Nakoman qadınlar...
Onları müalicə
etmək çox mürəkkəb məsələdir,
çünki qadınlar narkotikadan asılılığa tez
düşürlər, ona daha çox bağlanırlar
Narkotiklərə
və Cinayətkarlığa Qarşı Milli Təbliğat
Ofisinin rəhbəri Məzahir Əfəndiyevin fikrincə,
narkotikdən asılılığı olan qadınların
ölkədəki göstərilən statistikası
reallığı əks etdirmir: "Azərbaycan Avropaya
inteqrasiya edir. Digər submədəniyyətlərlə
yanaşı, qadınlarımız arasında tütün və
narkotik istifadəçiləri də əmələ gəlib.
Bu gün rəsmi qeydiyyatda 500 narkoman qadın
var. Bu rəqəm reallığı əks etdirmir. Rəsmi məlumatlar real mənzərənin 10-15
faizini əks etdirir".
Narkotiklərə
Qarşı Milli Təbliğat Ofisinin yaydığı illik
hesabatda Azərbaycanda ötən il ərzində
respublikanın narkoloji xidməti tərəfindən qeydiyyata
alınan narkotiklərə düçar olanların ümumi
sayı 27 910 nəfər olub. Anonim qeydiyyata
alınanların sayı isə 567 nəfər təşkil
edib ki, bu da ondan əvvəlki illə müqayisədə iki
dəfə çoxdur. Qeydiyyata alınan
narkomanlardan 528 nəfərini qadınlar təşkil edir.
Bu əvvəlki illə müqayisədə 17 nəfər
çoxdur. Yaş qruplarına gəldikdə, daha
çox say - 11088 nəfər 40-59 yaş arasında olanlara
aiddir.
Yeri gəlmişkən,
ABŞ Dövlət Departamentinin 2007-ci il
Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası
adlı hesabatına görə, Azərbaycan əsas
narkotranzit ölkələrdən biridir. 90-cı
illərdə keçmiş Yuqoslaviya ərazisində
müharibə getdiyindən "Balkan marşrutu"
bağlanıb ve beləliklə, Azərbaycan əsas tranzit
marşrutuna çevrilib. Hesabatda bildirilir
ki, Azərbaycanda 180-200 min narkoman var və onların 30-35 faizi
tələbələrdir. Lakin Azerbaycan
hökumətinin rəsmi statistikasında bu rəqəm 18 min
göstərilir. Qeyd edək ki, narkotik maddə istifadəçilərinin
çoxu əsas şəhərlərdə və İranla sərhəddə
yerləşən Lənkəran rayonunda (64,6
faiz) yaşayır. Hətta gənc qadınlar
arasında da narkotik maddələrdən istifadə halları
çoxalıb. Lənkərandan sonra həmin
sırada Bakı və Gəncə durur.
Həkimlərin dediyinə görə, Azərbaycanda ən
təhlükəli narkotika "heroindir". Ondan bir-iki dəfə
istifadə etdikdən sonra xəstəlik formalaşır.
Ümumiyyətlə, ölkədə ən çox istifadə
olunan narkotik maddələr "opiat" qrupuna aid
olanlardır ki, buraya "heroin", "həşiş"
və s. maddələr daxildir. Sovet
dövründə həmin qrupa aid olan "morfinq",
"promidol" və başqaları preparat olaraq,
ağrıkəsici kimi istifadə edilirdi. Onları isə xəstəxanada tapmaq çətin
idi. Həkimlərin bildirdiyinə görə, Sovet
dönəmində, əsasən, "kanabionit" qrupuna aid
olan "anaşa", "marixuana" və sair bu kimi
narkotik maddələrdən istifadə olunurdu. Bunlar
yüngül qrupa aiddir. Birinci qrupa aid
olanlar qısa bir müddətdə güclü
asılılıq yaradır. Hər maddədən
istifadə edən şəxs narkoman olmur. Harkomaniyanın ilkin əlamətləri psixi və
fiziki asılılıqdır. Digər əlamət
dəyişilmiş registativ sindromdur. Yəni insan
narkotik qəbul edəndə, ilkin olaraq, özünü
çox pis hiss edir, ürək bulanma, qusma başlayır. Çünki birinci dəfə, normal insan
olduğundan, orqanizmin toksik maddəyə reaksiyası olur.
Bir neçə dəfədən sonra artıq
vərdiş edir və asılılığa
düşür. Ancaq maddəni qəbul edəndən
sonra özünü normal insan kimi hiss etməyə
başlayır. Yəni reaktivliyi dəyişir.
Sadalanan əlamətlərdən bilinir ki, şəxs
narkomandır, yoxsa yox.
Həkimlər bildirir ki, narkotik toksin maddə
olduğundan, şəxsin bütün daxili orqanlarına mənfi
təsir edir.
Ürək-damar sistemindən tutmuş, nevroloji
sferaya qədər təsir edərək xarakterini dəyişir.
Onlar həmin maddəni qəbul edəndə normal adam olur, lakin vaxtı qurtaran kimi onun
üçün nə ana, nə ata, nə də ailə olur.
Xəstə narkotik qəbul edənə qədər
özünü idarə edə bilmir. Bu zaman ona nə
desən razı ola bilər, təki istədiyiylə
təmin oluna bilsin. Erkən yaşından narkotik qəbul etməyə
başlayan insanın orta ömrü 35-40 il
olur. Çünki qəbul etdikcə, təsiri
hiss etmək üçün dərəcəni
artırmalıdır. Son olaraq, elə bir
həddə çatır ki, 20 normal adamı öldürə
biləcək bir dərəcəni birdəfəyə qəbul
edir. Yəni 80-90 milliqram narkotik normal
adamı öldürür. Onlar isə
sutkada 3000-4000 milliqram dərəcəsində narkotikdən
istifadə edirlər. Bu, bir müddət
davam edə bilər. Bir anda toksik maddə
beyində tənəffüs mərkəzinə gedir və nəfəs
yerindəcə kəsilir. Azərbaycanda bir narkoman xəstənin
müalicəsinə ilkin mərhələdə 60-100 manat sərf
olunur: "Qanunla narkomanların müalicəsi pulsuzdur. Lakin xəstələr dərmanlara xərc çəkir.
İlkin mərhələ - bir həftəlik
müalicə 60-100 manat arası başa gəlir. Müalicə iki aylıq olur, bəzən olur ki, illərlə
gedir. Söhbət tək fiziki deyil, həm
də psixoloji terapiyadan gedir. Sağalmaq
insanın öz iradəsindən, xarakterindən
asılıdır.
Bakı şəhərinin baş narkoloqu Lyudmila Cəfərovanın
sözlərinə görə, Azərbaycanda
qadın-narkomanların sayı çoxdur. Belə ki, ona müraciət
edən on narkomandan ikisi qadındır: "Onlar əsasən
seks sənayesinin işçiləridir, amma elə də olur
ki, qadının əri, sevgilisi və ya uşaqları onu
"iynəyə otuzdurur".
Narkoloqun sözlərinə görə, qadın
narkomanları müalicə etmək onların təbiəti və
psixikası etibariylə çox mürəkkəbdir,
çünki qadınlar asılılığa tez
düşürlər, daha çox bağlanırlar və
daha çox emosional olurlar. Narkoman
qadınların yaşı 18-dən başlayaraq 35-40
arasında tərəddüd edir, amma hərdən 16-17
yaşlı qızlarda da rast gəlinir.
Qadın Krizis Mərkəzinin direktoru Mətanət
Əzizova deyir ki, digərlərilə müqayisədə əsasən
varlı gənc qızlar narkomanlığa məruz
qalırlar. Çünki bu üsulla varlılardan pul qopartmaq
asandır. Onun bildirdiyinə görə, kişilər
öz arzularına görə narkoman olurlarsa, qadınları,
əksinə, buna "otuzdururlar": "Əsas səbəb
isə odur ki, qadın istənilən halda narkotikin pulunu
ödəyə biləcək. Pulu olmasa belə,
fahişəliklə məşğul olub birtəhər
narkotikin pulunu çıxaracaq. Ən böyük bəla
burasındadır ki, cənubda, Lənkəran və
Masallıda, mentalitetə fikir verən və cəmiyyətin
adamlara nəzarət etdiyi bir yerdə də çoxlu
qadın-narkomanlar var. Məsələ burasındadır ki,
orda qadınların köməyindən daha çox narkotiklərin
idxalında yararlanırlar".
"Təmiz dünya" İctimai Birliyinin sədri
Mehriban Zeynalova narkoman qadınların etirafları ilə
bağlı video çarx hazırlayıb. Onun bildirdiyinə görə,
narkobizneslə məşğul olanların hədəfi
artıq dəyişib: "Daha çox müştəri
yığmaq və qazanc əldə etmək üçün
narkobizneslə məşğul olan şəxslər artıq
bir neçə ildir ki, hədəf olaraq qadınları və
uşaqları seçirlər. Hər kəs
bilir ki, xarici və eləcə də bizim ölkədə
narkotik vasitələrdən küllü miqdarda pul
götürülür. Bu biznesdən
qazanc əldə etmək üçün insanları
narkomaniyaya cəlb edərək asılılıq yaratmaq
lazımdır. Qadınların bəziləri
isə öz istəkləri ilə bu yola düşürlər.
Onları bu bəlaya düşməsinin səbibi
təklik, çətin vəziyyət, depressiya, hər
hansı bir formada ətrafdan, yaxınlardan dəstək
almamaq, zorakılıq kimi hadisələrdir. Belə olan təqdirdə cinayətkarlar onları
asan yolla qurbanlarına çevirirlər". Mehriban Zeynalovanın sözlərinə görə,
bəzi qadınlar öz həyat yoldaşları tərəfindən
narkotikə alışdırılırlar. Çox qəribə
bir haldır ki, zərif cinsin nümayəndələri
özlərinə doğma, yaxın bildikləri həyat
yoldaşları və sevgililəri tərəfindən belə
pis yola cəlb edilirlər: "Belə hallar daha çox
Gürcüstanda geniş vüsət alsa da son illər Azərbaycanda
da rast gəlinir. Narkotikə vərdiş edən
qadının pulu yoxdursa, narkotik satan şəxs
onu fahişəliyə təhrik edir. Bu yolla
qadınlara pul qazandırırlar ki, daha sonra gəlib onlardan
narkotik ala bilsinlər".
Mehriban xanımın bildirdiyinə görə, belə
xanımlar normal həyat tərzinə qayıtmaları
üçün istənilən halda reabilitasiya proqramları
keçməlidilər. Mehriban xanımın bildirdiyinə görə,
narkotikdən asılı olan qadının özünü
realizə edə bilməsi üçün yeni mühit
yaradılmalıdır ki, həmin çevrədən
çıxa, özünü təsdiq edə bilsin.
Əgər şəxsin iradəsi olsa, həmçinin ona
mütəxəssislər yardım edərsə, vəziyyətdən
çıxmaq mümkündür: "Ən çətini
isə budur ki, müalicə olunan insanlarda keçmiş vərdişlərinə
qayıtmaq arzuları üzə çıxır. Son bir neçə ildə narkotikdən istifadə
edən qadınlar və azyaşlılar arasında narkomaniyadan
qurtulmaq üçün bizə müraciət edənlərin
sayı çoxalıb. Bu o deməkdir ki,
narkotik alveri ilə məşğul olan insanların
qurbanları gündən günə artır. Maraqlı məqamlardan biri isə imkanlı ailələrin
övladlarının bu yola sürüklənməsidir.
Bu cür insanlar iki halda narkotikə
qurşanır. Birincisi, sadəcə
narkotikdən istifadə etmək istəyirlər. Yəni, imkanlı uşaqdır, həyatda hər
bir şeyin dadını görüb, başqa heç nədə
özünü tapmır. Nəticədə
isə çalışır ki, narkotikdən daha çox həzz
alsın".
Narkomaniya digər vərdişlərə görə
daha təhlükəlidir. Çünki narkodillerlər -
narkotikləri satan insanlar daima yeni
alıcı axtarışında olur. Onlar maddi
imkanı aşağı olan gəncləri tapdıqları
kimi asanlıqla maddi imkanı çox yaxşı olan gəncləri
də tora sala bilirlər. Abstinensiya
halı çox əziyyətli olduğuna görə narkotikdən
istifadə edən gənc yeni doza əldə etmək
üçün əlindən gələni edir. Narkotikdən istifadə edənlərin əksəriyyəti
gənc ikən ölür - onlar cinsi yolla yoluxan infeksiyalara, o
cümlədən HİV-lə və ya hepatit S-yə yoluxur,
bəziləri isə uzun müddət müalicə alaraq ailəsi
və cəmiyyət üçün bir yükə
çevrilir.
Məsələ ilə bağlı fikir bildirən Azadqadın.az informasiya portalının rəhbəri Aynur Qurbanqızının sözlərinə görə, narkoman qadınların sayının artması bir neçə amillə bağlı ola bilər: "Bunlardan biri qadınların bəzi mental dəyərlər sayəsində kölə halına salındığı bir cəmiyyətdə özlərini bədbəxt hiss etməsidir. Narkotik qəbul edərkən insanda xoş, sevinc hissləri yaranır və bir çoxları öz dərdlərini unutmaq üçün, müvəqqəti də olsa, süni şəkildə özlərində xoşbəxtlik hormonları yaratmaq istəyir. Bu, depresiya halında çoxlarının ağlından keçən bir şeydir. O anda ətrafında narkoman kimsə varsa və həmin insan da zəif xarakterə malikdirsə, sözsüz ki, o, tora düşəcək. Düşünürəm ki, bunun üçün ciddi maarifləndirmə işləri aparılmalıdır və hər kəs bilməlidir ki, müvəqqəti xoşbəxtlik vərdiş halına keçdikdə daimi bədbəxtliyə gətirir. Mən çox xanım tanıyıram ki, bunu dərk etdiyi üçün bu fikirdən vaz keçib, bəziləri isə özünü inandırır ki, 1-2 dəfə istifadə ilə heç nə olmaz. Əslində hər şey elə ilk istifadədən başlayır..."
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 18 aprel.- S.13.