Mediada əxlaq və davranış prinsipləri
Hər bir jurnalist əxlaq
kodeksinin tələblərinə riayət etməlidir
II
yazı
Son vaxtlar qəribə dəb yaranıb (Buna peşə
fırıldağı da demək olar). Əllərinə
keçən, yaxud kimsə tərəfindən onlara gizlincə
ötürülən "fakt və materialları"
saf-çürük etmədən, dəqiqləşdirmədən
qəzet səhifəsinə çıxarırlar. Yazının sonunda isə qeyd edirlər ki,
"gün ərzində yazıda göstərilən
faktları dəqiqləşdirmək üçün
bütün cəhdlərimiz puça çıxdı,
telefona cavab verən olmadı". Lap
axırda "Qarşı tərəfin də mövqeyini dərc
etməyə hazırıq" yazmaqla guya həm plüralizmə
əməl edirlər, həm də özlərini
sığortalayırlar. Bu üsul
heç kəsi məsuliyyətdən azad etmir.
Jurnalistlə vətəndaş arasında ən
çox münaqişə doğuran və məhkəmə
çəkişmələrinə gətirən hal şərəf
və ləyaqətin qorunması, şəxsi həyatın
toxunulmazlığı prinsipidir. AJPDQ-də ən
çox yer verilən və diqqət ayrılan (Bu mövzuda bəhs
olunan 3-cü prinsipdə 12 maddə var) məsələ də
məhz budur. Göstərilən prinsipin fəlsəfəsini
"Jurnalist görüşdüyü, haqqında
yazdığı hər bir şəxsin şərəf və
ləyaqətinə, şəxsi həyatının
toxunulmazlığı prinsipinə hörmətlə
yanaşmalıdır"- tezisi təşkil edir.
İnsanlar bir-birilə mübahisə edərkən təsadüfən
ağızlarından kobud ifadə, yaxud söyüş (təhqir)
çıxara bilərlər. Qəzet yazısında isə bu
mümkün deyil! Çünki hərə
yazdığını sonradan oxuyur, düzəliş edə
bilir, şöbə müdiri və redaktor da materialı
redaktə etmək səlahiyyətinə malikdir. Deməli,
qəzet səhifəsinə təhqiredici söz və
aşağılayan ifadə təsadüfən çıxa
bilməz! Şəxsi həyatın da sərhədləri
daim aydın görünür, o yalnız qəsdən
qarışdırıla bilər. "Reket qəzetlər"
məhz bu yolu tutublar! İstədiklərini
qopara bilməyəndə şər və böhtana, təhqirə
əl atır, vətəndaşların şəxsi həyatına
kobud şəkildə müdaxilə edir, etik normaları
gözləmirlər. Sonra isə bu əməllərini
riyakarcasına mətbuat və söz azadlığı ilə
bağlamağa çalışırlar.
Başqasının hüquqları başladığı
yerdə sənin azadlığın bitir! Mətbuat
və söz azadlığı heç bir jurnalistə
insanları təhqirə, şərləməyə, şəxsi
həyatına müdaxiləyə əsas və hüquq
vermir. Əxlaqlı və mənəviyyatlı,
özünə hörmət edən hər bir insan isə
başqasını ictimai şəkildə təhqir edib
aşağılamaz, iddiasını təmin etmədiyi
üçün qəzet vasitəsilə ondan qisas almağa
çalışmaz! Belə hərəkətlərlə mətbuat
əxlaqı bir araya sığmır!
Sovet dövründə yalnız yazılarda səsləndirilən
fikirlər müəyyən qəlibə
salınmırdı. İmzalara da ciddi tələbkarlıq və
nəzarət var idi. Məsələn,
Yazıçılar İttifaqının üzvü olmayan
müəllif öz yazısına
"yazıçı" imzası qoya bilməzdi. Buna heç bir nəşrin redaktoru yol verməzdi, həm
də oxuyanlar belə adamı lağa qoyardılar. "Publisist" titulu isə tək-tük
yazıçıya qismət olardı. Həm
də yalnız öz yazıları ilə ictimai rəydə
qəbul olunanlara publisist deyərdilər. Kimsə
məqalə yazaraq onu "publisist filankəs" imzası ilə
redaksiyaya gətirsəydi, yazısını da qoltuğuna
verib elə qapıdanca geriyə qaytarardılar. İndi
meyar itib, hərə də öz qəzetinin sahibidir! Kim
imzasına nə əlavə edib yazırsa, söz deyən
yoxdur! Necə deyərlər, məscidin
açıq qapısından hamı içəri
dürtülür. Digər tərəfdən, əgər
özündən əlavə 2-3 işçisi olan redaktor qəzetinə
"səxavətlə" "baş redaktor" imzası
qoyursa, başqasına hansı mənəvi haqla irad tutacaq? Odur ki, hərə istədiyi imza ilə qəzet səhifəsinə
çıxır. Ən dəbdə olanları isə
"politoloq", "yazıçı-publisist",
"media-eksperti", "siyasətşünas" və digərləridir.
Siyasətdən xəbəri olmayanın özünün
"politoloq", "siyasətşünas"
adlandırması, düzgün cümlə qura bilməyənin
"yazıçı- publisist" imzası ilə məqalə
çap etdirməsi daha heç kimi təəccübləndirmir!
Ümumi sözdür də, qoy istifadə etsin! Məgər kasıb itinin adını qızıl
qoyanda qiyamət qopar? Yaxud bundan ötəri
kimdənsə icazə almalıdır? Təbii ki,
heç belə icazələri verən konkret ünvan və
qurum da yoxdur! Məsələ bundadır ki, belələri
sonradan ekspertlik iddiasına düşür, hətta xəbərləri
olmayan sahələrdə gedən proseslər barədə rəy
söyləməyə, kifayət qədər məlumatı
olmayan insanları çaşdırmağa
çalışırlar. Özlərinin bilməmələri
(yaxud qərəzli şəkildə təhrif etdikləri) bir
yana, başqalarını da bu savadsız
yanaşma ilə razılaşmağa vadar etmək istəyirlər.
Savadsız yanaşmanın iki qaynağı mövcuddur. Bunlardan
birincisi özünü "bilən" göstərərək
başını başlara qoşmağa
çalışmaqla "mən də varam"
iddiasıdır. Təbii ki, bütün
dövrlərdə savadsızlar imkan tapan kimi irəli
cummağa, özlərini gözə soxmağa can
atmışlar. İddia cılız olsa da, elə də
zərərli deyil! Çünki təklikdə (məqalə
yazıb altına imza atanlar) qışqıranlar, adam içində (əsl mütəxəssislər
olan yerdə) susurlar. Qəzetdə məsələni
əymək, yaxud məkrli formada təqdim etmək
başqadır. Burada fərdi, korporativ
maraq öndə olur. Həm də həmin
marağın milli mənafe ilə üst-üstə
düşüb-düşməməsi həmin "ekspertlər"
üçün heç bir əhəmiyyət kəsb etmir.
Onları düşündürən alacaqları qrantdır!
Həmin qrant naminə hər şeydən keçməyə
hazırdılar! (Elə keçirlər də!).
Antiazərbaycançı şəbəkənin
yaratdığı "hüquq müdafiə" QHT-ləri
bunu yaxşı bildiklərindən onların xidmətindən
gen-bol bəhrələnməyə çalışanlar
çoxdur.
Müasir
demokratiyanın iki zəif yeri (buna "demokratiya
boşluğu" da demək olar) var: mətbuat və söz
azadlığı, bir də insan haqları! Saqqız kimi hər
tərəfə çəkilə bilən məsələdir!
Bu gün bir sira ölkələrin ziyan gördüyü
"ikili standartlar" həmin "boşluğa"
çox asanlıqla "yerləşdirlir" Jurnalisti
yazdığı hansı fikrə və sözə görə
cinayət məsuliyyətinə cəlb etmək olmaz? Yaxud insan haqları anlayışının tərifi
necədir? Niyə hərdən bir nəfərin
hüququ yüz minlərin illərcə pozulmuş
hüququndan üstün tutulur, hay-küylü kampaniyalarla
müşayiət edilir? Azərbaycanın bir milyonluq
qaçqın və məcburi köçkününü
"unudaraq" hansısa qondarma "siyasi məhbusu" beynəlxalq
qurum və təşkilatların "arayış qəhrəmanına"
çevirmək hansı niyyətdən doğur?
Belə
bir məqamla razılaşıram ki, əgər jurnalist bilmədən,
təcrübəsizlikdən, yaxud səmimiliyinə
inandığı hansısa şəxsin informasiyası əsasında
başqasının imicinə xələl gətirən,
özündən asılı olmayan səbəbdən şər
və böhtan xarakterli material yazıbsa, buna görə onu
cinayət məsuliyyətinə cəlb etmək,
azadlığını məhdudlaşdırmaq olmaz! Kim səhv etmir ki? Bəyəm
başqa sahədə çalışan mütəxəssislərin
(həkim, müəllim, mühəndis və s.) səhvləri
cinayət məcəlləsi əsasında qiymətləndirilir?
Təbii ki, yox! Onda niyə jurnalistləri istisna
kimi götürməliyik? (Peşənin
bütün xüsusiyyətlərini və ictimai mahiyyətini
nəzərə alsaq da!).
Məsələyə başqa tərəfdən
yanaşaq.
Hansısa qəzet və onun redaktoru mətbuat və söz
azadlığı hesabına özünə biznes qurubsa,
insanların şərəf və ləyaqətini təhqir
etməyi, adamlara şər, böhtan atmağı, şantaj
yolu ilə pul qoparmağı "xüsusi fəaliyyət
növünə" çeviribsə, belələrinin əməllərini
soyuqqanlılıqla müşahidə etmək kifayətdirmi?
Axı burada tənqidlə təhqirin, həqiqətlə
yalanın, mövcudluqla böhtanın sərhədləri qəsdən,
həm də müntəzəm və məqsədyönlü
şəkildə pozulur! Bəli, söhbət
"reket jurnalistikası"ndan gedir. Onların
gördükləri işlərin mətbuat və söz
azadlığına heç bir dəxli yoxdur! Doğrudur, belələri
özlərini sığortalamaq üçün irəlicədən
mətbuat sahəsində yaradılmış hansısa
qondarma quruma üzv ola bilirlər, həmin
qurumlar da onların müdafiəsinə qalxırlar. Ancaq necə
yozulmasından asılı olmayaraq həqiqət birdir!
İnsanları qəzet vasitəsilə təqib etməklə
onlardan rüşvət qoparmağın mətbuat və
söz azadlığına heç bir aidiyyəti yoxdur və
ola da bilməz! Kimlərinsə
Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq,
ölkəmizin dünyaya inteqrasiyasında problem yaratmaq niyyəti
var. Bundan ötrü sapı özümüzdən olan
baltalardan istifadə edirlər. Qəzetdə
çalışan hər hansı insanla bağlı cinayət
hadisəsini "söz və mətbuat
azadlığının boğulması", "peşə
fəaliyyətinə görə qisas alınması" və
s. kimi təqdim etməyə, eyni zamanda özlərinə
"qrant" mənbəyi yaratmaqla qazanmağa
çalışırlar. Amma obyektiv və
ağlı başında olan insanlar belə oyunların mahiyyətini
yaxşı anlayırlar. Başqa cür hərəkət
edənlər ya qərəzlidirlər, ya da savadsız! Çünki "tənqidçi" qəzetlə
"reket qəzeti" ayırd etmək çox sadə və
asandır. Yalnız qərəzli və təmənnalı
olanda onları qarışdırmaq mümkündür!
Jurnalistika açıq və şəffaf fəaliyyət
sahəsidir. Qabiliyyət və istedadı olan şəxs bu sahəyə
gələ və ya çox asanlıqla icazə alaraq qəzet
çıxara bilər. Buraxdığı
qəzet isə göz qabağında olur, mütəxəssislər,
sadə oxucular tərəfindən dəyərləndirilir.
KİV-lər "KİV haqqında qanun",
habelə jurnalistlərin peşə fəaliyyətinin tənzimlənməsinə
dair digər qanunlar əsasında fəaliyyət göstərirlər.
Mətbuat Şurası tərəfindən Azərbaycan
jurnalistlərinin qurultayında AJPDQ-ı qəbul olunub. Bunlar məsələnin rəsmi tərəfləridir.
Ancaq qeyri-rəsmi şəkildə mətbuat əxlaqı
adlanan anlayış da var! Bu, hər bir
jurnalistin qanun səviyyəsində əməl etməli
olduğu etik normalar toplusudur. Doğrudur,
onu pozmaq cinayət məsuliyyəti yaratmır, amma əli qələmli
insanı gözdən və etibardan salan ciddi nəticələr
verir.
Vaxt var idi müxtəlif sahələrin ən
istedadlıları jurnalistikaya üz tutar, özləri ilə
yeni səs, yeni nəfəs gətirərdilər. Ümumi
axında istedadları, deyim tərzi, fərdi yanaşma
maneraları ilə fərqlənməyə
çalışar, bir qədər təcrübə
topladıqdan sonra isə öz üslublarına yiyələnərdilər.
Çox təəssüf ki, qəzetçilikdə
yaranan müvəqqəti maliyyə çətinlikləri,
jurnalistlərin həyat səviyyəsinin aşağı
düşməsi bu sahəyə ağıllı və
istedadlı insanların axınını dayandırıb.
Bu gün daha çox təsadüfi insanlar, hər
sahənin uğursuzları qəzetçiliyə üz
tuturlar. Uğursuz kitabxanaçı,
uğursuz iqtisadçı, uğursuz müəllim, hətta
uğursuz çilingər, çoban qəzet redaktoruna
çevrilir. Belə vəziyyətdə
isə mətbuat əxlaqının saxlanması və
qorunması xeyli çətinləşir.
Müasir jurnalistika yeni texnika və texnologiyaların tətbiqi
sayəsində operativliyini və çevikliyini xeyli artırıb. İndi əldə
olunan informasiyanın oxucuya çatdırılması
asanlıqla və qısa müddətdə baş verir.
Çətinlik informasiya mənbəyinə
çatmaq və informasiyanı əldə etməkdədir.
Burada isə jurnalistin nüfuzu və şəxsi əlaqələri
heç də az əhəmiyyət kəsb
etmir. İnsanlar hadisə baş verəndə
inandıqları qəzetə və müxbirə müraciət
edirlər. Bu inamı qazandıran amillərdən
biri də jurnalistin mətbuat əxlaqına malik
olmasıdır".
Cavid
Xalq Cəbhəsi.-
2014.- 13 avqust.- S.14.