Həyatın gerçək təsvirini
verən məktublar, xatirələr deyir ki...
"Molla Nəsrəddin"
jurnalının nəşr edilməsində Məmmədəli
Sidqinin göstərdiyi xidmətlər danılmazdır
Azərbaycanda ictimai fikrin formalaşmasında məşhur
"Molla Həsrəddin" jurnalının özünəməxsus
yeri var. Araşdırmaçı Hailə Səmədova Məmmədəli
Sidqinin "Molla Həsrəddin" jurnalı ilə əməkdaşlığını
araşdırıb. O, bildirir ki, maarifpərvər müəllim və
mühərrir Məmmədəli Sidqi XX yüzilin
tanınmış ziyalılarındandır: "O, görkəmli
maarifçi və pedaqoq Məmmədtağı Sidqinin ailəsində
1888-ci ildə Ordubadda dünyaya göz açıb.
Dövrün görkəmli və ziyalı adamları Kərbəlayi
Nəsrulla Şeyxov, Mirzə Nəsrulla Əmirov, Məşədi
Qurbanəli Şərifov, Cəlil Məmmədquluzadə, Məhəmməd
ağa Şahtaxtinski, Şahbaz ağa Kəngərlinski və
başqaları Məmmədtağı Sidqinin ən yaxın
dostları idi".
Məmmədəli
Sidqi o illəri belə xatırlayır: "Atamın
yaxın dostları, Naxçıvanın ziyalıları
çox gecələr atamın ikinci mərtəbədə
olan otağına yığışıb çox vaxt səhərə
yaxın dağılışardı. Atam
çox şirinsöhbət olduğuna görə bizə
yığışmaqdan əlavə hər gecə atamı dəxi
onlar öz evlərinə dəvət edərlərdi".
Araşdırmaçı
vurğulayır ki, belə bir mühitdə böyüyən
Məmmədəli Sidqidə hələ uşaq
vaxtlarından ədəbiyyata həvəs və məhəbbət
olub: "O, ilk təhsilini Naxçıvanda atası Məmmədtağı
Sidqinin təşəbbüsü ilə
açılmış "Məktəbi-tərbiyə"də
alıb. Sonra təhsilini Naxçıvan şəhər
rus-tatar məktəbində davam etdirib. Hüseyn Cavid,
Əliqulu Qəmküsar, İbrahim Əbilov, Əli Səbri
Sidqinin məktəb yoldaşları olublar. 1906-cı
ildə məktəbi bitirdikdən sonra Məmmədəli
Sidqi əvvəlcə "Məktəbi-tərbiyə"də,
daha sonra Naxçıvan kəndlərində müəllimlik
edib. Onun "Açıq söz", "Bəsirət",
"İttifaqi-tərəqqi", "Sədayi-həqq",
"Sədayi-vətən", "Həqiqət",
"Bakı", "Kaspi", "Azərbaycan", "Vətən
yolunda", "Sumqayıt işçisi", "Molla Nəsrəddin",
"Babayi-əmir", "Zənbur" və sair qəzet və
məcmuələrdə "Qəmiş",
"Şeypur", "Mozalan" kimi imzalarla yazıları
dərc olunub".
"Molla
Nəsrəddin" nəşr olunduğu ildən (1906) Məmmədəli
Sidqinin Əliqulu Qəmküsar ilə birlikdə
Naxçıvandan göndərdikləri yazılar jurnalda dərc
olunurdu: "Buna görə də hər ikisi nəzarət
altına alınmışdı". Məmmədəli Sidqi
xatirələrində yazır: "1906 və 1907-ci illərdə
Tiflisdən aldığımız və Boqoslavskinin
yazdığı intibahnamələri çap edib
çoxaltmaq istədik. Boqoslavski bizim evdə
jelatindən teleqraf düzəltmişdi. Gecələr
çap etdiyimiz intibahnamələri Boqoslavski şəhərin
divarlarına yapışdırırdı. 1907-ci ilin əvvəllərində mənim evim
polislər tərəfindən mühasirəyə alınaraq
axtarış edildi və heç bir şey
tapılmadığına görə mənə toxunan
olmadı. Lakin Boqoslovski, onun bir nəfər gürcü
yoldaşı və iki nəfər naxçıvanlı (Heydər
Məmmədov və Nəcəfqulu Nəcəfov) həbsə
alınıb sürgün edildilər. Məni isə
Naxçıvan məktəbindən çıxarıb kənd
məktəblərinə müəllimliyə göndərdilər...
İrəvan quberniyasının direktoru məşhur
missioner F.A.Smirnov ... evin axtarılmasını əldə bəhanə
edərək məni sədaqətsiz müəllim
adlandırmaqla 1910-cu il iyun ayının birindən vəzifədən
kənar etdi".
Araşdırmaçı
bildirir ki, məhz belə bir vaxtda, 1910-cu il
iyun ayının 9-da Cəlil Məmmədquluzadə Tiflisdən
Məmmədəli Sidqiyə məktub göndərir:
"Əzizim Məmmədəli! Mən bu ovqat kəndə
getməliyəm və burada bir adam
lazımdır ki, "Molla Nəsrəddin"i idarə eləsin.
Əgər yay fəsli, yəni iki ay gəlib Tiflisdə qala
bilsəniz... Tez gəliniz Tiflisə və bunu
da biliniz ki, burada, bizim evdə yeyib-içəcəksiniz və
bir qədər də xərclik hər ay evə göndərə
biləcəksiniz. Qədərini indi
müəyyən edə bilmədim, amma güman edirəm ki,
narazı olmazsınız. Əgər iki
aydan sonra Tiflisdə qalmaq istəsəniz, bəlkə yenə
idarədə qalasınız. Bunu da biliniz
ki, burada bizim uşaqlara dərs verə bilərsiniz. Bura gələndən sonra hər bir şey müəyyən
olar. Amma güman edirəm ki, "Molla Nəsrəddin"
işlərində mənə yaxşı köməkçi
ola biləsiniz. Əgər mərhum
Sidqi bəradərimin oğlu ilə gələcəkdə
dostluğum baş tutsa, özümü xoşbəxt hesab edərəm".
Hələ
1910-cu il may ayının 15-də Mirzə
Cəlil Məmmədəli Sidqiyə yazmışdi: "Qələm
yoldaşım Məmmədəli Sidqiyə! Azarlı
olmağım səbəbindən rica edirəm, bir neçə
ayın müddətinə mənim əvəzimdən
"Molla Nəsrəddin" məcmuəsinin müdiri-məsulluğunu
öhdənə götürəsən. "Molla
Nəsrəddin" məcmuəsinin müdiri Cəlil Məmmədquluzadə".
Araşdırmaçı
bu fikirdədir ki, şübhəsiz, Cəlil Məmmədquluzadə
bir tərəfdən Məmmədəli Sidqinin onu layiqincə
əvəz edəcəyinə inanır, digər tərəfdən
sədaqətli dostu Məmmədtağı Sidqinin
ölümündən sonra ailənin ehtiyac içində
yaşamasından bixəbər deyildi: "Vaxtilə Cəlil
Məmmədquluzadə Nehrəm kəndində müəllimlik
etdiyi zaman hər həftə kənddən Naxçıvana gəldikdə
"Məktəbi-tərbiyə"də Məmmədtağı
Sidqinin görüşünə gələrdi. Məmmədəli
Sidqi "Molla Nəsrəddin" jurnalının əlli
illiyi münasibətilə qələmə aldığı
xatiratda atası ilə Mirzə Cəlilin dostluğundan bəhs
edib: "Cümə günlərini atamı evlərinə
qonaq aparıb bütün gün onunla söhbət edərdi
və yazmağa başladığı əsərlərini
ona oxuyardı. Məmmədtağı Sidqi rus
dilini bilmədiyinə görə rus ədəbiyyatından
istifadə edə bilmirdi. Lakin onun yaxın
dostları Cəlil Məmmədquluzadə, Əsəd ağa
Kəngərli, Paşa ağa Sultanov bu barədə ona
çox kömək etmişlər. Cəlil
Məmmədquluzadə İrəvanda yazdığı
"Poçt qutusu" əsərini atama göndərmişdi".
Beləliklə,
1910-cu il iyunun ortalarında Məmmədəli
Sidqi Tiflisə gəlir: "Bu, onun Tiflisə
üçüncü gəlişi idi. Bundan əvvəl
o, Naxçıvandan Tiflisə məhz Mirzə Cəlillə
görüşmək üçün gəlmişdi.
Böyük ədiblə görüşündən
aldığı təəssüratlarını Məmmədəli
Sidqi belə xatırlayır: "Cəlil Məmmədquluzadə
tək qalıb çox yorğun olduğundan şikayət
etdi və istirahət üçün kəndə getməyə
tələsdiyini bildirdi. Ümumiyyətlə, redaksiya, mətbəə
və litoqrafiya işlərindən xəbərdar
olmadığıma görə Cəlil Məmmədquluzadə
üç gün müddətində məni bütün bu
işlərə bələd etdi və ilk zamanlarda mənə
kömək üçün o zaman Tiflisdə "Molla Nəsrəddin"
jurnalında yaxından iştirak edən Həbib Zeynalov ilə
məni tanış etdi". Məmmədəli
Sidqi jurnalın şəkillərini Həbib Zeynalovla birlikdə
tərtib edir, yazıları oxuyub təshih edirdilər. Xərcin çox çıxmaması
üçün iki nömrənin şəkli bir yerdə
daşla çap olunurdu. Bir nömrə
abunəçilərə göndərilirdi və
satışa buraxılırdı, o biri nömrə isə hazır
şəkillərlə gələn həftəyə
qalırdı. Sonralar məcmuənin dərc
olunmasında bütün ağırlıq Sidqinin üzərinə
düşmüşdü. O, xatirələrində
bununla əlaqədar bildirirdi: "Redaksiyada məndən
başqa işçi yox idi. Şəkilləri
rəssamlara sifariş vermək, jurnala material hazırlamaq,
litoqrafiyada və mətbəədə jurnalın
yazılarını təshih etmək, jurnal çap olunduqdan
sonra hamısını büküb üstünə adres və
marka yapışdırmaq və poçta salmaq kimi vəzifələr
mənim öhdəmdə idi".
Məmmədhəsən
Səfərov atası Məmmədəli Sidqinin tərcümeyi-halını
qələmə alaraq ömür yolunun hər bir məqamını
canlandırmağa çalışmış və "Molla
Nəsrəddin" məcmuəsində fəaliyyətindən
bəhs etmişdi: "Ələlxüsüs yay aylarında
Ömər Faiq də Azxura getdiyi üçün Məmmədəli
jurnalı yalnız təkbaşına buraxardı. Belə ki, jurnalın hər bir işini özü
görərdi. İsmayıl Həqqi ilə
birlikdə 1911-ci ildə Sabir Tiflisə müalicəyə gələrkən
yenə Məmmədəli idarədə tək işləyirdi
və Sabir ilə ikisi bir otaqda idarədə
yaşayırdılar"".
"Molla
Nəsrəddin" jurnalının nəşr edilməsində
Məmmədəli Sidqinin göstərdiyi xidmətlər
danılmazdır: "Mirzə Cəlil ona etibar edir və
güvənirdi, jurnalın yaxşı çıxmasından
razılıq edirdi. Onun Sidqiyə
yazdığı məktubları bunu bir daha təsdiqləyir.
Bununla belə, Məmmədəli Sidqi nəinki "Molla Nəsrəddin"
məcmuəsinə redaktorluq edir, həmçinin Mirzə Cəlilin
məişət məsələləri ilə əlaqədar
işlərində yaxından iştirak edir, ailənin bir
çox problemlərini həll edirdi. 1911-ci ildə Sidqiyə
ünvanladığı məktublarının birində Mirzə
Cəlil yazır: "Bu gün Səmədovlara tel vurdum, sənə
50 manat versin. Jurnal gəlmir, bilmirəm niyə?
Evdən və uşaqlardan muğayat ol. Müzəffər çox gəzməsin və səy
eləsin. Münəvvərin
paltarını al və nə lazım olsa, birbəbir elə.
Hər nə sözün olsa, yaz. Qəzetləri göndər". Başqa bir məktubunda
Cəlil Məmmədquluzadə Məmmədəli Sidqiyə
yenə də ən yaxın adamı kimi müraciət edir:
"...Sən bunu bil ki, orada sən mənim vəkilimsən və
yaxşı işlərdə də, pis işlərdə də
insafının yanında sən cavabdeh olacaqsan. Həmidə xanım da sənə çox dua
göndərir və səndən çox razıdır, mən
də həmçinin. Amma hər ikimiz də sənin
yanında xəcalət çəkirik ki, puldan yana sənə
korluq verdik...". Böyük
ədib Sidqini sahibi-ixtiyar adlandırır, ona məişət
məsələləri ilə bağlı sifarişlərini
verməklə yanaşı "nə cür ağlın kəsir,
o tövr elə" deyir.
Məmmədəli Sidqi 1910-cu ilin ortalarından 1911-ci
ilin sonlarınadək "Molla Nəsrəddin"
jurnalının müvəqqəti redaktoru olsa da, sonrakı
illərdə də məcmuənin nəşrində və
yayılmasında yaxından iştirak etmişdi. Məlumdur ki,
"Molla Nəsrəddin" Cənubi Qafqaz şəhərlərindən
başqa Orta Asiya, Türkiyə, İran, Mərkəzi
Rusiyanın bir çox şəhərlərinə göndərilirdi.
Bu işdə də Məmmədəli Sidqinin
xidmətlərini qeyd etməmək olmaz. Cəlil Məmmədquluzadənin
Sidqiyə ünvanladığı 7 mart 1912-ci il,
11 yanvar 1915-ci il, 10 fevral, 17 sentyabr 1917-ci il tarixli məktublarını
nəzərdən keçirmək kifayətdir ki, deyilənlər
bir daha təsdiq olunsun. Hətta 1929-cu il
iyun ayının 9-da İrəvandan göndərdiyi məktubunda
yazmışdı: "...Ümidvaram, məcmuəni adi bir
qayda ilə çıxarasan ki, kəm-kəsiri olmaya. Əli
Nəzmiyə materialdan yana kömək elə
ki, məcmuəni əhəmiyyətsiz material ilə
doldurmağa məcbur olmasın. Habelə, şəkillər
biməna olmasınlar. Bu barədə Polina Afanasyevnaya da
yazmışam ki, sənə desin. Əlbəttə,
unutmayasan. Ümumiyyətlə, diqqət ver ki, yaramaz
material çap olunmasın..."".
Araşdırmaçı
sonda bu qənaətə gəlir: "Beləliklə,
böyük maarifçi-pedaqoq Məmmədtağı Sidqinin
oğlu mühərrir Məmmədəli Sidqinin "Molla Nəsrəddin"
məcmuəsinin nəşr olunmasında böyük xidmətləri
olub. Həyatın gerçək təsvirini verən
məktublar, tərcümeyi-hal və xatirələr bunu bir
daha təsdiqləyir, indiyədək
işıqlandırılmamış bir çox məqamlara
aydınlıq gətirir".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 14 avqust.- S.11.