AXC dövründə
milli mətbuat
Məhəmməd
Əmin Rəsulzadə: "Savad ona görə
lazımdır ki, qəzet savadlı çıxarılsın”
Arxivlərdə Azərbaycan Xalq Cümhuriyyətinin
parlamentinin iclaslarında mətbuat haqqında qanunun müzakirəsinin
stenoqramı həmin dövrün mənzərəsini əyani
təsvir edir.
Məsələn, sosialist Ağamalıoğlunun
çıxışı: "Bu qanunda xəcalətli bir
iş varsa, o da qəzetə müdiri barəsindədir. Deyirlər ki, müdir nə cür olmalıdır.
Guya gərək "qramotnı", yəni
savadlı olsun. Bu qanunu yazanlardan bir şey
soruşuram ki, öylə olarmı bir qəzetin
başında bisavad müdir olsun? Şimdi
bisavad məsələsinə gəldikdə bizim işimiz
çətinləşir. Əvvəla
savadı ölçməyə bizim əlimizdə bir
ölçü yoxdur. Həm də məmləkətimizdə
savadlı adam da yoxdur. Onları
Parijdən gətirə bilməyəcəyik. Biz bu
gün Əliheydər Qarayevi redaktor
qoysaq,
deyəcəklər ki, onun savadı yoxdur. Bu
kimi qanunlar hürriyyəti-mətbuatı məhv etməkdir".
Ağamalıoğlunun
gurultulu çıxışına Məhəmməd Əmin
Rəsulzadə cavab verir: "Bu qanunda nələr var ki,
hürriyyəti mətbuat əleyhinə olduğunu söyləyirlər.
Qanun istəyirmiş ki, qəzetə yazan şəxs
savadlı olsun, qabaqca hər bir hüququ əlindən
alınmış şəxs qəzet çıxara bilməsin
və yaş məsələsi. Bunlar da
hürriyyəti-mətbuat əleyhinə imiş.
Birincisi, savad ona görə lazımdır ki, qəzetə
savadlı çıxarılsın, ikincisi, haradasa cinayət
eləyib gəlib burada qəzetə çıxarmaq istəyən
adam gərək müəyyən məsələlərə
cavabdeh olsun, üçüncüsü, məsələn 14
yaşlı uşağın adına bir qəzetə
açılıb bundan sui-istifadə edilməsin".
Ümumiyyətlə,
Məhəmməd Əmin bəy bu məsələylə
bağlı bir neçə dəfə kürsüyə
çıxmalı və arayış verməli olur, nitqində
dövlət, mətbuat, müxalifət münasibətlərini
çox aydın
şəkildə izah edir. Bugünkü mətbuatımızda da ciddi
problemə çevrilmiş mühüm bir məqam
haqqında isə Məhəmməd Əmin bəy deyir:
"Rəisi-vükəla yayın istisində Ağdaşa
gedib işlə məşğul olduğu halda, Qarayev "rəisi-vükəla
bu istidə camaatın dərdinə qalmayıb yaylağa
gedir" deyə yazırsa, o zaman bu növ qanunsuz iş
görən mətbuata qarşı hökumət tədbir
görər və görür".
Azərbaycan Xalq Cümhuriyyətinin qanunları
demokratiya ilə monarxiyanı, söz azadlığı ilə
mətbuat şərini bir-birindən ayırırdı və
bu məsələlərdə səhvə yol verənlər
üçün cəza mexanizmi də tətbiq edilirdi.
Cəmi iyirmi üç ay davam etmiş bu
respublikanın siyasi, ictimai, mədəni, əxlaqi, bir
sözlə, sosial-iqtisadi və mənəvi həyat tərzi
məhz bu illərin dövri mətbuatında öz əksini
tapıb. Həqiqətən dövri mətbuat 1918-1920-ci illərdə
Azərbaycan həyatının canlı salnaməsi, sənədli
tarixi yadigarıdır.
O illərdə
(mətbuatın differensasiyası prosesi) müxtəlif
zümrələrin maraqlarına görə təsnifatı
da mövcud idi. Məsələn, gənclərə məxsus
"İttifaqi-mütəllimin", "Gənclər sədası",
"Gənclər yurdu" Tələbə və müəllimlərə
aid "Əfkari -mütəllimin", incəsənət
xadimlərinin, sənət adamlarının "Övrəqi
- nəfisə" , "Mədəniyyət" kimi mətbu
orqanları nəşr olunurdu.
Musavat partiyasının eyni adlı qəzeti dərc
olunurdu. "İnsanlara hürriyyət, millətlərə
müsavat" şüarı ilə çıxan bu mətbu
orqanının ən fəal əməkdaşı M.Ə.Rəsulzadə
və Əhməd Həmdi idi. "Müsavat"
qapandıqdan sonra onun yerinə "İstiqlal" qəzeti
çap olundu. İlk sayı 1919-cu ildə
çıxan qəzetin 2 ildə 51 sayı işıq üzü
görüb. Qəzetin əsas məqsədi
Azərbaycan istiqlalını müdafiə etmək, qorumaq
idi. Adətən onun başlığının
yanında belə bir şüar yazılırdı:
Millət
yoludur, həqq yoludur, tutduğumuz yol,
Ey həqq
yaşa, ey sevgili millət, yaşa, var ol!
Qəzetin
1-ci sayında "İstiqlal" adı məqalədə
yazılırdı: "İnsanların istiqlalına
hürriyyəti - şəxsiyyə, millətlərin
hürriyyəti - məxsiyyətinə istiqlal deyilir. Hürriyyəti-şəxsiyyə nə qədər
müqəddəs isə şəxslərin məcmun olan millətlərin
istiqlalı da o nisbətdə müqəddəsdir".
1918-1920-ci illərdə milli publisistikanın ön
sırasında "Azərbaycan" qəzeti gedirdi. Xalqın milli
ideallarını bu dövrdə məhz bu qəzet tam
genişliyi ilə təmsil edirdi. Bu qəzetdə
siyasi-ictimai məqalələr, müsahibələr, sual və
cavablar, xəbərlər, resenziyalar şəklində olan
yazılar dərc edilirdi. "Azərbaycan"
qəzetinin publisist mübarizəsinin başında, qəzetin
əsas redaktorlarından olmuş Y.Hacıbəyli (Y.Hacıbəyov)
dayanırdı. Y.Hacıbəyovun
publisistikası həm ideya-mövzu, həm də janr və
forma cəhətdən rəngarəng idi. Onu ictimai həyatın demək olar ki, bütün
siyasi-ictimai mənəvi-əxlaqi məsələləri
düşündürürdü. "Azərbaycan"ın
istifadə etdiyi forma əsasən "Təəssürat"
başlığı ilə verilən və respublika
parlamentindəki hadisələri şərh və təhlil edən
"Hesabat" janrlı publisist yazılar idi. Bunların içərisində milli ordunun
yaradılması, erməni-daşnak qüvvələrinin
Qarabağ və Naxçıvana təcavüzünə
qarşı milli birliyə çağırış movzusu
öz kəskinliyi ilə seçilirdi. Y.Hacıbəyovun
"Azərbaycan" qəzetindəki siyasi publisistikasında
milli birliyə, milli həmrəyliyə
çağırış, daxili siyasi pərakəndəliyin
tənqidi daha geniş yer tutur.
1918-1920-ci
illərdə publisistikasının mühüm tənqid hədəflərindən
biri Azərbaycan xalqını dünyaya "vəhşi",
"qaniçən", "mədəniyyətsiz" kimi
tanıdan erməni-daşnak təbliğatı idi. Bu mövzuda yazdığı "Sədd-İsgəndər"
adlı məqaləsini Y.Hacıbəyov Azərbaycan nümayəndə
heyətinin Fransaya sülh konfransına getdiyi günlərdə
qələmə alır. O, erməni-daşnak təbliğatı
nəticəsində Azərbaycan diplomatiyası
qarşısında dayanan maneələri "İsgəndər-Səddi"
hesab edir. Bu səddi keçmək
üçün Azərbaycan hökumətinin və
xalqının qarşısında duran çətin vəzifələri
aydınlaşdırırdı. 1918-1920-ci
illərdə Azərbaycan Respublikasının sənətkarlıq
səviyyəsi Y.Hacıbəylinin yazılarında öz əksini
tapıb. Onun siyasi publisistikasında bədii suallar, təkrirlər,
müqayisələr və s. bədii vasitələrdən
geniş şəkildə istifadə edilib. Bu cəhətdən
onun Azərbaycanın milli müstəqilliyini görmək istəməyən
müxalifət partiyalarına qarşı yazdığı
aşağıdakı sətirlər çox səciyyəvidir:
"Gözlər var ki, dünənə qədər əsir
və qul olan bir milləti bu gün azad və sərbəst
görmək istəmirlər. Qulaqlar var ki, lal
edilmiş bir millətin dininin bu gün açılıb da
söz söyləməsini eşitmək istəmirlər.
Qəlblər var ki, bir əsrdən artıq məhkum
qalan bir millətin bu gün müstəqil və azad
olmasını qəbul etmək istəmirlər".
1918-1920-ci illərdə Azərbaycan siyasi
publisistikasının ən parlaq nümunələri Məmməd
Əmin Rəsulzadənin qələminə məxsus idi. Onun siyasi
publisistikası XX əsrin əvvəllərində Azərbaycan
xalqını milli-azadlıq idealları ilə tərbiyələndirməkdə
böyük təbliğati qüvvəyə malik idi. Bu cəhətdən onun Azərbaycan
Respublikasının yarandığı ilk günlərdə
qələmə aldığı "Azərbaycan
paytaxtı" adlı tarixi-publisist məqaləsi bu gün
belə öz ictimai təsir qüvvəsini saxlamaqdadır.
M.Ə.Rəsulzadə silsilə məqalələrdən ibarət
olan yazısında Azərbaycan türklərinin tarixi
keçmişindən, yaşadığı ərazinin
coğrafi hüdudlarından bəhs edir, vətəni, milləti
sevdirməyə çığırırdı: "Mən
mətbuatı çox aradım. Lakin Bakı
barədə bir yazıya rast gəlmədim. Bu həvəs
mənə casərət verdi: müxtəsər
də olsa, Bakının tarixi haqqında bir kaç yarpaq
qaralayalım. Şübhəsiz ki, bu sətirlərlə
veriləcək məlumat Azərbaycan paytaxtının şan
və heysiyyəti və şüciyyəti ilə olmayacaq.
Düşündüm ki, nəqis də olsa, bir
şey olsun. Biz nəqisini başlarıq,
mütəşəbbüs gənclərimiz də
çalışar vətən eşqi, məmləkət məhəbbəti
ilə səy edər, bu başlanğıcı təkmil edərlər".
Ümumiyyətlə, M.Ə.Rəsulzadənin "Azərbaycan"
qəzetində çıxmış yazılarının əksəriyyəti
1918-1920-ci illərin ən gərgin siyasi hadisələri ilə
bağlı idi. 1919-cu ilin mart-avqust aylarında cəmi
altı nömrəsi nəşr olunan "Ovraqi-nəfisə"
jurnalının müdiri Zülfüqar Hacıbəyov,
baş mühərriri Əlabbas Müznib idi.
Ömrü az olsa da, "Ovraqi-nəfisə"
ədəbiyyat və incəsənətin təbliğində
müəyyən iş görə bilmişdi. Onun səhifələrində
M.F.Axundovun, M.P.Vaqifin, Ə.Nəbatinin, T.Fikrətin, N.B.Vəzirovun,
Ə.Vahidin, artistlərdən M.M.Məmmədovun,
Ə.Hüseynzadənin, A.M.Şərifzadənin,
X.Hüseynzadənin tərcümeyi-halları, Məhəmməd
Hadi, Rəşidbəy Əfəndiyev, Əlabbas Müznib,
Kazım Kazımzadə və başqalarının şeirləri
nəşr edilmişdi.
"Ovraqi-nəfisə"nin ilk nömrəsi Hüseyn Ərəblinskinin
yaradıcılığına həsr etmək nəzərdə
tutulsa da aktyor öldürüldüyü üçün
alınmır. "Ovraqi-nəfisə"nin
H.Ərəblinskinin faciəli ölümünə həsr
edilən birinci nömrəsində Ruhulla Axundov
yazırdı: "Doğrudan da, bu il, deyəsən, qəsdən
millətin səhnəsiz qalmasını təbiət qət
etmişdir. Gənc artist Hacı Hacınski, səhnəmizin
birinci xadimlərindən hesab olunan Cahangir Zeynalov, yenə iki məşhur
artist Vəli və Surxayın səhnəmizin qoyub ketməsi,
deyəsən, az idi. İndi də Hüseyn
Ərəblinskini bədəfkarlar əlimizdən
aldılar".
Əliheydər
Qarayev isə bolşevik "Hümmət" təşkilatı
adından deyirdi: "Səhnənin babası Hüseyn oldu desəm,
səhv etmərəm? Cavan artistin keridə
qalmış müsəlman məxluğuna teatr nə
olduğunu öz cidd-cəhdi ilə göstərməsinə
şahidik. Bunu unutmamalı ki, adını
müsəlman artisti qoyan şəxsin heç vaxt nə
qarnı tox, nə cibi doludur. Bu cavan millət
mübarizi bu gün bir külləyə qurban olub".
1918-1920-ci illərdə Azərbaycanda istər milli, istərsə
də bolşevik cəbhəsinə məxsus publisistlər
satirik üslubdanda istifadə edirdilər. Bu illərdə
"Şeypur" və "Zəmbur",
"Tartan-partan" və "Məşəl" adlı
jurnallarda satirik publisistika üstünlük təşkil
edirdi. Satirik "Zəmbur" jurnalında
çarizmin devrilməsindən sonra Bakıda hökm sürən
hərc-mərclik, hakimiyyət uğrunda gedən çəkişmələr,
xaricilərin yenidən Bakıya axışıb gəlməsi
müxtəlif satirik janrlarda lağa qoyulurdu.
1918-1920-ci illərdə çıxmış "Şeypur" satirik jurnalının başlıca gülüş hədəflərindən biri ermənilərin Qarabağda törətdiklər vəhşilikləri idi. "Azərbaycanlı" imzalı müəllifin "Erməni yuxusu" adlı ("Şeypur" 1919, 11 yanvar, H 13) yazısında məhz bu məsələyə toxunulurdu. "Şeypur" jurnalı bu dövrdə Azərbaycannın milli müstəqilliyini qəbul edə bilməyən bolşevikləri lağa qoyurdu. "Şeypur" satirik jurnalı milli-müstəqilliyin qorunması fikrini öz oxucusuna bu şəkildə çatdırırdı: "Mart hadisələrindən sonra suya batmış toyuq kimi suyun süzülə-süzülə, büzülmüş, bir tərəfdə qalmışdın. Öz şəhərində, öz evində özgə yerdən gəlmişlərin əli altında əzilirdin. Küçədən keçəndə divar dibi yeriyib, öz ana dilində danışmağa ehtiyat edirdin. Bu altı ay sənin üçün çox zülmlü olub. Lakin, oyunlar üçün çalmaqda şeypur olmayıb. İndi şükr olsun "Şeypur"umuzu parlayana qədər çalmağa başlayırıq".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 16 aprel.- S.11.