Sovet Rusiyası
Azərbaycanı necə işğal etdi?
İkinci yazı
70 il sovet imperiyası işğalı altında
saxladığı bütün dövlətlərin
xalqlarına, o cümlədən Azərbaycan xalqına öz
tarixini öyrənmək və həqiqətləri olduğu
kimi bilmək fürsətini tanımadı. Artıq
müstəqil dövlətin vətəndaşlarıyıq
və tariximizi öyrənirik. Və
öyrəndikcə də başımıza gətirilən
oyunları görürük. Əsas odur
tariximizdən ibrət dərsi götürək və
Rusiyanın növbəti imperiya oyunlarının
qurbanlarına çevrilməyək.
BAXCP-nin
elm və təhsil məsələləri üzrə katibi,
tarix üzrə fəlsəfə elmləri doktoru Vaqif
Abışovla birgə tariximizə yenidən nəzər
salırıq...
Tarixçi
alimin sözlərinə görə, Bakıda baş
vermiş hadisələr, buradakı siyasi, iqtisadi və hərbi
vəziyyət haqqında Leninə vaxtaşırı məlumat
verilirdi:"Verilən məlumatlarda qeyd olunur ki, 28 aprelə
keçən gecə Azərbaycan kommunistlərinin inqilab komitəsi
hökumətdən hakimiyyəti kommunistlərə təhvil
verilməsini tələb etməsi xəbərini alandan sonra
bizim ordu aprelin 26-da Azərbaycanın sərhədlərini
keçdi (Kommunistlərin inqilab komitəsi deyəndə, Azərbaycan
Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi
nəzərdə tutulur). "Azərbaycan Kommunist
Partiyasının tarixi oçerkləri" kitabında isə
göstrilir ki, guya 1920-ci il aprelin 28-də
Azərbaycan inqilabi komitəsi Rusiya hökumətinə
teleqram vuraraq bildirirdi: "Öz qüvvələrinmizlə
daxili və xarici əksinqilabi quldur birləşmələrinin
güclü hücumunun qarşısını almaq
imkanına malik olmadığımızdan təklif edirik ki,
qardaşlıq ittifaqına girək və Qırmızı
Ordu dəstələrini göndərmək yolu ilə təcili
real köməklik göstərəsiniz".
4 may
teleqramında isə deyilirdi: "Hakimiyyəti kommunistlərə
təhvil verdikdən iki saat sonra piyada batalyonu olan zirehli qatar Bakıda
idi. Ertəsi günü bizim süvari və
ordu qərargahı gəldi (11-ci ordu nəzərdə
tutulur)".
Sonra
teleqramda əhalinin böyük ruh yüksəkliyindən bəhs
olunur:"Hətta, bu ruh yüksəkliyi Peterburqda oktyabr
inqilabı ilə eyniləşdirilirdi. Yalnız
bir fərq göstərilirdi ki, burada heç bir toqquşma
baş verməyib. Sənaye, ticarət
donanmasına tamamilə toxunulmayıb. Neft
məhsulları ehtiyatı 300 milyon puddan çoxdur. Aylıq istehsal 20 milyon puddur. Hələlik,
Həştərxana yarım milyon pud neft yola salınıb.
İxracatın həcmi Həştərxandan
asılı olacaq. Azərbaycan sərhədlərində
hərbi əməliyyatların dayandırılması ilə
bağlı Ermənistan hökumətinə xəbərdarlıq
haqqında müzakirələr sevinclə
qarşılandı"...
Q.K.Orconikidze
və S.M.Kirov daha sonra məlumat verirdi: "Yaxın vaxtlarda
Azərbaycanda baş verənlər Gürcüstanla da olacaq. Gürcüstanla heç bir danışıq
aparmayın. Sizin Azərbaycanı təbrik
etməyiniz və onun ümumi formada tanınması
vacibdir". 1920-ci il mayın 5-də
Leninin Xalq Komissarları Soveti adından Azərbaycan Sovet
hökumətinə göndərdiyi teleqramda deyilirdi: "Xalq
Komissarları Soveti müstəqil Azərbaycan
respublikasının zəhmətkeş kütlələrinin
azad edilməsini təbrik edir".
Orconikidze
və Kirovun məlumatında daha sonra qeyd olunur: "Azərbaycanın
sovet Rusiyası ilə hərbi, təsərrüfat və iqtisadi
birləşməsini həyata keçirəcəyik. Təcrübə bizə, bütün Qafqazda, eləcədə
başqa yerlərdə Xalq Komissarları Sovetinin adından səlahiyyət
vermənizi tələb edir. Təcili radio
ilə, yaxud kimləsə göndərməklə, bizi bu səlahiyyətlə
təmin edin. Nərimanova belə səlahiyyətlər
verməyin (buradan göründüyü kimi, əgər əvvəllər
Orconikidze və Kirov Nərimanovu təcili Bakıya göndərməyi
xahiş edirdilərsə, indi artıq onun Bakıya gəlişini
istəmirdilər, səbəb isə, onun nüfuzundan və
onların hər ikisinin pərdəarxası oyunlarının
Nərimanov tərəfindən ifşa olunacağından
qorxmaları idi - A.V.)"".
Vaqif
Abışov deyir ki, Orconikidzenin Bakıdan V.İ.Leninə və
İ.V.Stalinə 1920-ci il 12 dekabr tarixli
teleqramında isə Gürcüstandakı vəziyyətlə,
o cümlədən Dağıstanla bağlı məlumat
verilir:"Burada Azərbaycanla bağlı bir neçə
cümlə diqqəti cəlb edir. Teleqramda deyilirdi: "Hər
şeyi elə qurmaq lazımdır ki, bizim tərəfdən
üsyanın yatırılması müsəlmanlar
arasında səs-küyə səbəb olmasın və
kamalçıları (Mustafa Kamal Atatürk hökumətinə
işarədir) bizdən çəkindirməsin".
Burada söhbət, 1920-ci ilin mayında Gəncədə
antisovet üsyanından gedir. Onun təşkilində
türk zabitləri iştirak edir. Üsyançıların
böyük bir hissəsi müsəlmanlardan ibarət idi.
Üsyanın qəddarlıqla
yatırılması məsələsi Türkiyə
Böyük Millət Məclisində geniş müzakirə
olunur".
BAXCP
yetkilisi bildirir ki, sonra Gürcüstanın da sovetləşdirilməsi
məsələsini işləyib hazırlamaq
planlaşdırılır:"1920-ci ilin aprelin ortalarında
Gürcüstanda hakimiyyətə qarşı yerli kommunistlər
tərəfindən təşkil olunmuş üsyan məğlubiyyətlə
başa çatır. Gürcü hökuməti
üsyanı yatırır. Onun
iştirakçılarının bir çoxu həbsxanaya
salınır. Orconikidze 1920-ci il
aprelin 23-də gürcü kommunistələrinin həbsi
haqqında Lenin və Çiçerinə teleqrafla xəbər
verir. (Buradan aydın olur ki, Azərbaycanı
işğal etməzdən əvvəl Sovet Rusiyası
Gürcüstanı işğal etmək fikirində olub.
Lakin Gürcü hökumətinin qəti
addımı bunun qarşısını alır-V.A.).
Q.V.Çiçerinin
Q.K.Orconikidzeyə 1920-ci il 19 iyun tarixli
teleqramı diqqəti cəlb edir. Teleqramda bildirilirdi:
"Qarabağ, Zəngəzur, Şuşa, Naxçıvan,
Culfa nə Ermənistana, nə də Azərbaycana birləşdirilməməli,
yerli sovetlər yaratmaqla Rusiyanın hakimiyyəti altında
qalmalıdır. Əks təqdirdə başqa
qərarlar, ümumi vəziyyətin tələb etdiyi sülh
siyasətimizi poza bilər (Burada söhbət mübahisəli
ərazilər haqqında gedir-V.A.). Orconikidze 1920-ci il mayın 22-də Leninə, Stalinə və
Çiçerinə göndərdiyi teleqramında
yazırdı: Mənə elə gəlir ki, Şuşa,
Naxçıvan, Ordubad və Culfa ermənilər tərəfindən
heç bir müqavimətə rast gəlmədən
işğal olunmalıdır".
Vaqif
Abışovun sözlərinə görə, buna baxmayaraq
mübahisəli ərazilər məsələsi erməni
hökumətinin nümayəndələrilə (Azərbaycanın
iştirakı olmadan) Moskvada həll olunurdu:" Siyasi büro
"rus ordusunun köməyi ilə təcili sovetləşdirmə
təşəbbüsünü öz üzərinə
götürməməyi və Ermənistan hökuməti ilə
danışıqları davam etdirmək qərarını
vermişdi.
Q.V.Çiçerin
RK(b)P MK Siyasi bürosuna 22 iyun 1920-ci il
tarixli məktubunda RK(b)P MK SB-yə məlumat verərək
bildirirdi ki, Bakıdakı yoldaşlar intizamsızlıq edirlər
(Çiçerin Bakı yoldaşları deyəndə əsasən
Orconikidzeni, Kirovu, Leqran və başqalarını nəzərdə
tuturdu. - V.A). Onların siyasi
xətdən kənara çıxmaları MK tərəfindən
müəyyənləşdirilərək qərar
çıxarılmalıdır. O, həmin şəxslərin
cilovlanması üçün ölçü
götürülməsini tələb edirdi. Çiçerin
təklif edir ki, mərkəzdən buraya Qafqaz
qruplaşmasına daxil olmayan nüfuzlu yoldaşlar təyin
olunsun. Həmin şəxslərə Xalq
Komissarları Soveti səlahiyyət versin. Bu
məktubda Gürcüstan və Ermənistanla münasibətlərdə
daha ehtiyatlı olmaları haqqında fikirlər əsas yeri
tuturdu.
Çiçerin sovet qoşunları tərəfindən
ələ keçirilməsi nəzərdə tutulan
mübahisəli ərazilərin Azərbaycana birləşdirilməsinin
mümkün olmadığını qeyd edir. Belə bir
addım atılarsa, onda Ermənistanla razılaşmanı
qeyri-mümkün edəcəkdir (söhbət Qarabağ, Zəngəzur
qəzası, Naxçıvan, Culfa, Şərur, Dərələyəz
qəzalarından gedir)".
BAXCP
yetkilisi deyir ki, ilk vaxtlar Moskva Azərbaycanla
hesablaşırdı:"Cənubi Qafqazda hər hansı bir
tədbir keçirmək istəsəydi, onda Azərbaycanın
mövqeyini nəzərə alırdı. Lakin
sonrakı mərhələdə, yəni Azərbaycanda sovet
hakimiyyəti möhkəmləndikcə Azərbaycanın
hakimiyyət orqanlarının fikirləri daha nəzərə
alınmırdı.
Q.K.Orconikidze
V.İ.Leninə, Q.V.Çiçerinə, İ.V.Stalinə
göndərdiyi 16 iyul 1920-ci il
teleqramında (teleqram 16 iyul 1920-ci ildə Bakıdan vurulub) belə
hesab edir ki, Çiçerinin dəvəti ilə Azərbaycan
nümayəndə heyəti gələnə qədər Ermənistanla
sülh bağlamağı gözləmək vacibdir".
Vaqif bəyin
sözlərinə görə, burada söhbət Azərbaycan
və Ermənistan sərhədlərindəki vəziyyətin
tənzimlənməsi ilə əlaqədar RSFSR və Ermənistan
arasında danışıqlar haqqında gedir:"Sonra
Orconikidzenin teleqramında deyilirdi: "Azərbaycanın
iştirakı olmadan Ermənistanla sülH baĞlanması
buradakı yoldaşları çox əsəbləşdirir.
Naxçıvan rayonunda ermənilər və
tatarlar arasında qırğınlar qaçılmazdır.
Bundan qaçmaq üçün yalnız bizim
irəliyə doğru hərəkətimiz və
Naxçıvan rayonunun işğalı ilə
mümkündür".
Stalin
Orconikidzeyə göndərdiyi 1920-ci il 8
iyul tarixli teleqramında isə yazırdı: "Mənim
fikirim belədir ki, tərəflər arasında uzun müddət
manevr etmək olmaz. Tərəflərdən
birini qəti surətdə müdafiə etmək
lazımdır. Hazırki vaxtda, əlbəttə,
Türkiyə ilə Azərbaycanı müdafiə etmək
lazımdır. Mən Leninlə
danışmışam, o, etiraz etmir".
Orconikidze Azərbaycana xüsusi önəm verirdi. Ona, Bakıda
qalıb Azərbaycan inqilab komitəsinin siyasi rəhbərliyini
öz üzərinə götürməsi göstərişi
verilmişdi. Bu dövrdə (yəni
1920-ci ilin noyabr ayı) Türkiyə hökuməti Ermənistana
sovet qoşunlarının yeridilməsi və burada sovet
hökumətinin qurulmasını istəyirdi. Bununla da Türkiyə sərhədini möhkəmlətmək
fikirində idi. Çünki Sevr
müqaviləsi ilə Türkiyənin bir hissəsi faktiki
olaraq Qərb dövlətləri tərəfindən
işğal olunmuşdu. Ona görə də
bir cəbhədə müharibə apamaq üçün Ermənistanla
müharibəyə birdəfəlik son qoymaq istəyirdi".
Vaqif
Abışov Q.K.Orconikidzenin RK(b)p MK-ya,
V.İ.Leninə, L.D.Trotskiyə, İ.V.Stalinə 1921-ci il 6
fevral tarixli teleqramında, Bakı ilə bağlı verilən
məlumata diqqət çəkir:" Həmin teleqramda
bildirilirdi ki, yazın gəlişinin yaxınlaşması ilə
Qafqazda vəziyyət daha da gərgin olacaqdır. Teleqramda göstərilirdi ki, əhalinin
dolanışığı ağır olaraq qalır. Ağır at-araba mükəlləfiyyətləri
kəndlilərin əkin sahələrini səpmək
imkanlarından məhrum edir. Ona görə
mülkədar torpaqları haqqında bütün bizim danışıqlarımız
boş söhbət olaraq qalır. Kəndlilər
nəinki mülkədar torpaqlarını, hətta öz bir
parça torpağını belə şumlamaq imkanından məhrumdur".
Vaqif bəy
vurğulayır ki, yuxarıda bolşevik
yazışmalarında qeyd olunan, ayrı-ayrı bölgələrdə
baş vermiş sosial-iqtisadi və siyasi hadisələr
haqqında rabitəsiz məlumatlar verilsədə, hər
halda, ilkin mənbə kimi olduqca maraqlıdır:"Eyni
zamanda, bu məlumatların qiyməti ondadır ki, onlar
subyektiv, siyasi və partiya mövqeyi xarakteri
daşımasına baxmayaraq, Azərbaycanın XX əsr tarixi
ilə bağlı ilkin mənbə xarakteri
daşıyır.
Beləliklə,
kiçik bir məqalə vasitəsilə XX əsrin
yalnız 1920-1921-ci illərinə az da olsa
nəzər yetirə bildik. Bu zaman nələri
müşahidə etdik?
1.1920-ci il aprelin 28-də Şimali Azərbaycanda Sovet
hakimiyyətinin qurulması və möhkəmləndirilməsi
üçün sovet - rus ordusu Azərbaycanı işğal
etdi.
2.Azərbaycanın təbii sərvətləri-neft və s. məhsulları
təmənnasız olaraq Rusiya sovet imperiyasının
ümumi malı hesab olundu.
3.Azərbaycanın idarə olunması və ərazi
bütövlüyü məsələsi Sovet hökumətinin
nəzarəti altında həll edilməsi nəzərdə
tutulurdu və s.
Arzu Şirinova
Xalq cəbhəsi.- 2014.- 24 aprel.-
S. 8.