Tarixən formalaşmış milli geyimlərimiz
XVII əsrdə Azərbaycan Yaxın Şərqin böyük ipəkçilik
zonası, Şirvan əyaləti isə Azərbaycanın əsas ipəkçilik rayonu idi. Mühüm toxuculuq mərkəzləri
Şamaxı, Şabran,
Ərəş, Qəbələ,
Cavad, Ağdaş, eləcə də Gəncə, Şəki, Naxçıvan, Marağa,
Mərənd, Ərəş
və Ordubadda yerləşirdi. Bu haqda məşhur səyyah Adam
Oleari yazırdı:
"Onların (şirvanlıların)
əsas məşğələsini
iplik, ipək və yun toxuma,
müxtəlif tikmə
işləri təşkil
edir". Şamaxıda
istehsal olunmuş parçalar xüsusi şöhrət tapmışdı.
Burada hazırlanan zərif baş örtüklərinə və
başqa toxuma məmulatlarına böyük
tələbat vardı.
Bunların sırasında
ipək parça sənətkarlığının görkəmli mərkəzlərindən
biri olan Gəncəni xüsusi qeyd etmək lazımdır. Evliya Çələbi (XVII əsr)
yazırdı ki, Gəncə ipəyi çox məşhur idi.
Naxçıvanın mahir toxucu sənətkarları
çoxlu miqdarda ucuz, lakin gözəl
və yuksək keyfiyyətli pambıq parça isehsal edirdilər. Onların hazırladığı rəngarəng
çit parçalara
böyük tələbat
var idi.
Parça xalqın mədəniyyətini
əks etdirən elementlərdən biridir. Parçaların naxışı
və rəngləri həm bir xalqı
başqasından ayırmağa
və həm də eyni xalqın
içərisində müxtəlif
sinifli təbəqələrin
nümayəndələrini fərqləndirməyə imkan
verirdi. Qadın paltarları əsas etibarilə ipək parça və məxmərdən tikilirdi.
Araşdırmalar göstərir
ki, bu vaxt
Azərbaycanda əsl mənada milli geyim məktəbi yaradılıb. Geyimlə
şəxsin yaşını,
peşəsini, hətta
hansı təbəqəyə
mənsub olmasını
bilmək olurdu.
XVI-XVII yüzilliklərdə Azərbaycanda üst geyimləri çox müxtəlif və rəngarəng olub. Bu dövrdəki üst geyim formaları əsas etibarilə qədim geyim ənənələrinin davamı
kimi inkişaf edir. Lakin bu
ənənə getdikcə
daha da zənginləşmiş,
gözəlləşmiş və dekorativləşmə
istiqamətində inkişaf
etmişdir.
XIX əsrdə Azərbaycanın
Bakı, Şamaxı,
Şəki, Gəncə,
Qazax və s. şəhərlərini gəzib
orada milli geyimlərin naturadan şəkillərini çəkmiş
rus rəssamları V.V.Vereşagin və Q.Q.Qaqarinin əsərləri
də müəyyən
əhəmiyyətə malikdir.
Geyimlər Azərbaycanın ayrı-ayrı
tarixi-etnoqrafik zonalarının
lokal xüsusiyyətlərini
əks etdirməklə
bərabər, eyni zamanda onu geyən
şəxsin yaşını,
ailə və ictimai vəziyyətini də büruzə verirdi. Cavan qızın və ailəli qadının geyimlərində gözə
çarpacaq qədər
fərqlər olurdu. Cavan gəlinlər daha gözəl və zəngin geyinirdilər. Qızlar və yaşlı qadınlar bəzək şeylərindən az istifadə edirdilər. Toy
və bayram paltarları adətən qiymətli parçalardan tikilməklə bərabər
gündəlik və iş paltarlarından fərqli olaraq müxtəlif qızıl
və gümüş
bəzəklərlə də
ziynətləndirilirdi. XIX əsrdə
və XX əsrin əvvəllərində alt və
üst paltarlardan ibarət olan Azərbaycan qadın geyimlərini iki hissəyə bölmək
olar. Qadın üst geyimləri üst köynəyi, çəpkən, arxalıq,
ləbbadə, küləcə,
kürdü, eşmək
və baharıdan ibarət idi.
Çəpkən - gözəl biçimli
üst qadın geyimlərindən biri idi. Çəpkən astarlı olub, belə qədər bədənə kip biçilirdi.
Onun yan tərəflərində aşağıda
çapıq adlanan qabarıq hissələri olurdu ki, bu
da bədənin daha gözəl və fiqurlu görünməsinə imkan
verirdi. Arxalıq - Azərbaycanda qadınlar arasında geniş yayılmış geyimlərdən
biri idi. Arxalıq da çəpkən kimi astarlı və belə qədər bədənə kip biçilirdi.
XIX əsrdə ən
gözəl qadın arxalıqları Şuşa,
Şəki, Naxçıvan
və Şamaxıda tikilirdi.
Ləbbadə - sırıqlı və
astarlı olurdu. Ləbbadənin yaxası açıq olub, bel hissədə bağ ilə bağlanırdı. Ləbbadənin
beldən bir qədər aşağıda
yan tərəflərində
qısa çapığı
olurdu. Qolu qısa, dirsəyə qədər idi. Qoltuq yeri açıq
biçilirdi. Ləbbadə
əsasən məxmər
və müxtəlif zərli parçalardan tikilib, yaxası, qolunun ağzı və ətəyi zərif baftalarla bəzədilirdi. Eşmək -
sırıqlı üst geyimidir. Eşmək tikmək
üçün əsasən tirmə və məxmərdən
istifadə edirdilər. Eşməyin içinə,
yaxasına, qolunun ağzına və ətəyinə xəz
qoyulurdu. Bundan əlavə qolunun ağzına, ətəyinə
və yaxasına müxtəlif bafta və zəncirlər
tikilirdi.
Kürdü
- Zəngin qadın üst geyimlərindən biri
sayılıb. Tirmə və məxmərdən tikilən
kürdü sarıqlı və qolsuz idi. O, qış fəslində
geyildiyi üçün onun boynuna, yaxası və ətəklərinə
xəz tikilirdi. Əhali arasında geniş yayılan geyimlərdən
biri də Xorasan kürdüsü idi. Xorasandan gətirilən
bu kürdülər tünd sarı rəngli dəridən
hazırlanır, üzərinə həmin rəngli ipək
sapla naxış tikilirdi.
Küləcə
- belə qədər düz ətəyi büzməli olan
qadın üst geyimidir. Yaxası açıq olan küləcənin
uzunluğu dizə qədər, qolu isə dirsəkdən
aşağı olurdu. Küləcə əsasən məxmər
və tirmədən tikilirdi. Yaxasına, bel kəsiyinə, ətəyinə
və qollarının ağzına çox vaxt güləbətin
ilə tikmə tikilirdi.
Azərbaycanlı
qadının geydiyi tumanın uzunluğu,
Naxçıvan-Ordubad zonasından başqa, topuğa qədər
olurdu. Naxçıvan-Ordubad zonasında qadınlar nisbətən
qısa tuman geyirdilər. Tuman naxışlı ipək, yun və
çitdən tutmuş tirməyə qədər müxtəlif
parçalardan tikilirdi. Bəzi şəhərlərdə
qadınlar küçəyə çıxarkən
çaxçur da geyirdilər. Çaxçur ipək
parçadan tikilirdi.
Qızıl
və ya gümüşdən hazırlanmış düymələr
də qadın geyimlərinin yaxası boyunca tikilirdi. Bəzən
köynəyin ətəyinə qızıl pullar tikilirdi.
Qadın geyimlərində güləbətin, muncuq, pilək
və s. tikmələr də geniş yer tuturdu. Qadınlar
arxalıq və ya çəpkənin üstündən
qızıl, yaxud qızıl suyuna salınmış
gümüş kəmər taxırdılar. Onlarla
yanaşı dəri üzərinə gümüş pullar
tikilmiş və gümüş toqqası olan kəmərlər
də çox geniş yayılmışdı.
Qadın
baş örtükləri içərisində kəlağayı,
müxtəlif örpəklər, ipək örtüklər
xüsusilə geniş yayılmışdı. Kəlağayı
Azərbaycanın Şəki, Gəncə və Şamaxı
kimi məşhur ipəkçilik mərkəzlərində
xüsusi karxanalarda istehsal edilirdi. Kələğayının
əlvan rənglərinə üstünlük verilərdi.
Soyuq havalarda bütün bu geyimin üstündən şal
salardılar (tirmə şal, kəşmiri şal, təbii
yundan əllə toxunmuş şal).
XVI-XVII
yüzilliklərdə ən çox yayılmış
qadın baş geyimlərindən biri araqçın idi.
Bunlar əsas etibarilə iki cür olurdu: qadın və
qız araqçınları. Baş geyimlərini qadınlar
evdə, həyətdə və qonaqlığa gedəndə
geyər, küçəyə çıxdıqları vaxt
isə üstdən əsas etibarı ilə ağ
çarşab örtərdilər. Küçədə
çarşabsız gəzməyə, adətə görə
kiçik qızlara və yaşlı qadınlara icazə
verilirdi.
Azərbaycanda
çarşab əsasən bəzi şəhər və
şəhəryanı kəndlərin sakinləri
üçün səciyyəvi idi. Evdən çıxarkən
qadınlar başdan ayağa qədər çarşaba
bürünürdü. Çarşab bir rəngli atlasdan,
dama-dama keçə parçadan və müxtəlif
çeşidli ipək parçalardan olurdu. Çarşab
örtən qadınlar bəzən rübənddən də
istifadə edirdilər.
XVIII
yüzildə və sonralar Azərbaycanda qadınların
alnını bəzəyən baş geyimi də geniş
yayılmışdı. Bu baş geyimlərini həmin
dövrdə dərzilər yox, zərgərlər
hazırlayırdılar. Bu tip baş geyimləri əsas
etibarilə Qarabağ, Gəncə, Qazax, Tovuz, Borçalı
mahalında geniş yayılmışdı. XVIII əsrdə
qadın ayaqqabı forması bəzi kişi ayaqqabısına
bənzəyirdisə də, onlardan öz zərif biçimi
və gözəl bəzəkləri ilə
ayrılırdı. Nisbətən kübar qadınların
ayaqqabılarının üstünə tikmə
salınır, içərisinə isə dabandan tutmuş pəncəyə
qədər naxışlarla bəzənmiş
gümüş parçası bərkidilirdi.
Müxtəlif
bəzək şeyləri geyimləri tamamlayır, onun milli
xüsusiyyətini zənginləşdirirdi. Zərgərlər
bəzək məmulatını qızıl və
gümüşdən hazırlayırdılar. Qiymətli
qaş-daş: brilliant, almaz, zümrüd, yaqut, mirvari, firuzə,
əqiq va s. istifadə olunurdu. Azərbaycanın zərgərlik
məmulatı mərkəzləri Bakı, Gəncə,
Şamaxı, Şəki, Naxçıvan, Şuşa şəhərləri
idi. Yerli zərgərlər əhaliyə lazım olan hər
cür zərgərlik məmulatı hazırlayırdı.
Dağıstanın Kubaçi zərgərlərinin istehsal
etdikləri gümüşdən qayrılmış qadın
və kişi kəmərləri də Azərbaycanda
böyük şöhrət tapmışdı.
Kişi
üst geyimləri köynək, arxalıq, qaba və
çuxadan ibarət idi. Arxalıqlar əsasən ipək,
kişmir, atlas, mahud, sətindən tikilirdi. Qaba
çiyinüstü geyim idi və əsasən tirmədən
tikilirdi. Çuxa içi tüklü qoyun dərisindən
tikilirdi, düyməsiz, naxışlı idi.
Papağı
itirmək rüsvayçılıq sayılırdı. Kiminsə
papağının oğurlanması ona qarşı
düşmən hücumu, papağın başdan
vurulub-salınması onun bütün nəslini təhqir etmək
hesab edilirdi. Dəstəmaz zamanı istisna olmaqla, kişilər
papaqlarını başlarından
çıxarmırdılar. Papaqların müxtəlif
formaları və adları mövcud idi. Ən sadə və
geniş yayılmış növü motal və çoban
papaqları idi. Onları uzuntüklü qoyun dərisindən
hazırlayırdılar. Motal papaqları yoxsul kəndlilər
taxırdılar. "Şiş papaqları" və "bəy
papaqları"nı konus şəklində və itiuclu
hazırlayırdılar. Onların ümumi adları buxara
papaq idi, çünki onların hazırlanması
üçün dərini Buxaradan gətirirdilər. Belə
papaqları bəylər və varlılar taxırdılar, həmçinin
şəhər aristokratiyası də onlardan istifadə
edirdi.
"Yappa
papaq" Qarabağ üçün xarakterik idi. Nuxa qəzasında
"Daqqa papaq"lar var idi, bu cür papaqların üzü məxmərdən
tikilirdi. Kişi baş geyimlərinin papaqdan başqa
araqçın, başlıq, təsək, təskulax, əmmamə
(çalma) kimi növləri də var idi. Araqçın və
təskulaxı digər baş geyimləri ilə birgə
taxırdılar. Araqçını papaqsız taxmaq ədəbsizlik
sayılırdı, bunu yalnız uşaqlar edə bilərdilər.
Ruhanilər türban-əmmamə taxırdılar. Ali ruhani təbəqəsi
yaşıl əmmamə geyinirdi.
Antoniy
Cenkinson (XVI əsr) yay iqamətgahının dəbdəbəsini
təsvir edərək yazır: "Kral ipək və
qızılla bəzədilmiş zəngin bir çadırda
oturmuşdu, onun paltarı mirvari və qiymətli
daş-qaşla bəzədilmişdi". XIX əsrin sonu - XX
əsrin əvvəllərində naxış tikmələr
üçün istifadə olunan parçalar yerli istehsala aid
qanovuz, darayi və məxmər idi. Onlar Şamaxı, Basqal, Gəncə,
Şəki, Şuşa və Azərbaycanın digər şəhərlərində
hazırlanırdı. Naxış tikmək üçün
ipək, yun saplar və yerli istehsala aid möhürlü
nişancıqlardan (metal lövhəciklər) istifadə
olunurdu. Boyama zamanı bitkidən alınan boyaq maddələrindən
istifadə edilirdi. Naxış qoyulmuş məmulatlar
ornamental motivlərin zənginliyi və rəngarəngliyi ilə
seçilirdi. Azərbaycan naxışlarının ən
çox sevilən motivləri qızılgül, nərgiz, qərənfil,
lalə, liliya (zanbaq) və meyvə ağaclarının (nar,
heyva, alça) çiçəkləri, eləcə də
müxtəlif formalı sünbül və yarpaqlar idi.
Naxışların həndəsi şəkilli bəzəkləri
düz və sınıq xətlər, ziqzaqlar,
üçbucaqlar, dördbucaqlılar, altı və səkkizguşəli
gülşəkilli bəzəklər, kiçik romblar,
ulduzlar və rəmzi günəş təsvirlərindən
ibarət idi. Naxışlarda quş təsvir etməyi
xoşlayırdılar: bülbül, tovuz quşu, göyərçin,
tutuquşu, hop-hop, qarğa, qırqovul, dişi bildirçin,
kəklik və s. Çox tez-tez quş cütlüklərinin
təsvirinə rast gəlinirdi - ən qədim və sevilən
ornament motivi idi.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 12 avqust.- S.13.