Cəbrayılın işğalından 21
il ötür
Əlisahib
Əroğul: "O torpaqları cismən tərk etsək də,
biz Azərbaycan türkləri mənən, ruhən ana
yurddayıq"
Avqustun
23-ü Cəbrayıl rayonunun işğalından 21 il ötür. Cəbrayıl
Kiçik Qafqaz dağlarının cənub-şərqində,
Gəyən düzü və Qarabağ silsiləsində yerləşir.
Rayon cənubdan Araz çayı boyu İranla həmsərhəddir.
Ərazisi əsasən dağlıqdır.
Araz çayının qırağı vaxtilə
Tuqay meşələri ilə sıx olub. Arazboyu
düzənliklərin torpaqları yüksək məhsuldarlığa
malik tünd şabalıdı torpaqlardır. Məhsuldar
olan Arazboyu torpaqlarda Cəbrayılın iri kəndləri -
Böyük Mərcanlı, Soltanlı və s. yerləşir.
Cəbrayıl rayonun ən yüksək zirvəsi
Dağ Tumasdır (1580 m). Erməni
işğalından əvvəl rayonda yaşı 400-500 olan
14 iri diametrli çinar ağacı, 104 kəhriz və onlarla
bulaq vardı.
İşğal nəticəsində rayona milyardlarla
ölçülə biləcək ziyan dəyib. Cəbrayıllı
məcburi köçkünlər respublikanın 58 rayonunun
2000-dək yaşayış məntəqəsində məskunlaşıblar.
Hazırda rayonun Ermənistan silahlı qüvvələri
tərəfindən işğalı davam edir. Cəbrayıldakı saysız-hesabsız abidələrin,
mağaraların, qalaların, bürclərin, məbədlərin
qalıqları bu yaşayış ərazisinin
yaşının daha qədim olmasından xəbər verir.
"Cəbrayılın
tarixi həm də Azərbaycanın öz tarixidir"-deyən
yazıçı-publisist Əlisahib Əroğul Cəbrayıl
rayonunun inzibati ərazi vahidi kimi ən qədim zamanlardan
türk etnoslarının yaşayış məskəni
olduğunu bildirir: "Çünki türkün Cəbrayıl
torpağında yaşam tərzinə aid izlər olduqca qədimlərdən
gəlir. Belə ki, türkün bu torpaqda
varlığının ən yaxın tarixi mixi yazılarda 6
min il öncəyə təsadüf edir.
Hətta bu türklərdən öncə belə bu
torpaqlarda yaşayan ilk insan icma və toplumları olan odərlərin
özləri də tarix səhnəsinə türk söykəyi
ilə çıxıblar. Ərgünəş yer, dağ
adları, Günəş-Ata ocağı, Ziyarət
dağında ocaq qalanan təbii buxarı yeri, Alban məbədi,
Ağoğlan və Qurbantəpə pirində Günəşə
sitayiş kultunun qalığı sayılan inanclar, dini ayinlərin
və ritualların yerinə yetirilməsi bu əsasda durur. Bu, odərlərin türk mənşəli yaşam
tərzindən xəbər verir. Cəbrayıl
torpağı ilk insan yaşayışının izləri
olan inzibati ərazi vahididir. İncə dərəsində
Divlər sarayı (Dağtumas kəndi) ona yaxın ərazilərdə
Azıx, Tağlar mağaraları (Cəbrayıl qəzası)
ibtidai insan icmalarının məskən yerləridir. Diri dağındakı Qala yeri daş dövrü abidlərindən
sayılır. Burada əhatə dairəsi
150 addım olan hündür qayanın sinəsi
çapılaraq təbii taxt şəklinə
salınmışdı. Bu qaya
çıxıntısından bir zamanlar səngər kimi
istifadə olunduğu ehtimal edilir. "Səngər"
şəklinə düşmüş "sunqar"
sözü qədim türkcədə elə "dağ
çıxıntısı" deməkdir".
Sözügedən
yerlərin türk ruhu ilə minillər ərzində
yoğrulması ilə bağlı çoxlu faktlar gətirən
Əlisahib Əroğul sonda bu qənaətə gəlir:
"Cəbrayıl torpağı - bəşəriyyətin
ilkin inkişaf dövründən yerli, köklü, yekcins əhalisi
tarixən müxtəlif adlı, müxtəlif biçimli,
ancaq eynidilli türk tayfalarının yaşadığı,
qaynayıb-qovuşduğu ən qədim oğuz yurdudur.
Bütün yer-yurd, kənd-oba, oymaq, tirə, tayfa adları:
etnonimlər, toponimlər, antroponimlər, oykonimlər, oronimlər,
hidronimlər, zoonimlər, büsbütün nələr var,
hamısı türk mənşəlidir".
Cəbrayılın
bir an da olsun yadından
çıxmadığını deyən Əlisahib
Əroğul inanır ki, o torpaqlar daim türk ruhuyla nəfəs
alıb, bundan sonra da belə olacaq: "Ermənilər dərk
etməlidirlər ki, Ermənistanın bu gün yerləşdiyi
bütün ərazi belə tarixi Azərbaycan
torpağıdır. O torpaqları cismən tərk etsək də,
biz Azərbaycan Türkləri mənən, ruhən ana
yurddayıq.
Dürlü-dürlü dağ çaylarının
qıjıltısı, şəlalələrin
şaqqıltısı, şaqraq səsləri, lilpar
bulaqların pıqqıltısı, dağ kəllərinin nəriltisi,
kəkliklərin qaqqıltısı hələ də
qulaqlarımızdadır. Çiçəklərin,
güllərin ətri, ənbər qoxusu burnumuzda,
çeşid-çeşid nemətlərin dadı-tamı
damağımızdadır. Dəlidağ, Leyli zirvəsi,
Alagöz, Qaranlıq, Boğazkəsən,
Qızılboğaz, Damqaya, Keçəl dağ, Armudlu dərə,
Çalbayır, Soyuqbulaq, Dərəçiçək,
Qaçaqqıran dərə və s. yüzlərlə, minlərlə
adını çəkib-çəkmədiyimiz yurd yerlərimiz,
ocaq daşlarımız, köç düşərgələrimiz
qucaq açıb bizi gözləyir. Biz onlara
tamarzıyıq, onlar bizə həsrət. Axı ora Vətəndir!
Ulularımızın, dədə-babalarımızın
məzarları uyuyan torpaqdır, məkandır. Başdaşları sındırılmış,
oğurlanmış, nagahan qəbirlərin
sorağındayıq. Bizi bizdən
alır o torpaq. Doğmalarımızın
ruhudur, qarabaqara bizi izləyən, o torpağa səsləyən.
Varlığımızı cismən o yurddan, o
eldən-obadan uzaq salsaq da, ruhumuz yenə o Vətən göylərində
dolaşır. Vətən bizi çəkir.
Vətən Vətənə səsləyir
bizi. Bu lal elegiyalar, vaveylalar səddini
gec-tez aşmalıyıq, aşacağıq da. Tarix öz ədalətli hökmünü
zamanında verəcək. Gün gələcək,
alman faşistləri kimi erməni-daşnak faşistləri
barəsində də beynəlxalq ədalət məhkəməsi
qurulacaq. Birbaşa ifrat faşist
partiyası olan Daşnaksütyunun yetirməsi erməni-daşnak
faşistləri nə vaxta kimi meydan sulayacaqlar?
Böyük dövlətçilik şovinizmi bu
kiçik etnik xalqın beyninə hardan dolub? "Böyük
Ermənistan" xülyasını beyinlərə doldurmaqla
erməni-daşnak faşistləri nə demək istəyirlər?
Ermənilər öz irqi üstünlüklərini
axı nədə görürlər? Xeyirxah
olmayan qəddardır. Bütün
olub-keçənlər bu gün mənə yuxu kimi gəlir.
Qarabağ itkisini heç cürə qəbul edə
bilmirəm. Baş verənləri isə
heç cür başa düşə, dərk edə bilmirəm.
Bir onu bilirəm ki, içimizdə erməni əli
olub və hələ də var. Böyük ümidlə,
ürək çırpıntılarıyla bu əlin kəsiləcəyi
günü gözləyir və o günü görürəm.
Bizim özgə torpağında
gözümüz yoxdur, öz torpaqlarımızı
qorumağa, müdafiə etməyə bəs
sözümüz nədir? Cənnətimiz
xarabazardır, ancaq belə də qalmaz. Bu
gün Qarabağı geri qaytarmaq, Azərbaycan
varlığını, onun ərazi
bütövlüyünü, torpaqlarımızın
toxunulmazlığını bərpa etmək, Azərbaycan
dövlətçiliyinə əbədiyyət qazandırmaq,
Azərbaycanda separatizmin kökünü kəsmək
haqqımızı kimsə əlimizdən ala bilməz.
"Qarabağsız Azərbaycan yoxdur" - deyənlər
haqq yolundadırlar, sarsılmaz Azərbaycan dövlətçiliyinin
keşiyindədirər. Qarabağ
uğrunda ədalətli mübarizəmiz öz həllini
tapmayınca mənəvi yaralarımızın
sağalacağından, fiziki şikəstliyimizin aradan
qalxacağından hər hansı şəkildə
danışmaq olmaz. Nə qədər erməni-daşnak
faşizmi var, onun ideyalarını yaşadanlar mövcuddur, nə
dinclik, nə sülh bizə qismət olmayacaq,
varlığımız təhlükə altında qalacaq,
zaman-zaman torpaqlarımız erməni-daşnak faşistlərinin
təcavüzünə düçar olacaq".
Əslən
Cəbrayıldan olan filologiya üzrə fəlsəfə
doktoru, "Xudafərin" qəzetinin bar redaktoru Şakir Albalıyev
anadan olduğu, boya-başa çatdığı yurdunun
özünəməxsusluğu barədə
danışır: "Respublikamızın rayonları
içərisində indi erməni əsarətində olan Cəbrayıl
özünün bir çox özəllikləri ilə fərqlənir.
Cəbrayılın özünəməxsusluqlarından
biri bu yurdun övladlarının etnik cəhətdən
yekcins olmasındadır, yəni Cəbrayıl ərazisində
yaşayanların hamısı Oğuz soylu Azərbaycan
Türkləridir, Cəbrayıl ərazisi də qədim
türkün beşiyidir. Bu mənada Azərbaycan
Türkünün saf qan, nəsil-soy
daşıyıcısı olan cəbrayıllılar öz
yaşam tərzlərində, canlı dialekt-şivələrində
türklüyümüzü qoruyub yaşadıblar. Dəfələrlə başqa-başqa adamlardan, yəni
kənar rayonların nümayəndələrindən cəbrayıllıların
türklüyü yaşadan cəhətləri haqqında
çox eşitmişəm. Bu imici
qazanmağın səbəbi qədim türkün xüsusiyyətlərini
fitrətən özündə daşımaqdan irəli gəlir.
Bu gün dünyada tamam fərqli dəyişikliklər
müşahidə olunur. Ötən
yüzilliyin sonlarından başlayaraq dünyada qloballaşma
adı altında mənəviyyatımıza
düşünülmüş şəkildə yeridilən
aşınmalar əxlaqımıza, dilimizin
saflığına və milli-mənəvi dəyərlərimizə
ciddi zərbələr vurmaqdadır. Sevinirəm ki, bu
cür mənəvi aşınmaların qarşısında
Cəbrayıl
sakinləri möhkəm duruş gətiriblər. 1993-cü
ildə Cəbrayıl rayonunun ərazisi mənfur ermənilərin
pəncəsinə keçdi. Torpaq itkisi ilə
üzləşən rayon sakinləri tarixi, qədim dədə-baba
torpaqlarından pərən-pərən düşüb
dağılışdılar. Çoxlu
şəhidlərimiz oldu. Ancaq nə vaxtsa
torpaqlarımız özümüzə qayıdacaq, cəbrayıllılar
yenidən dədə-baba torpaqlarında yaşayacaqlar. Məni yurd sevgisindən gələn bir məsələ
ciddi narahat edir. Bu kimi məsələləri
gizlətmək qətiyyən olmaz. O bəla mənəviyyatımızın
aşınması təhlükəsidir. Elsiz-yurdsuz
qalan cəbrayıllılar artıq bir yerdə deyillər, məsəli
bizdən uzaq, "Sürüdən ayrı gəzən
dananı qurd yeyər" prinsipi ilə yanaşsaq, son
gedişat bizim də mənəviyyatımıza pis mənada
təsirini göstərəcək. Belə
ki, Cəbrayılın bağrından qopub gələn
yaşlı nəsil yurd nisgili ilə yana-yana, qovrula-qovrula
ölür, dünyaya yeni gələnlər isə tamamilə
fərqli bir mühitdə, ab-havada yaşayır. Şəhərləşən, kökündən
ayrı düşən yeni cəbrayıllılardan hansı
qədim kəndçiliyi gözləmək olar? Bax, bizi gözləyən ən böyük təhlükə
budur. Bu bəlanın bizi tamamilə məhv
etməsini gözləməkdənsə,
torpaqlarımızı tezliklə düşməndən azad
etməliyik".
Uğur
Xalq Cəbhəsi.-
2014.- 22 avqust.- S.13.