Türk poeziyasında ağacla
bağlı inamlar
200 illik hicranın millətə gətirdiyi
dərd Araz çayı haqqında rəvayətlər,
şeirlər, bayatıların yaranmasına səbəb oldu
II yazı
Məmməd Arazın yaradıcılığını izlədikcə onun təbiətə, xüsusilə də Ağaca olan sevgisi daha dərindən hiss edilir. Şairin həyat yoldaşı Gülxanım Fətəliqızı ilə söhbətimizdə Məmməd Arazın ağac sevgisindən danışırdıq. Söhbətin bu yerində Gülxanım müəllimə belə bir xatirə söylədi: "Bir dəfə Məmməd yenə yazırdı. Soruşdum ki, nədir, olmaya poema yazırsan? Dedi:- Yox, Gülxanım, poema deyil, şeirdi. Ancaq, bilirsən, "Kitabi-Dədə Qorqudda" bir ağac söhbəti var, neçə müddətdi məni narahat edir. Dədəm Qorqud ağaca müqəddəs varlıq kimi baxıb. Mən də elə düşünürəm, bu şeirdə ağac məsələsini əsas götürmüşəm. Dastanda ağac məsələsinə tədqiqatçılar çox da fikir vermirlər. Bu, çox ciddi məsələdi".
Gülxanım Fətəliqızı danışdıqca şairin nurlu siması gözlərimizin önündə canlanırdı. Aydın olurdu ki, "Kitabi-Dədə Qorqud" dastanındakı hadisələr, ağacla bağlı inamlar
şairin milli, tarixi, poetik düşüncəsinin formalaşmasında böyük rol oynayıb. Təsadüfü deyil ki, şair bir çox şeirlərində "Kitabi-Dədə Qorqud" dastanlarının qəhrəmanlarını xatırlayıb, onların igidliklərini, yüksək əxlaqi keyfiyyətlərini oxucuya milli-mənəvi dəyər kimi aşılamaq istəyib. Qeyd etmək lazımdır ki, Məmməd Arazın ömrünün son illərində yazdığı, lakin, çatdırıb çap edə bilmədiyi "Dədəm Qorqud səsləməsi" adlanan həmin əsər iki hissədən ibarətdir: Səsləmə; Adın Ağac.
Əsəri həcminə, obrazların rəngarəngliyinə, gündəmə qaldırılan qlobal məsələlərin aktuallığına, poetik yükünün çəkisinə görə poema da adlandırmaq olar. Əsər Dədə Qorquda müraciətlə yazılıb. Şairin öz ifadəsindən aydın olur ki, Dədə Qorqudun alqışları, səsləmələri əbədi olaraq yaşamaqdadır. Dastanda ağacla bağlı söyləmələr, dualar əsas leytmotivlərdən biridir. Demək olar ki, dastanın bütün boylarında ağac haqqında dualara, alqışlara rast gəlinir. Bu alqışlar əsasən bir-birini təkrar etməkdədir. Buna baxmayaraq hər dəfə "Kölgəlicə qaba ağacın kəsilməsin!" alqışı sanki yenidən doğulan körpənin gələcəyini stimullaşdıran amilə çevrilməkdədir.
"Salur Qazanın evinin yağmalandığı boy"da ağaca olan inam, məhəbbət isə daha qabarıq şəkildə verilib. Ağac kultuna aid edilən mifik elementlərə, həmçinin "Məlik Məmməd", "Tapdıq" və s. nağıllarda da rast gəlmək olur. Ağac kultu mifoloji strukturda əsas yer tutan atributlardan biridir. Ağac obrazı türk mifologiyasında yerlə göy, insanla Tanrı arasında rabitə yaradan əlaqə vasitəsidir. Məhz Məmməd Araz da bu aspektdən çıxış edərək ağaca olan sevgini bütün zamanlar üçün keçərli olduğuna oxucunu inandırmağa çalışıb. Eyni zamanda şair təəssüflənir ki, son zamanlarda təbiətə qarşı bir amansızlıq başlayıb. Ağaclar kütləvi surətdə məhv edilir, meşələr qırılır, nadir ağacların nəsli kəsilmək üzrədir. İnsanların ağacları məhv etməsi müasir dövrün bəlası kimi bağışlanılmazdır:
Ağacı əcəl yıxmır,
İnsan yıxır.
Ağacı insan öldürür.
Təbiətin fəryadını keçmişə, gələcəyə hayqıran şair Dədə Qorquda üz tuturaq, nahaq işlərin haqq adıyla qanuniləşdirilməsinin, təbiətin məhvinə müxtəlif don geyindirilməsinin yolverilməz olduğunu insanlara çatdırmaq istəyirdi. Axı ağacların məhv edilməsi, həm də quşların öz yuvasından didərgin düşməsi, çayların məcrasını dəyişməsi və bütövlükdə fəlakətlərlə nəticələnirdi:
Dədəm Qorqud!
İnsan yedi təbiəti,
Özünü yeyə-yeyə.
Quşları qovdu yuvasından,
Çayları dartıb aramla,
Çıxarıb məcrasından.
Qoşa-qoşa doğranan zeytun, palıd, narbənd, sərv ağaclarını görən şair təbiətə ağı deyib yas saxlayır, nalə çəkirdi:
Vay, zeytunlarım, vay,
Vay, palıdlarım,
vay.
Vay, narbəndlərim, vay,
Ardıclarım, sərvlərim, vay.
Hazırda Azərbaycanda şam, çinar və ardıc ağaclarına inam və tapınma
ənənəsi bölgələrimizdə
davam edir. Məsələn, Naxçıvan MR-da çinar, narbənd, ardıc ağaclarına xüsusi qayğıyla yanaşırlar, əhd edənlər bu müqəddəs ağacların
budaqlarına nəzir
deyib yaylıq, parça kəsikləri bağlayırlar. Anam Məmmədova
Məleykə Bağır
qızından (1912-1998) çinar
ağacı haqqında
eşitdiyim əfsanəni
oxucuların diqqətinə
çatdırmağı məqsədəmüvafiq
hesab edirəm (Anam bu əfsanəni
əmisi Əhmədov
Məsum Kərbəlayi
Əhməd oğlundan
(1878-1980) eşidib). Belə
nağıl edirlər
ki, Zəkəriyyə
peyğəmbər Allahın
əmri ilə Allahın əsl, həqiqi dinini təbliğ edir, çoxallahlığın hökm
sürdüyü bir dövrdə Allahın vahidliyi haqqında, Allahdan başqa tanrıların olmadığı
haqqında fikirlər
söyləyirdi. Oyuncaq tanrılara
tapınan kütlə
Zəkəriyyə peyğəmbərə
qarşı çıxır,
onu öldürmək
qərarına gəlirlər.
Düşmən kütlənin amansız
qərarından məlumatlandırılan
Zəkəriyyə peyğəmbər
çinar ağacının
koğuşunda gizlənir.
Peyğəmbərin düşmənləri ağacın gövdəsini
kəsirlər, mişar
Zəkəriyyə peyğəmbərin
ayağına toxunub yaralayır və ağacın gövdəsindən
qan axır. O vaxtdan Çinar ağacını kəsmək,
yandırmaq günah sayılır...
Bütün bunlara baxmayaraq ağaclar kütləvi şəkildə kəsilir,
meşələr məhv
edilir.
Təbiətə qarşı bu qədər amansızlığı
şair əsərin sonunda insanın özünə qarşı
bir amansızlıq olduğunu xatırlatmaqla bitirirdi. Şair göstərirdi ki,
ağacı, təbiəti
məhv edən insan özünün məhvinə imza atır. Yaş ağacın kəsilməsi
insan başının
kəsilməsinə oxşayır,
ağaclar da insan kimi ağlayırlar.
Ağaclar insanların
qoşa biləyidir, onları qorumaq lazımdır:
Baş kəsməyin,
Ağacları yaş kəsməyin.
İnsanın qoşa biləyidi
ağaclar!
"Dədəm Qorqud
səsləməsi" şeiri
bütövlükdə qlobal
ekoloji problemlərin yaşandığı bir
zamanda insanlığa,
bəşəriyyətə çağırışdır. Əsərin mərkəzi surəti ağac insanla vəhdətdə bəşərin
dünəni, bu günü, sabahı kimi mənalandırılıb.
Görkəmli folklorşünas alim,
mərhum professor Yaşar
Qarayev Vaqif Yusiflinin "Məmməd
Araz dünyası"
kitabına yazdığı
"Yaddaş poeziyası"
ön sözündə
belə bir fikir işlədir: "Əsl, həqiqi, böyük poeziya - ümumbəşəri yaddaşdır.
Məncə, Məmməd Araz şeiri də
düşüncədə, əxlaqda və qeyrətdə
yaddaşın ifadəsidir. Poeziyanın
dumduru, şəffaf bulağı başına o, Arazın
bulanıq və yaralı sahillərindən ayrılıb gəldi,
özü ilə poeziyaya Arazın dərdini,
ağrısını da gətirdi. Özü
də tarixdən və təbiətdən, ana dilindən,
bayatılardan, folklordan axan bir Araza döndü - Məmməd
Araza!"
Azərbaycan mifoloji dünyagörüşündə su
ilkin yaradılışın əsası olaraq şərtləndirilən
elementlərdən sayılıb. Məmməd Arazın "Atamın
kitabı" poemasında "Su ilə söhbət",
"Su üstündə bayatı" fəsilləri də
ilkin mifoloji hadisə kimi su ilə bağlı müəllifin
orijinal, eyni zamanda ənənəvi fikirlərindən ibarətdir.
Ancaq şair su mifoloji obrazını daha
çox Araz obrazı ilə birləşdirərək əsərlərində
bu haqda geniş danışıb. Xatırladaq
ki, şairin poeziyasında Araz obrazı ən uca zirvədə
yer alır. Araz Azərbaycanda
çaydır. Dünyanın Arazdan böyük, sulu çayları çoxdur. Haqqında
mahnılar, rəvayətlər yazılmış çaylar
da var. Ancaq Araz çayı qədər haqqında poetik
nümunələr yaradılmış çaya rast gəlmək
mümkün deyil. Yaqut əl-Həməvi
(1179-1229) də Mudjam əl-buldan (Ölkələrin adlı
siyahısı) əsərində Ər-Rəss (Araz-N.M.)
çayının adıyla bağlı vilayətin
adının Quranda Allah tərəfindən
xatırlandığını qeyd edib.
Akademik
Ziya Bünyadovun tərcüməsində Yaqut əl-Həməvinin
Araz haqqındakı aşağıdakı fikrini əhəmiyyətli
hesab edirik: "Ər-Rəss Azərbaycanda çaydır. Azərbaycan sərhədlərinin biri bu
çaydır. Deyirlər ki, Arranda,
Ər-Rəss vadilərində minlərlə şəhər
var idi. Bu çay
başlanğıcını Kəlikəlidən
götürüb Arran ərazisi ilə axır". Göründüyü kimi orta əsrlərdə
Araz çayı haqqında formalaşmış mülahizələr
diqqət çəkicidir.
Filologiya
elmləri namizədi, mərhum Əbülfəz Hüseyninin
"Sovet Naxçıvanı" qəzetinin 30 yanvar
1986-cı il tarixli 25 saylı nömrəsində çap
edilmiş "Xalqımızın mənlik heykəli"
adlı məqaləsində oxuyuruq: "Gəmiqaya"da yer
xəritələri, hər hansı bir sahə, ölkə,
çay və ayrıca Araz çayının xəritəsi
müşahidə edilir. Biz həmin xəritənin
yanında qədim runi hərfləri ilə Arazın qədim
adlarından "Oğuz" sözünü oxuya bildik".
Bu müqəddəs
çay haqqında Yaqut əl-Həməvi daha sonra
yazırdı: "Ər-Rəss möcüzəli
çaydır, burada çoxlu müxtəlif növ
balıqlar üzür. Təsdiq edirlər ki, hər
ay burada əvvəllər olmamış yeni balıq növləri
peyda olur. "Sürməhi"
növlü balıq ancaq bu çayda ildə bir dəfə
müəyyən bir vaxtda peyda olur".
Xalq yaradıcılığında, folklor nümunələrində
də Araz mövzusu yetərincə işlənib. Araz ilk
növbədə su mənbəyidir, su isə ilkin
yaşayışın, həyatın başlanğıcı
olduğuna görə müqəddəsdir. Ona görə də xalqımız həmişə
Araza müraciət edib, Arazdan kömək diləyib.
Görünür, bu səbəblərdən də Arazdan dilək
istəmək batindən gələn ilahi təlqinlər vasitəsilə
səadət axtarışı, səyyahların kəhkəşanları
izləməklə məğribdən məşriqə
istiqaməti müəyyənləşdirməsi qədər
müdhişdir:
Araz, Araz,
xan Araz,
Can sənə
qurban, Araz.
Ürəyimin
dərdinin
Məlhəmisən, sən Araz.
Araz
çayının qismətinə bir Vətəni, bir
torpağı, bir eli ikiyə ayırmaq
düşdü. 1813-cü ildə Rusiyanın Azərbaycanın
şimalını işğal etməsi ilə başlanan bu
"qismət" Araz çayının dərdinə
çevrildi, bir nisgilə, bir ağrıya dönüb Azərbaycan
türklərinin yaxasından asıldı. İki
yüz illik hicranın millətə gətirdiyi dərd Araz
çayı haqqında çoxlu rəvayətlər,
şeirlər, bayatıların yaranmasına səbəb oldu.
Təbii ki, bu ağrı Araz adında rəmzləşdirilərək
dərd, ələm, ayrılıq əlaməti kimi təsvir
edilirdi. Aşağıda verilən bayatı nümunələrində
bu dərdin izləri açıq görünməkdədir:
Araz, Araz,
xan Araz,
Dağlardan axan Araz.
Yardan bir
xəbər gətir,
Evimi yıxan Araz.
Araz
sahilində dünyaya göz açan şairin
uşaqlıqdan eşitdiyi, duyduğu, hətta
ağrı-acısını yaşadığı bu nisgil,
bu qəm Məmməd Arazın ürəyində ağrı
ilə bərabər doğulmuş poetik misralara, əzabla,
göz yaşı ilə yoğrulmuş beytlərə, qanla
suvarılmış şeir nümunələrinə
çevrilib yazılır, dərd daşıya bilən
insanların dərdinin təcəssümü olurdu. Şair
"Arazın nəğməsi" şeirində
yazırdı:
Sən
canlı tarixsən doğrudan, Araz,
Səsində min ildən qəm-qubar qalıb.
Sinəndə
dil açan bu yanıqlı saz,
Ulu babalardan yadigar qalıb.
Araz axır, fəslin müxtəlif vaxtlarında gah səsli-küylü,
gah da lal-dinməz olurdu. Şair Arazın səsini babalardan yadigar qalan sazın səsinə
bənzədirdi...
Nizami Muradoğlu,
şair-publisist
Xalq Cəbhəsi.-
2014.- 9 avqust.- S.13.