Türk poeziyasında ağacla
bağlı inamlar
Ağac sevgisi bütün zamanlarda türk xalq ədəbiyyatının
əsas mövzularından olub
I yazı
Qədim xalqların əksəriyyətinin dünya modeli haqqındakı təsəvvürlərində ağac mühüm yer tuturdu. İnsanlar ağaca dünyanın təbəqələri arasında əlaqə yaradan bir vasitə kimi baxır və inanırdılar ki, ağacın kökü yeraltı, gövdəsi yerüstü, budaqları isə göylərlə əlaqəlidir. Qədim türk inanclarında, xüsusilə də şamanlarda dünya ağacı haqqında formalaşan fikirlərə görə Göy Tanrısı ilə əlaqə yaratmaq üçün ən hündür ağac seçilirdi. Moisey Kalankatuqlu Şimali Qafqaz ərazisində məskunlaşmış hun tayfalarının uca palıd ağacına inandıqları haqqında məlumat verirdi. Hunlar palıd ağacına at qurbanı kəsir, onu Tanrı-xan allahının adı ilə bağlayırdılar.
Qədim türk mifologiyasında yaradılışın ağacdan başladığı haqqında təsəvvürlər də meydana çıxmışdı. Bu təsəvvürdə ağac qadın-ana strukturunda iştirak edən müqəddəs bir varlıq kimi qədim türk xalqlarının inam və məhəbbət abidəsinə çevrilmiş, kultlaşmışdı. Dünyanın quruluşu və yaradılış barədəki dini-mifoloji təsəvvürlər miras şəklində orta əsrlərə də keçdi. Həm şifahi, həm də yazılı ədəbiyyatda ağac kultu son dərəcə populyarlaşdı. Ağaca dünyanın və təbiətin ən müqəddəs varlıqlarından biri kimi baxılırdı. Ağaca belə münasibət müxtəlif şairlərin əsərlərində və ən müxtəlif formalarda yer alırdı.
XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin, XIII əsr Anadolu şairi Yunis Əmrənin və digər şairlərin şeirlərində bu sevginin dərin izlərinə rast gəlirik. Dahi Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında Çin qızının söylədiyi "Xeyirlə Şərin nağılı"nda da ağaca münasibət, ağacın şəfavericilik missiyası açıqlanıb. Belə ki, Şər tərəfindən gözləri çıxarılıb dünya işığından məhrum edilən Xeyir məhz səndəl ağacının yarpaqlarının döyülüb gözlərinə sürtülüb yerinə qoyulması ilə yenidən işığa qovuşa bilir. Burada ağacın işıqlı bir missiya daşıması da şair tərəfindən incəliklə əks etdirilib.
Müqəddəs ağac motivi islamiyyətdən əvvəl də, sonra da dastanlarda, nağıllarda, bir sözlə, şifahi və yazılı ədəbiyyatımızda öz yerini qoruyub saxlayıb. Belə ki, ağac sevgisi, islam imanının ağaca verdiyi qiymətlə birləşərək XIII əsr Anadolu şairi Yunis Əmrənin şeirində ağacla Tanrının vəhdəti kimi təsvir olunub:
Altundandır dirəkləri,
Gümüşdəndir yarpaqları,
Uzandıqca budaqları.
Bitər Tanrı deyə-deyə.
Min üç yüz illik tarixi olan "Kitabi-Dədə Qorqud" dastanlarında ağaca inam, ağaca məhəbbət daha qabarıq şəkildə görünür. "Salur Qazanın evinin yağmalandığı boy"da Qazanın oğlu Uruzu kafirlər tutur, qənarənin dibinə gətirib asmaq istəyirlər. Uruz ağacla danışmaq üçün kafirlərdən aman istəyir və ağaca belə müraciət edir:
Sənə "Ağac!" "Ağac!" deyirəmsə, çəkinmə, ağac!
Məkkə ilə Mədinənin qapısı ağac!
Museyi-Kəlimin əsası ağac!
Böyük- böyük suların körpüsü ağac!
Nəhəng-nəhəng dənizlərin gəmisi ağac!
Ağac sevgisi bütün zamanlarda türk xalq ədəbiyyatının əsas mövzularından olub.
Müasir şairlərin də öz poeziyalarında ağac kultundan istifadə etdiklərinin şahidi oluruq. Türk Dünyasının böyük şairi Nazim Hikmətin şeirlərində olan ağac sevgisindən misal çəkməsək, ağac kultu ilə bağlı söylədiyimiz mülahizələrimizdə nəticə istədiyimiz mərhələdə qərarlaşa bilməz. Belə ki, özünü bir cəviz ağacına bənzədən şair yazır:
Mən bir ceviz ağacıyam Gülhanə parkında,
Nə sən bunun farkındasın, nə polis farkında.
Əslində Gülhanə parkında heç vaxt ceviz ağacı olmayıb, sadəcə, öz böyüklüyünü,
ölümsüzlüyünü duyan şair özünü ağaca oxşatmağa çalışıb. Müasir
Azərbaycan şairlərindən
Nəbi Xəzrinin
"Dərələr" şeirindəki bir beyt də bu
anlamda çox xarakterikdir:
Əgər ki, yıxılsam
çinar göstərin,
Mən ona söykənib arana baxım.
Nümunələr göstərir ki, müasir şairlərin ağac kultuna olan inancları hələ də davam etməkdədir. Odur ki, Azərbaycanın xalq şairi Məmməd Arazın da bir sıra əsərlərində
ağac mövzusuna müraciət etməsi heç də təsadüfi deyil. Məmməd
Araz ixtisasca coğrafiya müəllimi
idi. Uşaqlıqdan təbiətin qoynunda
böyüyən balaca
Məmmədin qəlbində
ətraf mühitə,
dağa-daşa, torpağa,
bitki aləminə məhəbbət oyanmışdı.
Böyüdükcə bu məhəbbət
daha da dərinləşmiş,
bu sevgi ömrü boyu onu tərk etməmişdi.
Bu sevginin nəticəsi
olaraq ömrünün
kamil vaxtlarından başlayaraq sonuna qədər "Azərbaycan
təbiəti" jurnalının
baş redaktoru vəzifəsini ləyaqətlə
icra etmişdi. Məmməd
Araz bütün yaradıcılığı boyu
ekoloji tarazlığın
pozulması əleyhinə
olmuş, elmi-publisist məqalələrində, o cümlədən
poetik yaradıcılığında
bu məsələyə
ciddi önəm vermiş, mübarizə aparmışdı.
Şairin müxtəlif əsərlərində
rastlaşdığımız ağac obrazının poetik təsviri, ağaca həyat modeli kimi baxışın
təcəssümü imkan
verir ki, Məmməd Arazın ağac sevgisinin genetik olduğu qənaətinə gələk. Məlum olduğu
kimi, qədim türk mifologiyasında ağac müqəddəs
sayılan, insanların
tapınaq yeri olan kultlardandır. Təsadüfi deyil ki, şair "Araz axır" poemasında və gürcü xalqının
böyük oğlu İlya Çavçavadzeyə
həsr olunmuş
"Şöhrətə atılan
güllə" şeirində
ağaca insan kimi münasibət bəsləyir.
"Araz axır" poemasında sevgilisinə qovuşa bilməyən lirik qəhrəman da mifoloji ünsürlərə
müraciət etməyi
məqbul sayır, sevgilisi Ayrıgülü
ağaca çevrilməyə
səsləyir, özü
isə külək olmaq istəyirdi:
Görünür ki, hələlik,
Görüşə bilmərik biz.
İnsan
tək qucaqlaşıb,
Öpüşə bilmərik biz.
Ondasa bir əlac var:
Sən ağac ol, mən
külək!
Məmməd Araz gürcü xalqının böyük
oğlu İlya Çavçavadzeyə ithaf
elədiyi "Şöhrətə
atılan güllə"
adlı şeirində
də ağac kultunu yada salır. İlya Çavçavadzeni
öldürən düşmən
gülləsinin muzeydə
saxlanılması şairi
təsirləndirmişdi. Şair bu gülləni "düşmən" adlandırır
və "düşmənin"
İlya Çavçavadzenin
sinəsində evinə
qonaq kimi gəlişini isə bədii ifadə vasitələri ilə təsvir etməyə çalışırdı. Belə ki, Məmməd Araz İlyanın sinəsindən axan qanı bir püskürən
vulkanın alovuna, özünü isə qırmızı yarpaqlar gətirmiş ağaca bənzədir. Adətən deyirlər ki, ağac quruyub, yaxud kəsilib sıradan çıxsa da, o məhv olmur, köklərindən
rişə verib yenidən pöhrələnir,
əbədiliyini davam
etdirir. İlya Çavçavadze də bu anlamda
ağaca oxşayır.
Namərd gülləsi onun
fiziki ömrünə
son qoysa da, mənəvi ömrü yaratdığı əsərlərində
hələ də davam edir.
İnsanlığın yaradılışı haqqındakı
türk düşüncəsinə
görə Tanrı yer üzündəki doqquz insan cinsini,
bu insanlardan öncə yaratdığı
doqquz budaqlı bir ağacın kölgəsinə sığındırmışdı. Əvvəlcə yerdən doqquz budaqlı ağacı ucaltmış, sonra hər budağın altında bugünkü insanlığın ilk atalarından
birini yaradaraq, bu doqquz insana
ağac kölgəsinə
sığınmağı bir yaradıcılıq bilgisi halında vermişdi.
Hun dastanında Oğuz
xanın Göy, Dağ, Dəniz adlı oğullarını
dünyaya gətirən
qadın, göl ortasındakı müqəddəs
bir ağacın qovuğunda yaradılmışdı. Oğuz orduları
qərbə doğru yürüşə çıxarkən
İtil (Volqa) çayını ağac
üstündə keçmişdilər;
Kürkət Xaqanın
ordularına qalib gəldikdən sonra qəniməti ağacdan düzətdikləri xərəklərlə
daşımışdılar.
Bu dastanın islamiyyətdən
sonrakı variantında
körpəsini ağac
qovuğunda dünyaya
gətirən qadının
oğluna Qıpçaq
adı verilmişdi. Qıpçaq (yəni "oyuq ağac") türkləri
bu uşağın nəslindən çoxalmışdılar.
Göy türklər də Ərgənəkondakı
dəmirdən olan dağı ətrafında
ağaclarla yandırıb
əritmişlər; içində
400 il qaldıqları
bu örtülü yurdun meyvəli ağaclarını dastanlarında
yaşatmışlar.
Nizami Muradoğlu,
şair-publisist
Xalq Cəbhəsi.- 2014.-
8 avqust.- S.13.