“Ah, mütərcim!”
Haşım bəy Vəzirov
məqalələrində müsəlman aləminin geriliyinin
səbəbi kimi avamlığı, cahilliyi, fanatikliyi və
xurafatçılığı göstərirdi
"Dün
mərhumun tabutu arxasından həzin-həzin gedərək
düşünüyordum və Haşım bəydən
cavanlarımıza örnək olaraq nəyi göstərmək
olar deyə - özümə sordum: "İstiqamət,
başladığı bir işi əncamə yetirmək əzmi
və səbatı!" - deyə cavab
verdim. İştə ruhlu, məsləkli, qəlbləri atəşin
bir amalpərvərliklə dolu olan cavanlar, iştə sizə
dəgərli bir nümunə!... Məqsəd
uğrunda Haşım bəy qədər səbatkar,
başladığınız işdə bu mərhum qədər
fədəkar olunuz!.. Səni də Allah əfv
etsin ay zəhmətlərə qatlanan, ay
sıkıntılardan usanmayan qələm arkadaşı!
Allah rəhmət eləsin sənə, ey xidmət qurbanı!".
Parça Məmməd əmin Rəsulzadənin
"Açıq söz" qəzetində çap
edilmiş "Haşım bəy Vəzirov" məqaləsindən
götürülüb. Müəllim, jurnalist, naşir, tərcüməçi,
dramaturq olan Haşım bəy Vəzirov 1868-ci ildə Şuşa şəhərində anadan olub. Haşım bəyin ulu babası Mir İmamverdi Qarabağ
xanının vəziri imiş. Oxumağa,
təhsilə önəm verən olub. Azərbaycanın
görkəmli yazıçısı, tarixi romanlar müəllifi
və dəyərli araşdırmaçı Yusif Vəzir
Çəmənzəminli də bu nəsildəndir və
Haşım bəyin qardaşı oğludur.
Haşım bəy Vəzirov öncə molla yanında
dərs alıb. Şəhər məktəbini bitirdikdən
sonra İrəvan Müəllimlər Seminariyasına daxil
olub. Haşım bəy ilk qələm təcrübələrinə
tələbə ikən başlayıb, "Məktəb tərbiyəsi",
"Döymə qapımı, döyərlər
qapını", "Evlənmək su içmək
deyil" əsərlərini yazıb. Seminariyanı
bitirdikdən sonra bir neçə il İrəvan
vilayətinin müxtəlif yerlərində müəllimlik və
müfəttişlik edib. 1890-cı illərdə
Şuşaya gələrək, "Rus-Azərbaycan" məktəbində
ana dilindən dərs deyib. Bu zamanlar
"Kaspi" və "Novoye obozrenie" qəzetlərində,
"Sbornik materialov dlya opisaniya plemyon i mestnostey Kavkaza" məcmuəsində
məqalələr çap etdirib, Şekspirin "Otello"
faciəsini və bəzi başqa əsərləri azərbaycancaya
çevirib. Şuşa bələdiyyə idarəsinin
üzvü olduğu vaxt camaatın narazılığı nəticəsində
hökumət H.Vəzirov beş illiyə
Stavropola sürgün edilib. 1905-ci ildə
Bakıya qayıdıb, "İrşad" qəzetində
məqalələr çap etdirməyə başlayıb, bir
müddət bu qəzetin məsul redaktoru olub. Az sonra Haşım bəy Vəzirov Molla Pənah
Vaqifin seçilmiş şeirlər məcmuəsini çap
etdirib.
1906-cı ilin ortalarında sürgündən azad olunan
Mir Haşım bəy Şuşaya, sonra Bakıya
qayıdır və ömrünün axırınadək
Bakıda qalır. Burada Əhməd Ağaoğlunun
"İrşad" qəzeti ilə əməkdaşlıq
edən Mir Haşım bəy sonra bir müddət qəzetin
müvəqqəti redaktoru olur.
"İrşad"ın on beş nömrəsi
onun redaktorluğu ilə çıxıb. Buradakı
fəaliyyəti ilə Mir Haşım bəyin professional
jurnalistlik dövrü başlamışdır. Bundan sonra o özü müstəqil bir qəzet
yaratmaq fıkrinə düşür və 1907-ci ildə
"Tazə həyat" qəzetini nəşr etdirir. Milyonçu H.Z.Tağıyev H.Vəzirova "Tazə
həyat" qəzetinin maliyyə xərclərinə
yardım göstərəcəyini vəd etmişdi. Qəzetin
ilk nömrəsi 1907-ci il aprelin 1-də
çapdan çıxmış və nəşri 1908-ci ilin
sentyabrınadək davam edib. Mirzə Ələkbər Sabir, Məhəmməd
Hadi, Əliabbas Müznib, Məmmədsəid Ordubadi,
Süleyman Sani Axundov, Tağı Şahbazi, Mir Mehdi Seyidzadə,
Mirzə Şərif Əfəndizadə, Bayraməli Abbaszadə,
Məşədi Azər, Cəlal Yusifzadə və b. qəzetin
əməkdaşları olub.
Tiflis Mətbuat
İşləri Komitəsinin Baş Mətbuat İşləri
İdarəsinə göndərdiyi 1908-ci il hesabatında qeyd
olunurdu ki, Bakıda neft sənayeçisi, milyonçu
H.Z.Tağıyev tərəfindən nəşr edilən və
Haşım bəy Vəzirovun redaktor olduğu gündəlik
ictimai-siyasi "Tazə həyat" qəzeti 1908-ci ilin ikinci
yarısınadək sabit sağ istiqamətdə
dayanmış, "İrşad", "Tərəqqi"
qəzetlərinə zidd olaraq müsəlman ruhaniliyinin
müdafiəçisinə çevrilmişdir.
Haşım bəy İslam dininə münasibətdə
mühafizəkarların və ifrat qərbpərəstlərin
tutduğu yolları əsla qəbul etməyib. Hər iki xətti
tənqid edərək bildirirdi ki, İslam dini həm dəyişilməyir,
həm də hər bir tərəqqi və irəli getmək
ilə düz gəlir. Onun fikrincə,
ancaq bu dinə kamil bələd olan şəxslər anlar ki,
hazırda müsəlman aləminin geriliyinin günahkarı
İslam deyil, başqa səbəblərdir. O, həmin səbəblərə
nümunə kimi müsəlmanların əksər qisminin
avamlığını, cahilliyini, fanatikliyini və
xurafatçılığını göstərirdi. Onun fikrincə, müsəlman aləminin bu günə
düşməsində ikiüzlü din xadimləri, o
cümlədən mollalar və ruhanilər də mühüm
rol oynayıb.
Halbuki İslam dini başlanğıcda və ondan bir
müddət sonra sədaqət, ittihad, biqərəzlik dini
olmuş və bu kimi amillərə əsaslanmışdır. Xüsusilə,
"müsəlmanlar qardaşdırlar" prinsipi əvvəllərdə
İslam dünyasında geniş yayılmış və
müsəlman millətiləri, əsasən barış və
rifah isərçisində yaşamışlar. Ancaq İslamın bərqərar olduğu və
yayıldığı müddətdən bir neçə əsr
keçdikdən sonra vəziyyət tamamilə dəyişilmişdir.
Belə ki, ilkin islam qayda-qanunlarını
unudan despotik hökmdarlar islam adından öz saxta
qanun-qaydalarını irəli sürmüşlər. Bununla da, Haşım bəy Vəzirovun fikrinə
görə, əvvəllər nə qədər sürətlə
islamiyyət tərəqqi edib irəli getmişdisə, son əsrlərdə
ona bənzər bir surətlə dağılmağa, tar-mar
olmağa üz qoymuşdur. Belə bir dönəmdə
islam millətlərinin başbilənləri,
o cümlədən islam mütəfəkkirləri bundan
çıxış yolları aramağa
başlamışlar.
Haşım
bəy yazırdı ki, İslamda yeniləşmənin
olması ideyası 19-cu əsrin sonlarına doğru daha
geniş yayılmış və 20-ci əsrin əvvəllərində
də bu proses davam etməkdədir. Onun fikrincə,
dövründə meydana çıxan ictimaiyyətçi və
yenipərəst olmaq isə nəinki İslam dininə ziddir, əksinə
bu dinlə üst-üstə düşür. Çünki ictimaiyyətçi və yenipərəst
olmaq İslam bərqərar olan gündən onun mahiyyətini
təşkil etmişdir. Bütün bunları nəzərə
alaraq, H.Vəzirov yazırdı: "Biz hamı millətlərin,
hamı insanların kamal həddinə yetişməyinin və
onlarla birlikdə öz millətimizin xoşbəxtliyinin tərəfdarıyıq.
Biz öz millətpərəstliyimizi əsil
yenipərəstlik, insanpərəstlikdə
binalandırırıq".
O qeyd
edirdi ki, hürriyyət, müsavat və ədalət islamiyyətin
əsas təməl daşlarıdır. Haşım bəy Vəzirov
da, bütün bunları bu şəkildə qəbul edərək
"Səda" qəzetində müsəlmanların
rifahı üçün çalışacağına
söz verirdi: "Siyasi cəhətdən ruznaməmiz tərəqqipərəstlik
yolunda olub müsəlmanların haqqında indiyə kimi hər
nə təcavüzat və sıxıntı olubsa, onların
rəfinə çalışacaq, Rusiyada olan rus millətinə
verilən hüquq və imtiyazın hamısını biz dəxi
öz millətimiz üçün tələb edəcəyik
və hər bir işdə bu halda Dövlət Dumasında
müsəlman firqəsi tutduğu məramnamə ilə
mütabiq gedəcəyik, dil məsələsinə gəldikdə
mümkün olan qədər camaatın çoxuna
tanış olmayan sözlərdən, istilahlardan
qaçacayıq".
1907-ci ildən "Tazə həyat" adlı qəzet
nəşr etməyə başlayan Haşım bəy Vəzirov
sonralar hökumətin təqibləri nəticəsində
tez-tez qəzetinin adını dəyişdirməli olub
("İttifaq", "Səda", "Sədayi-həqq",
"Sədayi-vətən" və sair). 1911-ci ildə
o, "Kavkazist" adlı rus dilində cəmisi yeddi nömrəsi
çıxmış bir qəzet nəşr edib. Bu qəzetlərdən çoxu H.Vəzirovun
milyonçu Murtuza Muxtarovun vəsaiti ilə aldığı
"Tərəqqi" mətbəəsində çap
olunub. 1911-ci ildə hökumət əleyhinə
təbliğatda təqsirləndirilən bir çox Bakı
jurnalisti ilə birlikdə Haşım bəy də həbs
edilib və bir ayadək həbsxanada saxlanılıb. 1914-1915-ci illərdə "Məzəli"
adlı satirik jurnala rəhbərlik edib.
Otuz ilə qədər davam edən ədəbi-jurnalist
fəaliyyətində Haşım bəy Vəzirov daim ideya tərəddüdləri
içində olan, çox vaxt mühafizəkar
ideologiyanın təsiri altında yazan tipik elita
ziyalısı idi. O, Azərbaycanın bir çox şəhərlərini
gəzib xalq həyatı ilə yaxından tanış
olandan sonra, feodal-patriarxal münasibətləri, kapitalizmin
törətdiyi faciələri göstərən bəzi kəsərli
məqalələr, felyetonlar yazmışdı. "Məzəli" jurnalının səhifələrində
də imperialist müstəmləkəçilər əleyhinə
bir sıra qüvvəli satirik yazılar dərc etmişdi.
Haşım bəy bədii
yaradıcılığında naturalizm yolu ilə getdiyi kimi,
publisist əsərlərində də mühüm ictimai məsələlərdən
daha çox, cəmiyyətin ayrı-ayrı xırda
nöqsanları üzərində dayanırdı. Onun tənqidi çox vaxt liberal mahiyyətdə
olurdu. "Keyfim gələndə" sərlövhəsi,
"Birisi" imzası ilə yazdığı
felyetonların əsas məzmunu məişətdəki eybəcər
hallar, şəhər təsərrüfatının vəziyyəti
idi.
1910-1911-ci illərdə Əhməd Kamalın
redaktorluğu ilə Bakıda nəşr olunan "Yeni
füyuzat" jurnalı "Füyuzat"ın yolunu davam
etdirirdi. Əhməd Kamal Türkiyəyə getmiş
jurnalist Əhməd bəy Ağayevlə müntəzəm əlaqə
saxlayıb, onun türkçü fikirlərini Azərbaycanda
yaymağa çalışırdı. Sonuncu isə o
zaman İstanbulda "Biz nə istəyiriz" mövzusunda
etdiyi məruzədə turançıların "birləşdirici"
proqramından danışaraq deyirdi: "...Yaxında Qafqazyada
müqəddəs bayrağımızı görəcəyiz.
Fərq oraya bayraq yalnız getməməli, eyni zamanda,
türk fikri, türk hissi, türk lisanı da bərabər
getməlidir".
"Yeni füyuzat" Ə.Kamaldan başqa,
Əlipaşa Səbur, Axundu Yusif Talıbzadə, Akif Səfvət
və başqalarının yaxından iştirakı ilə
çıxırdı. Burada çap olunan bədii əsərlər
əsas etibarilə milli məzmunlu, ruhlu şeirlərdən
ibarətdir. Jurnalın ədəbi-ictimai mövqeyi
haqqında təsəvvür almaq üçün onun Tolstoya
münasibəti ilə tanış olmaq kifayətdir.
L.İ.Tolstoyun bütün həyat və fəaliyyətindən
yalnız "tolstoyçuluq" təlimini alıb, öz səhifələrində
təlqin edən "Yeni füyuzat"
yazıçının böyüklüyünü, zəkasını
onun "fənalığa qarşı müqabilə edilməməsi"
haqqında təlimində görürdü.
1912-1914-cü illərdə çıxmış
"İqbal" qəzetində ideyaca bir-birinə tam zidd
olan yazıçılar iştirak edirdilər. Qəzetin
redaktorları M.Ə.Rəsulzadə və Sənətulla
İbrahimov kimi millətçi juranlistlər idi. "İqbal"da Seyid Hüseyn, A.Şaiq,
A.B.Yusifzadə kimi tərəqqipərvər
yazıçıların da əsərləri tez-tez çap
olunurdu. Ona görə bu qəzetin səhifələrindən
bir tərəfdən, "sənət sənət
üçün" şüarı təbliğ edilir, mətbuat
və ədəbiyyatda millətçiliyi qüvvətləndirmək
cəhdi hiss olunur, o biri tərəfdən realizm və xəliqilik
prinsipləri əsasında yazılan əsərlərə
yer verilir, mühafizəkar ədəbi, ictimai və fəlsəfi
məfkurələr tənqid edilirdi.
Haşım bəy Azərbaycan tarixinə mətbuat
şəbəkəsi yaradan bir naşir kimi daxil olub. Belə ki, "Sədayi vətən",
"Sədayi Qafqaz", "Sədayi həqq" və b. qəzetlərin
redaktorları ayrı-ayrı adamlar olsa da, onlar eyni ideyanı
təbliğ ediblər.
Haşım
bəy məşhur məzhəkə jurnalı olan "Məzəli"nin də rəhbəri idi. Bu
jurnal "Molla Nəsrəddin"dən sonra mətbuat
tarixində ən məşhur məzhəkə
jurnalıdır. Burada günün siyasi həyatı
kəskin bir qələm ilə əks olunur.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 16 avqust.- S.11.