Məni unutma
Rəşad Məcidin 50 yaşına sözardı...
20-30 il öncə
düşünürdüm ki, görəsən adam 50 yaşında necə olur... Sadəlöhv düşüncədir, bilirəm. Amma buna görə
bir kimsə məni qınaya bilməz. Yaşıdlarım
20-30 il öncə
o qədər bəsit
şeylər düşünüblər
ki...
47 yaşıma çatmışam
və indi əminliklə bilirəm ki, 3 il
sonra, 50 yaşımda
necə olacağam. Məsələn, Rəşad Məcid
necədirsə mən
də elə. Yəni Rəşad Məcid 40 yaşı olanda da elə indiki
kimi idi. 60 yaşı olanda
da, zənnimcə elə belə olacaq. Rəşadın qocaldığını, təqaüdçülərlə oturub nərd, yaxud domino oynadığını,
titrək əlləriylə
köhnə albomları
varaqladığını... heç cür təsəvvür edə bilmirəm. Hə qədər çalışıram,
alınmır. Əvəzində isə əlindəki startfona yağmur kimi yağan qısa mesajları oxuyub dodaqaltı gülən, ehtiraslı təbəssümü gözlərinin
parıltısında əks
olunan bir gənc gəlir gözümün önünə.
Rəşad gözlərinin
parıltısı yaşındadır...
Üzeyir
Hacıbəylinin yaratdığı
məşhur personaj -
Məşədi İbad
haqqındakı etirafını
yəqin ki, bilməyən yoxdur: Bir gün Üzeyir
bəy bir neçə nəfərlə
ayaqüstü söhbət
edirmiş. Bu zaman gözəl bir xanım onların yanından keçir. Üzeyir bəyin gedən xanımın ardınca zənnlə baxdığını
hiss edən həmsöhbətlərindən
biri:
- Bu nədir. Üzeyir bəy? Özün Məşədi
İbadı lağa qoyursan, amma indi xanımdan gözünü çəkə
bilmirsən - deyir.
Üzeyir
bəy də zarafatından qalmır,
- Düz deyirsən, əgər haqq dünyası varsa, Məşədi İbad orada mənim atamı yandıracaq...
...Üzeyir bəyin etirafından nəticə
çıxardığım üçün Rəşad
Məcid və onun 50 yaşı haqqında çox da dərinə gedə bilməzdim. Dəqiq bilirəm ki, Rəşad bu dünyanın işini o dünyaya saxlayanlardan deyil...
Yəni
Rəşad Məşədi
İbad deyil, Məşədi Rəşad
da deyil, sadəcə Rəşad Məciddi, vəssalam! Özünəməxsusluğu, təkrarolunmaz koloriti ilə!
Buraya qədər
yazdıqlarım hər
kəsin tanıdığı
Rəşad Məcidə
xas olan cizgilərdir. Amma mənim üçün fərqli bir Rəşad da var. Gözlərindəki dərin
kədəri qaranlıq
səmada sayrışan
ulduzlara xas parıltıyla gizlətməyə
çalışan Rəşad
Məcid...
O kədəri bir neçə il
öncə, Gəncəyə
səfərimiz zamanı
görmüşdüm. Məhz
həmin gün mənim üçün Rəşad Məcidin obrazı tamamlanmışdı...
Ağdama
getməyən Gəncə
qatarı...
Mətbuat Şurasının tədbirində
iştirak etmək üçün həmkarlarımla
birgə Gəncəyə
getmişdim. Rəşad Məcid və
Akif Aşırlı isə qatarla gəldilər. Ertəsi gün
səhər tezdən
otelin qarşısında
görüşdük. Rəşadın gözləri dolmuşdu,
üzündən nisgil
yağırdı. Nə baş
verdiyini soruşdum.
Sonuncu dəfə 25 il öncə
qatarla Ağdama getdiyini dedi... Keçirdiyi
hissləri danışdı.
Əslində danışmasaydı da olardı, onsuz da hər
şey gözlərindən
oxunurdu. Keçirdiyi hisslərlə bağlı
bir şeir yazmağımı istədi.
Söz verdim, "yazacağam" dedim... Və yazdım:
Nisgil var gecənin qaranlığında,
Sükuta bürünüb Bakı vağzalı.
Gözlərim yol çəkir
yol ayrıcında,
İçim başdan-başa gözləmə
zalı...
Uyuyur saçımda izi illərin -
Bir kövrək
baxışa, sığala
möhtac.
Dolaşıb kələfi xatirələrin
-
Üfiqlər dolanbac, yollar dolanbac...
Dünənə aparan yollar uzaqda,
Qapısı bağlıdır hələ
yolların.
Dayanıb sakitcə dayanacaqda
Yolunu pusuram ayrılıqların...
***
Sükuta
bürünüb vağzal,
Sükuta...
Bir dil istəyirəm dindirə məni...
Bir əl istəyirəm əlimdən tuta
Ağdam
qatarına mindirə məni...
***
...Saata baxıram:
"Hələ vaxta var...",
Bələdçi perronda kölgə
tək susur...
Gözümdə yol gəlir bir kabus-qatar
İçimdə yol gəlir şəsrət kabusu...
"Bələdçi, bələdçi!
Niyə donmusan?
Danış!
Din!
Cavab ver!
Açılsın səsin!
De, "qatar Ağdama
gedir:"
De, qardaş...
De, "yanlış yazılıb
"Gəncə" lövhəsi".
...Bələdçi biletə
baxır sakitcə,
...Bələdçi nə bilsin içimdə nə var?
Lövhədə "Gəncə"di,
biletdə "Gəncə",
Gözümdə...
"Ağdama gedir
bu qatar".
***
...Bu qatar Gəncəyə
gedir,
Gəncəyə...
Bəlkə də Ağdama gedib nə vaxtsa.
Bəlkə bir iz tapdım, "təsəlli",
- deyə
Dəhlizə boylansam, kupeyə
baxsam...
...Kupe də bənzəyir
həmin kupeyə,
Dəhliz
də bənzəyir,
pəncərələr də...
Elə bu qatarla, elə
bu yolla...
Qaçmaq istəyərdim xatirələrdən.
Kupedə
sükut var...
Bu dəli sükut
Bir yetim təsəlli yoğura bilmir...
Kirpiyim altında titrəyən bulud
Bir damla göz yaşı doğura bilmir.
Xatirə
qoxuyur aldığım
nəfəs...
Hayqırır geri dön, geri dön, Rəşad!
Mənə divan tutur içimdəki
səs:
"Bu qatar Ağdama getmir, en, Rəşad!".
...Siqaret tüstüsü dolur gözümə
Dumana bürünür
xatirələrim.
Hardasan, ey mənim itkin qatarım?!
Hardasan, ey mənim qərib şəhərim?!
***
...Hər gecə Ağdama bir qatar gedir
Ayrılıq daşıyır...
Qayıtmır geri...
Hər gecə Ağdamdan bir qatar
gəlir -
Didərgin ruhlardı sərnişinləri...
Didərgin ruhlardı sərnişinləri...
P.S. Doğum günün mübarək, dostum. Ağdama gedəndə məni unutma...
Elçin Mirzəbəyli
Xalq Cəbhəsi.- 2014.- 20 avqust.- S.3.