Nizami Gəncəvi və
Azərbaycan ruhu
O, klassik şairlərimiz
içərisində hamıdan artıq xalq
yaradıcılığı xəzinəsindən istifadə
edib
II yazı
Nizami və folklor mövzusu müasir dövrdə bir
çox tədqiqatçıların araşdırma
mövzusu olub.
Onlardan biri də görkəmli
folklorşünas alim Sədnik Paşa Pirsultanlıdır.
Onun tədqiqatlarının mühüm bir cəhəti
də ondan ibarətdir ki, apardığı təhlillər
konkret olaraq topladığı materiallara əsaslanır.
Şifahi qaynaqların zənginliyi Sədnik
Paşa Pirsultanlının əsərlərini səciyyələndirən
əsas cəhətlərdəndir.
Xalq yaradıcılığının yaddaşlarda
yaşayan yadigarlarına yaxından bələd olan Sədnik
Paşa Pirsultanlı onları yazılı qaynaqlarda dərhal
müəyyənləşdirir və hər kəsdən daha
sərrast seçə bilir. Folkloru yaddaşlardan
itkisiz və qalıqsız bir şəkildə toplayıb
öyrənən alim həm də uzun illər ərzində
fenomenal bir folklor yaddaşına malik idi. Bu
zəngin ehtiyat ona imkan verib ki, o, elmi problem kimi folklor və ədəbiyyat
əlaqələrini mükəmməl bir şəkildə
araşdırsın. Bu xalis elmi bir
problemdir və filoloji araşdırmalarda
aktuallığını saxlayır. Digər
məsələ isə milli təəssübkeşlik məsələsidir.
Folklorun milli düşüncənin ifadəsi
olduğunu diqqətdə saxlayan alim Nizami irsində Azərbaycan
xalq yaradıcılığının ən müxtəlif
janrlarını aşkarlamaqla onun təkcə əsərlərinin
deyil, eyni zamanda düşüncəsinin türk milli dəyərlərindən
qaynaqlandığını və ya başqa sözlə onun
türklüyünü aydınlaşdırıb. Bunun
üçün onun istifadə etdiyi folklor qaynaqları
içində əfsanələrin xüsusi yeri var.
Əfsanələr bir folklor janrı olaraq mifə
çox yaxın olan mətnlərdir. Əslində əfsanə
gerçəkliyin mifoloji izahıdır. Amma
bununla yanaşı əfsanə özündə mifoloji
dünya modelini əks etdirən mühüm mətn
qaynağıdır. Bu mətnlərdən
milli düşüncə bərpa oluna bilir. Eyni zamanda əfsanədə
tarix, coğrafiya, etnoqrafiya və s. bu kimi məlumatlar da
spesifik şəkildə mövcud olur. Bu mənada
əfsanə bir janr olaraq folklorşünaslığın
ciddi problemidir.
"Azərbaycanda ən qədim zamanlardan əfsanələr
toplanıb sistemə salınmayıb, öyrənilməyib. Eradan əvvəl
V əsr yunan tarixçisi Herodotun əsərində məzmunu
verilən Midiya əfsanələri göstərir ki, Azərbaycanda
folklorun bu janrı çox qədim bir tarixə malik olub.
Azərbaycanda əfsanələr ilk dəfə
e.ə. V əsrdə qələmə alınsa da, bu sahədə
azərbaycanlıların daha qədim bir ənənəyə
malik olduqları aydındır. Bunu
Herodotun göstərdiyi əfsanələrlə yanaşı
indiyə qədər respublikamızın müxtəlif rayon
və kəndlərində yaşayan çoxsaylı əfsanələrin
məzmunu və xarakteri də təsdiq edir. Bu əfsanələrin bir qismi məzmunu və surətləri
ilə çox qədim dövrlərin baxış və
görüşlərinə bağlıdır". Əfsanələrin hələ əski zamanlardan
yazıya alınması onlar üzərində tədqiqat
aparmaq imkanlarını bir qədər asanlaşdırır.
Çünki belə olduqda yazılı qaynaqla
şifahi yaddaşda yaşayan oxşar nümunələri
müqayisə etmək imkanı yaranır.
"Sonrakı dövrlərin epik poeziyasında, o
cümlədən Nizaminin əsərlərində istər
Herodotun nəql etdiyi əfsanələrin, istərsə də
digər qədim əfsanələrin izlərinə rast gəlirik. Ümumiyyətlə,
folklorla qüvvətli şəkildə bağlı olan
Nizami, əfsanələrdən daha çox istifadə edib,
ecazkar sənətini xalq əfsanələrindən
aldığı kiçik süjetlərlə bəzəyib,
ümumiləşdirib, qüvvətləndirib, xalqa
yaxınlaşdırıb. Məhz buna
görə də yazılı epik poeziyanın əfsanələrlə
əlaqəsi məsələsini aydınlaşdırmaq
üçün Nizami yaradıcılığı zəngin
material verir. Bu mütəfəkkir şairin əsərlərində
əfsanələrdən yerli-yerində istifadələrin
xarakterini açmaq, faydalı nəticəsini göstərmək
müasir ədəbi proses baxımından da
faydalıdır. Bunları nəzərə
alaraq, biz burada daha çox Nizami və Azərbaycan şifahi ədəbiyyatı
problemi üzərində dayanmaq istərdik".
Problemə ciddi tədqiqatçı münasibəti və
zəngin məlumat ehtiyatı alimə uğurlu nəticələr
almaq imkanı təqdim edir. Bunun üçün
alim əsas yanaşma istiqamətlərini müəyyənləşdirir.
Nizami irsi müəyyən mənada, qədim Azərbaycan ədəbiyyatının,
folklorun, qədim Azərbaycan bədii təfəkkürünün
tükənməz xəzinəsidir: "Qədim Azərbaycan
ədəbiyyatı haqqında məlumat mənbələrindən
biri də Nizami kimi dahi sənətkarların əsərləridir.
Nizami şifahi ədəbiyyatın bir çox
janrlarından istifadə etdiyi kimi, xüsusilə qədim
eposdan da bacarıqla istifadə edib. Bu dahi
sənətkarın "Xəmsə"sində yüzlərcə
kiçik, böyük əfsanələrə, əsatirlərə
təsadüf edilir. Bunlardan bəzilərini
o, özü yaradıb, bəzilərini isə müxtəlif
yazılı məxəzlərdən, şifahi ədəbi əsərlərdən
istifadə edərək yenidən işləyib, təkmilləşdirib,
xalqdan alaraq yenidən xalqa qaytarıb".
Tədqiqatdan
aydın olur ki, dahi şair özündən əvvəlki
yazılı irslə də yaxından tanış
olub, bəzi folklor məlumatı ondan da öncə
yazılı ədəbiyyata daxil olub. Tarixi qaynaqlara
yaxından bələd olan Nizami bu tipli məlumatlara həssas
yanaşıb: "Nizami dastanlarının başlıca
mövzusunu, məlum olduğu üzrə, qədim hadisələr
və əfsanələr təşkil edir". Bu qeydi bir qədər
də dəqiqləşdirərək S.Paşayev yazır:
"Nizami özünə qədərki Şərq ədəbiyyatında
və folklorunda mövcud olan ədəbi növlərdən və
janrlardan da bacarıqla, yaradıcı şəkildə
özünəməxsus tərzdə istifadə edib. Əlbəttə, Nizami bütün başqa mənbələrlə
yanaşı, öz doğma xalqının yazılı və
şifahi ədəbiyyatından daha geniş şəkildə
faydalanıb".
Nizami əsas mövzularını xalq
yaradıcılığından alıb,
yaradıcılığını həmin mənbəyə
uyğun, xalqın istək və arzuları ilə həmahəng
şəkildə inkişaf etdirən bir sənətkar
olduğundan onun əsərləri sonrakı şifahi ədəbiyyatımıza
güclü təsir göstərib. Şair əsərlərində
müxtəlif folklor nümunələrindən, o cümlədən
əsatir və əfsanələrdən, rəvayətlərdən,
xalq söyləmələrindən geniş istifadə etdiyi
kimi, onun yaradıcılıq xəzinəsi də öz
növbəsində yeni əfsanələrin, rəvayətlərin
meydana gəlməyi üçün tükənməz bir
qaynaq rolu oynayıb. Bütün bunlar,
Nizaminin Azərbaycan torpağı ilə, doğma
xalqının bitib-tükənməyən folklor xəzinəsi
ilə üzvi surətdə bağlı olduğunu müəyyənləşdirir.
Nizami mövzusu bizim filologiyamızda müəyyən
qədər işlənib. Nizami və
folklor istiqamətinə də müraciətlər olub. Sədnik Paşa Pirsultanlı problemin tədqiq
tarixini də yaxından araşdırıb və dəyərli
mülahizələri əsərində məqsədyönlü
şəkildə istifadə edib. Tədqiqatları nəzərdən
keçirən alim yazır: "Nizami və folklor probleminə
bir sıra araşdırmalar həsr edilib: Nizami və "Dədə
Qorqud dastanları", Nizamidə xalq sözləri, xalq ifadələri
və zərbməsəllər, Nizami
yaradıcılığında Azərbaycan xalq mərasimləri
və başqa məsələlər ayrı-ayrı tədqiqatçılar
tərəfindən işlənib".
Fundamental araşdırma baxımından qeyd etməliyik
ki, Nizaminin Azərbaycan əsatir və əfsanələri ilə
bağlılığını ilk dəfə Sədnik
Paşayev ayrıca bir tədqiqat mövzusu olaraq
araşdırıb. Bu mövzunu incəliklərinə qədər
araşdıran alim bu sahədə diqqəti çəkən
fikir və mülahizələrə də həssas
yanaşır.
Akademik
H.Araslı Nizami Gəncəvinin folklor əlaqələrini
öyrənməyin elmi əhəmiyyətindən bəhs edərək
yazır: "Xalq ədəbiyyatı xəzinəsində
Nizaminin şəxsiyyəti və onun qəhrəmanları, əsərlərinin
süjetləri ilə əlaqədar çox materiallar var ki,
bunların elmi surətdə toplanması
nizamişünaslıq işinin qarşısında duran
mühüm vəzifədir. Bu müxtəlif
variantların müqayisə və təhlili istər
şairin şəxsiyyətini, istərsə onun doğma
xalqı ilə münasibətini təyin etmək
üçün ən mühüm tədqiq obyektidir".
Məsələnin aktuallığını bir daha təsdiqləmək
üçün problemlə yaxından tanış
olan mütəxəssislərin də fikirlərini diqqətə
çəkən müəllif yazır: "Nizami tədqiqatçılarının
çoxu, xüsusilə Azərbaycan alimləri təsdiq edirlər
ki, "o, klassik şairlərimiz içərisində
hamıdan artıq xalq yaradıcılığı xəzinəsindən
istifadə edib". Bundan sonra alim problemi daha ciddi və dəqiq
araşdırmaq üçün əsas istiqamətləri təsnif
edərək müəyyənləşdirir: "Nizaminin
folklor əlaqələri müxtəlif şəkildə təzahür
edir ki, bunları da əsasən üç qrupda tədqiq etməyi
mümkün sayırıq:
1.
Nizaminin bilavasitə istifadə etdiyi yerli əsatir və əfsanələr,
yaxud da başqa folklor nümunələri.
2. Xalq
ruhuna dərindən bələd olan müdrik sənətkar
kimi Nizaminin özü tərəfindən
yaradılmış folklor nümunələri və
onların folklorda izləri.
3.
Nizaminin həyatı ilə əlaqədar hadisələr, əsərlərinin
süjet və motivləri əsasında yaranmış yeni
folklor nümunələri, yaxud da el variantları kimi meydana gəlmiş
yeni əsərlər.
Nizaminin Şərq əfsanələrindən daha
çox faydalandığını müşahidə edən
müəllif iki səbəbdən bunları xüsusi olaraq
qeyd etmir. "Birincisi ona görə ki, əfsanələrdə
lokallıq-milli mənsubiyyət, bir xalqa məxsusluq çox
güclü olur. Belə ki, əfsanələr
düşdüyü yeni folklor mühitində xeyli dəyişir,
milli zəminlə çulğaşaraq yeni keyfiyyətlər
qazanır, özümləşir. Həm
də bir qayda olaraq, əfsanələr konkret coğrafi ərazi
ilə, xalqın tarixi və görkəmli şəxsiyyətləri
ilə bağlı olur. İkinci səbəb isə
ondan ibarətdir ki, Şərq əfsanələrində Azərbaycan
xalqının da payı var. Məsələn,
"Əshabi-kəhf", "Nuhun tufanı" və
başqa əfsanələr buna misal ola bilər.
Bu əfsanələr nəinki Azərbaycan
xalqına məxsusdur hətta bu əfsanələrlə
bağlı yerlər də yurdumuzun ən qədim
yaşayış guşələrindən biri olan
Naxçıvan torpağındadır. "Əshabi-kəhf"
və oradakı "Cənnət bağı", Nuhla
bağlı əfsanələrdə adları çəkilən
İlandağ, Kəmçi və Ağrı dağları
da Naxçıvanda və ona yaxın ərazilərdədir.
S.Paşayevə görə, Nizami qədim folklor
nümunələrindən istifadəni başlıca yol
saymayıb, yeri gələndə başqa mənbələrə
də müraciət edib. Dahi şair folklordan
aldığı kiçik süjetlər əsasında yeni
keyfiyyətli incilər yaradıb. Bunu şairin epik əsəri
olan "Sirlər xəzinəsi"ndəki bir sıra hekayətlər,
o cümlədən "Süleyman və əkinçi",
"Bülbül ilə qızılquşun dastanı" və
başqaları da təsdiqləməkdədir. Onlarla
bu kimi nümunələrin tarixi-müqayisəli təhlili
alimə o qənaətə gəlməyə əsas verib ki,
həmin örnəklər "bilavasitə Azərbaycan
folklorundan, xüsusilə onun ən qədim əsatir və əfsanə
qaynaqlarından istifadə yolu ilə yaradılıb".
Tədqiqatın ən çox diqqəti çəkən
cəhəti budur ki, "Xəmsə"dəki hekayətlər,
onların süjet və motivləri ilə səsləşən,
ideya istiqamətlərinə uyğun, məzmunca yaxın olan
folklor nümunələri (xüsusən əsatir və əfsanələr),
bir qədər fərqli şəkildə olsa da, indi də Azərbaycan
folklorunda mövcuddur. Belə mürəkkəb və
çoxsahəli paralellərı ilk dəfə S.Paşayev
aparıb.
Ağaverdi Xəlil,
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.-
2014.- 15 avqust.- S.14.