Virtuallaşan dünya
İradə Ələkbərova:
"İnformasiya müharibəsində psixoloji deyil, əsasən
iqtisadi və hərbi aspektlərə üstünlük
verilir”
Kiber müharibələrə ənənəvi
hərbi əməliyyatların effektivliyini artıran faktor
kimi baxmaq daha düzgün sayılır
Çağımızda informasiya
üstünlüyünə yiyələnən ölkələrin
başqalarından öndə olması göz
qabağındadır. Bu, o deməkdir ki, inkişafın həddi-səddi
yoxdur. Dayanmaq - tükənmək deməkdir.
İnformasiya texnologiyaları üzrə mütəxəssis
İradə Ələkbərova bu yöndəki faktlara diqqət
çəkir, dünyanın bu yöndəki gedişlərini
çatdırır: "1995-ci ildə ABŞ-ın Milli
Müdafiə Universiteti tərəfindən nəşr
edilmiş "İnformasiya müharibəsi nədir?" məqaləsində
ilk dəfə informasiya müharibəsi texnologiyalarının
təsnifatını verib. Bu konsepsiyada ilk dəfə
olaraq göstərilmişdi ki, son dövrlərdə
İKT-nin inkişafı nəticəsində artıq
informasiya müharibəsində psixoloji deyil, əsasən
iqtisadi və hərbi aspektlərə üstünlük
verilir. Libiki bildirirdi ki, izləyici kosmik
peyk şəbəkəsindən, yerüstü, dəniz və
havada baş verən dəyişiklikləri qeyd edən sistemlərdən
ibarət əlaqəli informasiya sistemləri dünyada baş
verən istənilən hərbi aktivliyi nəzarətdə
saxlamaq imkanına malik olacaq. Bu isə
sistemə həmin aktivliyi iflic etmək və onun iqtisadi və
informasiya sistemlərini dünyadakı digər sistemlərdən
ayırmaq imkanı verəcək. Bu
konsepsiya informasiya silahından aktiv istifadənin kosmik vasitələrdən
istifadə ilə sıx əlaqəli olduğunu bir daha
sübut etmiş oldu".
Martin Libiki "İnformasiya müharibəsi nədir?"
məqaləsində informasiya müharibəsinin 7
formasını verib, "Informasion Warfare" adlanan sistemdə
texnologoyalar arasında əlaqələri göstərib. Aydın olur
ki, texnologiyalara əsasən komanda-nəzarət, kəşfiyyat,
elektron, psixoloji, haker, iqtisadi, kibermüharibə aiddir. Komanda nəzarət müharibəsi - komandanlıq və
icraçılar arasındakı əlaqə kanallarına
istiqamətlənmiş informasiya müharibəsidir. Bu əlaqə kanallarının funksiyası
pozulursa, informasiya müharibəsində qələbənin təmin
olunması reallaşır. Komanda nəzarət
müharibəsində "anti-neek" əməliyyatlarına
daha çox önəm verilir ki, bunun da mənası gərəksiz
müdaxilələrə qarşı tədbirlər deməkdir;
kəşfiyyat müharibəsi (İnformation Based Warfare) -
mühüm informasiyanın toplanması və bu zaman hücum
edən tərəfin öz informasiyası ilə
resurslarının mühafizəsi prosesidir. Elektron
müharibə (Elestronic Warfare) - elektron kommunikasiya vasitələrinə
qarşı yönəlmiş müharibədir. Elektron kommunikasiya vasitələri dedikdə - radioəlaqə,
radarlar, kompyuter şəbəkəsi nəzərdə
tutulur. Onun əsas bölməsi
kriptoqrafiyadır (elektron informasiyanın şifrələnməsi
və ya şifrədən çıxarılması). Psixoloji müharibə (Psychological Warfare) - təbliğat,
beyinlərin yuyulması, əhalinin davranışlarına nəzarət
və vətəndaşlar üçün nəzərdə
tutulmuş informasiyanın emalıdır.
Libiki
psixoloji müharibəni 4 hissəyə ayırır: vətəndaş
ruhunun sındırılması; hərbi qüvvələrdə
mənəvi duruma və əhval-ruhiyyəyə nəzarət;
komandanlığa dezinformasiyanın ötürülməsi; mədəniyyətlər
müharibəsi (War of Culture): "Haker müharibəsi (Hacker
Warfare) - qarşı tərəfin vətəndaş obyektlərinə
yönəlmiş diversiya əməliyyatlarıdır. Libiki
haker fəaliyyətlərindən danışarkən
onların törətdiyi fəsadları belə sadalayır:
şəbəkənin total iflici, informasiya əlaqələrində
fasilələr, verilənlərin ötürülməsi
zamanı təsadüfi səhvlərin çoxalması,
informasiyanın oğurlanması, informasiya xidmətlərinin ələ
keçirilməsi (şəbəkəyə icazəsiz
müdaxilə), şəbəkənin gizli monitorinqinin
aparılması, şantaj məqsədi ilə gizli verilənlərin
aşkar edilməsi. Libikiyə görə, hakerlərin
silahı viruslardır
-
"troya atları", məntiqi bombalar, sniferlər (izləyicilər),
şəbəkə soxulcanları və s. Libiki hakerləri
ABŞ üçün ciddi təhlükə hesab edir və
bu fikrini onunla əsaslandırır ki, digər ölkələrlə
müqayisədə Amerikada müxtəlif lokal və qlobal
şəbəkələrdən istifadə daha
genişdir".
İqtisadi informasiya müharibəsi (Economic
İnfo-Warfare). Libiki bu müharibəni iki formada təsvir edir:
informasiya blokadası (ABŞ-a qarşı yönəlmiş)
və informasiya imperializmi və ya texnoimperializm (ABŞ tərəfindən):
"İnformasiya blokadası dedikdə ilk növbədə
informasiya və ticarət əlaqələrinin kəsilməsi
(fiziki ticarətə qadağanın qoyulması) nəzərdə
tutulur. Bank şəbəkələrinin
sındırılması bu kateqoriyaya daxil deyil və haker fəaliyyəti
hesab olunur. İnformasiya imperializmi -
ümumi iqtisadi imperializm siyasətinin bir hissəsidir. Libiki bildirir ki, "ticarət özü də
müharibədir". Kibermüharibə fəaliyyətini
analiz edərkən Libiki onu adi haker müharibəsindən fərqləndirir.
Onun fikrincə, əgər nəzərə
alınsa ki, terrorizm ayrı-ayrı insanlara və ya təşkilatlara
qarşı müharibədir, deməli, informasiya terrorizmi hədəfi
təyin etmək və ya şantaj üçün bir vasitədir.
İnformasiya terrorozminin əsasını
semantik hücumlar təşkil edir. Libiki
semantik hücumları təhlil edərkən onları haker
müharibələrindən tam fərqləndirir və
bildirir ki, əgər haker müharibəsində hakerin məqsədi
sistemin normal fəliyyətini pozmaqdan ibarətdirsə, semantik
hücumlar sistemin fiziki göstəricilərinə və kompyuterin
normal işini təmin edən obyektlərə yönəlmiş
olur. Sistemin fiziki göstəricilərini və
ya digər giriş vasitələrini "aldatmaq" sistemə
texniki zərər vurmadan bu sistemi sıradan çıxarmaq
deməkdir. Kibermüharibənin bir
növü də simulyasiya müharibəsidir. Simulyasiya müharibəsi (Simulation Warfare) - real
döyüş meydanındakı hərbi əməliyyatların
kompyuter modeli ilə əvəz olunmasıdır. Məsələn, təyyarəçilər səmaya
qalxmadan döyüş təcrübəsi əldə etmək
üçün fayl-simulyatorlarda işləyirlər
("vuruşurlar"). Simulyasiya
müharibəsi əsasən nümayiş effekti yaradır və
dünyanın virtuallaşmasının əyani nümunəsidir.
Dünyanın virtuallaşması, daha
doğrusu, dünyanın kompyuter versiyasının
yaradılması ona gətirib çıxaracaq ki, gələcəkdə
simulyasiya müharibəsi real müharibə ilə eyni məna
kəsb edəcək və bir statusda olacaq".
İlk dəfə 1993-cü ildə Con Arkuilla və
Devid Ronfeldt tərəfindən "Kibermüharibə gəlir!" (Syber War
İs Soming!) məqaləsində
"Şəbəkə müharibəsi" (Network War)
termini istifadə edilib. Məqalədə müəlliflər
kibernetik və şəbəkə müharibəsi
konsepsiyalarını (Network Centric Warfare - NCW) irəli sürməklə
müasir dövrdə informasiya müharibəsinin təsəvvür
ediləndən daha ciddi problemlər yaratmaq imkanına malik
olduğunu göstərdilər: "Konsepsiyada informasiya
müharibəsinin əsas məqsədi kimi
aşağıdakılar göstərilirdi: öz
informasiyasını və informasiya sistemlərini qorumaqla
qarşı tərəfin informasiya məkanına nəzarət;
qarşı tərəfin informasiyasını nəzarətdə
saxlamaqla informasiya hücumuna başlamaq (informasiya müharibəsi
texnologiyalarından istifadə etməklə qarşı tərəfin
iqtisadiyyatını ələ keçirmək və ya məhv
etmək); informasiyadan istifadə etməklə
özünün ümumi güc potensialını yüksəltmək;
informasiya-psixoloji təsir vasitələrindən istifadə
etməklə qarşı tərəfə psixoloji təsir".
Mütəxəssis bildirir ki, İnformasiya müharibəsi
zamanı maraq obyektləri informasiya sistemləri və
informasiya mübadiləsi şəbəkələri olur. Bu şəbəkələrə
informasiya sistemi mərkəzi, xüsusi informasiya emal edən
ötürülmə xətləri, informasiya müharibəsində
iştirak edən informasiya-kommunikasiya texnologiyaları
(İKT) vasitələri aid edilir. İnformasiya
müharibəsi mərhələlərlə aparılmalı
və bu zaman məqsəd və hədəflər dəqiq
müəyyən edilməlidir: "İnformasiya müharibəsinin
mərhələləri: məqsədin təyin edilməsi. İnformasiya müharibəsi nə üçün
lazımdır və nəticədə nə əldə ediləcəyi
gözlənilir. Strategiyanın təyin
edilməsi. Burada İKT-nin dörd baza
komponenti nəzərə alınmalıdır:
informasiyanın hazırlanması; informasiyanın yönələcəyi
kommunikasiya kanalının təyin edilməsi; informasiyanın
təsiri altına düşəcək auditoriyanın müəyyənləşdirilməsi;
informasiya müharibəsi texnologiyasının seçilməsi".
Hərbçilərin
fikrincə, informasiya müharibəsində ilkin hədəf
kimi silahlı qüvvələr, müdafiə kompleksi müəssisələri,
ölkənin daxili və xarici təhlükəsizliyinə
cavabdeh olan strukturlar nəzərdə tutulur: "Ümumiyyətlə
isə informasiya müharibəsinin əsas hədəfi cəmiyyətin
informasiya infrastrukturudur. Hərbi analitiklərin
və İKT mütəxəssislərinin gəldiyi qənaətə
görə, hazırkı dövrdə informasiya müharibəsi
zamanı bütün informasiya vasitələrindən və
texnologiyalarından istifadə edərək dövlətin
siyasətinə qarşı narazılıq, şübhə,
inamsızlıq yaradılması, ordu və əhali
arasında narazılıqların artması həyata
keçirilir. Məqsədyönlü informasiya təsirinə
məruz qalan obyektlərə uyğun olaraq informasiya hədəflərini
4 qrupa bölmək olar: qərarların qəbulu və idarəetmə
sistemləri (idarə strukturları, kommunikasiya vasitələri);
vətəndaş informasiya infrastrukturu (telekommunikasiya sistemləri,
nəqliyyatın, energetikanın, maliyyənin, sənayenin
informasiya sistemləri); hərbi
informasiya infrastrukturu (nəzarət, idarə və əlaqə
sistemləri, kəşfiyyat); sosial sahələr
(insanların psixologiyası, davranışları və əxlaqi
stereotiplər; ayrı-ayrı şəxslər və ya sosial
qruplar).
İnformasiya əməliyyatları zamanı göstərilən
hədəflər müxtəlif təsirlərə məruz
qala bilər".
Bu yanaşma keçən əsrin 90-cı illərində
daha populyar idi.
Mütəxəssis hesab edir ki, bu gün baş verən
informasiya prosesləri və qarşıdurmaları sübut
edir ki, informasiya sistemlərinə uzaqdan təsir müəyyən
maliyyə itkilərinə və cəmiyyətdə psixoloji
ab-havanın dəyişməsinə səbəb olsa da, onlar
mühüm sistemlərin məhvini və insan itkilərinə
səbəb olmur: "Məsələn, haker fəaliyyəti
özü-özlüyündə təhlükəli olsa da, informasiya
müharibəsində heç də həlledici rol
oynamır. Odur ki, kiber müharibələrə
ənənəvi hərbi əməliyyatların effektivliyini
artıran faktor kimi baxmaq daha düzgündür".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 19 aprel.- S.14.