Düşüncəsində,
sözündə, əməlində xeyirxah
İnsan
Dostum Vaqif Qasım
oğlu Qasimovun əziz xatirəsinə
Elə insanlar var ki, onlarla
salamlaşmadan, elə
ruhlar var ki, qarşısında baş əymədən yanlarından ötüb keçmək mümkün
deyil. Elə dostlar var ki, son mənzilə yola salıb vidalaşırsan, lakin ayrılıb, uzaqlaşa bilmirsən, ruhən ömrünün sonunadək
onunla birgə düşünür, gəzib-dolaşır
və yaşayırsan.
Elə şəxsiyyətlər
də var ki, xatırlayanda susa bilmirsən.
Əziz, hörmətli
və unudulmaz dostum Vaqif Qasim
oğlu Qasımovun bugünki matəm mərasimində ona görə danışıram
ki, susa
bilmirəm.
xxx
Məclisdə elə adamlar görürəm ki, onu məndən daha əvvəl, geniş planda və yaxından-ata, əmi, dayı, qardaş, qohum, uşaqlıq, gənclik dostu, həmkar, yerli və s. kimi tanıyır. Mənsə onu respublika miqyasında ictimai-siyasi xadim, ləyaqətli dövlət adamı, parlamentdə xalqın həqiqi təmsilçisi-millət
vəkili və pensiya dövrümün dostu, həmdəmi kimi tanıyıram. Onun ömür kitabında saflıq və bütövlüklə yanaşı,
yetkinlik və ucalıq, düşüncəsində,
sözündə-söhbətində və əməlində xeyirxahlıq ana xətt kimi diqqəti cəlb edirdi. Həyat və fəaliyyətinin
bütün istiqamətləri
əsl ziyalı və azərbaycanlı olmaq üçün standartlıq nümunəsi
idi. Taleyi elə gətirdi
ki, ölkədə standartlaşdırma sahəsinə
rəhbər təyin
olundu. Uğurlu təyinat insanın
şəxsi keyfiyyəti
ilə vəzifəsinin
tələbatının birliyini
vəhdətdə tamamladı.
Bu vəhdət qısa vaxt ərzində standartlaşdırma
kimi mühüm sahədə respublika miqyasında bütün istehsalın keyfiyyətini
nəzarətə aldı.
Uğurları zəruri təşkilat-texniki
və metodiki tədbirlərlə sabitləşdirib,
möhkəmləndirdi.
xxx
Vaqif Nəriman
Nərimanov rayon partiya
komitəsinin birinci katibi işləməklə,
taley onu siyasi fəaliyyət sahəsində sınağa
çəkdi. Respublikada müstəmləkəçiliklə
müstəqillik üz-üzə
durdu. Qanlı yanvar faciəsi partiya, sovet, təsərrüfat nomenklaturasını
ciddi seçim qarşısında qoydu: Azərbaycan, millət, müstəqillik, azadlıq
və yaxud SSRİ, sovet xalqı, müstəmləkəçilik, köləlik, vəzifə,
şəxsi firəvanlıq?!
Bu adi mübarizə
deyildi. "Olum ya ölüm"
savaşıydı.
Seçim vaxtı idi. Vaqif isə
seçimini çoxdan
etmişdi. Rəhbəri olduğu partiya komitəsinin ad lövhəsini
çıxarıb atmışdı.
Ondan soruşanda raykomun ad lövhəsinin yerində
nə asmaq fikirindəsən?! "Müstəmləkəçilik, istibdad və zorakılıqla mübarizə
komitəsi" - deyə
cavab verirdi.
xxx
Milli Məclisdəki
fəaliyyəti bütünlüklə
gözümün qarşısında
baş verib. Taleyi onu burada ən
böyük arzusuna çatdırdı: Azərbaycan
Respublikasının Dövlət
müstəqilliyinə, üç
rəngli bayrağına,
himninə, gerbinə səs verdi.
Bütövlükdə, 20-ci əsr Azərbaycan xalqının müstəqillik
uğrunda mübarizə
tarixidir. Səttar xandan başlayan
milli azadlıq mübarizəsinin estafet məşəlini Şeyx
Məhəmməd Xiyabani
daha yüksəklərə
qaldırdı. Məhəmməd Əmin Rəsulzadə ziyası ilə nəzəri və əməli cəhətdən
formalaşıb, tarixdə
xüsusi status aldı,
Pişəvəri tərəfindən
davam etdirilərək,
Əbülfəz Elçibəyin
liderliyi ilə cilalanıb, məntiqi sonluğuna qovuşdu.
Bu şərəfli missiyanın aparıcı,
hərəkətverici qüvvəsi
AXC və xalq idisə, hüquqi təminatçısı respublikanın
sonuncu Ali Soveti və ilk Milli Məclisi oldu.
100 illik mübarizədən
sonra dövlət müstəqilliyinə səs
vermək qisməti mükafat, fəxri ad, rütbə, dərəcə
və s. deyildi, hər xalqın tarixi taleyində bir dəfə baş verən misilsiz, müqayisə və təkrar olunmaz şərəf işi idi.
O gün - 17 oktyabr Azərbaycan dövlətinin
müstəqilliyinin əbədiliyini,
dönməzliyini, sarsılmazlığını
təsdiq edən tarixi və şanlı ad günü
idi. Vaqiflə birgə o günə
səs verdik. Hesab edirəm həyatda bundan böyük səadət yoxdur, ola
da bilməz!
xxx
Vaqif Milli Məclisdə qaçqın və köçkünlərlə iş
aparan daimi komissiyanın yaradılması
və Xocalı soyqırımına dövlət
səviyyəsində qiymət
verilməsi sahəsində
qızğın, geniş
miqyaslı fəaliyyət
göstərdi və məqsədinə nail oldu.
O, ömrünün sonunadək
pensiyaçı olduğu
dövrdə belə,
ilk Milli Məclisin digər üzvləri kimi maddi ehtiyac
içində yaşamasına
baxmayaraq qaçqın
və köçkünlərə
qayğısını əsirgəmir,
onlarla görüşür,
kömək etməyə
çalışırdı. Bu il dostumuz
və həmkarımız
Aslan Abbasovla Xızıda məskunlaşan
qaçqınlarla görüsə
getdiyinin şəxsən
şahidi olmuşam.
xxx
Parlament fəaliyyəti başa çatdıqdan sonra Azərbaycan hökumətinin
qardaş Türkiyə
Respublikasında nümayəndəsi,
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının vitse-prezidenti
kimi fəaliyyəti diqqətəlayiqdir. Onun Türkiyənin görkəmli
dövlət adamları,
şəxsən Süleyman
Dəmirəllə dostluq
və işgüzar münasibətləri hər
iki ölkə üçün faydalı
nəticələr verib.
Bununla bağlı bir necə kitab yazıb, nəşr etdirib, xüsusi layihələr əsasında
iri həcmli məcmuələrin hazırlanıb
çap olunması işinə kordinatorluq edib.
xxx
Pensiyaya
çıxdığımız illərdə Zeytunluqdakı
"Göy-göl" istirahət
mərkəzinin işgüzar
kollektivinin sonsuz qayğısı ilə əhatə olunaraq, Lənkərandan müdrik
ağsaqqal Səadət
Tağıyevin sovqat göndərdiyi əsl Lənkəran çayının
ətirli süfrəsi
ətrafında görkəmli
yazıçı-publisist Nahid
Hacızadə, Əlövsət
Bəşirli, filosof Fikrət Təbibi, Elşən Bayramzadə, politoloq Söhrab Abdullayev, həmkarımız
Xeyrulla Əliyev və başqaları ilə tez-tez görüşüb, söhbət
edirdik. Vaqif bəzi hallarda
məclisimizi vaxtından
əvvəl tərk edərək, "məhəllədə
nəvələlərim məni
səbrsizliklə gözləyirlər"
deyib, evə tələsirdi. O, yaşadığı
məhəllədiki uşaqlarla
dostluğundan onlara sevgisindən, arzu və istəklərindən
danışır, çöhrəsinə
saf, mehriban, müqəddəs bir təbəssüm qonur, sanki uşaqlaşıb onlara qoşulurdu.
Mən isə bu anlarda
düşünürdüm: o şəxs xoşbəxdir
ki, uşaqlıqda qocaların hörmət və sevgisini qazanır, o insan xoşbəxdir ki, qocalıqda uşaqların
məhəbbətini qazanır,
onların sevimli babasına çevrilir. Vaqifə bu xoşbəxtlik nəsib oldu. O, sözün həqiqi mənasında qürur və iftixarla özünü bütün
uşaqların babası
hesab edirdi.
xxx
Cərrahiyyə əməliyyatına getməzdən əvvəl
deyirdi: uzağı bir həftəyə qayıdacam. Axı, nəvələrimə söz vermişəm, əhdimi poza bilmərəm.
Həyatı boyu heç vaxt əhdini pozmayan, verdiyi sözün üstündə
möhkəm dayanan Vaqif Qasımov bu dəfə sözünün üstündə
durmayıb, əhdini pozdu, dostlarının və nəvələrinin
gözünü yolda
qoydu, heç kimə bir söz
demədən, gözlərini
əbədi yumdu.
Biz isə onu "düşüncəsində, sözündə,
əməlində xeyirhax
İnsan" kimi son mənzilə yola salır, xəyalımızda
onunla hər gün görüşür,
məzarının önündə
dayanıb salam
verir, ruhu qarşısında baş
əyir, vidalaşmağımıza
baxmayaraq, ayrılıb
uzaqlaşmır, haqqında
susa bilmir, qürur və iftixarla danışırıq.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!
Hüseynağa Qəniyev
Baki ş. 29 iyul 2014-cü il
Xalq Cəbhəsi.- 2014.- 13 avqust.- S.10.