Dünya, həyat, insan rəssamlarımızın görümündə

 

"Rəssam həm dramaturq, həm rejissor, həm artistdir"

 

Mahiyyətcə incəsənətin bütün janrlarının mayasında insanın dərdlərini ifadə etmək, onun problemlərdən çıxış yolunu göstərmək cəhdi durur. Azərbaycanda bu gün imzası populyar olan, incəsənət sahəsində çalışanların, insafla desək, insan dərdi ilə az-çox bağlılığını görmək mümkündür. Bu gün bütün dünyada incənəsətin sadəcə, az qala hobbi səviyyəsinə endirildiyi bir zamanda insan dərdindən sözdə olsa danışmaq gərəklidir. Bütün hallarda isə ümidin qırılmaması lazımdır. Yoxsa yaşamağa dəyməzdi. Bu yazıda rəssamlarımızın dünya, həyat, insanla bağlı görümü haqqında danışacağıq.

Tanınmış rəssam Rza Avşar özünü impressionist hesab edir. Bu janrda xeyli əsərlər yaradıb. Həyat yoldaşı da rəssam olan Rza Avşar dünyanın müxtəlif ölkələrində olub, əsərləri sərgilənib. Yeri gəlmişkən qeyd edək ki, o, xalq artisti mərhum Muxtar Avşarovun böyük oğludur. Maraqlıdır, onun aktyor yox, rəssam olmağı aqibətdənmi gəlib?

Rəssam bildirir ki, onda rəssamlığa meyl fitridir: "Baxmayaraq ki, uşaqlıqdan aktyorluğu dərk etməyə çalışmışam. Gözümü dünyaya Gəncədə açmışam. Sinif yoldaşımın atası Cabbar Sadıqov Gəncədə imzası tanınan rəssamlardan idi. Tez-tez onların evinə gedərdim. Cabbar müəllimin emalatxanası evində yerləşirdi. Bilmirəm, hansı daxili gücün təsirindəndirsə, məndə istər-istəməz rəssamlığa dərin bir sevgi yarandı. Özümü qəribə, sirli-sehirli bir aləmdə hiss etdim. Çoxlu rəssamlıq kitablarına baxırdım, şəkillər çəkirdim. Cabbar müəllim çəkdiklərimə baxdı, dedi ki, səndən rəssam çıxar. O, Gəncədəki rəssamlıq məktəbinin direktoru idi. Orada təhsil aldım. 1965-ci ildə Bakıya gəldim, Əzimzadə adına Rəssamlıq texnikumuna daxil oldum. İki il əsgərlikdə olmağım rəssamlığıma zərbə vurdu. Düzdür, orada şüar, siyasi rəhbərlərin bir-iki portretini yaratmışdım, amma bunu rəssamlıq hesab etmək olmazdı. Hərbi xidmətdən sonra indiki APU-nun bədii qrafika fakültəsinə qəbul oldum. Aktyorluq mənim üçün çərçivəyə salınmış bir sənətdir. O, həmişə asılıdır. Rejissor da dramaturqdan asılıdır. Teatrda bir neçə sənət birləşərək sintez əmələ gətirir. Ancaq

rəssam həm dramaturq, həm rejissor, həm artistdir. O, mövzunu düşünür, tapır, müstəqil şəkildə istədiyi kimi ifadə edir. Kompozisiyanı rəssam qurur. Rənglər mənim "əsgərlərimdir". Rəssamlığa meylliyimin əsasında müstəqilliyim durub".

Bir var, rəssamlığın rəssam üçün daşıdığı başlıca qayə: "Mənim üçün o qayə aydındır. Rəssamlığın mayasında hesab edirəm ki, insana xidmət durur. Baxır kim o xidməti necə anlayır. Ümumiyyətlə, incəsənətin bütün sahələrində insan üçün yanmaq var. İnsanın daxili dünyası, mənəvi problemləri, bu problemlərdən onu heç olmasa müəyyən qədər xilas etmək cəhdləri sənətin başlıca qayğısıdır. İncəsənətdə bütün sahələr çətindir. Sənət dünyası başdan-ayağa sirdir, sehrdir. Dünyada qədər pis adamlar, sonu bitməyən qayğılar, bəlalar mövcuddur. Dərdlə dolu dünyada mən özümə qətiyyən bəraət vermək fikrində deyiləm. Deməli, biz sənət adamları az işləmişik, bəlkə haradasa yanılmışıq?

Əgər sənət insanı azca da olsa daxildən təmizləyirsə, heç olmasa şər istəyini həyata keçirməkdə bir az ləngidirsə, bu da böyük şeydir. Digər tərəfdən sənət millətin dünyada tanınmasında, sifətinin bilinməsində əhəmiyyətli rol oynayır".

Rəssam deyir: "Mən sənət vasitəsilə özünüifadəni impressionizm cərəyanında gördüm. Əsrlərlə əvvəl yaşayıb-yaradan həmkarlarımla özümü ruhən bir hesab edirəm. Bu gün elə rəssamlar var ki, Rembrandtın, Qoyyanın dövründəki kimi çəkirlər. Bu yöndə yaranmış əsərlərə elə doğmayam ki, hesab edirəm, sanki onları mən yaratmışam. Kobud da səslənsə, sanki bu gün dünya dəli olub. Kim neylədiyini, hara getdiyini demək olar, bilmir. Hamı çaşıb. Baxırsan, musiqi musiqi deyil, rəssamlıq rəssamlıq deyil. Qəzetlərə baxırsan, kim nə istəyir, onu da yazır. Sovet dövründən narazılığımız o idi ki, senzura var idi, indi zövqlər çox korşalıb".

Hər bir kəsin bu qarışıq zamanda "öz arşınının olması" mahiyyətcə milli mənafeyə, milli ideyaya ziyan verir.

Rəssam deyir: "Sovet dövründə rusca təhsil almışam. Xeyri odur ki, o dövrdə rus dili vasitəsilə dünyanın müəyyən mənəvi sərvətləri barədə bilgim çox olub. Amma ana dilimizdə oxuyan soydaşlarımın bu imkanları demək olar, yox idi. Müəllimlərim də Moskvada, Leninqradda təhsil almışdılar. Mənfi cəhəti o idi ki, imperiya dilimizi mümkün qədər sıxışdırırdı. Bu isə bizim bir millət olaraq özümüzü tapmağımıza, ifadə etməyimizə çox ziyan verirdi".

Rəssamlıq dünyanın, həyatın, insanın mahiyyətini görür və çəkir. Deməli, sənətin insan haqqında düşüncəsi gözəl olduğu dərəcədə onun real sənətdə, konkret rəssamlıqda ifadəsi də biçimcə çox gözəl olmalıdır. Eybəcər forma, ifadə insanlığa ziddir. Rəssam: "Forma və məzmun birliyi olduqda artıq bu, şedevrdir. Amma görürsən ki, çox zaman forma zəif olur, mövzu güclü, ya da əksinə".

Səttar Bəhlulzadə hansı mövzuda çəkirdisə, hər şeyi nağıllaşdırırdı. Əslində S.Bəhlulzadə impressionizmdən çox yüksəkdə idi. O, milli çaları fitrətən, bənzərsiz şəkildə verməyi bacarırdı: "Səttar Bəhlulzadəyə həmişə sayğı ilə yanaşmışam. Onun bir rəssam olaraq nadir keyfiyyəti həmişə məni əfsunlayıb. Milliliyə həmişə xüsusi üstünlük vermişəm. Mənasız əsəri götür başı üstə çevir, görəcəksən ki, fərq etmədi..."

Başqa bir rəssam Hacı Mirzə Fərzəliyevin çoxsaylı əsərləri müxtəlif ölçülərdədir - hədsiz böyük, orta, kiçikdir. Əsərlər tamaşaçıda sırf abstrakt mücərrədçilik təəssüratı yaradır. Məsələn, böyük həcmli bir əsərində çoxlu anlaşılan, sıravi tamaşaçı üçün isə daha çox anlaşılmayan, canlı və cansız obrazlar var: sol tərəfdə səcdə edən, bir az yuxarı tərəfdə əcnəbi musiqi əhvalı ilə yaşayanlar, sağ tərəfdə əllərini göyə qaldıranlar, nal, digər həndəsi fiqurlar anlaşılandır.

Onun əsərlərinin hamısı adsızdır. Adətən bu tipli əsərlərdə konkret adlandırma olmur. Əsərdən nəticə çıxarmaq tamaşaçının öhdəsinə buraxılır. Digər tablolarda da böyük tablonun mövzusuna oxşarlıq aparıcılıq təşkil edir. Bir əsərdə uzaq fonda Qız qalası, qarşıdakı fonda isə böyük ölçüdə tovuz quşu təsvir olunub. Tovuz quşunun qanadları göy rəngdədir. Orta fonda yastı evlər diqqəti cəlb edir. Digər bir əsərdə isə yarımçıq əl, qınından çıxan ilbizə oxşar obraz diqqəti cəlb edir. Həmçinin quş, pişik obrazlarına da rast gəlinir.

Hövbəti böyük həcmli əsərdə aşağı hissədə azğın itlər, əsərin yuxarı hissəsində zurna püləyən obraz, nisbətən sol tərəfdə isə nağara çalan, başında buxara papaq, şəstlə duran bir kəs, lap yuxarıda dizlərini qucaqlayıb oturmuş ağ saçlı kişi, başıbağlı, başıaçıq obrazlar, kədərli, sevinən insanlar... Bu, şübhəsiz, dünyanın həlməşik, əksər hallarda ruhsuz, hərdən isə ruhlu məqamlarının rəssam görümündə assosiasiyasıdır. Əsərlərdə nərdivan obrazı da diqqəti çəkir. Hərdivan haradasa dayanıqlı deyil.

Səhrada dəvə karvanının təsviri növbəti əsərin mövzusudur: gözümüzün qabağında sarımtıl qum təpələri canlanır. İnsan kədərilə, sevincilə birgə sanki səhradadır və təkdir. Digər bir əsərdə də təbiət halı ifadə olunub; sanki ay yerə gəlib, tamaşaçının düz qənşərindədir. Sifəti görünməyən insanlar, tərəddüdlü məqamlar, qarışan əhvallar, yenə də nərdivan, böyrü üstə yıxılmış qapı, işıq selinin otağa dolması...

Qeyd edək ki, təbiətlə bağlı mövzularda tamaşaçı üçün aydınlıq sezilir. Hövbəti bir əsərdə rəssam qaranlıq gecədə solğun ayı təsvir edib, uzaqdakı evdən işıq görünür. Bu, ümiddir. Qoca kişinin sönmüş çırağın tuşunda səmaya baxması, uzaqlardan üzünə düşən işıqla daxili dünyasının vəhdətinin ifadə edilməsi yaxşı alınıb: qocanın üzü nurludur, nurlanıb. Bir başqa əsərdə buynuzlu qoç başının fonunda nərdivan, ağac, eləcə də həyatın digər məqamlarının ifadəsi diqqəti cəlb edir. O biri əsərdə gördüyümüz qoca obrazı yenə buradadır; yerdə qadın başı, dişini qıcamış itlər, haradasa məkansızlıq. Bu əsərdə isə ümid sezilir. Adamlar əllərində şam tutublar, lakin şamların işığı yoxdur. Səmadan işığın gəlməsi ilə adamların heyrət qarışıq ümidləri sifətlərində donub qalıb. Yer əhvalında yaşamağa məcbur adamlar daim göy həsrətlisidirlər...

Şübhəsiz, abstrakt, yəni qəliz mövzuda əsər çəkən rəssam üçün özünün anladığı, bildiyi ifadə tərzi var. Yeri gəlmişkən, bir yumorlu məqamı buradaca qeyd edək. Deyirlər, vaxtilə bir azərbaycanlı rəssamı təbrik edirlər ki, Amerikada sərgin açılıb, o da cavab verir ki, nəyi təbrik edirsiniz, əsərimi baş-ayaq asmışdılar. Abstrakt əsər bu dərəcədə mücərrədlik, əslində çox zaman anlaşılmazlıq ifadə edir. Məşhur Danimarka karikaturaçısı Bidstrup bu yönü tənqid edən karikatura silsiləsi yaradıb. Orada təsvir olunur ki, abstrakt mövzuda əsər çəkmək istəyən rəssam çox fikirləşsə də, bir şey yarada bilmir. Axırda tablonun ortasında yumruya oxşar bir işarə qoyur. Əsəri gətirib sərgidən asır, camaat bilmir ki, bu, nə demək istəyir. Biri ağzını büzür, biri başını bulayır.

Əlbəttə, bu cür əsərlərin də öz tamaşaçıları var. Lakin gerçəklik budur ki, belə əsərlər mahiyyəti bütöv halda ifadə etmir, burada bir qarmaqarışıqlıq, nizamsızlıq sezilir. Əslində bu yöndə yaradıcılar "qarmaqarışıqlığın nizamını" yaratmaq istəyirlər. Əslində rəssam gerçəkliyi sənətin gerçəkliyi, əsil insani tələbi ölçüsündən mənalandırmalıdır. S.Bəhluluzadə Göy gölü öz Göy gölü kimi təqdim edir, amma burada təhrif yoxdur. Hə qədər qəribə səslənsə də, absrtakt rəssamın yaratdığı gerçəklik əksər hallarda gerçəkliyin özündən aşağı olur, insanın yaşamaq ümidinə bu və ya digər dərəcədə təsir edir. Bu yönlü rəssamlıqda haradasa bədiyyatın ənənəvi tələbinə düz gəlməyən "uydurmaçılıq", "möcüzəvilik", "kabus" var, amma bu, ehtiraslı, idraklı xəyalın məhsulu kimi yox, təxəyyülün məhsulu kimi meydana çıxır.

O, dünya rəssamlıq sənətindən daim bəhrələndiyini deyir: "Hər dövrün öz zirvələri olub. Sultan Məhəmmədin miniatür rəssamlığı bütün dünyada məşhurdur. Bu rəssamın yaradıcılığını bəyənirəm. Amma təqlidi sevmirəm. XX əsrin tanınmış sənətkarlarından biri Salvador Dali olub, onu böyük rəssam sayıram. XX yüzilin böyük sənətkarlarından biri də Səttar Bəhlulzadədir, fitri istedada malik rəssam idi. Onun sənəti, səmimiyyəti qarşısında səcdə edirəm, hədsiz səxavətli rəssam idi. Deyirdi özüm üçün işləmirəm, sadəcə, həyatımı yaşayıram".

 

Uğur

Xalq Cəbhəsi.- 2014.- 15 avqust.- S.11.