“Ölkəmizi Almaniyada daha yaxşı
tanıtmaq olar”
Etibar Qəniyev:
"Diaspor rəhbərlərinin Azərbaycana səfərinin
vizasız rəsmiləşdirilməsinə böyük
ehtiyac var"
Almaniyadakı
"Xəzər" Alman-Azərbaycan Cəmiyyətinin sədri,
Hannover
şəhəri Bothfeld-Vahrenheide rayonun deputatı və
inteqrasiya
şurasının üzvü Etibar Qəniyevin BayMedia-ya
müsahibəsi
-Etibar bəy,
soydaşlarımızın alman cəmiyyətinə
inteqrasiyası necə gedir?
- İnteqrasiya çoxşaxəli, müxtəlif
istiqamətlərdə cərəyan edən bir prosesdir,
öz başlanğıcını alman dilinin öyrənilməsi
mərhələsindən götürür və əcnəbilərin
alman cəmiyyətinə inteqrasiyasını əsas məqsəd
kimi nəzərdə tutur. Orta, ixtisas və ya ali
təhsil, alman dilini öyrənmək və əmək fəaliyyəti
ilə məşğul olmaq, həmçinin əcnəbinin
və ya miqrant kökənli vətəndaşın
Almaniyanın siyasi, ictimai həyatında yaxından iştirak
etməsi, bələdiyyə və ya əyalət seçkilərinə
qatılması, müxtəlif xeyriyyə cəmiyyətlərində
könüllü şəkildə çalışması
bu prosesin həlledici tərkib hissələridir. Alman cəmiyyətinə inteqrasiyanın ən
mühüm açarlarından biri də idman
klublarının tərkibində Almaniyanın idman həyatında
fəal iştirak etməkdir.
- Həmvətənlərimiz
bu prosesdə necə iştirak edirlər?
-
Uğurla! Bir neçə il öncə
Xristian-Demokratik Birliyi (CDU) partiyasının təşəbbüsü
ilə xaricdə təhsil alan şəxslərin
ixtisaslarının tanınılması və təsdiq edilməsi
üzrə dövlət proqramı müəyyən edilib. Ölkənin müxtəlif sahələrində
mütəxəssislərə tələbatın olduğunu
və yüksək ixtisaslı işçi qüvvəsinin
çatışmadığını nəzərə alaraq
xarici vətəndaşların Almaniyada təhsil alması və
çalışması istiqamətində qanunvericilikdə
yüngülləşdirici dəyişikliklər
aparılıb. Bu yenilikdən çoxlu
sayda soydaşımız yararlanıb, yüksək
ixtisaslı mütəxəssislər kimi əmək fəaliyyətinə
başlayıblar. Ali təhsil almaq arzusunda olanlar alman
dilində müvafiq bilikləri əldə etdikdən sonra
Almaniyanın bir sıra qabaqcıl ali təhsil
müəssisələrinə qəbul olunublar. Bu imkanlar həmyerlilərimizin inteqrasiyasını
daha da gücləndirir və onların alman cəmiyyətində
yerli sakinlər kimi bərabər şəkildə iştirakını
mümkün edir. Həmvətənlərimizin
AFR-də təhsil almaq istəkləri Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə Alman Akademik
Mübadilə Xidməti (DAAD) arasında imzalanan sazişə
görə tənzimlənir və nizamlanır. Əgər
20-30 il öncə Azərbaycan ancaq Almaniyanın ticarət
sektorunda çalışan əcnəbilərin Vətəni
kimi tanınırdısa, indi ölkəmiz həm də
öz savadlı həkimləri, bacarıqlı mühəndisləri,
siyasətçi və tarixçiləri, alimləri ilə
Almaniyada səs salıb. Həmyerlilərimiz
AFR-in aparıcı partiyalarına daxil olaraq ölkənin
siyasi həyatında da öz sözünü deyə bilirlər.
Bundan əlavə Azərbaycan Respublikasının Diasporla
İş Üzrə Dövlət Komitəsinin fəaliyyəti
nəticəsində AFR-də cəmiyyət, birlik, dərnək
və digər diaspora qürumlarının sayı durmadan
artıb, həmyerlilərimizin təşkilatlanması
geniş vüsət alıb, diaspora fəaliyyəti yeni mərhələyə
daxil olub. Diaspor quruculuğu işi dayanmadan davam
edir və bu daim hərəkətdə olan bir prosesdir. Bu da soydaşlarımızın, həmvətənlərimizin
alman cəmiyyətinə inteqrasiyasının indikatoru kimi qəbul
edilə bilər.
Lakin təəssüflə qeyd etmək lazımdır
ki, Almaniyada paralel cəmiyyətlərin yaranmasına gətirib
çıxardan amillər yenə də mövcuddur və bu
soydaşlarımızdan da yan keçməyib. Alman dilini öyrənməmək,
evdə ancaq öz ana dilində verilişləri izləmək,
yalnız azərbaycanlı dost və tanışları ilə
kommunikasiya saxlamaq, yaşadıqları şəhərin cəmiyyət
və dərnəklərində iştirak etməmək və
bu kimi amillər çoxsaylı xarici vətəndaşlar
kimi bəzilərimizi də passivləşdirir. Mən bunu illər
boyu burada yaşayan, lakin alman dilini öyrənməyə səy
göstərməyən, sosial təminat alan
və tibbi sığortadan istifadə edən müxtəlif
millətlərin nümayəndələri olan "tənbəllərin"
Almaniyaya qarşı laqeydliyi kimi qiymətləndirə bilərəm.
40-50 il burada yaşayan bir əcnəbinin
öz nəvəsinin köməyilə rəsmi idarəyə
müraciət etməsi çox, həddən artıq
çox acınacaqlı bir haldır. Mən bir AFR vətəndaşı,
Almaniyanın CDU partiyasının üzvü, Hannover şəhəri
Bothfeld-Vahrenhayde rayonunun deputatı, Hannover şəhəri
inteqrasiya şurasının üzvü, xalq iclasçısı
və digər bu kimi funksiyaları daşıyan azərbaycanlı
kimi Almaniyaya emiqrasiya edən bütün əcnəbiləri,
o cümlədən həmvətənlərimizi Almaniyanın
ictimai-siyasi həyatında fəallıq göstərməyə
dəvət edirəm. Çünki müxtəlif səviyyələrdə
həyata keçirilən inteqrasiya layihələri, AFR-in
qanunvericiliyinin miqrant kökənli şəxslər
üçün yaratmış olduğu imkanlar, o cümlədən
ölkənin tarixi və alman dilinin öyrənilməsinə
yönəlmiş pulsuz 6 aylıq inteqrasiya kursları,
"Xoş gəlmisiniz" sloqanı altında Almaniyaya gələn
əcnəbilərə dövlət qayğısını
ifadə edən müxtəlif proqramlar və bu kimi tədbirlər
buna gözəl zəmin yaradır. Mən əminəm
ki, burada öz işi, elmi, savadı ilə naliyyətlər
qazanan çoxsaylı həmvətənlərimizin
sırası genişlənəcək, azərbaycanlılar
daima Almaniyada öz sözlərini demək iqtidarında
olacaqlar.
İnteqrasiyanın uğurlu açarlarından biri də
idman fəaliyyəti və yaşadığın ölkənin
idman klublarında fəal iştirakdır. "İdman
vasitəsilə inteqrasiya" devizi altında indiyə qədər
AFR-də çox tədbirlər keçirilib, layihələr
gerçəkləşib və dovlət proqramı çərçivəsində
maliyyələşdirilib. Buna misal olaraq 13 iyul 2014-cü
il tarixdə Hannover şəhərində
həvəskar oyunçular arasında keçirilmiş beynəlxalq
futbol turnirini göstərmək olar. Aşağı
Saksoniyanın paytaxtı Hannover şəhərində 170-ə
yaxın millətin nümayəndələri yaşayır.
Bu müxtəliflik özünü idmanda,
xüsusilə də futbolda əks etdirir. Miqrasiya
mövzusu üzrə keçirilmiş konfranslardan birində
şəhər bələdiyyəsinin yenicə
seçilmiş rəisi Stefan Şostok "miqrant kökənli
insan" deyiminin səhv olduğunu vurğuladı və bu
yanaşmanın xarici vətəndaşlarda və ya əcnəbi
millətindən olan almanlarda dərin psixoloji təsir
buraxdığını bildirdi. Milli mənsubiyyətindən,
irqindən və dinindən asılı olmayaraq AFR-də
yaşayan bütün insanların bundan sonra "vətəndaş,
cəmiyyətin vətəndaşı" kimi
adlandırılmasını təklif etdi.
2013-cü
il iyunun 15-də, Azərbaycan
xalqının Milli Qurtuluş Günündə, Hannover şəhərində
Heydər Əliyev adına idman klubu təsis edilib. Hannover şəhər məhkəməsinin qərarı
ilə ulu öndərimizin adını daşıyan TUS
Hannover "Heydar Aliyev" e. V. idman klubu rəsmən dövlət
qeydiyyatından keçib. İdman klubunun əsas məqsədi
Azərbaycan idmanının Almaniyada təbliği, həmyerlilərimizin
və eləcə də digər həvəskar atletlərin
idman klubunda fəal iştirakı, müxtəlif idman növləri
üzrə Almaniyada müxtəlif yaş hədlərində
keçiriləcək beynəlxalq yarışlara
qatılması və bu istiqamətdə onların alman cəmiyyətinə
inteqrasiyasının gücləndirilməsindən ibarətdir.
- Necə
düşünürsünüz, Almaniyada Azərbaycanın
daha yaxşı tanıdılması üçün
hansı addımları atmaq lazımdır?
- Müxtəlif
elmi konfransların, Azərbaycanın mədəniyyətinin,
incəsənətinin, mətbəxinin tanıdılmasına
yönəlmiş sərgilərin, gecələrin, konsertlərin,
"Azərbaycan Şərqin dünyaya açılan
qapısı" kimi silsilə tədbrilərin təşkili
və keçirilməsi buna yardımçı ola bilər. Lakin arzu olunur ki, belə
tədbirlər əsas etibarı ilə təkcə Berlində
deyil, Almaniyanın digər federal əyalətlərində, mərkəzi
şəhərlərində də keçirilsin.
Düşünürəm ki, Azərbaycanın Almaniyadakı
səfirliyinin iştirakıyla federal əyalətlərdə
fəaliyyət göstərən diaspor qurumları ilə Azərbaycan
Respublikasının əlaqədar nazirlikləri, xüsusilə
də mədəniyyət və turizm, gənclər və
idman nazirlikləri arasında tədbirlər proqramı
hazırlamaqla ölkəmizin Almaniyada daha yaxşı
tanıdılmasına nail olmaq olar. Bunun
üçün hər bir əyalətdə yaşayan həmyerlilərimizin
potensialı var, desəm yanılmaram. Şübhəsiz
ki, dövlətimizin adını daşıyan bu kimi tədbirlər
yüksək səviyyədə təşkil
olunmalıdır, bunun üçün isə maddi dəstək
çox vacibdir. Əyalətlərdə yaşayan həmvətənlərimizin
Almaniyanın ictimai-siyasi qürumlarda, iş yerlərində,
könüllü əsaslarla çalışdıqları cəmiyyətlərdə
almanlılarla və yerli əhali ilə mövcud əlaqələrindən
bəhrələnərək, biz bu tədbirlərdə
Almaniya və Avropa vətəndaşlarının, ələlxüsus
nüfuzlu qonaqların, idarəedici orqanların nümayəndələrinin,
müxtəlif partiya təmsiliçilərinin,
iştirakını təmin edə bilərik.
Turzim sahəsində fəaliyyət proqramını
genişləndirmək mümkündür. Azərbaycana
getmək istəyən turistlər üçün vizanın
sadələşdirilməsi ilə "Odlar Yurdu"nu gəzmək
istəyən saysız əcnəbilərin istəklərinə
cavab vermək olar.
Bir çox əcnəbiləri narahat edən bir hal da Azərbaycana
gələn zaman orada üç gün ərzində qeydiyyata
düşmə məsələsidir. Ölkəyə şəxsi
dəvətlə və ya turist kimi gələn hər bir
xarici vətəndaş viza almaq üçün öncədən
doldurduğu anketdə Azərbaycanda olduğu müddətdə
qalacağı ünvan haqqında da məlumat verir. Zənnimcə, Azərbaycan Respublikasının
Dövlət Miqrasiya Xidməti tərəfindən tələb
olunan qeydiyyat üçün müvafiq anketlərin
bildirişlə birlikdə təyyarədə və ya sərhəd
məntəqələrində paylanması çox məqsədəuyğundur.
Bu halda ölkəyə gələn hər bir
şəxs qeydiyyata düşmək barədə öz
üzərinə öhdəlik götürür, buna əməl
etməyən əcnəbilərə qarşı isə AR
qanunvericiliyi ilə nəzərdə tutulmuş inzibati cərimələrdən
başlayaraq əcnəbinin ölkəyə gəlməsi
üçün qadağa müddətinin təyin
olunmasına kimi ölçü tədbirlərini müəyyən
etmək mümkün olur.
Digər
tərəfdən alman vətəndaşlığını
qəbul etmiş diaspor (cəmiyyət, dərnək və
birlik) rəhbərlərinin Azərbaycana səfərinin
vizasız rəsmiləşdirilməsinə böyük
ehtiyac var. Bunu mən Azərbaycanın Diasporla İş
üzrə Dövlət Komitəsinin 31 may 2014-cü ildə
Frankfurt şəhərində Almaniyada fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatlarının
rəhbərləri ilə keçirdiyi görüşdə
də vurğulamdım və bununla bağlı komitənin Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
müvafq məktub ilə müraciət etməsinə ehtiyac
duyulduğunu bildirmişdim. Çünki onların Azərbaycana
səfərlərinin əsas məqsədi diaspor işi ilə
bağlı keçirəcəkləri görüşlər,
bu mövzuda media və informasiya agentliklərinə verəcəkləri
müsahibələr, yeni fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsi ilə əlaqədar
Diasporla İş Üzrə Dövlət Komitəsində
söhbətlər və bu kimi digər məsələlərdir.
Və bununla da lazım olduğu təqdirdə
səfərə çıxmaq üçün vaxt aparan viza
rəsmiləşdirilməsi məsələsinə ehtiyac
qalmazdı.
- Almaniyada Azərbaycan diasporunun fəaliyyətindən
razısınımızmı?
-
Almaniyada fəaliyyəti hərtərəfli koordinasiya edilən
Azərbaycan diasporu fəaliyyət göstərir. Bu ilk növbədə Diasporla İş üzrə
Dövlət Komitəsinin fəaliyyətin və Azərbaycanın
hüdudlarından kənarda yaşayan həmvətənlərimizin
gərgin əməyinin nəticəsidir. Son
illərdə Almaniyada bir sıra yeni cəmiyyətlər
yaradılıb, birliklər təsis edilib və təşkilatlanma
prosesi uğurla davam edir. Müxtəlif məqsədləri,
əsasən Azərbaycanın AFR-də təbliğ və tərənnüm
edilməsini, öz qarşılarına məqsəd kimi
qoymuş bu ittifaqların fəaliyyəti Almaniyada Azərbaycanlıların
Koordinasiya Mərkəzi (KAD e.V.) tərəfindən dəstəklənir.
Cəmiyyətlər arasında informasiya
mübadiləsinin tənzimlənməsi, müxtəlif tədbirlər
və layişələr şaqqında məlumatların
vaxtlı-vaxtında çatdırılması, vətəndaşlara
lazımi şüquqi dəstəyin göstərilməsi
baxımdan bu qurumun rolu böyükdür. Şübhəsiz ki, mən
soydaşlarımızın göstərdiyi fəallıqdan
razıyam. Lakin bu bizə rahatlıq gətirməməlidir.
Çünkü qarşıya qoyulan məqsədlərə
çatmaq üçün bu proses daha da gücləndirilməli,
yeni fəaliyyət imkanları və vasitələri
araşdırılmalı, daima hərəkətdə olmaq
lazımdır.
Bu gün əldə etdiyimiz kiçik bir uğur
qarşılığında gələcəkdə
böyük və yeni nailiyyətlər əldə etməyimiz
zəruridir. Ancaq bu yolla biz - Azərbaycan diasporu - doğma vətənimizin
xaricdə yüksək səviyyədə mütəmadi
şəkildə təmsil edilməsi üçün öz
töhfəmizi vermiş olarıq.
Üzümü
xaricdə yaşayan hər bir həmvətənimə tutaraq
demək istəyirəm: Təşkilatlanın, yerli partiyalara
daxil olun, kommunal siyasəti ilə məşğul olun,
yaşadığınız ölkənin dilini və tarixini
öyrənin, heç bir vaxt "bir mənimlə nə
olacaq" fikri ilə yaşamayın, çünki
"Dama-dama göl olar" məşhur atalar məsəlini
rəhbər tutaraq fəaliyyətinizi nəinki davam etdirin,
daha da genişləndirin!
Fürsətdən istifadə edib, bir məqama da toxunmaq
istəyirəm. Hazırda AFR-in iki federal əyalətində
doğma dilimizin tədrisi təşkil edilib. Bu proqram genişləndirilməli, Almaniyanın digər
federal əyalətlərini də əhatə etməlidir.
Bu sahədə diaspor təşkilatlarının
AR Təhsil Nazirliyi ilə də əməkdaşlıq etməsinə
ehtiyac var. Çünki hər bir diaspor qürumu öz
gücünə və öz hesabına belə kursları təşkil
etmək iqtidarında deyil, dil kurslarına tələbat isə
çox böyükdür. Çox
vaxtlarını məktəbdə, dostları ilə
keçirən gənc nəslimizin bəzi nümayəndələri
nadir hallarda öz fikilərini azərbaycan dilində tam ifadə
edə bilirlər. Evdə olduqları
vaxtda da bir-birləri ilə ancaq alman dilində əlaqə
saxlayan balalarımız bir müddətdən sonra Azərbaycan
dilində malik olduqları ibtidai bilikləri də unudacaqlar.
Öz dilini bilməyən şəxs isə
öz soy-kökünü, tarixini, mədəniyyətini
unutmuş olur. Gəlin bu faciəyə yol
verməyək və birgə atacağımız addımlarla
bunun qarşısını ala bilək. İndi ailələrdə
böyüyən, məktəbdə təhsil alan
övladlar, gənclər gələcəyin valideynləridir,
bizim üzərimizə düşən isə vəzifə
gözəl ana dilimizi onlara tam şəkildə ötürmək,
bu dilin incəliklərinin qavranılması üçün əlimizdən
gələni əsirgəməməkdir. Bu məqsədlə,
Azərbaycan Respublikasının xarici işlər və təhsil
nazirliklərinə müraciət etmək istərdim. Qoy onlar ana dili kurslarının xarici ölkələrdə
təşkil olunması və davamlı şəkildə
aparılması üçün diaspor təşkilatlarına
yardımçı olsunlar.
Elnur Eltürk
Xalq Cəbhəsi.-
2014.- 8 avqust.- S.6.