış olsun. Varsa, belələrinin sayı çox azdır. Xanımlar ən azı ictimai nəqliyyatda belə hallarla qarşılaşıblar. Adətən ictimai nəqliyyatda belə halla rastlaşan qadın və ya qız ilk növbədə qorxu hissi keçirir, həmin an hansı addımı atacağını bilmir, düşünür ki, etiraz etsəm, təpki göstərsəm, ictimai nəqliyyatda oturan insanlar məni qınayacaq. Güman ki, pozğun qadın olduğumu düşünəcəklər. Səs çıxarmasam, bu problem də olmayacaq deyə çox zaman təcavüz hallarını susqunluqla qarşılayırlar. Amma məkanından asılı olmayaraq təcavüzə məruz qalan hər bir qadın təcavüzkara təpki göstərsə, ucadan etiraz etsə, bu kimi halların xeyli qarşısı alınar. Yəni təcavüzkar ən azından, ictimai qınağı, polis qorxusunu göz önünə alacaq. Təəssüf ki, bizdə ictimai qınaq adətən qadına qarşı yönəldiyindən zərərçəkmişlər çox zaman dinmirlər. Təcavüzkar Azərbaycan qadınının psixologiyasını bilir və bildiyi üçün bu addımı atır. Bizdə baş verən təcavüz hadisələrinin arxasında bir abır sindromu var. Elə təcavüzlərin sayını artıran da bu sindromdur.

- Bəlkə həm də cəzasızlıqdan irəli gəlir?

- Daha çox yerində baş verən təcavüz halları cəzasızlıqdan irəli gəlir. Bu cür hallarda cəza yoxdur. Qadın iş yerində cinsi əlaqəyə təhrik edilir, ona seksual təkliflər olunur, qəbul etmədiyi təqdirdə əmək haqqısı azaldılır, çox vaxt işdən qovulur, bəzən qadın iki tərəfdən zorakılığa və təcavüzə məruz qala bilir. Bu halda tətbiq etməyə heç bir qanunvericilik bazamız yoxdur. Biz təklif etmişdik ki, Əmək Məcəlləsinə bu haqda maddə əlavə olunsun, çünki baş verən zorakılığın cazalandırılmaması problemin daha da dərinləşməsi deməkdir. Çünki nəticəsiz və ya yarımçıq qalmış mübarizə digər qurbanların da susmasına səbəbdir. Azərbaycana bu sahədə qanun bazasını möhkəmləndirmək lazımdır, Əmək Məcəlləsinə xüsusi maddə əlavə olunmalıdır.

- Necə bilirsiniz, uşaqlarla bağlı hansı tədbirlərin görülməsi zəruridir?

- Bizim QHT əsas maarifləndirmə sahəsində iş aparır. Bir də ölkədə təhsil sistemini də inkişaf etdirmək lazımdır. Çünki insan nə qədər çox oxuyur, idmanla, incəsənət növləri ilə məşğul olursa, mənfi fikirlər onu narahat etmir. Məsələn, keçmiş Sovet dövründə uşaqlar məktəbdən gələndən sonra mütləq əlavə məşğələlərə gedirdilər. Yəni uşağın enerjisi müsbət yöndə xərclənirdi. Təəssüf ki, hazırda ailələr çox vaxt maddi səbəblərdən uşaqları belə məşgələlərə göndərə bilmirlər. Regionlarda isə idman və ya incəsənət məşğələləri bir çox hallarda ümumiyyətlə keçilmir. Uşaqlar boş vaxtı əsasən internetdə keçirirlər. Təbii ki, bu çox mənfi haldır. Ümumiyyətlə çalışmaq lazımdır ki, uşağın mənfi işləri fikirləşməyə ümumiyyətlə boş vaxtı qalmasın.

- Hicab qadağan olsa da bəzən hicablı şagirdlərə rast gəlinir. Türkiyə Parlamentinin keçmiş millət vəkili Canan Aretman öz çıxışında bildirmişdi ki, hicab uşaqlara qarşı təcavüzü artırır. Necə bilirsiniz, millət vəkili nə dərəcədə haqlıdır?

- Bu subyektiv fikirdir. Əks tərəf də deyə bilər ki, qız uşağına dar şalvar geyindirmək onu seksual obyektə çevirə bilər. İstənilən qədər arqument tapmaq olar. Amma qızları uşaqlıqdan o yöndə tərbiyə etmək lazımdır. İstər paltarı, istər saç düzümü ilə uşağa bir qız olduğunu təbliğ etmək vacibdir. Uşaq balaca olarkən paltarın, oyuncaqların rəngində, növündə seçimlər etməklə uşağa kimliyini müəyyən etməyə kömək etmək lazımdır. Vaxt gəldikcə uşaq hər ailənin öz yaşam tərzinə uyğunlaşacaq.

- Məktəbli uşaqların evlənmək məqsədilə zorla qaçırılması hallarına da rast gəlinir. Hətta belə hallar zamanı ölüm faktı da qeydə alınıb.

- Adətən ssenari eyni olur; oğlan elçi göndərir, ailə razılıq vermirsə, qızı qaçırırlar. Çox vaxt qaçıran insan çox gənc olur və adətən bu hadisələr regionlarda baş verir. Yəni elçi gedilən ailəyə qız verilmirsə, bu təhqir kimi qəbul edilir. Yaxşı ki, son dövrdə qaçırılan qızların valideynin qaytarması kimi tendensiya yayılıb. Bir neçə il bundan əvvəl qız zorla qaçırılsa belə valideyn onu qaytarmırdı. Qız ailə qurmağa sadəcə məcbur qalırdı. Yeri gəlmişkən 2-3 gün bundan qabaq əsgərlikdən yeni gəlmiş oğlan bəyndiyi qızı ona verilmədiyi üçün qaçırmağa cəhd göstərmişdi. Maşının qarşısında durmuş ananı da vurub keçmişdilər. Polis işə qarışandan sonra qızı tapıb gətirmişdilər. Oğlanın valideyninin də sözü bu oldu ki, oğlum hadisəni pis niyyətlə törətməyib. Fikrimcə, zorakılıqla tərədilən belə cinayət cəzasız qalmamalıdır. Bunu da hamı görməlidir ki, bir daha təkrarlanmasın.

- Necə bilirsiniz, tədris proqramına özünümüdafiə məqsədilə hər hansı bir idman növü əlavə edilməlidirmi?

- İdmanın adı bir növü çəki kateqoriyasına bölünür. Az çəkili ilə çəkisi çox olan qarşılaşdığı halda birmənalı olaraq ikinci qalib gələcək. Döyüş zamanı çəki və boy böyük rol oynayır. Bundan əlavə qadının zərbəsi ilə kişininki bir deyil. İdmanla məşğul olmaq çox gözəldir. Amma bilmək vacibdir ki, qarşı tərəfi hansı yolla məğlub etmək olar. Özünümüdafiədə ən yaxşı variant Amerika metodur. Belə ki, burada məktəblərdə şagirdlərə özünümüdafiə metodları tədris edilir. Məsələn, sizə zorakılıq göstərirlərsə, nə etməlisiniz? Seksual təklif edilirsə, hansı addımı atmaq lazımdır? Təhlükə yarandığı halda hara zəng etməli? Bu informasiya hər tədris ilində təkrarlanır və artıq şagird yeniyetmə dövründə ona qarşı cinayət baş verərsə nə etməli, özünü necə qorumalı olduğunu əzbərdən bilir. Bu təbii ki, daha effektli təhlükəsizlik metodu sayılır. Məsələn, liftdə zorakılığa məruz qalan qızın hər hansı idman növünə əl atma imkanı məhduddur. Həmin an əlindəki açarla, pilka ilə şəxsin gözünü, qulağını yaralaya bilər, telefonun düyməsini basa bilər. Yəni belə kiçik metodlarla özünə zaman qazanıb təcavüzkardan uzaqlaşa bilər. Oğlan uşaqlarına da təcavüzü və cəzanı anlatmaq lazımdır. Valideynlər çox zaman ictimai rəyi nəzərə alaraq övladlarına olan təcavüz hallarını gizlətməyə meyillidirlər. Amma düşünmürlər ki, bu cəzasızlıq cinayət zəncirinin yaranmasına səbəb olur. Bir də təcavüz qurbanlarına qarşı ölkədə diskriminasiya olmasa, bu vəziyyət də yaranmaz.

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2014.- 16 aprel.- S.13.