Çağdaş
türkologiyamızın qarşısında duran vəzifələr
Türkiyə türkcəsi də,
Azərbaycan türkcəsi də, digər türkcələr
də bir kökə bağlıdır
I yazı
I
Türkoloji qurultay işini 1926-cı il
fevralın 26-da başlayıb və martın 6-na kimi davam
etdirib. Qurultay Bakı şəhərində
çağırılıb. Türk
xalqlarının tarixində ictimai-siyasi əhəmiyyət
daşıyan toplantıya kimi türk xalqlarının
keçmişi və gələcəyi ilə bağlı ən
vacib məsələləri müzakirə obyektinə
çevirən belə bir qurultay olmayıb. Qurultay
dünya mədəniyyəti tarixində türk
xalqlarının da payının az
olmadığını bir daha sübuta yetirdi. Eyni
zamanda türkoloqların və geniş ictimaiyyətin diqqətini
cəlb etdi.
I Türkoloji qurultayın proqramı, orada müzakirə
olunan gündəlik məsələlər hazırda da
türkologiyamızın qarşısında duran ən vacib məsələlərdir. Bu mənada
qurultayda müzakirə olunan mühüm məsələlərdən
bəzilərinin çağdaş türkologiyamız
üçün də aktual olduğunu nəzərdən
keçirək.
Türk
xalqlarının tarixinin öyrənilməsinin vəziyyəti
Türk xalqlarının tarixinin öyrənilməsinin
hazırkı vəziyyəti ilə bağlı akademik
V.V.Bartoldun məruzəsi dinlənilmiş və bu məruzə
əsasında qətnamə qəbul edilmişdi. Qətnamədə
qeyd edilirdi ki, türk xalqlarının yazılı abidələrinə
ciddi şəkildə fikir vermək lazımdır. Yazılı abidələrin siyahısı
tutulmalı və onlar qorunmalıdır. Hətta
onlardan ən iriləri qoruq yeri elan olunmalıdır. Müqayisə üçün təkcə onu qeyd
etmək kifayətdir ki, indi Ermənistan adlanan ərazidə
Azərbaycan türklərinə aid yazılı abidələr
ermənilər tərəfindən məhv edildi,
dağıdıldı. Məsələn,
Cücəkənd yazılı abidələri, Nüvədi
yazılı abidələri və s. Hələ gizli qalan,
aşkarlanmamış neçə-neçə yazılı
abidələrimiz ermənilərin əlindədir, daha
doğrusu, işğalı altındadır.
I Türkoloji qurultayda türk xalqlarının tarixini
öyrənməklə bağlı qəbul olunmuş qətnamədə
monoqrafik tədqiqatları gücləndirməyin
lazımlı olduğu da nəzərə
alınmışdı. Çağdaş
türkologiyamızın qarşısında da monoqrafik tədqiqatlara
xüsusi diqqət yetirmək kimi vacib tələblər durur.
Hər bir xalq öz tarixini, tarixi, mədəni
irsini bilməlidir və buna borcludur. Hazırda
bütün dünyada insan təfəkkürü inkişaf
edir, elmin, texnikanın tərəqqisi baş verir. Ancaq bu qloballaşmada xalqlar öz milli irsini qoruyub
saxlamalıdır. Bütün türkdilli
ölkələrdə ümumi türk tarixinin, mədəniyyətinin
tədrisi həyata keçirilməlidir. Bunun
üçün hər şeydən əvvəl, türk
xalqlarının tarixi yazılmalıdır. Bu iş
ayrı-ayrı tarixçilərin fərdi fəaliyyət
dairəsinə çevrilməməlidir. Əksinə,
tanınmış tarixçilərin birgə fəaliyyəti
ilə, koordinasiya olunmaları ilə, koordinasiya
şurasının nəzarəti ilə həyata
keçirilməlidir. Fakt ondan ibarətdir
ki, türk xalqlarının tarixini öyrənən
tarixçilərin koordinasiyası yoxdur. Bu
isə ümumi məqsədin, amalın nədən ibarət
olması işinə böyük əngəl törədir.
I Türkoloji qurultayda qəbul olunmuş qətnamədə
qeyd olunurdu ki, türk xalqlarının tarixinə dair ən
vacib mənbələrin çapına ardıcıl surətdə
başlamaq lazımdır. Hələ də bu məsələlər
öz həllini gözləməkdədir. Çap olunmamış arxiv materiallarının
türk xalqlarının dilinə tərcümə edilərək
çap olunması olduqca vacibdir. Türk
xalqları ilə bağlı müxtəlif salnamələr
toplanmalı və çap olunmalıdır. Hələ də türk xalqlarının tarixinə
dair rus və xarici alimlərin ən vacib işləri türk
dillərinə tərcümə olunmayıb.
II.
Türk xalqlarının etnoqrafiyasının öyrənilməsinin
hazırkı vəziyyəti və yaxın vəzifələri
Bu mövzuda I Türkoloji qurultayda S.İ.Rudenkonun
"Türk tayfalarının etnoqrafiyasının öyrənilməsinin
hazırkı vəziyyəti və yaxın vəzifələri",
Y.Messaroşun "Balkan türklərinin etnoqrafiyasının
öyrənilməsinin hazırkı vəziyyəti və
yaxın vəzifələri", Q.T.Çursinin "Qafqaz
türklərinin etnoqrafiyasının öyrənilməsinin
yaxın vəzifələri" məruzələri geniş
müzakirələrə səbəb olmuşdu. Bu müzakirələrin
nəticəsi olaraq qəbul olunmuş qətnamələr
hazırda da böyük əhəmiyyət kəsb edir.
Onlardan hansılarının çağdaş
türkologiyamızın qarşısında duran vəzifələr
olduğunu əsas götürərək nəzərdən
keçirək:
a) türk xalqlarının tayfa tərkiblərinin
dəqiq hesaba alınmasının böyük əhəmiyyəti
var.
b)
ayrı-ayrı türk respublikalarında və türk
xalqlarının yaşadığı ərazilərdə ətraflı
tayfa xəritəsinin yaradılması son dərəcə
vacib bir işdir.
c) türk xalqlarına aid olanları öyrənmək
üçün türklərin mərkəzi mədəniyyət
muzeyinin yaradılmasına ehtiyac var. Həmin muzeyin türk
xalqlarının yaşadığı respublikalarda və ərazilərdə
şöbələrinin yaradılmasının da xüsusi əhəmiyyəti
var.
ç) türk xalqlarının məişətinin,
adət-ənənəsinin, folklorunun, şifahi xalq ədəbiyyatının,
dialekt xüsusiyyətlərinin hərtərəfli öyrənilməsi
əhəmiyyətli bir məsələdir. Qeyd etmək yerinə düşər ki, bu gün
türk xalqları qarşısında böyük tarixi
imkanlar açılıb. Bundan yetərincə
bəhrələnməliyik. Birliyimizi gələcək
nəsillərə şərəflə ötürməliyik.
Bu gün türk dünyasının
özünün də maraq dairəsindədir ki, türk
xalqları arasında sosial, iqtisadi, mədəni əlaqələr
daha da gücləndirilsin.
III.
Türk dillərinin öz aralarında və monqol, tunquz,
fin-uqor, yafəs dilləri ilə qohumluq əlaqələri
I Türkoloji qurultayda B.Çobanzadənin "Türk ləhcələrinin
yaxın qohumluğu", N.N.Poppenin "Türk dillərinin
altay dilləri ilə qohumluq əlaqələrinin tarixi və
müasir vəziyyəti", A.Qenkonun "Türk dillərinin
yafəs dilləri ilə əlaqələri" məruzələri
geniş müzakirə obyekti olub. Qəbul olunmuş qətnamələr
çağdaş türkologiyamızın
qarşısında duran ən vacib məsələlərdən
hesab oluna bilər. Onların bəzilərinə diqqətimizi
yönəldək:
a)
ayrı-ayrı türk dillərini, dialekt və şivələrini
dərindən, hərtərəfli öyrənmək,
toplanmış dil materiallarını çap etmək,
ayrı-ayrı elmi qrammatikaların və lüğətlərin
tərtib olunmasını təşkil etmək. Bu məsələ həmişə
türkoloqların diqqət mərkəzində olub, indi isə
aktual olmaqla yanaşı, həlli istiqamətində xeyli
geniş imkanlar yaranıb. Bu imkanların ən
başlıcası ondan ibarətdir ki, Sovet imperiyası
dağıldıqdan sonra beş müstəqil
türkdilli dövlət yarandı: Azərbaycan, Türkmənistan,
Qırğızıstan, Özbəkistan, Qazaxıstan.
İndi Birləşmiş Millətlər Təşkilatında
altı türk dövləti təmsil olunur: Türkiyə, Azərbaycan,
Türkmənistan, Qırğızıstan, Özbəkistan,
Qazaxıstan. Bundan başqa, Rusiya Federasiyasında əhalisinin
əksəriyyətini türkdilli xalqlar təşkil edən
muxtar qurumlar yaranıb: Tatarıstan, Başqırdıstan,
Çuvaşiya, Saxa, Tuva, Qaraçay-Çərkəz. Bu
muxtar qurumların ərazisi 8,2 milyon kvadrat kilometrdir, əhalisinin
sayı isə 126 milyondur. Eyni zamanda türk
respublikalarına Qərb (Avropa və ABŞ), Şərq
(Yaponiya və Çin), Qafqazda təsir gücünə malik
olan Rusiya böyük maraq göstərir. Bütün
bunlar imkan yaradır ki, türk dilləri, dialektləri,
şivələri, dərindən öyrənilsin, elmi
qrammatika kitabları, lüğətlər yazılsın.
Bu işə türkoloqların birgə qoşulması
türk xalqları arasında əlaqələrin fəallaşmasına,
problemlərimizin həllinə yardımçı ola bilər.
b)
müqayisəli-tarixi qrammatika kitablarının
yazılması müqayisəli etimoloji lüğətlərin
hazırlanmasına, türk dillərinin və dialektlərinin
təsnifi ilə əlaqəli işlərin görülməsinə
diqqəti artırmaq lazımdır. Bu gün
ayrı-ayrı türk dillərinin müqayisəli
qrammatikasının, eləcə də ikidilli,
üçdilli, dörddilli lüğətlərinin
çapına ehtiyac var.
c) türk dillərinin altay, fin-uqor dilləri və
yafəs nəzəriyyəsi ilə əlaqəsi barədə
araşdırmaları davam etdirmək bu gün
türkologiyamız üçün daha geniş imkanlar
açıb. Birincisi, ona görə ki, türk respublikaları
və muxtar qurumları yaranıb, ikincisi isə Türk
Dünyası təkcə türk xalqlarının özlərinin
deyil, həm də Qərbin, Şərqin, bir sözlə,
dünyanın marağındadır.
IV.
Orfoqrafiyanın ümumi əsasları
I Türkoloji qurultayda orfoqrafiya ilə bağlı
L.V.Şerbanın "Orfoqrafiyanın əsas prinsipləri və
onların ictimai mahiyyəti", L.İ.Jirkovun,
Q.İbrahimovun, Ş.Raximinin, A.B.Baytursunun məruzələri
dinlənilib.
Məruzələrin müzakirəsindən sonra qəbul
olunmuş çağdaş türkologiyamız
üçün də aktual olan bəzi qətnamələrə
diqqət yetirək:
a) mədəni dillərdə düzgün yazmaq
üçün dörd elmi prinsipdən istifadə olunur:
fonetik, morfoloji, etimoloji, tarixi-ənənəvi prinsiplər.
b) latın əlifbası orfoqrafiyanı tənzimləmək
üçün daha əlverişli şərait yaradır.
Hazırda türk xalqlarının hamısı latın qrafikalı əlifbadan istifadə
etmir. Deməli, türk xalqlarının hamısının latın qrafikalı əlifbaya keçməsi
olduqca vacibdir. Ona görə ki, səmərəli surətdə
düzgün yazmaq, vahid fonetik transkripsiyaları təşkil
etmək üçün latın əlifbası
mühüm rol oynayır.
V.
Dilçilik və texnika baxımından əlifba
yaradılmasının əsasları
I
Türkoloji qurultayda bu mövzuda N.Tyuryakulovun, U.Aliyevin,
B.Berdiyevin məruzələri dinlənilib və qətnamə
qəbul olunub:
a) latın qrafikalı əlifba texniki cəhətdən
ərəb əlifbasından mükəmməldir. Türk
xalqlarının hər biri latın
qrafikalı əlifbanı həyata keçirmək işini fəallaşdırmalıdır.
Açığı deyək ki, bu istiqamətdə Türkiyəni
və Azərbaycanı çıxmaqla yerdə qalan türk
respublikaları və muxtar qurumları latın
əlifbasının mütərəqqi mahiyyətinə
nüfuz edə bilməmişlər. Halbuki ortaq
əlifbanın yaradılması ilə bağlı
düşünməli, daşınmalı və ortaq fikrə
gəlinməlidir. Türkiyə türkcəsi
də, Azərbaycan türkcəsi də, digər türkcələr
də bir kökə bağlıdır. Amma
eyni kökdən olan bu dillərin də sabitləşmiş fərqli
özəllikləri var. Günün tələbi, zamanın
istəyidir ki, bu dillər bir-birinə daha yaxın olsun, daha
artıq ortaqlaşsın. Elə olsun ki,
aralarındakı ən uzaq məsafələrə baxmayaraq,
bu dildə danışanların hər biri digər
qardaşının dilində çap olunmuş qəzeti,
kitabı oxuyarkən rahat başa düşsün. Bunu o zaman etmək mümkündür ki, vahid əlifbadan-latın
qrafikalı əlifbadan hər bir türk xalqı istifadə
etsin.
b) latın qrafikalı əlifbanın həyata
keçirilməsi ilə bağlı görülmüş
müsbət işlər sırasında Türkiyənin, Azərbaycanın
təcrübəsindən istifadə etmək lazımdır.
Buludxan Xəlilov,
Professor
Xalqcəbhəsi.-2014.-1 avqust.-S.14.