Yusif Vəzir Çəmənzəminlinin
millət dərdi
O yazırdı:
"Millət addım atdıqca ayaqlarının izi mətbuatda
qalır”
Özünəməxsus dəst-xətti olan
yazıçı-publisist, araşdırmaçı Yusif Vəzir
Çəmənzəminlinin məqalələri həmişə
ədəbi-elmi ictimaiyyətin ciddi marağına səbəb
olub. Bu
yaxınlarda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun
elmi işçisi Şəlalə Hümmətli görkəmli
Azərbaycan ədibi Yusif Vəzir Çəmənzəminlinin
1918-1920-ci illərdə Krımın Ağməscid (Simferopol)
şəhərində nəşr olunan "Millət" qəzetində
dərc edilmiş, indiyədək haqqında məlumat olmayan
30-a yaxın məqaləsini aşkar edib. "Yusif Vəzirov",
"Y." imzaları ilə çap edilən bu məqalələr
yazıçının ədəbi irsinin, Azərbaycan-Krım
ədəbi əlaqələrinin öyrənilməsi
baxımından böyük maraq kəsb edir. Yusif Vəzirin
ictimai-siyasi, ədəbi-tənqidi görüşlərini,
elmi-nəzəri mülahizələrini özündə əks
etdirən məqalələri onun həyat və
yaradıcılığını hərtərəfli tədqiq
etmək baxımından böyük əhəmiyyətə
malikdir: "1914-cü ildə "İqbal" qəzetində
çap olunan "Nicat" qiraətxanəsi" adlı məqaləsində
dövri mətbuatda nəşr olunan qəzet və
jurnalların gələcək oxucular üçün
kitabxanalarda qorunub saxlanmasının əhəmiyyətindən
bəhs edən Yusif Vəzir Çəmənzəminli
yazırdı: "Millət addım atdıqca
ayaqlarının izi mətbuatda qalır".
Bu mənada millətinin ən öndə gedən
maarifçi vətənpərvər ziyalılarından olan
Yusif Vəzir Çəmənzəminlinin irəliyə
doğru atdığı hər addımının izini ilk
növbədə bu görkəmli ədibin
yaşadığı dövrdə nəşr edilən mətbuat
səhifələrində axtarmalıyıq. Elə ilk addımı ilə
mətbuat aləmində istər-istəməz səs salan
Yusif Vəzirin "Molla Nəsrəddin" jurnalının
1907-ci il 2 oktyabr tarixli 37-ci sayında "müdiri-möhtərəm"
müraciəti ilə başlanan, Qarabağdakı pir və
ocaqları tənqid edən ilk məqaləsinin çapı
müəllifin həyatı üçün ciddi təhlükəyə
çevrilir. Açıq imza ilə "Bakı Realnı
Şkola"sının altıncı sinif şagirdi Miryusif Vəzirov"
imzası ilə çap edilən bu məqalədən sonra hədə
dolu məktublar alan, ölümlə hədələnən
gənc Yusif narahat günlər yaşayır. Hələ
çap edilən ilk yazılarından qətiyyətli və
mübariz mövqeyi ilə tanınan gənc Yusifin ədəbi
və publisistik fəaliyyəti üçün "Səda"
qəzeti daha geniş imkanlar verir; 1909-cu ildən başlayaraq
"Səda" qəzetində "Məişətimizdən
bir şəkil" sərlövhəli hekayələri və
"Hədərən-pədərən" sərlövhəli
felyetonları dərc edilir. Kiyev İmperator Universitetinin
hüquq fakültəsində təhsil aldığı illərdə
də Yusif Vəzir Azərbaycan mətbuatı ilə əlaqəni
kəsmir, "Səda", "Sədayi-həqq" ("Səda"
qəzeti sonralar "Sədai-həqq" adı ilə nəşr
edilib), "İqbal" və s. qəzetlərdə
"student Yusif bəy Vəzirov", "Kiyev
Darülfünununun studenti Yusif bəy Vəzirov" imzalı
məktubları, məqalələri ilə
çıxış edir. Kiyevdə Müsəlman
Tələbə Cəmiyyətinin xeyriyyə və mədəni-maarif
işlərində fəal iştirakı ilə fərqlənən
tələbə Yusif Vəzirov 1911-ci ildə "Səda"
qəzeti vasitəsilə "Kiyevdə Heyəti-Nəşriyyat
təşkili" haqqında həmvətənlərinə
bir xoş səda çatdırır. Məqaləsində
əsas məqsədin tələbələrimizin ana dilinə
rəğbətlənməsi olduğunu söyləyən
Y.Vəzir yalnız ədəbiyyata dair deyil, həm də
siyasi, tibbi, tarixi, iqtisadi məsələlərdən bəhs
edəcək kitabların nəşr edilməsinin eyni zamanda
"camaatımıza da böyük xidmət olduğunu"
vurğulayır. Az sonra "Sədai-həqq"
qəzetində Yusif Vəzirin "Biz kimik?" adlı bir məqaləsi
çap olunur. "Biz kimik?" - bu suala cavab axtarmağın hər bir millətpərvər
şəxs üçün vacib məsələlərdən
biri olduğunu söyləyən gənc ədib
yazırdı: "Biz hansı qövmə, hansı millətə
mənsubuq? Keçmişimiz nə təhər
imiş? Hazırımız nəyin nəticəsi
olub? Bu suallara cavab axtarmaq üçün
tarixə müraciət etməlidir. Heyf
ki, tariximiz yoxdur". Keçmişimizi öyrənərək
gələcəyimizə yollar açmaq üçün
tariximizə dair məlumatlar toplamağın vacibliyini,
"tarixin millətimizə nə qədər mənfəətli
olmağını nəzərə alan"
gənc publisist Kiyev Müsəlman Tələbələrinin
Nəşriyyat Heyəti adından "ərbabi-qələmimizdən
Azərbaycan türklərinin tarixini yazmağı rica
edir".
Ş.Hümmətlinin
ictimaiyyətə təqdim etdiyi Y.V.Çəmənzəminlinin
"Biz kimik?" məqaləsində aşağıdakı
məqamlar diqəti çəkir: "Biz hansı qövmə,
hansı millətə mənsubuq? Keçmişimiz
nə təhər imiş? Hazırımız
nəyin nəticəsi olub? Bu suallara cavab
axtarmaq üçün tarixə müraciət edilməlidir.
Heyf ki, tariximiz də yoxdur. Azərbaycan
məmləkətində məskun neçə milyon
nüfusdan ibarət bir qövm hansı millətə mənsub
olduğunu bilmir. Özümüzə məxsus
az-çox ədəbiyyatımız, teatromuz, musiqimiz olub, bir
dil ilə danışıb, məlum adət və ayinlərə
malikik. Deməli, əlahiddə bir millət
olmağımıza şübhə yoxdur. Pəs, bizə tarix lazımdır ki,
keçmişimizi öyrənib gələcəyimizə
yollar açaq. Bu barədə hər bir əhli-qələm
çalışmalıdır ki, tariximizə dair məlumat
toplansın.
Tarixin millətimizə nə qədər mənfəəti
olmağını nəzərə alıb, Kiyev Müsəlman
Studentlərinin Nəşriyyat Heyəti ərbabi-qələmimizdən
Azərbaycan türklərinin tarixini yazmağı rica edir. Tarix müxtəsər
və sadəcə, türk dilində olmalıdır. Onu heyət təb etdirməyi öhdəsinə
götürür və bundan əlavə tarix müəllifinə
bir mükafat da verməyi vəd edir".
Tərbiyə
mövzusunda onun qənaətləri maraqlıdır:
"Əcnəbilərdə tərbiyəyə dair hədsiz-hesabsız
kitablar yazılıb və yazılmaqdadır. Gündə
bu barədə yeni bir fikir, yeni bir təsəvvür ortaya
çıxır. Bizlərdəsə bircə
risalə də yazılmayıb. Tamam
camaatımız arasında düzgün tərbiyəyə
az-az rast gəlmək olar. Hazırda
balalarımıza verilən tərbiyəni zənnimizcə,
üç qismə ayırmaq olar. Bu qisimlərin
bir-birilə təfavütü varsa da, doğru bir məsləkə
qulluq etmirlər. Əvvəlinci qisim tərbiyə
ən qədim halında durub qalmaqdadır. Uşaqlar doğular-doğulmaz bərk-bərk bələk
ilə sarınıb, bağlanarlar. Gündə
bir çöpçüyə, ocağa (pirə),
boyaqçı küpünün başına apararlar; nadan
duaçıların qələmindən keçər, dərvişlər
osunlarlar... və ilax. Bunları quru
topraqların üstə buraxarlar. Əllərinə
keçəni yeyərlər. Toz-toprağa
bulaşarlar. Çirk ol qədər basar
ki, üfunətdən yanlarına düşmək
mümkün olmaz. Paltarları gec-gec dəyişilər,
yuyundurulmazlar. Ağız-burunları
milçək yığnağı olar. Bunların
başları keçəl, qarınları şişik, təmiz
hava görməyib, rəngləri sarı olar. Mənəvi tərbiyələrinə gəldikdə,
bu daha da pis. Dili uşağın söz tutar-tutmaz
valideynin təhrikilə başlar ətrafdakılara söyməyə...
Böylə tərbiyənin nəticəsi üç
cür olar.
Ol uşaqlar böyüyüb oğru, əyri, quldur, yolkəsən,
adamöldürən olarlar, min evlər yıxarlar, müsəlmana
əcnəbilər arasında "vəhşi" ləqəbi
qazandırarlar və axırda özləri də hədər
yerə tələf olub gedərlər. Əvvəlinci qisim tərbiyə
alanlar bir az tərəqqi etsələr,
nadan molla, müftəxor seyid, dərviş, duayazan və
falçı kimi axmaq şeylər olur, daraşarlar millətin
canına və başlarlar onun olub-qalan qanını
sormağa. Bunlar əcnəbilər arasında
camaatımıza "geridəqalmış" adı
qazanarlar.
Bir də bu tərbiyədən əmələ gələn
xəsis hacılar, mütəəssib kərbəlayılar,
riyakar mömün və müridlər olar ki, bəsirət
gözləri bağlı mollanın ətəyindən tutub
uçurumlara tərəf gedirlər. Bunlar köhnə məsləkdə
ola-ola hamını murdar, napak sayıb, özlərinin
"düz və Allah bəndəsi" olduqlarına fəxr
edirlər. Bunlar da əcnəbilərdən
millətə "mütəəssib" rütbəsini
alarlar. Bu qisim tərbiyənin insanın
bünövrəsinə atdığı köklər ol qədər
dərin olur ki, insan ondan qəbir evinədək aralana bilmir.
Çoxları hökumət məktəblərinə girirlər,
tərbiyəli ailələrdə ömrünü
keçirir, arif məscislərinə düşürsə də,
aldığı tərbiyənin təsirindən xilas ola bilmir. Danosçu məmurlar,
ruslaşmış "ariflər" həmin bu tərbiyənin
meyvələridirlər. Ali məktəbdə
oxuyan bir xeyli müsəlman qurtaran kimi ya millətin namusunu
satar, ya da ki, yalandan camaata qarışıb "millətpərəstlik"
edib, camaatın ciblərini kəsirlər. Çoxları təkyə edirlər, mərsiyəxana
pul verirlər və möminləri "feyziyab" etdirib,
öz sənətlərinə rəvac vermək
üçün camaata xoş gəlmək istəyirlər.
Bu həriflər də köhnə tərbiyənin
toxumlarını ürəklərində bəsləməkdədirlər".
Çəmənzəminli
"İkinci qisim tərbiyə"yə
aşağıdakıları aid edir: "Bu tərbiyə
köhnənin təbiiliyindən və həqiqi tərbiyənin
sağlamlığından uzaqdır. Bunda
düz və sabit bir şey yoxdur. Özü də əqidə
nəticəsi olmayıb, məhz modaya tabe olmaqdan irəli gəlir...
Böylə tərbiyə almış
uşaqlar ilə köhnələrin təfavütü
ondadır ki, bunlar öz dilindən savayı rusca da
danışmaq bilirlər. Yoxsa ayrı
şeydə onlardan irəli getməyiblər. Bunlar zahirdə işıqlı və təmiz
gözə dəysələr də, batində qulluqçu əxlaqlı,
aşpaz ədəbli, nökər və mehtər tinətli
bir şeylərdirlər. Bunların bir
qüsuru da budur ki, ana dillərini danışmağa utanarlar,
eyib hesab edərlər".
"Üçüncü
qisim tərbiyə" isə budur: "Böylə tərbiyə
almış uşaqlar bilmərrə milliyyətdən uzaq
saxlanırlar. Bunlar ana dillərini bilmirlər,
milli adətlərindən xəbərləri yoxdur. Böylə tərbiyənin səbəbi ya valideynin
yarımçıqlığı, ya da ki, əlacsızlığıdır.
Yarımçıq ata öylə güman edir
ki, övladı öz ana dilini itirib, əcnəbi dili öyrənsə,
tərbiyəsi bitib qurtarır. Halbuki əsl
tərbiyə dildən ibarət deyil, bəlkə
uşağın əxlaqını düzəldib, ruhani aləmini
təkamülə çıxartmaqdadır. Doğruçu tərbiyə gərək əql və
zəkaya vüsət versin, nəinki uşağın ürəyində
öz milliyyətinə qarşı düşmənçilik
toxumu əksin. Əlacsızlığa gəldikdə,
bu da ariflərimizin əcnəbi qızlarla evlənmələrindən
irəli gəlir. Arif əql dairəsi
geniş, məlumatlı bir şəxs olduğundan avam
müsəlman qızlarını özünə ömür
yoldaşı seçməyini rəva bilmir. Bu dərddən elmli əcnəbi
qızlarını vətən qızlarına tərcih edir.
Əcnəbi qızları islamiyyəti qəbul
edirlərsə də, türklüyü qəbul etmirlər.
Çünki tərbiyələrinin,
böyüdükləri mühitin və təlim
aldıqları dövlətin dinlərini dəyişsələr
də, milliyyətlərindən çıxa bilməzlər
- firəng qızı firəngliyində, nemsə qızı
nemsəlikdə əbədi qalırlar. Odur ki,
doğduğu balalar da bizim millətdən olmayıb, anasının
getdiyi yol ilə gedir: tərbiyə ana əlində olur, o da
balasını öz dili ilə danışdırıb,
öz ruhu ilə bəsləyir.
Üç qisim tərbiyədən bəhs edib, batil olmaqların da isbata yetirdik. İmdi də bunların səbəblərindən və o səbəbləri yox etməyə dair bir neçə söz deyəcəyəm. Əsl tərbiyə ev tərbiyəsindən ibarətdir. Ev tərbiyəsi yaxşı olarsa, uşaq tərbiyəli olar. Böyük firəng mütəfəkkiri Monteskyo deyir ki, mən qədim müəllimlərimdən bir o qədər məlumat almamışdım ki, mənə süd verən dayədən aldım. Deməli, uşaq beş-altı yaşınadək öyrənməyə və görüb-götürməyə müqtədir və müsəddəd olan qədər sonralar ola bilməz. Ancaq asudə, milli vəzifəsini düşünmüş və kamil arvadlar bizə tərbiyəli övladlar yetirməyə qadir ola biləcəklər. Ona görə bu yolda çalışmalıyıq".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 18 aprel.- S.11.