Mətbuatda media
etikası
Doğruya və ictimaiyyətin
həqiqətləri öyrənmə haqqına sayğı
duymaq jurnalistin birinci vəzifəsidir
Mətbəənin J.Gutenberg tərəfindən ixtira
edilməsindən - yəni XVII əsrdən üzü bəri
"Mətbuatın vəzifəsi nə olmalıdır, o,
necə nəzarət altına alınmalıdır, jurnalist
kimə qarşı məsuliyyət daşıyır?"
şəklindəki mübahisələr bu günə qədər
gəlib. Mətbuat-media dünyasında bu məsələ ilə
bağlı olaraq fikir birliyinin, beynəlxalq miqyasda
bağlayıcılığı olan qaydaların mövcud
olmadığını deyə bilərik. Ancaq bir çox məsələdə yerli çərçivəni
aşaraq beynəlxalq səviyyəyə çatan və qəbul
edilən məfhumlar var. Bu məfhumlar ABŞ-da, İngiltərədə,
Avropada və Türkiyədə də qəbul edilib. Bu prinsiplərdən vaz keçilməməsi bitərəf,
müstəqil, obyektiv jurnalistikanın əsas şərti
olub, bir çox ölkənin böyük media qurumları o
prinsiplərə əməl edilməsini özünün əsas
vəzifəsi saymaqdadır.
Yazar Musa
Hacıöməroğlu bildirir ki, məsələyə
tarixi perspektivdən baxsaq, görərik ki, XVI və XVII əsrlərdə
mətbuatın vəzifə və məsuliyyəti, müəyyən
mənada məqsədi iqtidarın siyasətini dəstəkləmək
və "Müqəddəs dövlətin" əmrinə
hazır vəziyyətdə olmaq idi. Çünki
Monarxın absolyut gücü bunu tələb edirdi. O
dönəmlər üçün dövlət hər
şey idi - dövlətin qarşısında isə fərd
heç bir şey idi. Siyasi sistem və onun
başında duranlar tənqid edilə bilməzdi. Mətbuatın vəzifəsi dövlətin əmrlərini
"təbəəyi - qullara" çatdırmaq idi.
XVII əsrin sonu XVIII əsrin əvvəllərində
güclənən burjuaziya sinfi sayəsində mətbuat və
jurnalistlər peşə sahələrində və məqsədlərində
dəyişikliyə getdilər. Özlərini
"Rasionalist fəlsəfə" ilə "Təbii
haqlar" məfhumları ilə inkişaf etdirdilər.
Artıq vəzifələrini dövlətə
xidmət etməkdən ibarət hesab etməməyə
başladılar. Əsas vəzifələrinin
ictimaiyyətə məlumat vermək olduğunu anladılar.
Yəni, qulluq dövründən
yurddaşlıq dövrünə yüksəliş
başladı. Ölkələrində nələrin
yaşandığını öyrənməyə
başlayan fərdlər hökumətlərin siyasətini tənqid
etməyə və bu siyasətlərə nəzarət etməyə
qadir olduqlarını başa düşdülər. Cəmiyyət və mətbuat avtoritar münasibətlərdən
"azad" münasibətlərə keçdi.
XX əsrin birinci yarısında "azad" münasibətlərdən
yeni münasibətlər dönəminə keçildi. Liberalizmin
qucağında dünyaya gələn bu yeni münasibətlər
sistemi "Toplumsal məsuliyyət" düşüncəsinin
hakim olduğu dönəmdir. Çünki
"azad" sistemdə hər şey "sərbəst
bazar" sisteminə indekslənmişdi. Sərbəst
bazar əmtəə üzərində yaratdığı təsiri
fikirlər üzərində yarada bilmədi. Mətbuat vasitələri, mətbuat sərmayəsi
müəyyən şəxs və ailələrin əlində
toplandı. Az saydakı mətbuat və
media baronu bu gücdən öz iqtisadi və siyasi mənafeləri
üçün istifadə etmək yolunu tutdu.
İstənilən və gözlənilən səviyyədə
"fikirlərin sərbəst bazarı" yaranmadı. Güclülərin
səsi yer kürəsində, fəzada əks-səda verdiyi
halda, gücsüzlərin səsi eşidilmədi. Başqa sözlə desək, media nəzarətdən
çıxdı; digər tərəfdən isə media hər
şeyə nəzarət edən vəziyyətə gəldi.
Bax bu nöqtədə - toplumsal məsuliyyət
anlayışı çərçivəsində etik
qaydalardan sıx şəkildə bəhs edilməyə başlandı. Bu sual verildi: Mətbuata -
mediaya kim nəzarət edəcək?
Mediaya qanunlar nəzarət edəcək. Qanunlarla birlikdə mediaya
ictimaiyyət və etik qaydalar nəzarət edəcək:
"Jurnalistika etikasında 6 prinsip çox önəmlidir:
doğru olmaq, həqiqi olmaq, ədalətli olmaq, obyektiv olmaq,
bitərəf olmaq, müstəqil olmaq. Bunlar
jurnalistikanın həm legitimlik, həm də oxucu
qazanmasının əsas şərtləridir. İctimaiyyətin gərçəkləri bilmə
hüququna sahib çıxmaq və bunun üçün
lazımi işləri yerinə yetirmək mətbuatın,
medianın, jurnalistikanın əsas vəzifəsidir. Jurnalist ən böyük məsuliyyəti ictimaiyyətə
qarşı daşıyır. Bu sorumluluq onu
çalışdığı iş yerinin sahibi ilə
konsensus yaratmaq mövqeyinə düşməkdən uzaq
tutur. Əgər qəzet bazarda yaxşı
satılarsa, o qəzetin sahibi bazardan qazandığı pulla
jurnalistin maaşını ödəyər. Ancaq bələ
bir iş əlaqəsi jurnalistin müstəqilliyi üzərində
təzyiq ünsürü olmamalıdır. Heç bir şərt
altında bu prinsip unudulmamalıdır: jurnalistin xalqa
qarşı məsuliyyəti bütün məsuliyyətlərdən
irəlidədir".
Beynəlxalq
Jurnalistika Federasiyası (FİJ) tərəfindən qəbul
edilmiş peşə prinsiplərinin I maddəsində
doğruluq anlayışının vaz keçilməz əhəmiyyəti
bu şəkildə göstərilməkdədir:
"Doğruya və ictimaiyyətin həqiqətləri
öyrənmə haqqına sayğı duymaq jurnalistin birinci
vəzifəsidir".
Amerikan Peşəkar Jurnalistlər Cəmiyyətinin
"Etika kodları"nda isə "Jurnalistin borclu olduğu
yeganə şey ictimaiyyətin həqiqəti bilməsidir",
- deyə yazılıb.
Jurnalistin doğru davranış qaydaları, xüsusilə
məhkəmə ilə bağlı məsələlərdə
böyük əhəmiyyət kəsb edir. Məhkəmədə davam
edən proseslərlə bağlı olaraq ədalətli
mühakiməyə təsir göstərəcək olan xəbərlər;
hələ ki, şübhəli şəxs qismində olan,
suçu qətiləşməyən adamlarla bağlı məhkəməsiz
cəza mənasını daşıyan suçlamalar; ibtidai
istintaqı çətin vəziyyətdə qoyan və onu zəiflədən,
yönləndirən xəbərlər; gerçəkliyindən
əmin olunmadan təqdim edilən və jurnalisti tərəf
vəziyyətinə gətirən yazılar jurnalistika
etikasına uyğun deyil.
Öz vəzifəsini yerinə yetirərkən jurnalist
təz-təz sual verib onlara cavab almağa çalışan
şəxsdir.
Bu nöqtədə jurnalistin özünə də
suallar verərək cavab axtarması media etikasının
başqa bir ölçüsünü təşkil edir.
"Xəbəri doğru, ədalətli, həssas,
obyektiv şəkildə yazdımmı?" Jurnalist bu sualın cavabını könül
rahatlığı ilə verə bilməlidir.
"Başqaları üçün müqəddəs
və məhrəm olan mövzulara toxunurammı? Bunun
üçün haqlı səbəblərim varmı? Səbəb olsa bələ, yazılarımda o
insanların ürəyini necə qırmaya bilərəm?"
Jurnalist bunun kimi sualları həmişə
ağlında saxlamalıdır. Əksi-təqdirdə
mətbuat - media etikasından, jurnalist etikasından söhbət
etməkdə çətinlik çəkərik.
Onu da qeyd edək ki, Azərbaycan mətbuatında da bu məsələyə
çox önəm verilir. Bununla bağlı
Bakıda bir çox beynəlxalq konfranslar keçirilib.
Onlardan biri də "Azərbaycan mediasında
redaksiya azadlığı, etika və şəffaflıq"
mövzusunda beynəlxalq konfrans olub. Konfransı Beynəlxalq
Jurnalistlər Federasiyası, Demokratik Jurnalistlər Liqası,
Azərbaycan Jurnalistlərin Həmkarlar İttifaqı
(JuHİ), Beynəlxalq Avrasiya Mətbuat Fondu, "RUH" Azərbaycan
Jurnalistləri Müdafiə Komitəsindən ibarət
"Söz Azadlığı və Jurnalist Peşəkarlığı
Koalisiyası" təşkil edib. "Etik
jurnalist təşəbbüsləri - Azərbaycan" layihəsi
çərçivəsində keçirilən konfransa
Avropa İttifaqının (Aİ) ölkəmizdəki
nümayəndəliyi maliyyə dəstəyi verib.
JuHİ-nin sədri, "Etik jurnalist təşəbbüsləri
- Azərbaycan" layihəsinin əlaqələndiricisi
Müşfiq Ələsgərli ölkəmizdə
medianın mövcud durumu, bu sahədəki problemlər, eləcə
də yeni çağırışların və beynəlxalq
təcrübənin öyrənilməsi baxımından tədbirin
əhəmiyyətini qeyd edib. Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdir müavini Ərəstun Mehdiyev
azad sözün, KİV-nin sərbəst fəaliyyətinin
hüquqi-demokratik cəmiyyətin vacib amillərindən
olduğunu vurğulayaraq ölkəmizdə azad mətbuatın
və plüralist fikrin formalaşması üçün
dövlət, cəmiyyət, o cümlədən jurnalistlər
tərəfindən ciddi səylərin göstərildiyini
deyib. Bu səylərin üst-üstə
düşdüyü məqamlarda görülən işlərin
təsiri və uğurları daha böyük, nəzərəçarpan
olub.
Bildirilib ki, bu gün Azərbaycanda plüralist
medianın formalaşması cəmiyyət və dövlət
tərəfindən qəbul edilən, təsdiqlənən əsas
prinsip və fəaliyyət istiqamətidir. Bu istiqamətdə
ardıcıl addımlar atılır, media ilə dövlət
orqanları arasında əməkdaşlıq dərinləşdirilir,
KİV-nin fəaliyyətinin daha da genişləndirilməsi
sahəsində müxtəlif tədbirlər
görülür. Bütün bunlar cəmiyyətimizin
mənafeyinə cavab verir.
Azərbaycanda mətbuatın inkişaf yoluna nəzər
salan Ə.Mehdiyev bildirib ki, 1998-ci ildə senzuranın, daha
sonra mətbuat və informasiya nazirliyinin ləğv edilməsi
ilə dövlətin medianın fəaliyyətinə
müdaxilə imkanları aradan qaldırılıb. Ancaq dövlət
media ilə əlaqələrini kəsməyib. Qarşılıqlı əməkdaşlıq, mətbuatın
inkişafı üçün zəruri şəraitin
yaradılması sahəsində dövlətin üzərinə
mühüm vəzifələr düşür. Bu baxımdan qəbul edilən qanunvericilik
aktları, o cümlədən KİV-nin fəaliyyətini tənzimləyən
qanun mühüm rol oynayıb. Bu qanunun qəbul
edilməsi ilə Azərbaycanda azad mətbuatın
formalaşması istiqamətində mühüm addımlar
atılıb.
Hazırda
Azərbaycanda 4 min 300-dən artıq mətbuat
orqanının, o cümlədən 50-dən artıq
informasiya agentliyinin qeydiyyata alındığını diqqətə
çatdıran natiq cəmiyyətimizin üzləşdiyi məsələlərin
işıqlandırılması, ictimaiyyətin informasiya
ehtiyacının ödənilməsi, dövlət
qurumlarının fəaliyyətinə yaxından dəstək
verilməsi baxımından KİV-in əhəmiyyətini
diqqətə çatdırıb.
Dövlətin mətbuatın inkişafına daim diqqət
yetirdiyini vurğulayan Prezident Administrasiyasının rəsmisi
KİV-nin maddi-texniki bazasının gücləndirilməsi,
peşəkar kadrların hazırlanması, mətbuatın
inkişafına dəstək verilməsi məqsədilə
2008-ci ildə konsepsiyanın qəbul edilməsini, Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİVDF) yaradılmasını
mühüm addım kimi qiymətləndirib.
Mətbuat orqanlarının işinin
yaxşılaşdırılması və cəmiyyətin mənafeyinə
uyğun tənzimlənməsi, peşəkarlığının
artırılması üçün dövlət orqanlarının
bütün jurnalist təşkilatları, mətbuat
orqanları və beynəlxalq təşkilatlarla həmişə
əməkdaşlıq etdiyini bildirən Ə.Mehdiyev bu
prosesin bundan sonra da davam etdiriləcəyini diqqətə
çatdırıb, bu baxımdan belə tədbirin zəruriliyini
vurğulayıb.
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov, Beynəlxalq
Jurnalistlər Federasiyası katibinin müavini Oliver Money-Kyrle,
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli,
ATƏT-in Bakı ofisinin şöbə müdiri Jaklin
Karpenter, Aİ-nin Azərbaycan nümayəndəliyinin təmsilçisi
Fuad Hüseynov mətbuatımızın mövcud durumu və
inkişaf etdirilməsi ilə bağlı fikirlərini
bölüşüblər. Sonra "Etik
Jurnalistika Təşəbbüsləri - Azərbaycan"
layihəsi barədə təqdimat olub.
Müstəqil
Media İnstitutunun rəhbəri Əlişir Əhəd
bildirib ki, mətbuatda jurnalist etikası prinsipi qorunmalı və
hər bir jurnalist ona hörmətlə yanaşmalıdır:
"Etiraf edək ki, bəzi mətbuat orqanlarında bu prinsip
kobudcasına pozulur. Peşə etikası
anlayışı arxa plana salınır ki, bu da sonradan
jurnalistin məhkəmə qarşısına
çıxmasına şərait yaradır. Jurnalist həqiqəti, doğrunu yazmalı və ona
söykənməlidir. Bu onun ümdə vəzifəsidir,
peşə etikasının tələbidir".
Cavid
Xalq Cəbhəsi.-
2014.- 19 aprel.- S.11.