Yaradıcı
aşıq
Aşıq Mustafa
Borçalı aşıq mühitinin tanınmış
simalarından biridir
Bu
yaxınlarda Borçalı aşıq mühitinin
tanınmış simalarından biri kimi tanınan Aşıq
Mustafanın (Şıxlinskinin) "Ceyranım" adlı
kitabı çar olunub. AMEA Folklor İnstitutu Elmi Şurasının
qərarı ilə nəşr olunan kitaba sənətkarın
gəraylı və qoşmaları ilə yanaşı
özünün yaratdığı "Mustafa və Əsmər"
dastanı da daxil edilib. Kitabın redaktoru xalq şairi Zəlimxan
Yaqub, tərtib edəni və çapa hazırlayan filologiya
üzrə fəlsəfə doktoru Elxan Məmmədli, rəyçi
filologiya üzrə elmlər doktoru Seyfəddin Qəniyev
toplayan Maarif Mustafa oğlu, sponsor Elbrus Maarif oğludur.
Ön
sözdə tanınmış folklorşünas Elxan Məmmədli
Aşıq Mustafanı necə görməsindən, necə
tanımasından danışır: "Aşıq Mustafa
Qarnet oğlu haqqında çox eşitmişdim.
Eşitmişdim ki, sinəsi dolu, nitqi səlis, həm də
şaqraq zənguləli meydangir aşıq olub.
Borçalı aşıqları arasında öz
sözü, öz çəkisi, öz səliqə-səhmanı
ilə seçilib. Elə bu keyfiyyətlərinə görə
də el içində dərin hörmət qazanıb. Uzaqdan
baxana bir qədər təkəbbürlü, bir qədərə
özündən razı görünsə də onu
yaxından tanıdıqdan sonra ilk təəssüratın
yalnış olduğuna şahid olanlar həmişə
Aşıq Mustafa haqqında onun müsbət keyfiyyətlərindən
ağızdolusu danışırdılar. Ustadın alicənablığı,
qonaqpərvərliyi, meydangirliyi, aydın və məntiqi
nitqi, həm də rabitəli saz ifaçılığı,
məlahətli-ötkəm səsi onu tanıyanlar tərəfindən
həmişə yüksək qiymətləndirilib.
Aşıq Mustafa ilə şəxsi
tanışlığımız olmayanacan onun haqqında Ustad
Əmrahdan, Hüseyn Saraclıdan, Alxan Qarayazılıdan,
Aslan Kosalıdan, Xan Kamandardan, xüsusən də Aşıq
Göyçə ilə Əhməd Sadaxlıdan, bir də Məhəmməd
Sadaxlıdan xoş sözlər çox eşitmişdim. Və
bu eşitdiyim keyfiyyətlər, Aşıq Mustafa
haqqındakı xoş sözlər məndə
Borçalının bu ünlü sənətkarını
tezliklə görmək arzusunu tezləşdirməyə tələsdirirdi.
Nəhayət, belə bir xoş gün özünü
gecikdirmədi. Günlərin bir günü Borçalıda
səfərdə olarkən Aşıq Mustafa ilə
görüşümüz baş tutdu.
Yaxşı
yadımdadır, Borçalıya həm folklor nümunələri
toplamağa, həm də o vaxtlar Azərbaycan radiosunda
hazırladığım "Sarıtel", "Gözəlləmə"
musiqili verilişlərinə yerli aşıqları yazmaq
üçün getmişdim. Çox məhsuldar bir səfər
oldu mənim üçün həmin günlər. İndi o
günləri xatırladıqca gözlərim önünə
kimlər gəlmir? - Aşıq Alxan Qarayazılı,
Aşıq Mərdanə Hüseyn, Aşıq Göyçə,
Aşıq Cəmil Qaçağanlı, Aşıq Əhməd
Sadaxlı, Aşıq Nurəddin, Aşıq Bəkir,
Aşıq Əmir, Aşıq Mustafa Təkəli,
Aşıq Əlyar, Aşıq Xanış, Aşıq
Allahyar, Aşıq Gülabı, Aşıq Əşrəf
Qəni. Adlarını çəkdiyim bu saz-söz
adamlarının hamısı onda sağ idilər. Bu səfərimdə
indi dünyasını dəyişmiş ustadların əksəriyyətinə
"Sarıtel" və "Gözəlləmə"
verilişləri həsr etmişdim. Onlar cismən yoxdurlar.
Lakin onların əksəriyyətinin vaxtilə
hazırladığım verilişlərimdə yadigar
ifaları və söhbətləri mənimlədir. Lent
yazılarında qorunan, mənim üçün çox
doğma və müqəddəs olan bu səsləri vaxtilə
Azərbaycan Dövlət Səslər Arxivinə təqdim
etmişəm. Nə qədər Azərbaycan Dövləti, nə
qədər xalqımız mövcuddur bu səslər də
bir tutiyə kimi qorunacaq, bu gün də, gələcəkdə
də alimlərin və mütəxəssislərin tədqiqat
obyektinə çevriləcək. Aşıq Mustafa Təkəlinin
də səsi, şirin söhbəti bu gün tərəfimizdən
yazıya alınmış nümunələr sırasında
əbədi "ömrü"nü yaşamaqdadır.
...Adını
eşitdiyim, haqqında dəyərli məlumatlar əldə
etdiyim Aşıq Mustafa ilə ilk görüşüm 15 iyul
1997-ci ildə onun Təkəli kəndindəki evində
baş tutdu. Neçə gün idi ki, Qaçağan kəndində
Aşıq Cəmilin qonağı idim. O, rəhmətliyin təşəbbüsü
və təkidi ilə onun şəxsi "QAZ-24"-də
bir neçə gün dalbadal kəndlərə gedib
aşıqları "Sarıtel"ə yazırdıq. Bir
axşam Aşıq Cəmilin evində onun özünə
gözəl bir "Sarıtel" hazırladıq. Qərara
gəldim ki, növbəti gün Aşıq Cəmillə
Qasımlı kəndinə gedib Aşıq Nurəddinlə
oğlu Həvəskarı da "Sarıtel"ə yazaq.
Aşıq Cəmil məsləhət bildi ki, Nurəddingilə
sabah yox, bu axşam gedək. Həm də vaxta qənaət edək.
Gecə Aşıq Nurəddini və oğlunu yazıb
qayıdaq. Bir qədər dincəldikdən sonra səhər
Aşıq Nurəddin də, oğlu Həvəskar da gəlsinlər
Qaçağana və birlikdə Təkəli kəndinə -
Aşıq Mustafagilə gedək.
Elə də
oldu. Yağışlı-çovğunlu bir gecədə
Qasımlıya çatdıq. Güclü yağış,
bir yandan şimşək, külək. Güclü küləyin-yağışın
təsirindən elektrik dirəkləri də dözməyib kəndin
çox yerində aşmışdı. Kənd
qaranlığa qərq olmuşdu. Yaxşı ki, özümlə
səsyazan cihaza təzə batareyalar
götürmüşdüm. Bir sözlə, ürəyim istəyən
bir "Sarıtel"imiz alındı. Üstəlik,
ata-balanın (Nurəddinlə Həvəskarın - E.M.)
ifasında 90 dəqiqəlik bir kasset də yazdıq. Çox
gözəl oxudular o axşam. Həmin kasset sonralar əl-əl
gəzdi, çoxları bu ifaların üzünü
köçürüb yayırdılar.
Bakıya
çatanda həmin ifaların əsasında "Gözəlləmə"
proqramı da hazırladım. Hazırda Azərbaycan radiosunun
fondunda qorunur.
...Danışdığımız
kimi, Aşıq Cəmil, Aşıq Nurəddin, Aşıq Həvəskar,
bir də mən gündüz saat 12 radələrində (15
iyul 1997) Aşıq Mustafanın həyətinə daxil olduq.
Ustad üzünü taraş eləyirdi. Bir azdan
üzünü qırxıb, yuyunub, geyinib-kecindi, bizimlə
görüşməyə gəldi. Evdən çıxanda
elə bil bir cəlallı bəy kimi çıxdı.
Başında qaragül aşıq papağı,
üst-baş tərtəmiz, çəkmələri qapqara
şəvə kimi par-par parıldayırdı. İlk dəfə
gördüyüm bu səliqə-sahmanlı insanın belə
görüntüsü məni valeh etdi. Üzümü
Aşıq Cəmilə tutub dedim, ay ustad, Aşıq Mustafa nə
dambat aşıqdır (Borçalıda adətən səliqə-sahmanlı
geyinən adamlara, xüsusən də kişilərə
"dambat" deyirlər - E.M.) dedim. Aşıq Cəmil dedi,
qardaş oğlu, sən bu Mustafanın nəyini görmüsən?
Onun kimi səliqə-sahmanlı aşığı çətin
tapmaq olar.
...Nə
isə, Mustafa əmi xoş təbəssümlə
hamımıza "xoş gəldin" eliyib boynumuza
sarıldı. Üzünü mənə tutub dedi: "Qardaş
oğlu, üzbəüz görüşməsək də səni
yaxşı tanıyıram. Radio verilişlərinə də,
televiziyadakı proqramlarına da baxıram. Çox xoşum gəlir.
Hələ üstəlik kəndinizə də yaxşı bələdəm.
Faxralı ağır eldi, ordan qoçaq kişilər həmişə
çıxıb. Üzünüz ağ olsun, xalqımızın
ölməz sənətini yaşadırsınız". Beləcə,
söhbətə ayaq verdik. Verilişimizi hazırladıq. Həmin
verilişdə Aşıq Nurəddin də, Həvəskar
da, Aşıq Cəmil də öz ifaları və söhbətləri
ilə verilişə bir az da dad qatdılar.
Söhbət
əsnasında mənə məlum oldu ki, Aşıq Mustafa
aşıqlığı ilə yanaşı həm də
gözəl şairdir. Belə aşıqlara
"yaradıcı aşıq" deyirlər. Və
aşığın nəzərinə çatdırdım
ki, ustad, mən həm də sənin əziz oğlun, gözəl
gənc sənətçi Maariflə də dostam. Xahiş
edirəm, bu şeirlərinizi bir yerə cəm eləyib
Maarifə çatdırın, yaxın vaxtlarda bu şeirləri
kitab halında nəşr etdirək. Bu təklifimdən
Aşıq Mustafa çox məmnun oldu və bildirdi ki, belə
bir iş görsəniz, məni çox sevindirərsiniz, həm
də ömrümü uzadarsınız. Ustada necə söz
vermişdim, elə də Bakıya gələn kimi
aşığın oğlu Maariflə
görüşdüm. Söz verdi ki, 10-15 günə
atasının bütün külliyyatını gətirib nəşrə
hazırlamaq üçün mənə təqdim edəcək.
Bir qədər
keçmişdi Maarif Mustafa oğlu mənə çox pərişan
halda zəng edib dedi ki, atasının şeir və dastanlardan
ibarət qovluğu şəxsi avtomobillərindən
oğurlayıblar. Ancaq Maarif söz verdi ki, atasının
poetik yaradıcılığını ciddi-cəhdlə
axtarıb bərpa edəcək. Artıq o vaxtdan illər
keçdi. İllərcə aşığın şeirlərini
gözləmişdim. "Bu gün, sabahlar" çox
uzandı. Aşıq Mustafa öz şeirlər kitabını
görə bilmədi. Kimin günahından, kimin laqeydliyindən?
Bunu deyə bilmərəm. Atalar demiş "ya vəlvələdən,
ya zəlzələdən".
Ancaq
rusların bir deyimi bu məqamda yadıma düşdü, tərcüməsi
belədir: "Heç olmamaqdansa gec olmaq
yaxşıdır".
Nəhayət,
ustad aşığımız Mustafa Təkəlinin şeirləri
sizlərin qarşısındadır, əziz oxucular. Maarif
Mustafa oğlunun axtarıb araya-ərsəyə gətirdiyi
kitabdakı nümunələri sizlərlə üz-üzə
qoyuram".
Aşıq
Qaracan Kərimov: "Aşıq Mustafa 1929-cu ildə Qazax
mahalının Şıxlı kəndində məşhur
Şıxlinskilər ailəsində dünyaya göz
açıb. Hələ Mustafa balaca körpə ikən
atası Qarnet ağa digər qohumları ilə bərabər
1931-ci ildə Şura hökuməti tərəfindən Sibirə
sürgün edilmişdi. Atasız qalan balaca Mustafa çətinliklə
də olsa həddi-buluğa çatana kimi Şıxlıda
yaşamışdı. Sonralar Borçalı mahalının
Təkəli kəndinə köçmüş və
ömrünün sonuna qədər bu kənddə
ömür sürmüşdü. İlk sənət dərsini
hələ balaca ikən atası Qarnet ağadan
almışdı. Anası Sənubər xanımın ən
çox sevdiyi "Dilqəmi" havası
aşığın ifasında xüsusi orijinallıqla səslənərdi.
Əsmər adlı bir qızla ailə quran
aşığın beş oğlu və iki qızı olur.
Çox gənc yaşlarında ölən oğlu Arif (o da
atasının yolunu davam etdirirdi) və qızı Aidənin
ölümü aşığı çox
sarsıtmışdı.
Aşığın
oğlu Arifin vaxtsız vəfatına yazdığı
şeirində, bu faciədən sonra onun bir daha sazı sinəsinə
almayacağını desə də, ancaq yenə təsəllisini
sazdan alacağını görürük:
Bəzən
olur coşub eşqə dalıram,
Təsəllimi
telli sazdan alıram.
Qəmlənəndə
"Yanıq Kərəm" çalıram,
Onda bil
ki, bürüyübdü çən məni.
Aşıq
çox iradəli bir şəxsiyyət idi. Qətiyyəti
çox sevirdi, meydangir sənətkar idi, mən onunla
çox ünsiyyətdə olmuşam. Çox sevdiyi havalar
adətən qəhrəmanlıq havaları idi. Məsələn,
Koroğlunun bütün havaları, "Osmanlı
divanı", "Keşişoğlu", "İrəvan
çuxuru" və sair.
Sənətkar
yaradıcı aşıq idi. Amma hər zaman məclisə
girəndə əvvəlcə ustad sənətkarlardan - Ələsgərdən,
Alıdan, Abbasdan, Şair Nəbidən, Ağacandan və s.
söhbət açardı. Sonra elin çox sevdiyi və
öz yaradıcılığının məhsulu olan "Əsmər
və Mustafa" dastanını danışardı.
Yaxşı
yadımdadı, 1963-cü ilin 1 may günündə mən
aşığın böyük oğlu Qasımla (o vaxt
ikimiz də 8-ci sinifdə oxuyurduq) onlara getdik. Aşıq
çalıb-oxuyurdu. Bizi görcək dedi ki, gəlin qulaq
asın, yeni şeir yazmışam. O vaxtdan bu şeir mənim
yaddaşımdadır:
... Qəmlər
çəkən Mustafadı,
Səndən
kam alıb doymadı.
Günahkar
fələk qoymadı,
Qovuşmağa,
a ceyranım.
Hazırda
bəzi aşıqlar və müğənnilər tərəfindən
bu şeirə edilən dəyişikliklərə baxmayaraq,
ustadın dilindən çıxan orijinal variantını mən
təqdim etdim.
Aşıq gənc yaşlarında Borçalı mahalının Təkəli kəndinə köçüb və orada məskunlaşıb. Elin hörmətini qazanan aşıq Mustafa qısa müddət ərzində nəinki Təkəlinin, bütün Borçalı və Qazax mahalında sayılan sənətkarlar sırasında özünə möhkəm yer tutmuşdu. Hazırda Aşıq Mustafanın oğlanlarının dördü və iki nəvəsi ustadın sənətini davam etdirirlər. Təəssüf ki, aşığın yazdığı şeirlərin çox hissəsi itib, tam qorunub saxlanmayıb. Aşıq Mustafa 2003-cü ildə yaşadığı Təkəli kəndində vəfat edib".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 23 aprel.- S.14.