Sona Vəliyevanın
yaradıcılıq gecəsi
Dünən Azərbaycan Dillər
Universitetində (ADU) Azərbaycan
Respublikası Milli Televiziya və Radio Şurasının üzvü,
"Kaspi" Təhsil
Mərkəzinin və
"Kaspi" qəzetinin
həmtəsisçisi, şairə,
filologiya elmləri namizədi Sona Vəliyevanın yaradıcılıq
gecəsi keçirildi.
ADU-nun Azərbaycan dili və ədəbiyyatı
kafedrasının müdiri,
professor Fəridə Səfiyevanın
təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun rektoru,
Milli Məclisin deputatı, professor Səməd
Seyidov, Azərbaycan Yazıçılar Birliyinin
və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Flora Xəlilzadə,
jurnalist, şair-publisist
Telli Pənahqızı,
"Kaspi" qəzetinin
baş redaktoru Natiq Məmmədli, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, universitetin professor-müəllim
heyəti və tələbələr iştirak
edirdilər.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının
müdiri, professor Fəridə
Səfiyeva çıxış
edərək şairənin
yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat
verdi. F.Səfiyeva "Kaspi" qəzeti-Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda "Hüseyn
Cavid. Əsərləri" kitabının nəşr olunduğunu qeyd etdi. O bildirdi ki, hər
bir oxucunun təsəvvüründə Sona
Vəliyeva maarifçi,
ziyalı, şair, alim, xalqını və ailəsini çox sevən bir qadın obrazı kimi canlanır.
Tədbirin təşkilatçısı Sona
Vəliyevanın yaradıcılığının,
elmi işlərinin və peşə fəaliyyətinin vahid bir sistem təşkil
etdiyini və bu sistemin bütünlüklə
Azərbaycan ideyasına
xidmət etdiyini diqqətə çatdırdı. O, Sona xanımın Azərbaycançılıq
ideologiyasının əsas
tədqiqatçılarından və yorulmaz təbliğatçılarından olduğunu vurğuladı.
Kafedra müdiri söylədi ki, onun "Azərbaycançılıq ideologiyasının
təşəkkülü və tarixi inkişaf yolu" əsərinin Azərbaycançılığın
təbliği sahəsində
özünəməxsus rolu
var.
Professor S.Vəliyevanın imzalar içində Azərbaycan türkünün
də imzasının
olması üçün
böyük istedad və şücaət nümayiş etdirdiyini qeyd etdi. F.Səfiyeva
tədbirin təşkilində
dəstəyinə görə
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidova təşəkkürünü
bildirdi. Yaradıcılıq gecəsində şairənin
həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş
olundu. Onun özü və
əsərləri haqqında
qələm yoldaşlarının
dediyi fikirlər səsləndi. Filologiya və
Jurnalitika fakültəsinin
I-III kurs tələbələrinin
iştirakı ilə
keçirilən yaradıcılıq
gecəsində bildirildi
ki, Sona Vəliyeva şeiri ictimai hadisə sayır. Qeyd olundu ki, onun heç bir şeiri millətin taleyindən, zamanın gətirdiyi dərdlərdən kənar
deyil. Tədbirdə
vurğulandı ki, şairənin "Arazbarı"
kitabı öz ruhunu, iç dünyasını əks
etdirir. Sona xanımın yaradıcılığında
rənglərə verilən
qiymətdən söz
açıldı. Qeyd olundu
ki, Azərbaycanın parçalanması, Güney
- Quzey ayrılığı,
Qarabağ ağrısı
Sona Vəliyevanın yaradıcılığında ana xətt kimi
keçir. Yaradıcılıq
gecəsində tələbələr
şairənin " Qərib
payız", "Tənha
sarı yarpaq",
"Yarpaq-yarpaq", "Quruyan
ərik ağacı
", "Ata evim", "Bir ana köçünə
çatmamışam mən",
"Salam, ata", "Ehtiyac",
"Anamın əlləri",
"Gəl sənə
həzin bir şeir oxuyum", "Bu yağış mənə
bənzəyir", "Yaman
uzandı bu yaz yağışı",
"Səni sevdim, Allahım", "Bu nə
eşq sevdası, necə möcüzə",
"Yollara yağış
yağır", "Narın
yağış", "Biraz
günəş göndər",
"Səni yola saldım", "Vallah gözə gəldi bu ilahi eşq",
"Sənsiz keçən
bir günüm",
"İlləri əl-ələ
verib gəlmişik",
"Gəl gedək bu şəhərdən",
"Sarı gözəl,
sarı çiçək",
"Bir az möhlət ver Allah"
, "Arazbarı", "Ay Qaragilə", "Öncə
can sağlığı deyən
şəxslərə" şeirlərini söylədilər.
Tədbirdə həmçinin şairənin
sözlərinə bəstələnmiş
mahnılar səsləndi,
ədəbi-bədii kompozisiya
nümayiş olundu.
Sonra
"Cəngi" mahnısının
sədaları altında
Azərbaycan bayrağı
meydana gətirildi.
Sonda Azərbaycan Respublikası
Milli Televiziya və Radio Şurasının
üzvü, "Kaspi"
Təhsil Mərkəzinin
və "Kaspi" qzəetinin həmtəsisçisi,
şairə, filologiya
elmləri namizədi Sona Vəliyeva çıxış edərək
tədbirin təşkilində
əməyi keçənlərə
minnətdarlığını bildirdi. S. Vəliyeva
ADU-nun onun yaradıcılığına
böyük qiymət
verərərək belə
görüşü təşkil
etdiyindən məmnunluğunu
ifadə etdi. Söz yaradıcılığından danışan S.Vəliyeva
bildirdi ki, Azərbaycan xalqı özünə məxsus dilini və mədəniyyətini bütün
assimilyasiya basqılarından
qoruyaraq bu günə kimi yaşada bilib. Şairə qeyd etdi ki,
dil millətin var olmasında ən mühüm ünsürdür. O, Azərbaycançılıq
məfkurəsinin inkişaf
etdirilməsində hər
bir insanın üzərinə məsuliyyət
düşdüyünü dedi və yaddaşın
millətin, xalqın formalaşmasında önəmli
rol oynadığını
vurğuladı. S. Vəliyeva Azərbaycan dilinin inkişafının,
Azərbaycançılıq ideyasının müstəqillik
dönəmindən sonra
ümummilli lider Heydər Əliyev tərəfindən daha da inkişaf etdirilərək yalnız
Azərbaycan Respublikasının
deyil, bütün dünya azərbaycanlılarının
ideologiyası səviyyəsinə
yüksəldiyini diqqətə
çatdırdı.
S.Vəliyeva ADU-nun rektoru Səməd Seyidova tədbirin yüksək səviyyədə
təşkilinə görə
minnətdarlığını bildirdi.
Xalq Cəbhəsi.- 2014.- 17 aprel.- S.15.