Muğamın musiqi dili
Muğam
Azərbaycanın, Şərqin, Orta Asiyanın, Çin
vadisinin ərazilərində yaşayan xalqların mədəni
və mənəvi həyatında əsrlər boyu
böyük rol oynayıb və hazırda da mükəmməl
musiqi sənəti nümunəsidir. Muğam fəlsəfəsi
araşdırılarkən ilk növbədə musiqinin mahiyyəti,
poetik mətnin daşıdığı informasiya
bazasının fəlsəfisi, nəhayət, hər ikisinin
yaradıcısı olan insan faktoru əsas tədqiqat obyekti
olmalıdır. Həyatda musiqini, muğamı,
poeziyanı, fəlsəfəni və s. yaradan insandır. İnsanın həyatdakı mövcudluğu
müxtəlif problemləri, cəmiyyəti, həyata
baxışlar sistemini formalaşdırır. İnsan
varsa, mövcud problemlər, elm, mədəniyyət, mənəviyyat,
tarix, fəlsəfə və s. var. İnsan yoxdursa, muğam
da, poeziya da, fəlsəfə də və başqa nailiyyətlər
də yoxdur. Bu baxımdan ilk növbədə
insanın mahiyyətini, onun bəşəri və sosioloji, mədəni,
etik və estetik normaların inteqrasiyasında, cəmiyyətdə,
həyatda roluna diqqət yetirək. İnsanın
mənşəyi, onun yaranış, həyat, Varlıq
haqqındakı nəzəri fikirlərini fəlsəfə
diqqət mərkəzində saxlayıb.
Musiqi insan təfəkkürünün, hisslər aləminin,
mənəviyyatının səsidir. Muğam sənətinin
tarixi köklərinin, yaranma amillərinin, bir sənət
janrı kimi formalaşmasını və inkişaf etməsini
izləmək üçün onun melodik quruluşunun, lad əsasının,
ritmik xüsusiyyətlərinin yaranma şəraitini,
dövrünü öyrənmək lazımdır. Muğamların professional sənət nümunəsi
kimi formalaşması tarixi inkişafın sonrakı mərhələlərinə
aiddir. Yəni cəmiyyətdə sinfi
quruluşlar yarandıqdan sonra sənəti peşəyə
çevirib onunla çörək pulu qazanan sənətçilərin
meydana çıxmasından sonra sənətdə peşəkarlıq
başlayıb. Məhz tarixin bu dövrlərində,
ictimai həyatda dulusçular, toxucular, dəmirçilər,
bənnalar və digər peşə sahiblərinin
formalaşdığı bir zamanda incəsənət sahəsində
də, sənət adamları arasında müxtəlif
peşələrlə daim, peşəkarcasına məşğul
olan sənətkarlar meydana çıxıb. İncəsənətin
bir çox sahələri üzrə, məsələn,
dekorativ sənət, rəssamlıq, memarlıq və s. sahələrlə
yanaşı musiqiçilər arasında da sənətə
peşəkar münasibət bəsləyən sənətçilər
ortaya çıxdı. Musiqinin bir peşəkar
sənət nümunəsi kimi inkişafı da, elə bu
dövrdən götürülməlidir. Əsas
özülü folklor musiqisi ilə bağlı olan
muğamların folklordan ayrılıb peşəkar sənət
nümunəsinə çevrilməsi də məhz bu
dövrlərə aiddir. Musiqi sənətində
peşəkarlığın inkişafı sonrakı
inkişaf mərhələlərində bir çox musiqi
janrlarının, irihəcmli əsərlərin meydana
çıxmasını təmin etdi.
Musiqidə, peşəkarlığın ortaya
çıxması üçün onun əski, ilk
yaranış formaları mühüm rol oynayıb. Musiqi folkloru
dediyimiz qeyri-peşəkar musiqi nümunələri,
professional sənətin yaranmasında əsas baza olması
heç kəsdə şübhə yaratmamalıdır.
Bu mənada, folklor musiqi nümunələrinin
yaranmasının haradan doğması məsələsi
ön plana çıxır ki, onu tədqiqat obyektinə
çevirib problemin prinsipcə həll edilməsi, fikrimcə,
musiqişünaslığın qarşısında duran əsas
məsələlərdəndir. Bunun
öyrənilməsi üçün biz musiqinin haradan
yaranması ehtimalını, onun təbii halda formadan-formaya
düşərək dəyişə-dəyişə
dövrümüzə kimi gəlib çıxması
yollarını araşdırmalıyıq. Yalnız bu
halda biz muğamların, aşıq musiqisi havalarının,
xalq mahnı və rəqslərinin və s. musiqi
janrlarının yaranmasının ilkin formalarını
müqayisəli şəkildə üzə çıxara
bilərik. Musiqinin ilkin yaranış
formaları hər şeydən əvvəl kainatla, təbiətlə,
cəmiyyətlə bağlıdır. Muğamların
öyrənilməsi sübut edir ki, hələ orta əsrlərdə
Şərq alimləri muğamların kainatla, təbiətlə
bağlılığına öz tədqiqatlarında
xüsusi olaraq diqqət yetiriblər və öz mülahizələrini
kifayət qədər elmi cəhətdən əsaslandırılmış
formada izah ediblər. Musiqinin bu şəkildə
öyrənilməsi fikrimcə, muğam, aşıq və
digər milli musiqi janrlarının yaranıb ortaya
çıxması şəraitinə aydınlıq gətirər
və musiqişünaslar arasında gedən lüzumsuz
mübahisələrə son qoya bilər. "Musiqi
nədir?" sualına dünyanın çoxsaylı alimləri
öz əsərlərində kifayət qədər cavablar
veriblər. Fizika elmi ilə məşğul
olan alimlər musiqinin fiziki xassələrini ön plana çəkərək
onu səs kimi öyrəniblər.
Harada hərəkət varsa, orada səs mövcuddur. Səsin ilk
yaranışını kainatla, ilk yaranışla
götürmək lazımdır. Kainatda səs,
planetlərin öz oxu, günəş sistemi və
qalaktikanın ümumdünya cazibə qanununa uyğun hərəkətlərindən
yaranır. Cəmiyyətdəki insanlar bu
səsi eşitməsələr də, alimlərin yekdil fikrinə
görə planetlərin hərəkətindən doğan səslər
mövcuddur. Planetlərin ümumdünya
cazibə qanununa uyğun hərəkətləri müəyyən
ritmlə tənzimlənir. Hər bir planetin, peykin
kütləsinə uyğun hərəkəti, müxtəlif
ritmləri, yəni ağır, yüngül, tez və s. ritmləri
yaradır ki, bunların hərəkət zamanı
yaratdıqları səslər də yüksəkliyinə,
xassələrinə görə müxtəlif olur. Musiqi ilk növbədə obrazlı səslərin
hakim kəsildiyi varlıqdır. Musiqi bədii
və obrazlı səslərin qanunauyğun şəkildə
düzülüşüdür ki, müəyyən fikri,
obrazı ifadə edir. Musiqi təbiətdə
mövcud səslərin bədii intonasiyalarının müəyyən
harmonik səs çalarlığında, ahəngdar ritmdə
səsləndiyi əks-sədadır. Musiqi
insanın özünü, bədii-obrazlı, rəngarəng
səslər aləmində ifadə formasıdır. Musiqi insanın ətraf mühitə, kainata, bəşəriyyətə
və öz dünyasına harmonik münasibətidir. Musiqi insanın emosional vəziyyətini ətraf
mühitdə tənzimləyən vasitədir. Təbiətdə müxtəlif tembrlər,
intonasiyalarla zəngin olan musiqili səslər və təbii səslər
mövcuddur. Səsin zəngin intonasiyalarla, müəyyən
çalarlarla üzə çıxarılması ali məxluq olan insana aiddir. Digər
səslər isə yuxarıda qeyd etdiyimiz kimi müxtəlif
hərəkətlərdən doğan səslərdir ki,
bunlara çox vaxt musiqili səs deyilmir.
Musiqi insanın ilahiliyə müraciətinin ifadə
formasıdır.
Musiqi insan varlığının əks-sədasıdır
ki, ilk növbədə insanın harmonik inkişafı naminə
öz daxili aləminə yönəlib.
Musiqi insanlar arasında ünsiyyət vasitəsidir. İnsan
varlığı, vücudu mikrokosmos olduğu
üçün musiqi makrokosmosla mikrokosmos arasında vasitədir.
Musiqi bütün bəşəriyyətin
varlığıdır. O, insanlarda və heyvanlarda ən
incə duyğuları, hissləri oyatmaq qüdrətinə
malikdir.
Musiqini sənət nümunəsi kimi yaradan insandır. İnsanın
yaratdığı musiqilər çox rəngarəng,
çoxplanlı və çoxjanrlıdır. Rəngarəng janrlarda yaradılan musiqilərdə
emosional təsir ön plana çıxsa da, musiqi dili ilə
müəyyən fikir, məzmun söylənilir. Musiqinin güclü emosional təsiri bütün
canlı aləmdə özünü göstərməkdədir.
Ümumiyyətlə, musiqinin, muğamların və
aşıq musiqisinin əsas mahiyyəti sosial ehtiyacdan
doğan və ictimai mühitdə, cəmiyyətdə
bütün keyfiyyət göstəricilərinin yüksəlməsinə
xidmətdir. İnsan sosial varlıq kimi
müxtəlif psixik keyfiyyətlər olan xarakterik cəhətlərə,
temperamentə, emosiyaya malikdirsə, muğam, aşıq
musiqisi də insan mənəviyyatının
varlığı olub, müxtəlif keyfiyyət göstəricilərinə,
xarakterə, temperamentə, emosiyaya malikdir. İnsan bioloji, sosial varlıqdırsa, musiqi də
ruhi, mənəvi varlıqdır. İnsanda irsi və
gen yaddaşı mühüm amillərdən biridirsə,
muğam və aşıq sənətlərində də irsilik
və gen yaddaşı mövcuddur. Muğamlarda,
aşıq musiqisində canlı obrazların, xarakterik cəhətlərin
mövcudluğu onların mahiyyəti ilə bağlı olub,
mənəviyyatı, psixi durumu tərənnüm edir. Muğam, aşıq musiqisi insanın psixo-emosional
durumuna təsiretmə qüdrətinə malikdir. Deməli, muğam və aşıq musiqisi də
insanın, sosial varlığın sosial ehtiyacından, zərurətdən
yaranır. Bunu nəzərə alsaq deyə
bilərik ki, muğam da, aşıq musiqisi də zərurətdən
doğub. Musiqi, muğam və aşıq
sənətləri gerçəkliklə sıx əlaqədardır.
Bu sənət janrlarından tarixin ayrı-ayrı dövrlərdə
sufi məclislərində, Varlığa
bağlı ilahilərin oxunmasında istifadə olunması
sübut edir ki, onlar sadəcə, musiqi janrları olmayıb. Onlar insanı kamilliyə yüksəltdikləri
üçün dünyanın dərk olunmasında insan varlığına
əvəzsiz xidmətlər ediblər. Muğam
fəlsəfəsi də fəlsəfə kimi insanın tərəqqisi,
cəmiyyətdəki rolu və inkişafı ilə əlaqədar
olub, onun həyatı dərk etməsi dairəsini genişləndirir.
Qədimlərdən
şaman, dərviş, sufi məclislərində bir qayda
olaraq musiqidən istifadə olunması, saraylarda, toy-
düyünlərdə, müxtəlif mərasimlərdə
geniş vüsət almasına diqqət çəkən
araşdırmaçı bildirir ki, musiqi insan
varlığının ortaya çıxartdığı mənəvi
zənginlikdir ki, cəmiyyətin, insaniyyətin
inkişafına xidmət edir. Hələ qədim Şumer
dövründə musiqinin bütün elmləri - fəlsəfəni,
ədəbiyyatı, siyasəti, ritorikanı, astronomiyanı,
nəhayət, göyü-yeri bir harmonik məkanda birləşdirən
müqəddəs sənət kimi qiymətləndirilməsi
də onu göstərir ki, musiqi insanlara verilmiş elə bir
hikmətdir ki, o, kainatla həyatın və insanın Allaha
qovuşması üstün mikrokosmos (insan vücudu)la,
makrokosmos arasında vasitədir. Musiqi sənətinin
janrları arasında simfonik orkestrin, xalq çalğı alətləri
orkestrinin, kamera orkestrinin, xorun, instrumental musiqinin insana təsiri
bir-birindən fərqlidir. Orkestrlərin və
xorun icrasında səslənən musiqi əsərlərindəki
çoxsəslilik insana harmonik baxımdan daha güclü təsir
göstərir. Milli ənənəyə söykənmiş
ənənəvi musiqidə isə milli dəyərlər
daha qabarıq olduğundan sazın, tarın,
kamançanın, neyin, balabanın və s. alətlərin
ifa etdiyi aşıq musiqi nümunəsi və ya muğam, təsnif,
söz sənəti ilə birgə insana
çatdırıldığı üçün
özünəməxsus dərəcədə yüksək təsir
qüvvəsinə malik olur. İndi də
muğamın insanın dünyagörüşünə təsiri
məsələsinə varaq. Muğam elə
bir musiqi janrıdır ki, o, insanı əyləndirməyə
yönəldilməyib. Muğamların
musiqi dili elə səpkidə qurulub ki, insan oradakı
metroritmik komponentləri yalnız dəramədin, təsnifin,
rəngin, diringilərin ifalarında hiss edir. Bu mənada muğamın musiqi dili, insanın
danışıq dili ilə həmahənglik, sinkretiklik təşkil
edir və sözün daşıdığı informatik məlumat,
məna yükü insan beyni tərəfindən daha tez dərk
edilir. Bu səbəbdən də
muğamlar insana daha tez təsiretmə gücünə
malikdir. Muğamların insanın
dünyagörüşünə təsiri məsələlərinə
diqqət yetirək. Muğamların insana
təsirini öyrəndikdə mayəsi zil tonlara düşən
dəstgahların əqidəyə, idraka təsir etdiyinin
şahidi oluruq. Məsələn, "Rast",
"Şur", "Bayatı-Şiraz", "Mirzə
Hüseyn", "Haşım Segah", "Dəşti",
"Bayatı-Kürd" muğam dəstgahlarının mayə
səs yüksəklikləri zil tonlara düşdüyü
üçün onlar ilk növbədə idraka, əqidəyə,
psixoemosional əhval-ruhiyyəyə təsir göstərir.
"Zabul-Segah", "Nəva", "Dügah"
düşüncəyə, mənəvi dəyərlərin,
xəyalların, idealların formalaşmasına müsbət
təsir edir.
Rafiq İmrani,
sənətşünaslıq
doktoru, professor
Xalq Cəbhəsi.-
2014.- 17 aprel.- S.14.