Rəfiqə xanımın “Dolu”su ətrafında
düşüncələr
Dünənin oxucusu - bu günün qəhrəmanı
Söz yerinə
çəkər. Heyrət və
təəccüb içərisindəyəm.
Aman
Allah, gördüklərim, zəncirvari calananlar nə idi - təsadüfmü,
yoxsa hansısa görünməz qüvvənin
məni masa arxasına keçib duyğularımı qələmə
almağa sövq edən zərurət?!
Elə bil, dağ arana
köçmüşdü. Qəfil şimşək çaxdı,
sonra şıdırğı
dolu yağdı.
Ara sakitləşəndə televizoru
açdım. Orada da doludan söhbət gedirdi. "Ovqat"
verilişini mahiyyətcə
AzTV-dən özü
ilə "Xəzər"ə
transfer etmiş sevimli
aparıcı xanım
tələbəlik illərindən
tanıdığım Aqil
Abbası (titulları
oxuculara bəlli olduğundan sadalamağa ehtiyac görmürəm) sual yağışına
tutmuşdu. Söhbət həmkarımızın ekranlaşdırılmış "Dolu"sundan gedirdi. Zənnimcə, müəllifə zəhmət vermədən
də veriliş boyu canlandırılan süjetlərdən, obrazlardan,
yaşantılardan suallara
cavab tapmaq olardı.
Qarabağ döyüşlərinin qəhrəmanlarının
ümumiləşdirilmiş surətləri yenə
"Cəngi" ab-havasını
yaşatdı, nisgilli
qəlblərə su çilədi, tamaşaçılara
təsəlli oldu, bir daha nikbinlik
təlqin etdi. Sonda yatan dolu ətalətə
meydan oxudu, yorğunluğu, üzgünlüyü
silkələdi:
Bir qədər
öncə mütaliəsini
başa vurduğum kitaba nəzər salıb gülümsədim. O da
"Dolu" idi. 76 yaşlı Rəfiqə
ananın "Dolu"su.
On dörd il
əvvəl işıq
üzü görmüş
kitabın müasirliyi
günümüz üçün
də əhəmiyyətinə
diqqət çəkirdi.
Hərçənd müəllif də,
biz də Qarabağ həsrətinin, hicrətinin
bu qədər uzanacağını xəyalımıza
gətirməzdik. Annatasiyada
deyilirdi: kitabda müəllifin uşaqlar üçün yazdığı
maraqlı hekayələr
toplanmışdır. Erməni millətçilərinin
xalqımızın başına
gətirdikləri müsibətlər
və uşaqlarımızın
qəlbində alovlanan
mübarizə ruhu hekayələrdə öz
bədii ifadəsini tapmışdır. Bu yazılar uşaqlara Vətəni sevməyi, onu qorumağa, daim sayıq olmağa, el yolunda fədakarlıqdan çəkinməməyə
çağırır".
Bəli, hekayələr övladlarımız,
nəvələrimiz üçün
yazılıb, biz böyüklərin
isə surətlərdən,
səciyyələndirmədən, mühakimələrdən görüb-götürəcəkləri
kifayət qədərdir.
"Dolu" R.Məmmədovanın
yenidən vərəqlədiyim
15-ci kitabı idi. Necə təsirlənmişdimsə,
istədim ona istinad edib çoxdan
bəri ünvanladığı
"mənim balam, uşaqlar üçün
yazmaqda davam etsəm yaxşıdır,
yoxsa, böyüklərə"
sualını konkret cavablandırım. Qəti şəkildə
"şirin-şəkər balalar üçün"
deyim.
Bilirsiniz,
tale Abdulla Şaiq, Mirvari
Dilbazi, Hikmət Ziya, Məstan Əliyev kimi uşaq ədəbiyyatı
zirvələrinə qıydıqdan
sonra ikinci və üçüncü
nəsil nümayəndələrinin
sıralarını da
sərt darağı ilə seyrəkləşdirib.
Gedənlər çox, qalanlar
az. Kövrək, həssas
balaların dünyasında
duruş gətirmək,
hər yazarın hünəri deyil. Müasir uşaq ədəbiyyatımızın
acınacaqlı, yetim
durumuna Yazıçılar
Birliyinin hesabatlarında
həyəcan təbili
səslənib. Doğrudur, istedadlı
gənc yazarlarımız,
uşaq dünyasına
sözü-sənəti ilə
səyahətə çıxanlarımız
var. Fəqət hələlik
sayları ilə öyünə bilmərik.
Bəs, Rəfiqə xanımın
bu çevrənin söz, nüfuz sahiblərindən olması
qəti fikir söyləməyə əsas
vermirmi?
Rəfiqə Məmmədovanın çapdan
çıxan 14 kitabından
11-nin uşaq ədəbiyyatına
aid olmasından da bu məntiq boylanmışdı. "Dostluq"da,
"İnam"da, "Güllü
kəpənəkli bağ"da,
"Dağlar qızı
Lalə"də, "Uğurlu
yol"da və başqalarında cəmləşən
povestlərini, hekayələrini,
nəğmələrini, tapmacalarını,
digər janrlardakı
yaradıcılıq nümunələrini
həmin kitablaradək
ötən əsrin
70-ci illərindən bəri
"Göyərçin", "Pioner", "Günəş"
jurnallarında, "Xalq
qəzeti", "Bakı",
"Azərbaycan gəcləri",
"Mədəniyyət", "Şərq qapısı",
"Araz": qəzetlərində
mütaliə etmişdim.
Oxumuşdum və maraq doğurmuşdu.
Yadıma düşdü ki, Rəfiqə xanım
"Könül", "Şahin balam" romanlarının, "Şəfəq
müğənnisi" povestinin
də müəllifidir. Azərbaycan Dövlət
Radiosu onun kiçik həcmli əsərləri ilə yanaşı həmin kitablarının bədii
qiraətini yayımlayıb.
Ölkə daxilində və xaricində radioya axışan məktublarda
bunların təkrar səsləndirilməsi xahiş
edilib. Söz sənətimiz isə
məhdudiyyətlərdən daim ziyan çəkib.
Kamil, gözəl əsərlər
yazara ilham pərisinin töhfəsidir.
Qapın
döyüldü, görək
əldə kağız-qələm
hazır dayansın.
Yenidən "Dolu" ilə üzbəüz qaldım. Kitabdakı portretini
bir xeyli seyr etdim. Cizgiləri nə qədər doğma idi. Lap doğma anama bənzəyirdi?! Yəqin İlahi
abırlı, ismətli,
dözümlü, nikbin
analarımıza belə
alın cizgilərini ona görə bəxş edib ki, əzab-əziyyətlərini,
qayğılarını orada
el gözündən gizlədə
bilsinlər. 1938-ci il avqustun 21-də Cəbrayılda anadan olan Rəfiqə cəmi üç il atası Allahverənin
üzünü görüb.
Cəbhədən "qara kağızı"
gələndə anası
ilə Füzulidəki
doğmalarına sığınıb.
Orta məktəbi Zəngilanda bitirib Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakultəsinin məzunu kimi 12 il
Bakı Yeyinti Sənayəsi Texnikumunda dərs deyib. Sonra ailə, övlad, nəvə qayğıları,
uzun illərin səmərəli, məhsuldar
yaradıcılıq yolu.
İstedadlı jurnalist olacağı
barədə proqnozların
bu kontekstdə özünü doğrultmaması,
R.Məmmədova klassik
analarımız kimi ailə, uşaq xöşbəxtliyini fərdi
şöhrətdən üstün
tutub. Tale əvəzində onu Vətən, cəmiyyət
üçün gərəkli,
ləyaqətli övladlar,
nəvələr və
oxucu məhəbbəti
ilə mükafatlandırıb.
Budur, televiziya
Azərbaycan əsgərinin,
zabitinin azğın erməni işğalçılarına
yaxşıca dərs
keçdiyini, onlarca qəsbkarın məhv edildiyini xəbər verir. Bir anlığa düşmənə
yerini göstərən,
Vətən yolunda şəhid olan döyüşçülərimizin simaları göz önündə canlanır.
Yəqin
onlardan kimsələrsə,
nə vaxtsa Rəfiqə xanımın
"Dolu"sunu oxuyub.
Bəlkə onları uğurlu
kəşfiyyata aparan
döyüşçü sərrast atıcı Novruz kişinin nəvəsi, üçrəngli
velosipeddə gəzən
və "balaca kəşfiyyatçı" adlandırılan
Muradın özüdür
("Balaca kəşfiyyatçı").
Yəqin
6 yaşında valideynlərinin
gözündən yayınıb
hospitalda qan verməyə gedən, bunun üçün orada israr edən
Orxan da günümüzün reallığına
biganə qalmazdı.
"Orxan" hekayəsinin qəhrəmanının
bu nümunəsi yaralı əsgərə
aldığı xəsarəti
unutdurur. "Yaralıydım! Yaramı
sən sağaltdın!
Orxan sağaltdı! Belə oğulları olan Vətən basılmaz"
- deyir.
Yaxud, çörək növbəsinə
dayanan uşağın
"qaçqınsanmı" sualından qeyzlənərək
keçirdiyi hisslərə
diqqət yetirək:
"Mən didərgin
olmaq istəmirəm! Səkkiz yaşım var! Böyük oğlanam! Döyüşçülərə qoşulmalıyam" ("Qaçqın olmaq istəmirəm"), "Qonşu
üzü güzgüdür"
hekayəsində rəssamın
yaratdığı "Bir
şaxtalı fevral gecəsi" uşaqlara qəzəbli anları yaşadır. Ağsaqqal
Fərəc kişi
onların ürəyindən
keçənləri oxuyur:
"Qəşəng şəkil
çəkmisən. Dava
da qurtaracaq, biz də qalib gələcəyik!
Sən bunu gələcək nəslə
yaddaş üçün
saxlayarsan! Bu da
mübarizədir!"
Qələbəyə inam, doğma torpaqların düşmən tapdağından təmizlənəcəyi Rəfiqə xanımın "Dolu"su kimi digər əsərlərinin də aparıcı xəttini təşkil edir. 20-22 il əvvəl İbadlar, Allahverdilər, Əliflər və başqaları döyüş bölgələrində misilsiz qəhrəmanlıq nümunələri ilə sözlərini dedilər. İndii növbə "Dolu"ya baxanların, "Dolu"ları oxuyanlarındır.
Rəhim
Hüseynzadə,
Azərbaycanın
əməkdar jurnalisti
Xalq Cəbhəsi.- 2014.- 13 avqust.- S.11.