Əli bəy Hüseynzadənin yubileyi İstanbulda qeyd olunub
Aprelin
16-da İstanbulda Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi, TÜRKSOY, ölkəmizin
İstanbuldakı baş
konsulluğu və İstanbul Universitetinin birgə təşkilatçılığı
ilə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi,
maarifçi və yazıçı-publisist Əli
bəy Hüseynzadənin
anadan olmasının
150 illiyi münasibətilə
tədbir keçirilib.
Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi
ilə Azərbaycan nümayəndə heyəti
iştirak edib.
Əvvəlcə nümayəndə heyəti
Əli bəy Hüseynzadənin Üsküdardakı
Karacaahmet qəbiristanlığındakı
məzarını ziyarət
edib, üzərinə
gül-çiçək dəstələri
qoyub.
Anım mərasimində ölkəmizin
İstanbuldakı baş
konsulluğunun, İstanbul
Universitetinin əməkdaşları,
media təmsilçiləri iştirak edib.
Sonra İstanbul
Universitetinin İncəsənət
bölümünün Kuyucu
Murad Pasa Mədrəsəsinin salonunda
böyük mütəfəkkirin
zəngin həyat və fəaliyyətini əks etdirən fotosərginin açılışı
olub. Mərasimə TÜRKSOY-un baş katibi
Düsen Kaseinov, Türkiyə ictimaiyyətinin
tanınmış simaları,
elm, mədəniyyət xadimləri,
təhsil ocaqlarının
müəllim və tələbələri qatılıblar.
Tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himləri səsləndirilib. Əli bəy
Hüseynzadə haqqında
Azərbaycan Mətbuat
Şurasının təşəbbüsü
ilə çəkilmiş
sənədli film nümayiş
etdirilib.
Tədbirdə çıxış edən
mədəniyyət və
turizm nazirinin birinci müavini Vaqif Əliyev görkəmli maarifçinin
çoxşaxəli fəaliyyətinin
bütün ziyalılar
üçün örnək,
hər bir türk övladı üçün qürur mənbəyi olduğunu deyib. Bildirilib ki, Əli bəy Hüseynzadənin həyat və yaradıcılığının iki qardaş ölkə üçün
ortaq sərvətə
çevrilməsi Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" ideyasına
ən gözəl nümunələr sırasındadır.
Prezident İlham Əliyevin müvafiq sərəncamları
ilə Azərbaycanın
görkəmli şəxsiyyətlərinin,
o cümlədən Əli
bəy Hüseynzadənin
yubileyinin qeyd olunması ölkəmizin
mədəni irsini yaşatmaq və tanıtmaq ənənələrini
formalaşdırıb.
TÜRKSOY-un baş katibi
Düsen Kaseinov çıxışında həyatını
bəşəri dəyərlərə
sərf edən Əli bəy Hüseynzadənin irsinin öyrənilməsini türkdilli
xalqların keçmişinə
verilən yüksək
qiymət, bu günümüzün və
gələcəyimizin inkişafına
göstərilən qayğı
kimi dəyərləndirib.
İstanbul Universitetinin prorektoru,
professor Şəfəq Sahir
Qaramehmetoğlu Əli
bəy Hüseynzadənin
burada fəaliyyətindən
danışıb, onun
irsinin bu təhsil ocağının
qiymətli elmi sərvəti olduğunu bildirib. Dünya elm tarixində xüsusi
yeri olan mütəfəkkirin beynəlxalq
aləmdə layiqincə
tanıdılmasını Azərbaycan
xalqının yüksəlişinə
göstərilən diqqət
kimi səciyyələndirib.
Ölkəmizin İstanbuldakı bas konsulluğunun
konsulu Kənan Murtuzov Əli bəy Hüseynzadənin qoyduğu unudulmaz izlərin bütün türkdilli xalqlar üçün iftixar mənbəyi olduğunu bildirib.
Sonra İstanbul Universitetinin Avrasiya İnstitutu ədəbiyyat fakültəsinin
dekanı, professor Mustafa Özkan,
institutun Asiya işləri üzrə mərkəzinin rəhbəri,
professor Xəlil Bal, professor İbrahim Yıldırım,
filologiya üzrə fəlsəfə doktoru Azər Turan böyük mütəfəkkirin
həyatı və fəaliyyətinin ayrı-ayrı
istiqamətləri ilə
bağlı məruzələrlə
çıxış ediblər.
Qeyd olunub ki, 1864-cü ildə Azərbaycanın Salyan rayonunda anadan olan Əli bəy
Hüseynzadə valideynləri
vəfat etdikdən sonra 1875-1885-ci illərdə
Tiflisdə babası Qafqazın şeyxülislamı
Axund Əhməd Səlyaninin yanına köçüb və orada gimnaziya təhsili alıb. Görkəmli dramaturq, mütəfəkkir
Mirzə Fətəli
Axundzadə ilə tanışlıqdan sonra
o, təbiət elmlərinə
böyük maraq göstərir və bu həvəs onu 1885-ci ildə Sankt-Peterburq Universitetinin fizika və təbiət fakültəsinə
gətirib çıxarır.
Burada dövrün məşhur elm xadimlərindən
dərs alan
Əli bəy Hüseynzadə bir müddət sonra imperiyanın paytaxtında
gedən ictimai-siyasi proseslərdə də yaxından iştirak etdiyi üçün bir sıra inqilabçı
tələbələr kimi,
o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində
qalır.
O, İstanbula gəlir, İstanbul Darülfünununda
hərbi-tibb fakültəsini
bitirir, yüzbaşı
hərbi rütbəsi
alır. İstanbul Darülfünununda hərbi-tibb fakültəsində
professor köməkçisi işləyir. Ancaq hələ
tələbə ikən
inqilabçı "Gənc
türklər" hərəkatına
qoşulduğundan təqiblərə
məruz qalır.
Azərbaycana qayıdan mütəfəkkir ədibin "Kaspi" qəzetində publisistik yazıları dərc olunur. "Gənc türkçülük nədir?" adlı məqaləsi ilə türk tənzimat hərəkatının mahiyyətini açıqlayır. Beləliklə, Əli bəy Hüseynzadə islahatçı ideya adamı kimi də tanınmağa başlayır. 1905-ci ildə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi hesabına "Həyat" qəzetini, 1906-cı ildə isə "Füyuzat" jurnalını nəşr etdirir. Onun Azərbaycan ictimai-mədəni həyatı və milli mətbuat tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edəni söz və mətbuat azadlığı uğrunda ardıcıl mübarizə aparmasıdır.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük xidmətləri olan ideoloq-mütəfəkkir Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixində də mühüm fəaliyyət göstərib. 1931-ci ildə Türkiyədə soyadlar haqqında qanun qəbul edilərkən onun da təklifləri nəzərə alınıb.
O, Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tərtibatçı rəssamı olub. Onun rəsm əsərlərinin məzmununda milli oyanış, azadlıq mübarizəsi, bəşəri dəyərlərə olan rəğbət bütün dövrlərdə tədqiqatçıların diqqətini çəkib. Kətana köçürdüyü rəngarəng maraqlı əsərlər bu gün də bir sıra nüfuzlu muzeylərin ən dəyərli eksponatları kimi qorunur.
Əli bəy Hüseynzadə 1940-cı ildə İstanbulda vəfat edib. 1920-ci ildə Azərbaycanda milli hökumətin devrilməsi ilə başlanan məlum ictimai-siyasi proseslər uzun illər görkəmli şəxsiyyətlərimizi unutdurmağa çalışsa da, zaman hər şeyi öz axarına saldı. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olundu, 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda möhkəm sütunlar üzərində milli dövlətçilik ənənələri quruldu. Əli bəy Hüseynzadənin timsalında bütün tarixi şəxsiyyətlərimizin fəaliyyətinin dəyərləndirilməsi də bu ənənələrə daxildir.
Çıxışlardan sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov iştirakçılara üzərində Əli bəy Hüseynzadənin şəkli olan xatirə hədiyyələri və təşəkkürnamələr təqdim edib. Azərbaycanın Əməkdar artisti Anar Şuşalı "Çıpınırdın, Qara dəniz" və "Ölkəm" mahnılarını ifa edib, Azərbaycan Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızı Əli bəy Hüseynzadənin şeirlərindən parçalar
Xalq Cəbhəsi.- 2014.- 19 aprel.- S.6.