Çağdaş türkologiyamızın qarşısında duran vəzifələr

Türk Dünyasını təkcə ortaq dəyərlər deyil, həm də ortaq problemlər birləşdirir

 

II yazı

 

VI. Türk xalqlarının əlifbası

 

Türk xalqları tarix boyu müxtəlif əlifbalardan istifadə ediblər. Orxon-Yenisey, uyğur, soğdi, tibet, çin, mani, brahmi, ərəb, passepa, latın, yunan, kirill və s.

I Türkoloji qurultay türk xalqlarının latın qrafikalı əlifbaya keçmələrini qətiləşdirmişdi. Latın qrafikalı əlifbaya keçən zaman Əlifba Komitəsi xeyli iş aparmışdı. Əlifba komitəsinin 1927-1930-cu illərdə dörd plenumu keçirilmişdi. Birinci plenum 1927-ci ilin iyun ayında (3-7 iyun) Bakı şəhərində, ikinci plenum 1928-ci ilin yanvar ayında (7-12 yanvar) Daşkənddə, üçüncü plenum 1928-ci ildə dekabr ayında (18-23 dekabr) Kazan şəhərində, dördüncü plenum 1930-cu ilin may ayında (6-13 may) Alma-Ata şəhərində olmuşdu. Hazırda latın qrafikalı əlifbanın türk xalqlarının hamısı tərəfindən həyata keçirilməsi üçün belə plenumların keçirilməsinə ehtiyac var.

 

VII. Elmi terminlər sistemi

 

I Türkoloji qurultayda A.R.Zifeldtinin "Türk dillərində elmi terminologiyanın formalaşmasının prinsipləri", B.Çobanzadənin "Elmi terminologiyanın əsasları", H.Zeynallının "Türk dillərində elmi terminologiyanın nəzəri əsasları", X.O.Odabaşın "Türk dillərində terminologiya", A.B.Baytursunun "Qazax dilinin terminologiyasının prinsipləri" məruzələri dinlənilib. Qəbul olunmuş qətnamə çağdaş türkologiyamız üçün də aktualdır:

a) tez-tez təsadüf olunan və mənası aydın olan terminləri qəbul etmək lazımdır.

b) türk dillərinin qrammatikasına tabe olmuş ərəb-fars mənşəli terminləri qəbul etmək lazımdır.

c) Avropa mənşəli terminlər türk dillərinin təbiətinə uyğun artikulyasiya edilməli və qəbul olunmalıdır.

ç) mənası çətin mənimsənilən terminlərdən qaçmaq lazımdır.

d) hər bir respublikada daimi terminologiya komissiyası yaradılmalıdır. Terminologiya komissiyası sahəsində Azərbaycanın təcrübəsi var. Bu komissiyanın müəyyən dərəcədə xidmətləri də mövcuddur. Terminoloji komissiya terminlər lüğətinin yaradılmasında müəyyən işlər də görüb. Bu işləri koordinasiya etməklə türk dilləri üçün vahid elmi terminlər lüğəti hazırlamaq mümkündür.

 

VIII. Türk xalqlarında ədəbi dilin inkişafı

 

I Türkoloji qurultayda M.Köprülüzadənin "Türk xalqlarının ədəbi dilinin inkişafı" adlı məruzəsi müzakirə olunub. Bu gün türkdilli respublikalarda mövcud olan dillərin hər biri ədəbi dil səviyyəsində işlənir. Türk xalqlarını birləşdirən tellər onların tarixidir, yaratdıqları ənənələrdir, mədəniyyətdir, dildir, kök və etnik mənsubiyyət birliyidir.

Dil türk xalqlarını birləşdirən ən incə və vacib teldir. Türk xalqları arasında olan dil əlaqələri zamanı aşağıdakılara xüsusi önəm verilməlidir:

a) türk xalqlarının əminlik və tərəqqi içində olmaları üçün müstəqil türk dövlətləri bir-biri ilə işlətdikləri ədəbi dil vasitəsilə əlaqə qurmalıdırlar.

b) Rusiya Federasiyasının Tatarıstan, Altay, Dağıstan, Başqırdıstan, Çuvaş, Kabardin-Balkar, Karaçay-Çərkəz respublikalarında və digər yerlərdə yaşayan türk qardaş və bacılarımızla ünsiyyət qurmalıyıq. Bununla da aramızdakı uzaqlıq götürülə bilər.

c) türk xalqlarının ədəbi dili ortaq dil məsələsi barədə də düşüncələri üzə çıxarır. Ortaq dil istər-istəməz ortaq tarixin, mədəniyyətin, ədəbiyyatın öyrənilməsinə dərin maraq yaradacaq. Artıq bunun işartılarını indi də görmək mümkündür. Türk xalqları sonsuz bir maraqla Nizami Gəncəvini, Mövlanə Cəlaləddin Rumini, Rəşad Nuri Güntəkini, Çingiz Aytmatovu, Bəxtiyar Vahabzadəni və başqalarını oxuyub öyrənirlər.

ç) ingiliscə, fransızca, almanca, ispanca danışanlar eyni dil vasitəsilə bir araya gəlirlər. Bu gün dünyanın qəbul etdiyi beynəlxalq dillər var. Elə onu da demək yerinə düşər ki, türkdilli dövlətlər də öz birliyini və beynəlxalq səviyyədə xalqlarımızın mənafeyini qorumaq üçün ortaq türk dilinin yaradılması istiqamətində çalışmalıdırlar. Biz ortaq türk dilinə yiyələnməklə xalqımızın inkişafına, bölgələrimizin rifahına xidmət etmiş olacağıq.

 

IX. Türk xalqları arasında ölkəşünaslıq işləri

 

I Türkoloji qurultayda S.F.Oldenburqun "Türk xalqları arasında ölkəşünaslıq işlərinin metodları" məruzəsi müzakirə obyekti olub. Qəbul olunmuş qətnamə hər bir zaman, o cümlədən indi də aktuallığını qoruyub saxlayır. Belə ki, ölkəşünaslıq türkologiyanın işi üçün yeganə böyük və etibarlı mədəniyyət bazasıdır. Ölkəşünaslığın təşkili köylərdən (kəndlərdən) başlayaraq kiçik özəklərdən təşkil olunmalı, sonra hər bir türkdilli respublikada mərkəzləşməlidir. Ölkəşünaslıq məsələsinə aid nə varsa, onların hər birinin kartotekası olmalıdır. Hazırda ölkəşünaslıqla bağlı hər bir türkdilli respublikada kartotekaların yaranmasına böyük ehtiyac var.

 

X. Türk xalqlarının son zamanlarda mədəni nailiyyətləri

 

I Türkoloji qurultayda M.P.Pavloviçin "Türk-tatar xalqlarının Oktyabr inqilabından sonra mədəni nailiyyətləri" məruzəsi dinlənilmişdi. Nəzərə alsaq ki, artıq dünyanın mənzərəsi dəyişib və konkret türk xalqlarından söhbət gedirsə, onların müstəqil respublikaları, dilləri, ədəbiyyatları, mədəniyyətləri var. Ən böyük nailiyyət türkdilli dövlətlərin dünya dövlətləri sırasında yaşaması, fəaliyyət göstərməsidir. Türk xalqlarının həyatındakı mədəni nailiyyətlər mədəni həyatın özündən, sosial həyatdan, iqtisadiyyatdan keçir. Türk olan hər bir kəs bunu öz həyatında, mənsub olduğu dövlətin tərəqqisində görməli və hiss etməlidir. Türkdilli dövlətlər mədəni, siyasi, iqtisadi və digər cəhətlərdən nə qədər güclü olarsa, onun vətəndaşları da bir o qədər qürurlu olar, mənsub olduğu dövlətin övladı olmağı ilə fəxr edə bilər. Xalqları əsilli edən həm də onun dövlətidir. Bu barədə Romalı generalın Atilladan etdiyi sorğu olduqca maraqlıdır. O, Atilladan soruşur ki, sizin əsilzadə mənşəyiniz varmı? Atilla belə deyir: mən bir əsalətə mənsub deyiləm. Amma mən əsalətli bir dövlətin övladıyam. Elə buradaca Ziya Göyalpın türkçülüyün nəzəri əsaslarında vacib saydığı bir məqam yada düşür: "Vətən nə Türkiyədir türklərə, nə Türküstan. Vətən böyük, müəbbət bir ölkədir Turan". Bu mənada türk xalqlarının hər birinin mədəni həyatındakı nailiyyətlər bu duyğunu şölələndirməlidir.

Türk xalqlarının mədəni həyatındakı nailiyyətləri artırmaq üçün hazırda görüləcək bir sıra vacib işlərə böyük ehtiyac var:

a) Türk Dünyası 11 milyon km2-dir. Yəni üç Avropa böyüklüyündəki bir sahədə türk dilində danışırlar. Türk xalqları yaşadıqları ərazilərdən asılı olmayaraq bir-biri ilə əlaqələrini genişləndirməlidirlər. Türkdilli ölkələr arasında əlaqələrin genişləndirilməsində kütləvi informasiya vasitələrinin rolunu xüsusilə nəzərə almaq lazımdır.

b) ortaq mətbu orqanın vaxtilə türk xalqlarının milli şüurunun oyanmasında böyük rolu olub. Türkologiyamız üçün ortaq mətbu orqanın ənənəsi olub. Məsələn, H.B.Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti, İsmayıl bəy Kaspirinskinin "Tərcüman" qəzeti, Məmmədağa Şaxtantinskinin Tiflisdə nəşr etdirdiyi "Şərqi-Rus", Əlimərdan bəy Topçubaşovun nəşr etdiyi "Həyat", Əhməd bəy Ağayevin buraxdığı "İrşad", Əli bəy Hüseynzadənin nəşr etdiyi "Füyuzat" və digər qəzet, jurnallar türkçülüyün təbliğində böyük rol oynayıb. Bu qəzet və jurnalların səhifələrində türk xalqlarının, ədəbiyyat, mədəniyyət, iqtisadiyyat, sosial həyat və s. problemləri geniş təhlil olunub. Yeri gəlmişkən, burada "Türk yurdu" jurnalının türkçülüyün və turançılığın carçısı olmasını da unutmaq olmaz. Beləliklə, hazırda türk xalqlarının ortaq mətbu orqanlarına ehtiyacı var.

c) türk xalqlarını birləşdirən vasitələrdən biri də türk dünyasının qəbul etdiyi liderlərin, tarixi şəxsiyyətlərin, dövlət adamlarının, ictimai-siyasi xadimlərin, elm adamlarının varlığıdır. Yaxşı olar ki, türk xalqlarının görkəmli xadimlərinin ortaq bioqrafik ensiklopediyasının hazırlanmasının olduqca aktual olduğunu gərəkli vəzifələrimizdən biri sayaq.

ç) türkologiya sahəsində xidmətləri olanları qiymətləndirmək üçün mükafatların təsis olunması işin xeyrinə olar. Belə ki, Türk Dünyasının görkəmli şəxsiyyətlərinin Mustafa Kamal Atatürkün, Heydər Əliyevin, Əhməd Yəsəvinin, Ərtoğrul Qazinin, Əlişir Nəvainin, Alparslan Türkeşin və digərlərinin adına mükafatların təsisi türkologiya sahəsində nailiyyətlər əldə etmək üçün olduqca fayda gətirə bilər. Türk Dünyası üçün "Dədə Qoqud" dövlətlərarası mükafatı, "Bilqamış", "Manas", "Kutadqu-bilik" mükafatları yaradıla bilər.

d) türklərin sayı dünyanın digər ölkələri ilə müqayisədə xeyli artıb. Türk xalqlarında əhali artımının səviyyəsi, təbii ki, gələcəkdə dünyada gedən siyasi proseslərə təsir göstərəcək.

e) Türk Dünyasını təkcə ortaq dəyərlər deyil, həm də ortaq problemlər birləşdirir. Belə ki, bu gün türkdilli xalqlar bütün dünyada erməni yalanını ifşa etməyə hazır olmalıdır.

Erməni diasporu bir an durmadan Batıda Türkiyəni, Azərbaycanı qaralamaqla, xalqımıza şər, böhtan atmaqla məşğuldur. Ermənilər bu məsələdə artıq eləyiblər. Yalançı erməni soyqırımı layihəsini həyata keçirmək istəyirlər. Bütün dünyanı çaşdırmaq, şərə, böhtana sürükləmək istəyirlər. Ona görə də biz - bütün Türk Dünyası bir yerdə olmaqla daha güclü, qüdrətli ola bilərik.

Erməni lobbisinin və Ermənistanın 1915-ci ilin hadisələrinə görə Türkiyəni günahlandırmaq istəyi, bütün ölkələrin parlamentlərində qondarma "soyqırımı"nı tanıtdırmaq istəyi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, 1 milyondan çox məcburi köçkünlərin harayı, İraqdakı türkman qardaşlarımızın sıxıntılı vəziyyəti, Şimali Kipr Türk Cümhuriyyətində yaşayan türklərin uzun illər ərzində apardıqları mücadilə, Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, Axısqa türklərinin öz tarixi torpağına qayıdışı sahəsində mövcud olan çətinliklər - bütün bunların hamısı bizim ortaq problemlərimizdir. Bu, o demək deyil ki, biz dünyadan təcrid olunmalıyıq. Yox, özümüzü dünyadan təcrid etməklə hədəf yerimizə çata bilmərik. Buna görə də qloballaşan dünyada daha geniş və irimiqyaslı layihələrdə iştirak etməliyik. Son illərdə həyata keçirilən layihələr Asiya ilə Avropanı, Şərq ilə Qərbi bir-birinə yaxınlaşdırır. Məsələn, istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yol xətti və s.       

 

Buludxan Xəlilov,

Professor

Xalqcəbhəsi.-2014.-2 avqust.-S.14.