Mediada əxlaq və davranış prinsipləri
Hər bir jurnalist əxlaq
kodeksinin tələblərinə riayət etməlidir
I yazı
Hər bir jurnalist xidməti vəzifəsini yerinə
yetirərkən insan hüquqlarını, demokratik prinsipləri
və etik davranış qaydalarını nəzərə
almalıdır. Jurnalistikanın bu qızıl qanunun
pozulması halları bu gün cəmiyyətdə müəyyən
narazılıqlara səbəb olur. Bunun
üçün isə mətbuat orqanları mətbuatın əxlaq
kodeksinə, davranış normalarına riayət etməlidir.
Qeyd edək
ki, bu tələb Mətbuat Şurasının "Jurnalistlərin
peşə əxlaqı kodeksi"ndə öz əksini
tapıb və "Diffamasiya haqqında" qanun layihəsində
də nəzərdə tutulub. Bundan əlavə,
qurum ATƏT-lə birgə layihəsi əsasında həmin
kodeksi daha da təkmilləşdirib. Kodeksə
əməl olunması kütləvi informasiya vasitəsinin nə
dərəcədə müstəqil olmasından ciddi surətdə
asılıdır. Əsasən kodeksə
əməl olunur. Kodeksə əməl
olunmasa, həmin yazılarla bağlı ayrı-ayrı vətəndaşlar,
vəzifəli şəxslər Mətbuat Şurasına
müraciət edərlər. Qurum öz iş prinsipini həmin
kodekslər əsasında qurub. Media ekspertlərinin
fikrincə, jurnalistikada əxlaq kodeksi məsələsi nəzəri
cəhətdən xeyli işlənsə də praktik cəhətdən
xeyli problemlər mövcuddur.
Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli
hesab edir ki, Azərbaycan jurnalistikasında peşə etikası
xeyli vaxtdır ki, tətbiq olunmağa başlayıb. Belə ki,
müxtəlif kitablar buraxılıb, jurnalistika fakültəsi
müəllimlərinin kitablarında peşə etikası ilə
bağlı problemlər qoyulub və nəzəri-praktik cəhətdən
xeyli dərəcədə öz həllini tapıb.
"Azərbaycan mətbuatı dünya təcrübəsinə
söykənir. Bütün bunlarla bərabər Azərbaycan
jurnalistikasında peşə etikası ilə bağlı
ciddi problemlər var. Belə ki, etik normaları bilməyə çalışmayan, dünya təcrübəsinə
söykənmək istəməyən jurnalistlər var ki,
sözün mənfi mənasında sərbəst hərəkət
edirlər, nəticədə də peşə etikası
pozulur. Peşə etikası normaları beynəlxalq
aləmdə o qədər önəmli şəkil alıb
ki, bunu "KİV haqqında" qanuna da əlavə etməyə
başlayıblar. Dəqiqlik, qərəzsizlik, tərəfsizlik,
obyektivlik, vicdanlılıq və s. qaydalar bir neçə il
bundan əvvələ qədər yalnız peşə
etikasına aid idisə, indi "KİV haqqında"
qanunlara da əlavə olunmağa başlayıb".
C.Məmmədli
hesab edir ki, peşə etikasına əməl etmək xeyli dərəcədə
çətindir, çünki bu, vicdan işidir: "Hər
kəsin də vicdanı dediyimiz bu prinsipləri qəbul etmək
gücündə deyil. Qəzetlərimiz bəzən
populyarlıq xətrinə təhqirə də, böhtana da
gedirlər. Bu baxımdan peşə
etikasına əməl etməyən qəzetlərimiz
çoxdur". C.Məmmədlinin fikrincə, müəyyən
müddət keçəndən, demokratik dəyərləri
tam qəbul edəndən sonra peşə etikasına əməl
etməyən qəzetlərə əhəmiyyət verilməyəcək:
"Yalan danışan, böhtan atan, sensasiya xətrinə
işləyən qəzetlər bir neçə il oxunur, sonra
isə onların oxucusu olmur".
Mətbuatda
peşə etikası ilə bağlı dünya
praktikasına toxunan C.Məmmədlinin sözlərinə
görə, Böyük Britaniya, Norveç, ABŞ və s.
ölkələrdə qəzetlər etik normalara əməl
etməklə önəm kəsb edirlər: "ABŞ-da
KİV-i idarə edən ayrıca bir qanun yoxdur. Ancaq jurnalistlərin öz içində etik normalar
var. Ona görə də orada bizdəkilərin yüzdə
biri qədər də təhqir və böhtan olmur. Amma elə bilirəm ki, biz də o səviyyəyə
gəlib çıxacağıq". C.Məmmədli
hesab edir ki, mətbuatda peşə etikasının
pozulması sensasiya xətrinədir. Belə ki, qəzetləri
satış üçün yalan danışmalı olurlar: "Böyük
bir günahımız ondadır ki, biz oxucuları o cür məlumatları
qəbul etməyə öyrəşdirmişik. Hiss olunur ki,
böyük oxucu qismi bu cür qəzetləri daha çox qəbul
edir. Əgər satış bazarında o
cür qəzetlər daha çox satılırsa, onda oxucunu
da, jurnalistləri də günahlandırmaq olar. Yəni bazar münasibətlərində dəqiq və
qərəzsiz işləmək əvəzinə qeyri-dəqiq
və qərəzli işləyirlər. Bu
cür qəzetlər alınmayanda jurnalistlər də bu
cür üsullara getməyəcəklər. Amma bu
gün belə qəzetləri alan
böyük bir oxucu kütləsi var. Elə bil ki, qeyri-dəqiq
məlumatlar bəzən oxucuya daha çox sərf edir. Jurnalistikanın tam formalaşdığı, peşə
etikasına həmişə əməl olunan sivil ölkələrdə
bircə dəfə yalan yazan qəzetin oxucusu kəskin
azalır. Amma qəribədir ki, bizdə
yalan yazan qəzetlərin oxucusu getdikcə artır".
C.Məmmədlin
fikrincə, bu cür halların baş verməsinin əsas səbəbi
jurnalistlərin böyük bir hissəsinin təhsildən
uzaq olması ilə bağlıdır: "Jurnalistika
fakültəsində peşə etikası ilə
bağlı ayrıca fənn keçilir. Amma
bizim böyük bir qisim jurnalistlərimiz var ki, peşə
etikasının nə olduğunu bilmirlər". C.Məmmədlinin
fikrincə, "Diffamasiya haqqında" qanunun qəbulu
jurnalistin üzərinə ciddi məsuliyyət qoyacaq: "Bəzən
jurnalistlər elə bilirlər ki, "Diffamasiya
haqqında" qanun onları təhqirlə bağlı məsuliyyətdən
guya azad edəcək. Ancaq belə deyil. Cərimələr formalaşa bilər və ya elə
tədbirlər görə bilərlər ki, qəzetin fəaliyyətini
davam etdirmək mümkün olmaz. Jurnalist
heç vaxt elə bilməsin ki, bu qanun onu məsuliyyətdən
xilas edəcək".
Media eksperti Ələsgər Məmmədlinin fikrincə,
mətbuat özünün peşə, əxlaq kodeksini müəyyən
edəndə ilk növbədə peşəkar medianın
prinsiplərini əsas götürür. Belə ki, dünya
praktikasında olduğu kimi, media obyektiv, qərəzsiz, tərəfsiz,
başqalarının hüquqlarına hörmət edən
şəkildə fəaliyyət göstərməlidir:
"Əks halda KİV öz nüfuzunu itirir, mediaya olan
güvəni sarsıdır. Nəticədə
cəmiyyət mediaya etibar etməməyə başlayır.
Media gözdən düşür və
özünün ictimai nəzarət funksiyasını normal həyata
keçirə bilmir".
Ekspertin fikrincə, "Diffamasiya haqqında" qanunun qəbulu
faydalı olacaq. "Diffamasiya təkcə böhtan və
təhqirə görə cinayət məsuliyyətinin
olub-olmaması deyil, eyni zamanda, jurnalistin zaman-zaman
araşdırdığı və qərəzsiz olaraq əlinə
keçən faktları yazarkən, o faktlarla bağlı səmimi
olaraq rəylər verərkən qorunması məsələsidir.
Çünki bəzən jurnalistlər birinci mənbədən
informasiya ala bilmirlər. Buna görə də
onlar qeyri-rəsmi mənbələrə istinad edirlər.
Əgər qeyri-rəsmi məlumatları
vicdanlı şəkildə əldə edib yayırlarsa və
onda heç bir qərəz yoxdursa, o zaman onların da ictimai
missiyasını həyata keçirmək üçün
diffamasiya təhlükəsindən qorunması
lazımdır. Mənim fikrimcə, bu qanun
qəbul olunarsa jurnalistlər bilərlər ki, nəyi və
necə yazdıqları zaman cəzalanacaqlar".
Milli Məclisin
deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar
Sadıqovun fikrincə, jurnalist Azərbaycan dilini, onun
qayda-qanunlarını dərindən bilməli, fikrini səlis
və düzgün ifadə etməyi bacarmalıdır. Peşə fəaliyyətinə başlayarkən
ilk növbədə sözün məsuliyyətini dərk
etməlidir. Bütün bunlarla bərabər milli-mənəvi
dəyərləri yüksək tutmalı, cəmiyyətdə
davranış qaydalarını mənimsəməli və əməl
etməli, etik normaları heç zaman pozmamalıdır:
"Ataların gözəl bir sözü var: söymə
hambal dədəmi, söyməyim bəy dədəni! Öz şəxsiyyətinə hörmət edən,
şərəf və ləyaqətini qoruyan insan
başqalarını heç zaman təhqir etməz,
aşağılamağa çalışmaz!"
Jurnalist peşəsi başqalarından fərqlidir. Təkcə
ona görə yox ki, o hər şey barədə hamıdan
qabaq xəbər tutur və bunu başqalarına da
çatdırır. Həm də ona
görə ki, onun auditoriyası böyükdür. Məsələn, həkimin dediyini bir nəfər,
müəllimin söylədiyini isə onlarla tələbə
eşidir. Jurnalistin auditoriyasını isə
yüzlər, minlər, yüz minlər təşkil edir.
Odur ki, onun sözünün ictimai yükü daha
böyükdür. Fərdilikdən çıxan,
ictimaiyyətə çatdırılan, müəyyən
fikir və rəyin yaranmasına səbəb olan, bəzən
isə insanların mövqeyinə təsir edən
sözün məsuliyyəti də yüksəlir! Həm də
jurnalist dediyinə və yazdığına görə ilk
növbədə mənəvi məsuliyyət daşıyır:
"Jurnalist peşəsi şəffaf, görünən
peşədir. Onun necə fakt toplaması,
getdiyi obyektdə nə sayaq davranması,
hazırladığı material göz qabağında olur.
Hər bir şəxs jurnalist əməyinin məhsulunu
əldə etmək, onu qiymətləndirmək imkanına
malikdir. Bunun üçün qəzet
almaq, yaxud internetin müvafiq saytına girmək kifayətdir.
Odur ki, jurnalistin obyektivliyi, yazı mədəniyyəti,
etik davranış qaydalarını nə dərəcədə
gözləməsi nəzərdən qaçan məsələ
deyil!"
B.Sadıqov onu da vurğulayıb ki, hətta bəzən
jurnalistin yazısını oxumaqla necə ailədə tərbiyə
aldığını da müəyyənləşdirmək
mümkündür. Şəxsi maraq naminə insanı şər və
böhtan obyektinə çevirmək, istədiyinə nail ola bilməyəndə söyüş və təhqirə
keçmək, şantaj yolu ilə pul qazanmağa
çalışmaq, informasiya yayıcısı sayılan qəzeti
reket alətinə döndərmək həm də ibtidai tərbiyə
və mənəviyyatdan doğan məsələdir! Təəssüf doğuran hal budur ki, belə əxlaq
sahibləri mətbuata gələndə jurnalist mühitinin
ab-havasını götürmək, ona uyğunlaşmaq əvəzinə
korlanmış mənəviyyatları ilə təmiz jurnalist
adını ləkələyirlər. Buna
dair istənilən qədər fakt söyləmək olar.
Mətbuat Şurasında müraciətlərin
araşdırılmasına dəvət edilən müxbir və
redaktorların davranışlarında ibtidai tərbiyədən
doğan çox fəsadlarla üzləşirik.
O da qeyd
olunub ki, mətbuat əxlaqının birinci tərəfi mənəviyyatla
bağlıdırsa, ikinci komponenti peşə
davranışı qaydalarına necə əməl edilməsindən
qaynaqlanır. Özünün demokratiya pilləsinə
yüksələn cəmiyyət ictimai əhəmiyyətli
sözlə işləyənlərin "mənəviyyat
tutumu" barədə də düşünüb və belə
mənəviyyatın standartlarını hazırlayıb:
"Söhbət jurnalistin peşə davranışı
qaydalarından gedir. Bu qaydalarda sözün azadlığı
birmənalı şəkildə qorunsa da, sözlə işləyən
jurnalistin mənəvi sərbəstliyinin
"çərçivə"ləri də
konkret və aydın şəkildə göstərilib.
"Əslində, Azərbaycan Jurnalistlərinin Peşə
Davranışı Qaydaları (AJPDQ) ilə jurnalist mənəviyyatının
vəhdəti mətbuat əxlaqının əsasını
təşkil edir. Bu ikisindən birinin olmadığı qələm
daşıyıcıları jurnalistika aləmində təsadüfi
ünsürlər sayılır. Mətbuat
əxlaqı həm də Azərbaycan xalqının milli-mənəvi
dəyərlərinin tərkib hissəsidir. Jurnalist
öz yazısını qələm və ağ
vərəqlə (bu gün isə kompyuterlə) gerçəkləşdirir.
Əslində ağ kağıza qara qələmlə
yazana qədər hər məsələni özü
üçün aydınlaşdırıb dəqiqləşdirmiş
olur. Təbii ki, konkret mövzuda yazı
yazılmasında bir niyyət də (məqsəd)
mövcuddur. Peşə prinsipini əsas
götürsək həmin niyyət insanlara operativ, obyektiv, qərəzsiz
və tərəfsiz informasiya çatdırmaq olmalıdır".
Cavid
Xalq Cəbhəsi.-
2014.- 12 avqust.- S.11.