Kommunizmə Bakıda faciəli aqibət yaşadan aldanmış demokrat
Əyyub Xanbudaqov kommunizmə xidmət eləsə də onun qurbanına çevrilib
Məmməd Əmin Rəsulzadə
"Çağdaş Azərbaycan
Tarixi" əsərində
yazır: ""Uklon"
- doğru yoldan sapmaq deməkdir. Kommunizmin əsas əqidələri
ilə razı olmayanlara və partiya intizamına riayət etməyənlərə
bu adı verirlər. Rus olmayan sovet respublikalarında milli istiqlal fikrinə meyl edənlərə
"milli sapıntıçılar"
adı verilir. Daha sonra, 1924-cü ildə Azərbaycan Kommunist Partiyasının baş katibi Əyyub Xanbudaqov Azərbaycan sapıntıçılarına
başçılıq etdi
və bu cərəyanın istəklərini
bu şəkildə formullaşdırdı: 1. Bundan
sonra Moskva Azərbaycanın daxili işlərinə qarışmayacaq.
2. Yerli kommunistləri
sadəcə yuxarıdan
təyin olunan katiblərlə rəhbərlərin
idarəsində və
yalnız onların müşavirləri rolunda
görmək fikri və adətindən vaz keçiləcək.
3. Azərbaycan milləti
öz-özünə idarə
etmək çağına
çatmış ikən,
moskvalı idarəçilər,
yerlilərin müstəqil
olaraq çalışmalarına
əngəl olur və bu çalışmaya
"yerli millətçilik"
damğası vurur. Buna qəti olaraq
son qoyulacaq. 4. İşçi
birlikləri, kooperativləri
və digər dövlət müəssisələri,
sözdə deyil, gerçəkdən türkləşdiriləcək.
5. Azərbaycanı Rusiyadan gətirilmiş köçkünlərlə məskun
etmək istəyən
Sovet hökumətinin
məskunlaşdırma siyasətinə
son qoyulacaq. 6. Cənubi Qafqaz respublikalarında milli mədəniyyətlərin inkişafını
saxlamaq üçün
Cənubi Qafqaz Sovet Sosialist Respublikaları Federasiyasının
təşkilatı əsası
ilə qanunu dəyişəcək (həmin
tarixdə adı çəkilən federasiya
var idi. Bu federasiya sonradan
dağıldı)".
Kim idi Əyyub Xanbudaqov?
Eyyub Şirin
oğlu Xanbudaqov
1893-cü ildə Gəncə
şəhərində doğulub. Onun babaları
uzun müddət Qarabağın Borsunlu kəndində koxalıq edib. Qaynaqlarda bu nəsildən olanlardan Böyük bəy Xanbudaqovun, Rzaqulu Soltan Borsunlunun, Bəkir bəy Borsunlunun, Yusif bəy Xanbudaqovun adları çəkilsə də,
Eyyub və Mahmud Xanbudaqov qardaşlarının
fəaliyyəti daha çox müzakirə mövzusu olub.
Gəncə şəhərindəki məhəllə məktəbində,
sonra da gimnaziyada təhsil alan Eyyub
Xanbudaqov Bakı şəhərinə gəlir.
Zəngin neft yataqları
sayəsində Rusiyanın
inkişaf etmiş sənaye və mədəniyyət mərkəzinə
çevrilmiş Bakıda
1909-cu ildə Kaspi donanmasında matros işləməyə başlayır.
Dənizçilikdə təcrübə toplayandan sonra təhsilini artırmaq qərarına gəlir.
Bakıdakı Dənizçilik Məktəbinə daxil olur və oranı
1913-cü ildə bitirərək
kapitan köməkçisi
vəzifəsində çalışmağa
başlayır. 1915-ci ildən sosialistlərin sırasına qoşulur.
İnsanlar arasında sosial
ədaləti bərpa
edəcəklərinə ürəkdən
inanır və dənizçilər arasında
inqilabi təbliğat
aparır, təşkilatın
özəklərinin yaradılmasında
fəal iştirak edir.
1918-ci ildə Hümmət
təşkilatına daxil
olur. Hümmət təşkilatı isə Rusiya Kommunist Partiyasının Bakıdakı müsəlmanlardan
təşkil edilmiş
bir qrupu idi. 1918-ci ildə
elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətini burjua-mülkədar
hökuməti adlandıran
Eyyub Xanbudaqov sosialistlərin hakimiyyəti
ələ almaları
üçün var gücü ilə çalışır. 1920-ci il aprelin
28-də bolşeviklərin Azərbaycanı işğal
etməsini alqışlayanlar
sırasında Eyyub və Mahmud Xanbudaqov qardaşları da olur. Bolşeviklərin belə fanatik
inqilabçılara böyük
ehtiyacı olduğundan
1920-ci ilin oktyabrında
Eyyub Xanbudaqovu Azərbaycan Xalq Komissarları Şurası
yanında Fövqaladə
Komissiyanın sədri
təyin edirlər.
Eyyub Xanbudaqov Azərbaycanda əksinqilabçı saydığı
milli kadrlara divan tutmaqla kifayətlənmir,
1921-ci ilin martında RK(b)P 10-cu qurultayında iştirak edərkən onu Kronştatdakı etiraz hərəkatını
yatırmağa göndərirlər.
Bolşeviklərin əksinqilabi-qiyam adlandırdıqları üsyanın
yatırılmasında Eyyub
Xanbudaqov xüsusi fəalliq göstərir.
Bolşeviklər ölkəni savaş meydanına çevirdiklərindən,
sinfi mübarizə adı altında xalqın malını-mülkünü
əlindən aldığından
keçmiş Rusiyanı
aclıq və qıtlıq bürüyür. Şəhərlərdə
yaşayan əhalini ərzaqla təmin etmək, sənayeni işlətmək üçün
kəndlilərdən ərzağı
zorla alırlar. Belə gərgin günlərdə, yəni
1921-ci ilin may ayında
Azərbaycanda ərzaqla
təchizat məsələsini
nizama salmaq üçün Xalq Komissarlar Şurası nəzdində üç
nəfərdən ibarət
səlahiyyətli komissiya
yaradılır. Bu komissiyanın tərkibinə
Eyyub Xanbudaqov da daxil edilir.
Müsadirə adı altında qarətçilik o yerə
çatır ki, kəndlilər mərkəzi
teleqram vuraraq xahiş edirlər ki, nəyimiz varsa birdəfəlik aparsınlar, tez-tez gəlib ailəmizi və özümüzü
təhqir etməsinlər. Sovetlərin
özünün rəsmi
sənədlərində Azərbaycanda
1920-ci il aprelin 28-dən 1921-ci il avqustunadək 48 min nəfərin
qırmızı terrorun
qurbanı olduğu göstərilir. Bir milyondan çox
əhalidən 48 min nəfərin
cəzalandırılması cəzanın kütləviliyindən
xəbər verir.
Bu kütləvi cəzalandırmanı,
qırmızı terroru həyata keçirənlərin
öncüllərindən biri də Eyyub Xanbudaqov olur.
1921-ci ildə onu Mərkəzi İcraiyyə Komitəsinə
üzv seçilir və Azərbaycan İstehlak Cəmiyyətləri
İttifaqına sədr işləməyə göndərirlər. 1922-ci ilin əvvəlindən
Azərbaycan Həmkarlar İttifaqları Şurasına sədr
müavini seçilən Eyyub Xanbudaqov 1922-ci il martında Nəriman
Nərimanov və başqa rəhbər işçilərin
köməyi ilə AK(b)P MK katibi
seçilir. İlk illər Mirzoyanın və
b. təsiri altında Nəriman Nərmanova qarşı durur,
antimilli mövqedə dayanır. Lakin beynəlmiləlçilik
adı altında xalqına qarşı divan tutulduğunu
görür.
Eyyub
Xanbudaqov Azərbaycanda milli məsələnin həyata
keçirilməsinin düzgün aparılmadığına,
respublikada mədəni quruculuqda nöqsanlara yol verildiyinə,
vergi işinin düzgün təşkil edilmədiyinə,
yerli əhali arasında savadsızlığın aradan
qaldırılmasına az vəsait
ayrılmasına dözə bilməyərək yeni layihə
hazırlayır. Kommunist Partiyasının 1923-cü il iyunun 6-12-də keçirilən 12-ci
Ümumbakı konfransında Eyyub Xanbudaqovun layihəsi rus-erməni
kommunistlərinin kəskin etirazı ilə
qarşılanır. Ümumiyyətlə, Azərbaycanda
1923-1924-ci illərdə kommunist partiyasının elə
konfransı, plenumu olmayıb ki, milli məsələləri
qabardan Xanbudaqovların adı hallandırılmasın, onlara
qarşı kəskin çıxışlar olmasın.
Hətta artıq xanbudaqovçuluk bir siyasi cərəyan
kimi tanıdılmağa başlanmışdı.
Eyyub
Xanbudaqov konfransda ona və tərəfdarlarına qarşı
hücumun gücləndiyini görərək fikirlərini xalqa
çatdırmaq üçün 1923-cü il iyundan
başlayaraq "Bakinski raboçi" qəzetində
"Quba qəzasında xalq maarifi", "Azərbaycanda
bizim başlıca vəzifələrimiz", "Milli məsələyə
dair" və b. məqalələrini çap etdirir.
1924-cü il aprelin 27-də "Bakinski raboçi" qəzetində
Ə.Xanbudaqovun "Milli məsələyə dair" məqaləsində
müəllif yazırdı ki, "XII qurultayın qərarlarının
heç yüzdə bir hissəsi də həyata
keçirilmir".
1927-ci il noyabrın 1-də isə Bakı partiya təşkilatının
on yeddinci konfransında Əyyub Xanbudaqov ölkədə
yaranmış dözülməz vəziyyəti
açıqlayır: "Partiya aparatında bürokratizm
güclənir, demokratiya məhv edilir, məcburetmə sistemi,
cəza tədbirləri sürətlə artır,
ağızyumma, boğma, partiyadan qovma, başavurma rejimi
yaradılır, partiya özəklərində iş
solğunlaşır, partiya aparatının inhisarçı,
imtiyazlı vəziyyəti getdikcə güclənir".
Daha sonra açıqladığı fakt bundan ibarət
olur ki, "Kominternin İcraiyyə Komitəsinə
seçilmiş üzv və namizədlərdən 12 nəfəri
Stalin tərəfindən vəzifədən qovulmuş,
işdən xaric edilmişdir". Eyyub Xanbudaqov Zaqafqaziya Ölkə
Komitəsinin iclasında Orcanikidzeyə sual verir ki, Azərbaycanda
işsizlər ordusu olduğu halda nədən Azərbaycanda dəmiryolunun
tikintisinə və yenidən qurulmasına 15 dəmiryol
gözətçisi və 32 başqa işçi göndərilir.
Xanbudaqov
açıq və kəskin bildirirdi ki, türk dilinin
inkişafi ilə bağlı üç dekret verilsə də,
heç bir iş görülmür. O, rəhbər vəzifələrdə
işləyən milli kadrların sayını qonşu
Gürcüstanla müqayisə edir. Azərbaycanda milli
kadrların sıxışdırıldığını,
milli məktəblərin açılmasına az
vəsait ayrıldığını kəskin tənqid edir.
Xanbudaqov qardaşları Mirzoyanlar, Mikoyanlar, Kirovlar tərəfindən
aldadıldıqlarını başa düşərək Nəriman
Nərimanovdan yardım istəyirlər. Nərimanov isə
onların səmimiyyətinə inanmır. Özünün aldandığını, milli kommunistlərin
qeyri-səmimiliyini görən Eyyub Xanbudaqov sarsılır və
ağır xəstəlik keçirir.
Məmməd Əmin Rəsulzadə
"Çağdaş Azərbaycan Tarixi" əsərində
yazır ki, "Xanbudaqovun məlum çıxışı
Azərbaycan kommunistləri arasında qüvvətli bir hərəkata
səbəb oldu. Bu hərəkat Moskvanın zorakı tədbirləri
ilə nəticələndi. Xanbudaqovu Azərbaycandan
sürgün etdilər. Azərbaycan
Kommunist Partiyasının baş katibliyinə bundan sonra
Moskvadan təyin olunan yabançı katiblər göndərildi.
Partiyanı Xanbudaqov tərəfdarlarından təmizlədilər.
Komsomol adlandırılan gənc kommunistlərin
belə 40 faizi təşkilatdan qovuldu.
Bu dövrə
aid Moskva və Bakı qəzetləri partiya kütlələrini
sarmış millətçilik təsirinə qarşı
mübarizədə səhlənkarlıq göstərən
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə
hücumlar edirlər. 1929-cu ildə Moskvadə sovet
İttifaqı Kommunist Partiyasının baş orqanı olan
"Pravda" qəzetindəki "Azərbaycan Kommunist
Partiyasının faciəli iflası" başlıqlı məqaləsində
Bolşevik Partiyası müfətişlərindən
Yaroslavski yazırdı: "Bakı Azərbaycanın
paytaxtıdır. Azərbaycan - bu, bütün Müsəlman
Şərqinin inqilabi mərkəzidir. Bakı pantürkizm
ilə panislamizm ideyalarına qarşı savaşan
internasionalizm qalasıdır. Buna görə,
kommunizmin Bakıdakı faciəli aqibəti haqqında
yazı yazmaq anıdır. Bir Bakı ki,
arxasında işçi hərəkatının on illərcə
sürən böyük bir, tarixi vardır; bir Bakı ki,
böyüklüyü etibarı ilə Sovet
İttifaqının üçüncü şəhəri
sayılır... sovet neftinin 70 faizini Azərbaycan verir. İmperializmin gözü Azərbaycandadır.
Müsavatçılar gecəli-gündüzlü
Azərbaycan xalqının etimadını qazanmağa
çalışırlar. İşçi
partiyasının gücü bu ünsürlərə
qarşı mübarizə aparmaqdadır. Buna
görə də Bakı haqqında pis şey yazmaq çox
ağır və kədərlidir".
1926-30-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı
Bankının sədri, ZSFSR Xalq Komissarlığında
müxtəlif vəzifələrdə işləsə də,
daim nəzarətdə olur və təqiblərə məruz
qalır. Azərbaycan İstehlak Cəmiyyəti
İttifaqının sədr müavini işləyir.
Sonrakı taleyi isə həmin illərin
ziyalılarının ənənəvi taleyinin eyni olur:
"1936-cı il dekabrın 18-də gecə yarısı
qapı döyüldü. On ay qaranlıq zirzəmidə
qalandan sonra xalq düşməni olduğu "sübut
edilir"... və elə oradaca güllələnir".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 14 avqust.- S.13.