Nizami Gəncəvi bir türk kimi
düşünüb...
Nizaminin fars
olmadığına inanmaq üçün onun əsərlərini
"Şahnamə" ilə tutuşdurmaq kifayətdir
Nizami Gəncəvi dünya ədəbiyyatında bənzəri
olmayan dahi sənətkardır. Burada alman şairi Henrix Heynenin Nizami
haqqında dediyi sözləri xatırlatmaq yerinə
düşər: "Almaniyanın özünün çox
böyük şairləri var. Lakin Nizaminin yanında onlar nədir
ki". Nizami zirvəsi hələ də
bütün zirvələrdən bir boy ucadır və ora
yüksəlmək hələlik ikinci sənətkara nəsib
olmayıb. Nizami Gəncəvi bütün
əsərlərində şifahi xalq
yaradıcılığından, folklor süjet, motiv və
obrazlarından böyük sənətkarlıqla bəhrələnib,
xalqın minillər boyu yaratdığı söz incilərindən
yeni-yeni çələnglər bağlayıb onun
özünə qaytarıb.
Nizami Gəncəvinin xalq yaradıcılığından
bəhrələnməsi alimləri həmişə
düşündürüb, diqqət mərkəzində
olub, bu mövzuda geniş araşdırmalar aparılıb,
onun forma və xüsusiyyətləri üzə
çıxarılıb, onlarla kitablar, yüzlərlə məqalələr
yazılıb.
Lakin Nizami Gəncəvinin
yaradıcılığı elə bir dəryadır ki, onu
qarış-qarış gəzən bir qəvvas min birinci dəfə
də ora baş vuranda təzə incilər tapa bilir. Başqa sözlə, Nizami
yaradıcılığı gəzməklə hər
künc-bucağını görmək mümkün olmayan bir
dəryadır.
Nizami Gəncəvi bütün şərq
xalqlarının, daha çox isə ana laylası ilə
qanına, iliyinə, ruhuna hopmuş türk folklorundan bəhrələnib. Qədim türk
dastanları, o cümlədən "Dədə Qorqud
kitabı", nağıllarımız, lətifələrimiz,
əfsanələrimiz, atalar sözü və məsəllərimiz
Nizami yaradıcılığının ilkin folklor
qaynaqları olub. Ona görə də Nizami əsərlərini
şifahi xalq yaradıcılığı ilə bağlayan
tellər çoxdur. Bu tellərdən biri
də Nizami Gəncəvinin "Yeddi gözəl"
poemasında və türk folklorunda rast gəlinən qoruyucu
Tanrı obrazıdır.
Öncə "Dədə Qorqud" eposunda və Nizami
Gəncəvinin "Yeddi gözəl" poemasında rast gəlinən
bir ortaq motivə diqqət yetirmək lazımdır. "Dədə
Qorqud kitabı"ndakı "Qanlı Qoca oğlu
Qanturalı" boyunda Qanturalı Təkurun qızı Selcan
xatunu sevir, onu almağa gedir. Lakin Təkur onun
qarşısında çox ağır şərt qoyur:
"Yalnız Təkurun vəhşi buğasını,
qızmış dəvəsini və şirini öldürən
adam Selcan xatunu ala bilər". Qanturalı buğanı, dəvəni və şiri
öldürüb Selcan xatunu alır.
"Yeddi
gözəl" dastanında Bəhramın
qarşısında eyni şərt qoyulur: "Taxt-taca yiyələnmək
üçün Bəhram iki şirin arasından tacı
götürməlidir". Bəhram da hər
iki şiri öldürüb tacı başına qoyur.
Hər iki motivin bir-birinin eyni olduğu aydın
görünür. Birincidə Selcan xatun, ikincidə tac,
birincidə buğa, dəvə və şir, ikincidə iki
şir obrazının görünməsi süjetin və motivin
eyniliyinə qətiyyən xələl gətirmir. Bu səhnələri bir-birinə bağlayan bir incə
məqam da var. Qanturalı buğanı, dəvəni və
şiri öldürməyə gedərkən yoldaşları
göz yaşı töküb ağlayırlar.
Qanturalı onlara deyir:
- Hey,
qırx eşim, qırx yoldaşım! Niyə ağlarsız!
Qolça qopuzum götürün, öyün məni! -
dedi".
Qırx yoldaşı qopuzu götürüb
Qanturalını öyürlər.
Qopuzla qəhrəmanı öyməyin iki cəhətini
xüsusi qeyd etmək lazımdır. Birincisi, qopuz və saz
çalınanda qəhrəmanın qoluna güc, ürəyinə
təpər gəlir, onun döyüş eşqi
aşıb-daşır. İkincisi, qopuz və
saz ilahi mənşəli musiqi alətləridir. Onların səsində Tanrı nəfəsi var. Bu
səsin özü də Tanrıya dua edir, ondan qəhrəmana
kömək diləyirdi.
Bu səhnələrdə Tanrıya birbaşa müraciət
olunmur, onun adı çəkilmir. Ancaq özü
görünməsə də, Tanrı Qanturalının
yanındadır, ona kömək edir. Çünki bu səhnədən
qabaq Qanturalını görən kimi Selcan xatun ona vurulur və
Tanrıya üz tutub dua edir:
-
Haqq-taala atamın könlünə rəhmət eləsə,
kəbin kəsib məni ol yigidə versə... Bunun kimi yigid
heyf ola ki, canəvərlər əlində
həlak ola-dedi".
Sözsüz ki, Tanrı Selcan xatunun sözlərini
eşidir, ancaq onun atası Təkurun könlünə rəhm
salmır.
Əgər Tanrı Təkurun könlünə rəhm
salsaydı və o da Qanturalı buğanı, dəvəni və
şiri öldürməmiş Selcan xatunu ona versəydi,
burada sevgi gözdən düşər, Qanturalının qəhrəmanlığı
görünməzdi. Bu cür qız almaq isə
Oğuz igidinə yaraşmırdı. Ona
görə də Tanrı Təkurun könlünə rəhm
salmır, lakin bunun əvəzində Qanturalıya kömək
edir, ona ilahi güc verir. Qanturalı da
Tanrının verdiyi ilahi gücün hesabına
buğanı, dəvəni və şiri öldürüb
öz sevgilisinə qovuşur.
Eyni mənzərəni "Yeddi gözəl"
poemasında görürük. Bəhram da şirlərlə
döyüşə gedərkən onu sevənlər,
canıyananlar düşünürlər ki, "o şirlərin
cəngindən xilas ola bilməz. Hamı ah-nalə ilə səslərini ucaldıb
deyirdi ki, bu cavan taxt-tacın həqiqi varisi olduğu halda,
heyfdir ki, səltənətə özgələri sahib olsun.
Camaat fikirləşirdi ki, bu qorxulu işi təşkil
edənlər vəzir və vəkillərdir. Ona görə
öz aralarında əhd-peyman bağladılar ki, allah eləməmiş, əgər şirlər
Bəhramı tələf etsələr, hamımız
hücum çəkib vəzir və vəkilləri qətlə
yetirəcəyik. Bu vəziyyətdə həsrətlə
Bəhramın üzünə baxır və ona xeyir-dua
oxuyurdular".
Qanturalının
yoldaşları qopuz götürüb həm onu öyür,
həm də ona Tanrıdan kömək diləyirdilər:
"Camaat da Allaha dua eləyirdi ki, Bəhrama kömək
olsun. Bəhram özü şirlərlə döyüşə
girdiyi zaman ürəyində Tanrıya üz tutub ondan kömək
istəyirdi: "İlahi, sən hər yerdə varsan və hər
şeyi görürsən, bu bəndəni bu qədər məxluqatın
içində xəcil edib, utandırma".
Hər iki əsəri diqqətlə təhlil etdikdə
aydın görünür ki, Qanturalıya da, Bəhrama da bu
qeyri-adi sınaqlardan qalib çıxmaq üçün
Tanrı kömək edib. Bu fikrin doğruluğuna inanmaq
üçün Bəhramın nələr
düşündüyünə diqqət yetirmək kifayətdir:
Şahlıqdan
hiyləni tutmuşam uzaq,
Tanrı duyğusudur qəlbimə dayaq.
Bu iki sətirdə Bəhram qəlbindəki Tanrı
duyğusu ilə yaşadığını və bu
duyğunun ona kömək elədiyini açıb söyləyir. Ən
maraqlı və əhəmiyyətli faktlardan biri də Bəhramın
dilindən Allah sözünün əvəzinə Tanrı
sözünün işlənməsidir ki, bunu heç vaxt nəzərdən
qaçırmaq lazım deyil. Burada
Nizami Gəncəvinin bir türk kimi
düşündüyü öz əksini tapıb. Fars düşüncəsi,
fars təfəkkürü heç vaxt
Allah əvəzinə Tanrı sözünü işlətməzdi.
Basatın Təpəgözlə qarşılaşdığı
boyda çox maraqlı mənzərələrin şahidi
oluruq. Təpəgöz Basatı öldürmək
üçün dörd dəfə ağır,
çıxılmaz vəziyyətlər yaradır. Lakin
Basat sağ qalır və Təpəgözün
"Oğlan, qurtuldunmu?" suallarına eyni cavabı verir:
-
Tanrım qurtardı.
Basat dörd dəfə Təpəgözün
ölüm həmlələrindən qurtarır. Yalnız bundan sonra Təpəgöz
Basata deyir:
- Sənə
ölüm yoxmuş!
Burada Basatı Təpəgözün ölüm həmlələrindən
Tanrının qurtardığı açıq şəkildə
deyilir. Qanturalı və Bəhramla bağlı səhnələrdə
onları Tanrının qurtardığı bu cür
açıq deyilməsə də, pərdəarxası hisslərdən
və duyğulardan yenə Tanrının qoruyucu
missiyasında çıxış etdiyini görmək, daha
doğrusu, duymaq olur.
Qədim
türk epik təfəkküründə belə bir fikir və
inam dərin kök salıb ki, Tanrı razılıq verməsə,
heç kim xaqan ola bilməz. Tanrı arxasında durmasa, bir kimsənin xaqan
taxtında oturması mümkün deyil. Hətta
qədim türklər belə düşünürdülər
ki, xaqanlıq göydən yerə endirilib və Tanrıya məxsusdur.
Böyük türk xaqanı Mete hələ e.ə.
176-cı ildə Çin imperatoruna göndərdiyi məktubunda
özünün Tanrı tərəfindən taxta
çıxarılıb Tanrının köməyi ilə qələbələr
qazandığını yazırdı.
"Gültəkin"
abidəsində oxuyuruq: "Türk xalqı yox olmasın deyə,
xalq olsun deyə atam İltəriş xaqanı, anam İlbilgə
xatunu Tanrı təpəsində tutub yuxarı
qaldırmış". Bir adamı
Tanrının yuxarı qaldırıb öz təpəsində
tutmağı onun xaqan seçildiyini göstərirdi.
Mete bütün qələbələri Tanrının köməyi
ilə qazanırdı: "Tanrı güc verdiyi
üçün atam xaqanın qoşunu qurdtək imiş,
yağısı qoyuntək imiş".
Türk xaqanları yerdə Tanrını təmsil
edirdilər. Bunu "Dədə Qorqud kitabı"nda
görürük. Tanrını təmsil etmək
böyük məsuliyyət idi və bu məsuliyyəti hər
adam öz üzərinə götürə
bilməzdi. Ona görə də xaqan taxtında yalnız
Tanrıya layiq olan, Tanrıya xas keyfiyyətləri
özündə daşıyan adam otura bilərdi.
Kiminsə xaqan olmasına Tanrının
razılıq verməsi də məhz bu tələbdən irəli
gəlirdi. Bütün türk xaqanları
Tanrını təmsil etdiklərini, Tanrının
razılığı ilə xaqan olduqlarını
yaxşı başa düşürdülər və ona
görə də həmişə Tanrıya layiq olmağa
çalışır, ölkəni ədalətlə idarə
edirdilər.
Nizami Gəncəvinin "Yeddi gözəl"
poemasının mətnindən aydın görünür ki,
Bəhramın şahlıq taxt-tacına yiyələnməsinə
də Tanrı razılıq verib. Böyük şair bu fikri Bəhramın
öz dilindən çox gözəl ifadə edib:
Nəyi bəyənməsə
böyük yaradan,
Baş verməz o əməl məndən heç zaman.
Bu misralardan aydın görünür ki, Bəhram iki
şir arasından taxt-tacı yalnız Tanrının köməyi
ilə götürdüyünü və şahlıq
taxtında onun razılığı ilə oturduğunu
yaxşı bilirdi. Həm də başa
düşürdü ki, Tanrının xoşuna gəlməyən
hər hansı pis əmələ qurşanarsa, şahlıq
taxt-tacını asanlıqla itirə bilər. Ona görə deyirdi ki, "Böyük yaradanın
bəyənmədiyi hər hansı bir əməl məndən
çıxmaz". Bununla bir növ
Tanrı qarşısında and içir, vəd verirdi.
Yuxarıda deyilənlərdən göründüyü
kimi, türk epik təfəkküründə himayəçi,
qoruyucu bir Tanrı obrazı yaranıb, bu obraz türk folklor
örnəklərinə transformasiya olunub. Bütün
türk xaqanlarının xaqan taxtında oturmalarına
Tanrı razılıq verib və onları qoruyub, himayə
edib. Bu motiv eynilə Nizami Gəncəvinin
"Yeddi gözəl" dastanında da öz əksini
tapıb. Bəhramın iki şir
arasından taxt-tacı götürməsi və şahlıq
taxtında oturması yalnız Tanrının
razılığı ilə mümkün olub.
Nizami Gəncəvinin türk olduğuna şübhə
edənlər onun əsərlərinin mayasına hopmuş
milli təfəkkür və düşüncəni unudur,
görmür yaxud görmək istəmirlər. Firdovsinin "Şahnamə"sində
türk təfəkkürünün izinə belə rast gəlinmədiyi
kimi, Nizami Gəncəvinin əsərlərində də fars düşüncəsindən əsər-əlamət
yoxdur. "Şahnamə"də türkə
nifrət qabarıq şəkildə özünü göstərir,
Nizami əsərlərində türkə sevgi var, farsa nifrət
yoxdur. Bu da ondan irəli gəlir ki,
bütün bir xalqa nifrət etmək türk təfəkkürünə
yaddır. Əslində
Nizaminin fars olmadığına inanmaq üçün
onun əsərlərini "Şahnamə" ilə
tutuşdurmaq kifayətdir. Yuxarıda müqayisə
edilən nümunələr türk epik təfəkkürünün
məhsulu olan və türk folklorunda öz geniş, dolğun
əksini tapıb, Nizaminin ruhundan süzülüb onun əsərlərinə
gəlmiş onlarla süjet, motiv və obrazlardan seçilib.
Nizami yaradıcılığı bu cür
nümunələrlə zəngindir və Nizaminin kimliyini təsdiqləmək
üçün onların hərtərəfli
araşdırılmasına böyük ehtiyac var.
İslam SADIQ,
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.-
2014.- 22 avqust.- S.14.