“Mətbuat haqda qanun”un ilk müəllifi...

 

Bir çox azərbaycanlı vətənpərvərlər kimi, onun istiqlal arzuları da bolşevik işğalı nəticəsində yarımçıq qaldı...

 

1990-cı ildə İstanbulda məşhur türk yazarı Murat Çulcunun "Erməni intriqalarının pərdə arxası: Torlokyan davası" adlı kitabı nəşr olunur. Böyük dəyəri olan bu kitab tarixə XX əsrin məhkəməsi kimi düşmüş, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) daxili işlər naziri Behbud xan Cavanşirin qatili erməni Torlokyanın məhkəmə prosesindən bəhs edir. Behbud xan Cavanşiri 1921-ci il iyulun 18-də İstanbulun "Pera-Palas" hotelinin önündə üç güllə ilə qətlə yetirən Torlokyan həbs olunur və o vaxt ingilis işğalı altında olan İstanbulda ingilis hərbi tribunalı tərəfindən mühakimə edilir. Qətl hadisəsindən keçən 20 gün ərzində ermənilər Torlokyanın müdafiəsi üçün bütün yollara əl atırlar. Xaincəsinə öldürülən Behbud xan tərəfdən isə cəmi 6 nəfər şahid vardı - qəzet işçisi Qaraağazadə Əhməd Həmdi, tələbə Səməndər bəy, Ziba xanım, Yusif bəy Kazımov, məmur Asəf bəy, Şəfi bəy Rüstəmbəyli. Bütün pozucu cəhdlərə baxmayaraq, dəlil gətirən şahidlər cinayətkarın ifşa edilməsi üçün ortaya yetərli faktlar qoymağı bacardı. Həmin məhkəmədə şahid qismində ilk ifadə verən şəxs Şəfi bəy Rüstəmbəyli oldu. O, məhkəmədə bir hüquqşünas kimi sərrast, inandırıcı sübutlar gətirərək, hadisəni olduğu kimi anladır... Şəfi bəy prokuror Qribbonun, məhkəmənin sədri Freezin, qatil Torlokyanın vəkilləri Xasruyan və Miçinin, mərhum Behbud xan Cavanşirin vəkili Rifat Heydər bəyin suallarını inandırıcı dəlillərlə, güclü məntiqlə, son dərəcə səbirlə, yeri gəldikcə də sərt şəkildə cavablandırır. Hətta qərəzlə verilmiş suallar da Şəfi bəyi çaşdırmır. Suallar qətl hadisəsi ilə bağlı cinayətkara deyil, daha çox Şəfi bəyə ünvanlandırılırdı: "1918-ci ildə Bakıda partiyalar varmıydı?", "Bu partiyaların birinə mənsub idinizmi?","Azərbaycan" qəzetində fəaliyyətiniz nədən ibarət idi?", "Hansı mövzuda məqalələr yazırdınız?" və sair. Vəkil Xasruyanı Şəfi bəyin "İrəli" qəzetində dərc olunan məqalələri daha çox narahat edirdi. Odur ki, bu məqalə ilə bağlı suallara təkrar-təkrar qayıdır, niyə yazdın, necə yazdın, faktları haradan götürdün kimi suallar verir, fikri əsas məsələdən yayındırırdı. Bütün bunlara dözməyən Şəfi bəy məhkəmənin gedişinə kəskin etiraz edir və işin düzgün aparılmasını tələb edir. Şəfi bəyin üsyanı Xasruyanı çaşdırır və o, hazırladığı protokolda onu belə ifadə edir: "...İndi şahidlərin gerçək durumlarını meydana qoymaq istəyirəm. O şahidlər kimlərdir? "Müsavat" partiyası üzvlərindən "Azərbaycan" qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəyli. Bu elə bir qəzetdir ki, doğum tarixi və taleyi hər kəsə bəllidir. Dərhal əlavə edim ki, möhtərəm redaktor məndə bu təsiri yaratmışdır. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin prezidenti, Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə "Bir ömür də belə keçdi" adlı memuarında yazır: "Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı". Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir. Murat Çulcu "Erməni intriqalarının pərdə arxası: Torlokyan davası" kitabında qeyd edir ki, 1920-ci il rus işğalından sonra Türkiyəyə mühacirət edən Şəfi bəy Rüstəmbəylinin fəaliyyəti İstanbula daxil olduğu gündən başlamışdı. Bəli, bu şəxs Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Azərbaycan" qəzetinin redaktoru, AXC parlamentinin üzvü olmuş Şəfi bəy Rüstəmbəyli idi. Şəfi bəy Mustafa bəy oğlu Rüstəmbəyli 1893-cü ildə Ağdaş qəzasının Məmmədli kəndində doğulub. O, orta təhsilini Gəncədə klassik gimnaziyada başa vuraraq, 1911-ci ildə Kiyev Universitetinin hüquq fakültəsinə daxil olub. Universitet həyatı onun bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayıb. Rüstəmbəyli tezliklə universitetdə yaradılmış Azərbaycan Həmyerlilər Təşkilatının başçılarından və fəal üzvlərindən birinə çevrilir. Böyük Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin rəhbərliyi ilə həmin ilin oktyabrında gizli şəkildə yaradılmış Müsəlman Demokratik Müsavat Partiyasının Kiyev şöbəsinin ən fəal üzvlərindən biri də Şəfi bəy olur. Buradakı fəaliyyəti onun siyasi dünyagörüşünün formalaşmasında önəmli rol oynayır. Gənc hüquqşünas 1916-cı ildə diplomunu alaraq Gəncəyə qayıdır, bir müddət burada dairə məhkəməsində işləyir. Araşdırmaçı Ədalət Tahirzadənin dediyinə görə, Şəfi bəy hətta tələbə vaxtı həbs də olunub: "Mitinqlərdə iştirakına görə. Kiyev Universitetinin hüquq fakültəsini bitirəndən sonra Azərbaycana qayıtdı və müxtəlif işlərdə çalışdı. Əgər 1918-ci il Azərbaycan Cümhuriyyətinin iclaslarının stenoqramını oxusaq, müzakirələrdə ən fəal iştirak edənin Şəfi bəy olduğunu görərik. Şəfi bəy parlamentin üzvü idi. O, savadlı, hüququ gözəl bilən, beyni yaxşı işləyən bir adam olub. Qatı müsavatçı idi. 1918-ci ildə Zaqafqaziya Seyminin də üzvü olub. "Müsavat" fraksiyasında iştirak edirdi. Hətta M.Ə.Rəsulzadə və M.H.Hacınski Trabzonda və Batumidə gedən danışıqlara qatılanda, fraksiyanın mövqeyini Tiflisdə qalan Şəfi bəy müdafiə edirdi. Cümhuriyyət dövründə "Azərbaycan" qəzetinin baş redaktoru olması və bir müddət daxili işlər nazirinin müavini işləməsi onu göstərir ki, Şəfi bəy həddindən arıq enerjili və təşəbbüskar bir adam olub". "Vikipedia"da görkəmli ictimai-siyasi xadimlə bağlı verilmiş yazıda deyilir ki, 1917-ci ilin aprelində Bakıda çağırılmış Azərbaycan müsəlmanlarının qurultayında Azərbaycana muxtariyyət verilməsini qətiyyətlə tələb edən şəxslərdən biri də Şəfi bəy Rüstəmbəyli olub. O, 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin (rus dilində) redaktoru təyin edilir. Fəaliyyəti dövründə onun bu qəzetdə Azərbaycanın siyasi və ictimai həyatına dair xeyli məqaləsi çıxıb. Yüksək intellektual səviyyəsi və gərgin fəaliyyəti nəzərə alınaraq, Şəfi bəy Rüstəmbəyli 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamentinin deputatı seçilir. Yeri gəlmişkən, o, "Azərbaycan" qəzetinin parlament üzvü olan ilk baş redaktoru idi. Böyük ziyalı Azərbaycan Parlamentinin deputatı və "Azərbaycan" qəzetinin baş redaktoru olduğu dövrdə - 1919-cu ildə ilk milli mətbuat haqqında qanunu işləyərək parlamentdə qəbul olunmasına nail olur. O, "Azərbaycan"ın redaktoru olmaqla yanaşı, AXC-nin Daxili İşlər Nazirliyinin dəftərxana müdiri, 1920-ci il martın əvvəllərindən isə nazir müavini vəzifəsini də icra edir. Təəssüf ki, bir çox azərbaycanlı vətənpərvərlər kimi, onun istiqlal arzuları da bolşevik işğalı nəticəsində yarımçıq qalır. 1920-ci ildə Aərbaycan işğal olunduqdan sonra Şəfi bəy Rüstəmbəyli Tiflisə köçməli olur. Amma o burada da sakit oturmur. Tiflis şəhərində onun rəhbərliyi altında "Azərbaycanı xilasetmə komitəsi" yaranır. Amma onun bu fəaliyyəti də uzun sürmür. 1921-ci ilin fevralında Gürcüstan da ruslar tərəfindən işğal olunur. Artıq orada da mübarizənin bir işə yaramayacağını görən, Rüstəmbəyli İstanbula köçür və ömrünün sonunadək burada mühacirət həyatı yaşayır. Amma o, mühacirətdə də Azərbaycan davasını bir an da olsa, dayandırmır. Onun redaktorluğu ilə İstanbulda 1923-1927-ci illərdə "Yeni Qafqaziyyə", 1928-1931-ci illərdə "Azəri türkü", 1928-1930-cu illərdə "Odlu yurd" və 1932-ci illərdə "Azərbaycan yurd bilgisi" jurnalları nəşr edilir. Xaricdə yaşayan mühacirlərin durumu çox ağır idi, Şəfi bəy də onlardan geri qalmırdı. Lakin öz güzəranını qura bilənlər də var idi. Ədalət Tahirzadə deyir ki, Şəfi bəyi ağır durumdan da onlar çıxarıblar: "Şəfi bəyə kömək etdilər. Xəlil bəy Xasməmmədli, Ziyadxanovlardan, Xan Xoyskilərdən, Əmircanovlardan da orada yaşayanlar vardı - onlar kömək etdilər və o, təsərrüfatla məşğul olmağa başladı... Ferması vardı. Mağazaları da olub. Amma dediyim kimi, 30-cu illərdən sonra Şəfi bəyin siyasi fəaliyyətini görmürük".

Şəfi bəyin yaxın qohumu Əlağa Şahmalıyev uzun illər ailədə Şəfi bəyin adını çəkməyin yasaq olduğunu deyir: "Rüstəmbəylilər çox böyük nəsil olub. Mən Şəfi bəyin qardaşı Hacı bəyin qızının oğluyam. Şəfi bəy mənim anamın əmisi idi". Əlağa müəllim deyir ki, Sovetlərin gəlişindən sonra başqaları kimi Rüstəmbəyovlar zülmə düçar oldular: "Bəziləri Rüstəmov oldular - bəy sözü silindi. Şəfi bəyin atasını Sovet hökuməti güllələdi. Mustafa bəy Qəbələ bölgəsinin ən sayılan adamlarından olub. İndiyə kimi də insanlar "Mustafa bəyin torpaqları, körpüsü, çəkdiyi yol" deyə xatırlayırlar. Şəfi bəyin qardaşı Cəfər bəy Tiflisin baş terapevti idi. Onlar Tiflisdə yaşayırdılar. M.C.Bağırov onu Bakıya işə dəvət etdi və 6 aydan sonra güllələdi. Nənəm danışırdı ki, onu məhbəsdə az qala acından öldürmüşdülər...".

Ədalət bəy əlavə etdi ki, Cəfər bəy Cümhuriyyət dövründə Şimali Qafqazda "Kubanda Azərbaycanın səfiri olub: "Həkim kimi də çox peşəkar idi. O, 1924-cü ildə İstanbula gedib Şəfi bəylə görüşmüşdü. Şəfi bəyin atası Mustafa bəy də Cümhuriyyəti həddindən artıq sevən bir insan idi. Hətta Cümhuriyyət ordusuna 20 min cüt çəkmə və paltar bağışlamışdı. Mustafa bəyi də Müsavat hökumətinin Daxili İşlər Nazirinin müavininin atası olduğu üçün güllələdilər". Böyük vətən fədaisi Rüstəmbəyli Türkiyədə yaşadığı illərdə, ömrünün sonuna qədər Azərbaycanın azadlığı uğrunda mübarizə apardı. O, vətən davasına can qoyduğu gündən sona kimi öz əqidəsini dəyişmədi. Bir çoxsilahdaşları kimi, böyük azadlıq arzularını son nəfəsinədək qəlbində daşıdı. Şahidlərin yazdığına görə, Məhəmməd Əmin Rəsulzadə milli parlamentin son iclaslarında kədərlə işğalçıların Azərbaycana yetişdiyini xəbər verdiyi zaman, arxadan hönkürtü səsi eşidilir. Özünü uca səslə ağlamaqdan saxlaya bilməyən bu şəxs Şəfi bəy Rüstəmbəyli idi... Görkəmli siyasi xadim, Azərbaycanın dəyərli övladı Şəfi bəy Rüstəmbəyli 1960-cı ildə İstanbulda vətən həsrəti ilə dünyaya gözlərini yumub.

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2014.- 9 avqust.- S.11.