“Azərbaycanın siyasi partiya sistemində
mühüm bir mərhələ başlayır”
Elçin
Mirzəbəyli: "Siyasi sistemdə hər hansı bir
boşluğun yaranmasına qətiyyən yol vermək olmaz”
"Gerçək
vətənpərvərlik, millətsevərlik ümummilli hədəflərə
çatmaq üçün daşı daş üstə
qoymaq deməkdi, şüarçılıq deyil”
"Böyük
ideyaların şüara çevrilməsi bir çox hallarda
onları insanların gözündən salır və məsxərə
obyektinə çevirir”
BAXCP-nin beynəlxalq məsələlər üzrə
katibi Elçin Mirzəbəylinin partiyanın mətbuat xidmətinə
verdiyi müsahibəni təqdim edirik.
- Hakim
partiya növbəti dəfə dialoq təşəbbüsü
ilə çıxış etdi. Bunun əvvəlki
təşəbbüslərdən fərqi nədir?
- Yeni Azərbaycan Partiyasının bu dəfəki dialoq
və əməkdaşlıq təşəbbüsü daha
öncəkilərdən fundamentallığına görə
kifayət qədər fərqlənir. Əvvəla,
onu qeyd edim ki, hakim partiyada Partiyalararası əlaqələr
və dialoq komissiyası yaradılıb. Bu
isə ilk növbədə prosesin davamlı və
ardıcıl olacağının göstəricisidir. Digər tərəfdən, yaradılan komissiya 11
maddədən ibarət təkliflər planı ilə
çıxış edib ki, bu müddəaların hər
biri bütövlükdə çoxpartiyalı sistemin
inkişafına xidmət göstərir.
- Prezident
Adminstrasiyası İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov
çıxışında bildirib ki, bu gündən YAP
partiyalararası əlaqələr üzrə gələcək
siyasətinin müəyyən olunması, bu sahədə gərüləcək
işlərin ümumi konseptual yanaşmasını və digər
əsasların müzakirə olunmasını başlayır.
Sizcə, bünövrəsi qoyulan bu müzakirələr
əvvəlkilər kimi sıradan bir müzakirə və
yaxud dialoq xatirinə dialoq olmayacaq ki?
- Təklif
olunan müddəlardan da açıq şəkildə
görünür ki, ortalıqda konseptual yanaşma var. Təkliflər
planında bütövlükdə siyasi partiya sisteminin tətqiq
edilməsi, mövcud problemlərin araşdırılaraq
ortaya çıxarılması, təhlil olunması nəzərdə
tutulub. Bu isə Azərbaycanın siyasi partiya
sistemində mühüm bir mərhələnin
başlandığından xəbər verir. Əslində, təklif olunan müddəları təhlil
edən istənilən şəxs bu qənaətə gələ
bilər.
- Həmin
təkliflərin birində deyilir - "partiyalararası əməkdaşlıqla
bağlı Azərbaycanda fəaliyyət göstərən
siyasi partiyaların təkliflərinin öyrənilməsi".
BAXCP dəfələrlə təkliflərlə
və qanun layihələrini hazırlayaraq siyasi partiyaların
müzakirəsinə və Milli Məclisə verilməsi ilə
çıxış edib. Məsələn, ölkədə
siyasi islahatların aparılması,
çoxpartiyalılığın inkişafı və
güzləndirilməsi üçün proporsional seçki
sisteminin tətbiqi və s. Halbuki, həmin təkliflər
bütün siyasi təşkilatlar tərəfindən, eyni
zamanda, YAP tərəfindən də dəstəklənirdi. Necə fikirləşirsiniz, bu cür təkliflər
komissiyanın növbəti toplantılarının birində
müzakirəyə çıxarıla bilərmi?
- Şübhəsiz. Əgər komissiya
yaradılıbsa və prosesin davamlı olacağı barədə
ciddi mesajlar verilibsə siyasi sistemin inkişafına səbəb
olacaq bütün təşəbbüslərin müzakirəsi,
zənnimcə, mümkündür. Düşünürəm
ki, komissiyanın yaradılması və irəli sürülən
təkliflər geniş təhlillərin nəticəsində
ortaya çıxan nəticədir. Bu
baxımdan, siyasi partiya sisteminin təkmilləşdirilməsi
üçün ortalıqda siyasi iradənin və konseptual
yanaşmanın olduğu qənaətindəyəm. BAXCP cəmiyyətdə baş verən bütün
hadisələrə daim həssas yanaşıb və bundan
sonra da yanaşacaq. Bu günədək Azərbaycan
cəmiyyətinə verdiyimiz mesajlar,
hazırladığımız qanun layihələri və təkliflər
Azərbaycanda sivil və etimadlı siyasi münasibətlər
siteminin formalaşmasına, cəmiyyəti irəli aparacaq,
idarəçiliyi daha çevik və dinamik edəcək
hüquqi-siyasi islahatların stimullaşdırılmasına
xidmət edib.
-
Partiyanı toplantıda siz təmsil etmisiniz. BAXCP
adından hansı təklifləri səsləndirdiniz?
- Toplantıda
həm Yeni Azərbaycan Partiyasının, həm də digər
siyasi partiyaların təmsilçiləri tərəfindən
maraqlı ideyalar səsləndirildi. BAXCP sədrinin
müavini kimi siyasi partiyaların kadr potensialının
möhkəmləndirilməsi, onların bir institut kimi
formalaşması üçün önəmli hesab etdiyimiz
bir məsələyə diqqət çəkdim. Qeyd etdim ki, bir sıra beynəlxalq təşkilatlar,
xarici ölkələrdə fəaliyyət göstərən
siyasi partiyaların yaratdığı fondlar vaxtilə Azərbaycanın
siyasi partiyaları üçün siyasi həyatın
müxtəlif sahələrini əhatə edən təlimlər
keçirirdilər. Bu təlimlər həm
Azərbaycanda, həm də Azərbaycandan kənarda təşkil
olunurdu. Bu gün də eyni iş müxtəlif adlar
altında təşkil olunur. Həmin təlimlərdə
şübhəsiz ki, təlimləri təşkil edən
dövlətlərin maraqları əsas götürülür.
Onların hədəfləri və ideyaları
təbliğ olunur. Qeyd etdim ki, bu məsələdə
də məsuliyyəti Azərbaycan dövləti öz üzərinə
götürməli, siyasi partiyalar üçün
kadrların hazırlanmasında məhz Azərbaycanın
siyasi institutları iştirak etməlidirlər.
- Ukraynada
baş verən hadisələrdən sonra hakim partiyanın bu
cür təşəbbüslə çıxış etməsi
və bunun davamlı olmasını istəməsi, sizcə
ölkəmizə hər hansı bir təcavüzün və
təzyiqin qarşısının alınmasında digər
partiyaların da söz haqqının olmasına, gücünə
önəm verilməsi anlamı deyilmi?
- Hakim
partiyanın dialoq və aməkdaşlıq üçün
xüsusi komissiya yaratmasını və təkliflərlə
çıxış etməsini Ukraynada baş verən hadisələrlə
birbaşa əlaqələndirmək istəməzdim. Təkliflərdən
də görünür ki, bunlar 1 ayın, yaxud 1 ilin ərzində
formalaşan rəyi deyil, daha uzunmüddətli müzakirələrin
nəticəsində ortaya çıxan qənaəti ifadə
edir. Həssas bir dönəmdə və həssas
bir regionda yaşayırıq. Bəzən
ətrafımızda baş verən hadisələr ölkənin
potensialını daha çox xaricdən gələn təhlükələrin
qarşısının alınmasına sərf olunur. Amma həm xarici, həm də daxili təhlükəsizlik
faktoru bir-birilə daim əlaqədə olan amillərdir.
Siyasi partiya sistemi zəiflədikdə və
boşluqlar yarandıqda onun yerini dünyəvi dövlətçilik
prinsiplərimizə, konstitusion dövlət quruluşumuza zidd
olan digər ideologiyalar, cərəyanlar tutmağa
çalışır. Bu baxımdan da
siyasi sistemdə hər hansı bir boşluğun
yaranmasına qətiyyən yol vermək olmaz. Yeni Azərbaycan Partiyasının təkliflərində
ölkədəki, regiondakı və dünyadakı proseslərin
dəyərləndirilməsi və Azərbaycanda
çoxpartiyalı sistemin inkişafı ilə bağlı
növbəti mərhələnin başlanması
açıq-aşkar görünür. Parlament
partiyalarının komissiyanın işində iştirakı
və onlara öz təklifləri ilə
çıxış etmək imkanının
yaradılması, eyni zamanda, Azərbaycan Respublikası
Prezidenti Adminstrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənovun səslənən
bütün təkliflərin nəzərə
alınacağını vurğulaması digər partiyalara
söz haqqının tanınmasından xeyli üstün bir
yanaşmadır.
- Son
günlər dövlət daxilinə ayrı-ayrı təriqətlərin
nüfuz etməsi və onların sistemli iş qurmaq
planlarının olduğu aşkarlandı. Bu
barədə isə BAXCP dəfələrlə öz məvqeyini
bu və digər şəkildə ortaya qoyub.
-
Ayrı-ayrı güclərin himayə etdiyi radikal dini və
siyasi cərəyanlar, onların təbliğ etdiyi ideyalar
mikrob kimidi. Onlar sağlam bədəndə
inkişaf etmirlər, yaxud sağlam bədənə daxil
olaraq onu zəiflətməyə, gücdən salmağa
çalışırlar. Dövlət də,
onun siyasi sistemi də vahid orqanizm kimidi. Siyasi
partiyalar isə bu orqanizmin ideyaverici, stimullaşdırıcı
hissəsidi, beyninin bir parçasıdı. Bu baxımdan orqanizmin bütün hissələri
eyni səviyyədə inkişaf etdirilməlidir. Belə olmayanda yad ünsürlər, mikroblar bu
orqanizmə yol tapır, ən yaxşı halda onun fəaliyyətinə
təsir göstərir, ən pis halda isə məhv edir.
Lakin bu məsələdə məsuliyyətin
də yalnız dövlətin üzərinə
qoyulmasının tərəfdarı deyiləm. Siyasi partiyalar da Azərbaycan dövlətinin
maraqlarına zidd olan fəaliyyətlərə qarşı
öz birmənalı mövqelərini ortaya qoymalı,
dövlətin və millətin maraqları ilə
bağlı bütün məsələlərdə güzəştsiz
bir mövqe nümayiş etdirməlidirlər. Təəssüf ki, bəzən bunun əksi ilə
də qarşılaşırıq. Bu məsələdə
BAXCP-nin nümayiş etdirdiyi mövqe və əzm bir
çox siyasi partiyalara da örnək olmalıdır.
- Yeri gəlmişkən,
belə bir fikir bildirilir ki, Ukraynadan sonra növbədə Azərbaycandır.
Yəni Putin Rusiyasının planında Azərbaycanı
da öz caynağına keçirmək dayanır. Sizcə, bu, baş verə bilərmi və yaxud belə
bir cəhd olarsa, hansı addımlar atılmalıdır?
- Rusiyanın Azərbaycanı öz təsir dairəsində
saxlamaq istəyi və bunun üçün müxtəlif
manipulyativ addımlara yol verməsi kimsəyə sirr deyil. Azərbaycan ərazilərinin
işğal altında saxlanılması da məhz bu niyyətə
xidmət edir. Rusiya işğalçı
Ermənistanın hərbi-siyasi müttəfiqidir, təcavüzkarı
dəstəkləyən dövlətdir və işğal
prosesində tərəflərdən biridir. Bu baxımdan, Rusiyanın Azərbaycanla bağlı
perspektivdə hansısa addımları atacağını demək
doğru olmazdı. Rusiya bu addımları
atıb, atır və atacaq da. Biz öz
gücümüzə güvənməli, daxili resurslarımızı
milli maraqlarımızın möhkəmləndirilməsi
üçün səmərəli sərf etməli, dövlətimizin
maraqları ilə bağlı bütün məsələlərdə
vahid mövqe nümayiş etdirməliyik. Şəxsən
mən, Rusiyanın imperiya iddialarının həyata keçəcəyini
gözləmirəm. Kreml tərəfindən
atılan addımları özünümüdafiə
instiktinin aşırı qabarması kimi qiymətləndirirəm.
Postsovet məkanının bütövlükdə
imperiya iddialarından kənarda qalması prosesi vaxt aparacaq,
ağrılı olacaq. Amma olacaq.
- Azərbaycanda
səfərdə olan ATƏT Parlament Assambleyasının prezidenti
Ranko Krivokapiç jurnalistlərə açıqlamasında
bu yaxınlarda Rusiyadan olan bir neçə deputatla Ukrayna məsələsilə
bağlı görüş keçirdiyini və onlara bu
fikirləri söylədiyini bildirib -"ATƏT-in, digər
beynəlxalq təşkilatların münaqişələrlə
bağlı prinsipial mövqeyini ortaya qoydum. Bildirdim
ki, bizim məqsədimiz insanların firavan yaşaması,
ölkələrin ərazi bütövlüyünün
pozulmamasıdır". O, eyni zamanda deyib ki,
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
tezliklə nəticə əldə etməliyik.
Bu cür fikirləri çox eşitmişik. Və hər dəfə də həmin fikirlər elə fikir olaraq qalıb, nəticə isə dəyişməyib. Ukraynanın başına gətirilənlərdən sonra ATƏT PA-nın, eləcə də beynəlxalq təşkilatların Dağlıq Qarabağla bağlı mövqeyində dəyişiklik ola bilərmi? Təbii ki, Azərbaycanın ərazi bötövlüyündən söhbət gedir.
- ATƏT məhz Rusiyanın yürütdüyü siyasət və Qərbin simasız oyunları nəticəsində dişsiz bir quruma çevrilib. Yarandığı gündən bu zamana kimi heç bir münaqişənin həllinə nail olmayıb. Doğrudur, Qərb dövlətlərinin rəsmiləri və aparıcı beynəlxalq qurumların təmsilçiləri Krım hadisəsindən sonra ərazi bütövlüyü prinsipinin əsas olduğunu vurğulayırlar. Çünki proseslər artıq onların meydançasının yaxınlığında cərəyan edir. Xalqların öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü prinsipləri arasında var-gəl eləmək üçün yer qalmayıb. Bu baxımdan, Qərbin ərazi bütövlüyü prinsipi üzərində dayanmaq və öz maraqlarından çıxış edərək manipulyasiyalara son qoymaq niyyətində olduğu nəzərə çarpmaqdadır. Divar qurtarıb və yeni bir divarın hörülməsinə ehtiyac var.
- "Turan ordusu"nun yaradılması ilə bağlı nə deyə bilərsiniz? Məlumatlara görə, aprelin 21-də Qazaxıstanın müdafiə naziri Serik Axmedovun Azərbaycana səfərində bu məsələ də müzakirə olunacaq.
- BAXCP Türk dövlətlərinin bütün istiqamətlərdə əməkdaşılığının genişləndirilməsinin tərəfdarıdır. Lakin biz reallıqları dəyərləndirməyi, fərziyyələrə, mif və nağıllara inanmamağı bacarırıq. "Turan ordusu" maraqlı səslənir... Amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Qazaxıstanla düşmən cəbhədə dayanan NATO ölkəsi Türkiyənin yeni bir hərbi blokda təmsil olunması imkansızdır. Lakin nə zamansa türk dövlətlərinin hərbi əməkdaşlığının real müstəviyə qədəm qoyması üçün əlverişli şərait yarana bilər və bu prosesə də indidən hazır olmaq lazımdı. İş görmək lazımdı, iş... Şüarçılıq dönəmi 90-cı illərdə qaldı. Gerçək vətənpərvərlik, millətsevərlik ümummilli hədəflərə çatmaq üçün daşı daş üstə qoymaq deməkdi, şüarçılıq deyil. Əksinə, böyük ideyaların şüara çevrilməsi bir çox hallarda onları insanların gözündən salır və məsxərə obyektinə çevirir. Biz ümummilli hədəflərimizin müqəddəsliyini qoruyub saxlamalı, onların şüara və dələduzların istifadə predmetinə verilməsinə yol verməməliyik.
Xalq Cəbhəsi.-
2014.- 18 aprel.- S.4.