Doktor Cavad Heyət
vəfat etdi
O, ömrünü
millətinin varlığının,
dilinin, kimliyinin qorunmasına həsr edən böyük insan idi
Azərbaycan türklərinin böyük
oğlu, görkəmli
kardioloq, böyük ictimai-siyasi xadim, Güney Azərbaycan milli hərəkatının
görkəmli siması
Cavad Heyət vəfat edib.
Cavad Heyəti
avqustun 12-də səhər
saatlarında dünyasını
dəyişib.
Cavad Heyət
ötən ayın əvvəlindən Mərkəzi
Gömrük Hospitalının
reanimasiya şöbəsinə
yerləşdirilmişdi. O, qansızlıq
və pnevmaniya diaqnozu ilə müalicə olunsa da, həkimlər vəziyyətini yaxşılaşdıra
bilməyiblər.
O, təkcə güneyli - quzeyli Azərbaycanın deyil, həm də bütün türk dünyasının
sayılıb-seçilən alimlərindən biri kimi tanınıb.
Doktor Cavad Heyət - Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə
heyətinin və
Paris Beynəlxalq Cərrahlar
Akademiyasının üzvü,
İstanbul Universitetinin
fəxri türkoloji doktoru, həmin universitetin İstanbul Tibb fakültəsinin tibb elmləri doktoru və Türk dili qurumunun fəxri üzvü, Bakı Dövlət Universitetinin və Azərbaycan Tibb Universitetinin fəxri doktoru, dünya şöhrətli
cərrah, alim, qüdrətli nasir idi. Tibb sahəsindəki elmi yazıları ilə yanaşı, o, dünyada azərbaycan türkcəsi, ədəbiyyatı,
tarixi ilə bağlı yüksək səviyyəli əsərlərin
müəllifi kimi də tanınıb.
Doktor Cavad Heyət artıq 30 ilə yaxın idi ki, ədəbi-mədəni
"Varlıq" dərgisini
İranda türk dilində çap etdirirdi.
Professor Cavad Heyət 1925-ci il mayın
24-də Təbriz şəhərində
dünyaya göz açmışdır. Onun atası
Mirzəli Heyət zəmanəsinin tanınmış
aydınlarından biri,
Azərbaycanın məhşur
maarifpərvəri, "İttihadi-islam"
cəmiyyətinin qurucusu
idi. Əbəs yerə deyil
ki, doktor Cavad Heyət ömrünün sonunadək
atasını özünün
ustadı hesab edib.
Doktor Cavad Heyət ilk orta təhsilini İranda alıb. 1946-cı ildə isə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin Universitetdə 3 il
çalışdıqdan sonra
təhsilini 4 il müddətində Fransada
Paris Universitetində davam
etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə
Tehrana qayıtmış
və orada öz xüsusi kilinikasını açmışdır.
Cavad Heyət
Tehran Azad İslam Universitetinin
cərrahiyə üzrə
professoru idi. Əlli ildən
çox cərrahlıqla
məşğul olub.
Öz xüsusi klinikası olmaqla yanaşı,
Tehran-Pars xəstəxanasında da çalışırdı.
Məhz doktor Cavad Heyət
1954-cü ildə qapalı
ürək əməliyyatı,
1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə
həyata keçirib.
Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını
dəyişdirmə, heyvanlarda
ürək dəyişdirmə,
Tehranda ilk dəfə
insanda böyrək dəyişdirmə əməliyyatını
uğurla həyata keçirdiyinə görə
"Birinci Dərəcəli
Əmək Ordeni"
ilə təltif olunmuşdur. Doktor Cavad Heyət
1963-cü ildən Beynəlxalq
Cərrahlıq Cəmiyyətində
İranın təmsilçisi
olub.
1983-cü ildə isə cərrahiyənin inkişafına verdiyi elmi-nəzəri və əməli uğurlarına görə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib. Bundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin Cərrahiyə kafedrasına rəhbərlik etmişdir. Fars dilində cərrahlıqla bağlı üç cildlik dərs kitabının, eyni zamanda ikisi fars və beşi də türk dilində olan yeddi cildlik türkoloji kitabın müəllifidir. Bunlar "Tromboflebit və müalicəsi" monoqrafiyası, "Ümumi cərrahlıq", "Cərrahiyyə dərsləri" və s. Həmin kitablar bu gün də İranda tibbi təhsil alan tələbələrin dərs vəsaitidir.
O, cərrahiyyə ilə bağlı Azərbaycan, Amerika, Fransa, Türkiyə və bir çox Avropa universitetlərində tez-tez mühazirələr oxumaq üçün dəvətlər alırdı.
Cavad Heyət çoxşaxəli fəaliyyətə malik bir şəxsiyyətdir. O, dünya təbabətinə xidməti ilə yanaşı, Güney azəri türklüyünə və ümumtürk dünyasına tarixi xidmətlər göstərib. 1979-cu il İran İslam İnqilabından sonra Güney türklərinin ilk mətbu orqanı kimi məşhur "Varlıq" dərgisini nəşr etdirməyə başlayıb. Professor Cavad Heyət 26 ildən artıq türk və fars dillərində dərc olunan ədəbi-mədəni dərgi "Varlıq"ın baş redaktoru olub. Qeyd etmək lazımdır ki, "Varlıq" dərgisi Azərbaycan, Türkiyə, ABŞ və Avropa ölkələrinə də yayılır. Bu dərgi azərbaycanlılara ədəbi dilini, dilimizin ədəbi qaydalarını, qrammatikasını, ədəbiyyatmızı, onun müasir vəziyyətini, tariximizi öyrədir.
Lakin "Varlıq" jurnalının dərc olunması onun mədəni-maarifçi xidmətlərinin yalnız bir hissəsini təşkil edir. Belə ki, doktor Cavad Heyət həm də ədəbiyyatımızın böyük tədqiqatçısı, ümumtürk ədəbiyyat tarixinin araşdırıcısı, Güneydə Azərbaycan ədəbi dilini formalaşdıranlardan biri idi. Filologiya və türkologiya elminə "Azərbaycan ədəbiyyat tarixinə bir baxış", "Azərbaycan şifahi xalq ədəbiyyatı", "Türk dili və ləhcələrinin tarixi", "İki dilin müqayisəsi" kimi dəyərli kitablar bəxş edib.
Doktor Cavad
Heyət eyni zamanda, bütün dünya
türklərinin tarixi, dilləri və qədim
ədəbiyyatına da nəzər yetirmiş, bir çox məqalələr çap
edib, kitablar
yazmışdır. Doktor Cavad
Heyət 6 - dan çox
monoqrafiyanın və 100 - dən artıq elmi
əsərlərin müəllifi idi. O, azərbaycan,
ingilis, fars,
türk və s. dilləri mükəmməl
bilirdi.
Professor Cavad Heyət təkcə İran İslam Respublikasında, təhsil aldığı
Türkiyə Cümhuriyyətində,
ürəyi və canıyla bağlı olduğu Azərbaycan Respublikasında deyil, demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrinin
elm və mədəniyyət
mərkəzlərində də
tanınmış və
xalqımızın fəxr
etdiyi nadir şəxsiyyətlərdən
biri idi.
Böyük xidmətlərinə görə Bakı Dövlət Universitetinin,
Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları
Elmi Cəmiyyətinin
fəxri üzvü seçilmişdir. Azərbaycan
Yazıçılar Birliyinin
"M.F.Axundov adına mükafat"ına
və "Dədə
Qorqud" Assosiasiyasının
təsis etdiyi "Məmməd Araz" mükafatına layiq görülmüşdür. Həmin mükafatlardan
aldığı pulları
isə qaçqınlara
paylamışdır.
Xalq şairi Sabir Rüstəmxanlının dediyi
kimi xalqımız ömrünü millətinin
varlığının, dilinin,
kimliyinin qorunmasına
həsr edən daha bir ziyalısını,
aydınını itirdi:
"Adı çəkiləndə
Güney Azərbaycan,
orda azadlığı
uğrunda çalışan
minlər, dilini qorumağa qalxan milyonlar yada düşən Cavad Heyətin ölümü
hər birimizi sarsıdır. Canında, qanında daşıdığı
azadlıq, milli düşüncə bütün
şüurlu həyatını
əhatə edirdi Cavad Heyətin. Hər zaman öz ziyalı
mövqeyini ortaya qoyurdu və bu münasibətlər hər zaman vaxtında, məqamında
olması, gərəkliliyi,
barışdırıcılığı
ilə seçilirdi.
Həm də dostlarına, xüsusilə səhhəti
ilə qayğılanan
arxadaşlarına son mənzilinin
Bakıda olması arzusunu dilə gətirirdi. Böyük azərbaycanlının
müstəqil Azərbaycanın
başkəndində dəfn
olunması onun halal haqqıdır. Cavad Heyətin yeri hər zaman görünəcək və
o, hər bir azərbaycanlının ürəyində,
oxucularının qəlbində
yaşayacaq".
Xalq Cəbhəsi.- 2014.- 14 avqust.- S.4.