Aləmi-İslamın ilk uşaq
jurnalı - “Dəbistan”
"Mən sənə
demədimmi "biz müsəlmanlara "Dəbistan"-zad
lazım deyil?"
Əli bəy
Hüseynzadə 1906-cı il aprelin 27-də "Həyat"
qəzetinin 91-ci nömrəsində dərc etdirdiyi "Molla
Nəsrəddin" və "Dəbistan" - məqaləsində
Azərbaycanın və bütövlükdə Şərqin
türk-müsəlman əhlini qoz ağacının möhkəm
kötüyünə, mərmər daşına, qranit
qayasına bənzədərək deyirdi ki, qoz
ağacının kötüyündən qəşəng
mebel, qapı-pəncərə, bəzək əşyaları,
mərmərdən əzəmətli binalar,
yaraşıqlı abidələr, qranitdən fundamental heykəllər
düzəltmək olur, lakin bu incə, zərif,
zövqoxşayan sənət əsərlərini yaratmaq
üçün bacarıqlı, bütün
ömrünü bu işə həsr edə bilən ustalar, yəni
ziyalılar gərəkdir. Əli bəy
Hüseynzadə belə "sənət abidələri"
yaradılmasına uşaqların təlim-tərbiyəsindən
başlamaq lazım gəldiyini bildirirdi. Onun
sözlərinə görə, uşaq vaxtı kəsb olunan
elm daşa nəqş olunmuş şəkil kimi əbədidir.
Uşaqlıq dövrü keçəndən
sonra cəhalət və qəflətin
qarşısını almaq mümkün olmur. Körpə, yaş ağacı hər cür formaya
salmaq, əymək, düzəltmək, istiqamətləndirmək
asandır, qurumuş ağacı isə yalnız
yandırmaqla düzəltmək mümkündür. Bu baxımdan uşaqlar üçün nəzərdə
tutulmuş "Dəbistan" jurnalı yaş
ağacları, yəni uşaqları düzgün yola istiqamətləndirməklə,
"Molla Nəsrəddin" məcmuəsi isə quru
ağacı - böyükləri "yandırmaqla" məşğul
idi.
"Qaranlıq elə bir şeydir ki, onun bulunduğu və
hökmfəma olduğu məkanlarda və zamanlarda insan nə
özünü, nə ayinədəki surətini, nə də
bulunduğu yerin daxil və xaricini görə bilər. Bunları
görmək və gördükcə istifadə edə bilmək
ancaq işıq sayəsində mümkündür. Mənəvi
zülmətlə mənəvi işıq da belədir: maddi
cəhətdən heç bir kitabı, hətta Qurani-Kərimi
də qaranlıqda oxumaq mümkün olmadığı kimi, mənən
də o cür dərin mənalı kitablardan heç bir elmsiz
adam layiqli bir məna çıxara bilməz".
XX əsrin əvvəllərində Azərbaycanda
genişlənən maarifçilik işi bir sıra
maraqlı nəşrlərin işıq üzü görməsinə
şərait yaratdı. "Dəbistan" adlı ilk uşaq
jurnalı məhz belə nəşrlərdəndir. Böyük maarifçi Əli İsgəndər Cəfərovun
təşəbbüsü ilə 1906-cı ildə fəaliyyətə
başlayan "Dəbistan" jurnalı mətbuat aləmində
bir başlanğıc qoydu. Əvvəla
qeyd edək ki, Əli Cəfərov jurnalın
razılığını əldə etmək
üçün çox böyük zəhmətə
qatlaşmalı olmuşdu. Bakı şəhər rəisinə
göndərdiyi ərizədə belə yazırdı:
"Bizdə Rusiyada xüsusi və ümumi müsəlman məktəblərində
təhsil alan müsəlman uşaqlar
üçün vaxtaşırı nəşriyyat
olmadığından, biz bir xalq müəllimləri kimi
müsəlman uşaqlar üçün Azərbaycan dilində
ayda bir dəfə nəşr olunacaq illüstrasiyalı
"Dəbistan" adlı bir jurnalı faydalı hesab
edirik".
Jurnal 1906-1908-ci illərdə ayda 1 dəfə Bakıda
nəşr olunurdu. "Dəbistan" başlığı altında -
onun iki həftədə bir dəfə nəşr olunan, millətin
tərəqqi və təkamülünə xidmət edən
müsəvvər (şəkilli-N.N )
jurnal idi. Jurnalın idarəxanəsi Hacı
Zeynalabdin Tağıyevin Bakıda Nikolayev küçəsindəki
binasında yerləşirdi. Jurnalın
oxuculara ünvanlanan, ön söz sayıla bilən
sütununda "göndərilən yazıların sadə
türkcə olmaları təmənna olunur". Bu xahiş və göstərişə "Dəbistan"ın,
demək olar ki, bütün yazarları əməl etmişdilər.
Jurnalın üz qabığında üç rəsm əsəri
kollaj edilmişdi. Rəsmlərin ikisində rəsm müəllifilərinin
adına işarə vardır. Adını hələ aça bilmədiyimiz P.M. və
V.S kriptoqramları şəkillərdə (burada ad və
soyadlarının baş hərfi) aydın görünür.
Bu rəssamlardan birinin çəkdiyi şəkillərin
birində məscidin önündən keçərək nəvəsini
məktəbə aparan nurani bir qoca ilə qoltuğunda dəftəri
olan nəvə təsvir edilib. İkinci
şəkildə yeni məktəbə aid atributlar göstərilir.
İki rəsmin ortasında üfüqdən
boylanan günəş və onun ərtafa
saçdığı şüalar, bu şüaları
örtməyə, qarşısını kəsməyə
qüdrəti çatmayan buludların təəssüratı
yaratmağa xidmət edən gürüntüləri verilib.
Jurnalın nömrələrindəki səhifələrin
sayı fərqlidir.
Hər səhifə iki sütuna bölünüb, hər
sütunda isə 30 sətirlik material yerləşdirilib. "Dəbistan"
jurnalında klassik ədəbiyyatın öyrənilməsinə
aid bir çox materialların işıqlandırılması
bu mətbu orqanın dərs vəsaiti rolunu oynamasını
göstərir. Bu silsilə məqalələrin
bir neçəsinin müəllifi Qori şəhərində
yerləşən Zaqafqaziya Müəllimlər İnstitutunda
müəllim işləyən F.Köçərli idi.
İmzası imzalar içində yavaş-yavaş
tanınmağa başlayan M.Hadi də "Dəbistan"nı öz şeir və tərcümələri
ilə rövnəqləndirirdi.
Həsən bəy Zərdabinin jurnalda çap olunmuş
yazılarından, təbiət mövzusunda yazdığı
elmi-populyar oçerklərindən bu günün biologiya və
zoologiya müəllimləri çəkinmədən istifadə
edə bilərlər. "Tarixi-təbii" başlıqlı
bu yazılar məktəb yaşlı uşaqların
dünyagörüşünün daha mükəmməl
şəkildə formalaşdırılmasında mühüm
rol oynaya bilər.
Jurnalın
nəşri çox da uzun sürmür və son nömrə
1908-ci il mart ayının 10-da nəşr
edilir. Jurnalın çap olunmasında əsas məqsəd
uşaqları maarifləndirmək, onlarda biliyə maraq
oyatmaq, elmin müxtəlif sahələri, o cümlədən
Azərbaycan və dünya ədəbiyyatı nümunələri
ilə tanış etmək idi. Jurnal təlim-tərbiyə işində ailəyə
kömək məqsədi ilə "Valideynə məxsus vərəqə"
adlı əlavə ilə nəşr olunurdu. Burada uşaqların tərbiyə olunması
haqqında valideynlərə tövsiyələr verilirdi.
Jurnalın ilk sayının baş məqaləsində
valideynlərə müraciətdə bildirilirdi ki, sinifdənxaric
oxu və elmi cəhətdən faydalı olan məqalələrin,
hekayələrin, tapmaca və bilməcələrin
oxunması uşaqlar üçün çox
faydalıdır.
"Dəbistan" jurnalında dövrün
tanınmış ziyalıları və
yazıçılarının imzalarını görmək
mümkün idi. Jurnalda təhsil məsələləri ilə
yanaşı, uşaqların təlim-tərbiyəsinə
dair bədii əsərlər, görkəmli şəxsiyyətlər,
yazıçılar haqqında, elm və texnika aləmində
baş verən ən son yeniliklər, coğrafiya, fizika,
heyvanat aləmi və s. haqqında yazılar dərc olunurdu.
Redaksiya heyəti jurnal dilinin sadə, xalqa yaxın
olmasına çalışır, dil haqqında məqalələr
dərc edir, çap olunan əsərlərdəki əcnəbi
sözlərə aid lüğət və hər nömrəyə
dair mündəricat verirdi. Məşhur yazarlar da
uşaqlar üçün yazdıqları əsərləri
nəşr olunmaq üçün jurnala göndərirdilər.
Ə.İ.Cəfərov böyük satirik
şair Sabirlə görüşlərin birində ona
müraciət edir ki, "Dəbistan"a töhfə kimi məktəbə
dair bir şeir yazsın. Sabir dərhal
stolun üstündən kağızlardan birini götürüb,
cibindən karandaşını çıxarır. Əlüstü "Məktəb şərqisi"
şeirini yazır və bu şeir "Dəbistan"ın
növbəti nömrəsində dərc olunur. Bundan başqa, jurnalda S.M.Qənizadənin, H.Zərdabinin
və bir çox başqa ədib və yazarların
uşaqlar üçün əsərləri, rus ədiblərindən
İ.Krılovun, A.Puşkinin, L.Tolstoyun əsərlərindən
tərcümələr dərc olunurdu.
"Dəbistan"ın naşir və redaktorları Azərbaycanın
məktəb tarixində özünəməxsus yeri olan
ibtidai sinif müəllimləri Əliisgəndər Cəfərzadə
(1875-1941) və Məhəmmədhəsən Əfəndizadə
(1886-1918) idi.
Bir müddətdən sonra naşir və
redaktorluq işini Ə.Cəfərzadə təkbaşına
görür. "Dəbistan"ın ətrafına
bir çox ziyalı adamların, məktəb müəllimlərinin
toplanması bu mətbu orqanı aydınların tribunasına
çevrilir.
H.Zərdabi, S.M.Qənizadə, S.S.Axundov, A.Səhhət,
M.Hadi kimi görkəmli işıqlı fikir
adamlarının "Dəbistan"dakkı
çıxışları dərginin əhəmiyyətini
xeyli artırmışdı.
M.Ə.Rəsulzadə
"İrşad" qəzetinin 7 dekabr 1906-cı il sayında yazırdı: "Məlum
olduğu üzrə şəhərimizdə uşaqlara məxsus
ayda iki dəfə nəşr olunan "Dəbistan"
jurnalı 7 aydır ki, nəşr olunur. Demək
olar ki, "Dəbistan" Rusiyada, bəlkə də aləmi-islamda
əvvəlinci jurnaldır. Doğrudur, Türkiyədə
"Cocuqlara məxsus qəzetə" çıxır,
lakin Sultan Həmid tərzi idarəsinin senzurundan keçən
bu jurnal boş müqəvvadan ibarət qalmışdır...
Biçarə müdir həmi yazıçılıq
ediyor, həmi təshih qılır, həmi poçta gediyor,
həmi abunəçilərin adreslərini yazıyor, həmi
də öz cibindən əlavə olaraq zərər qoyur. İştə
baxın qardaşlar, insaf eləyin, bu rəvamıdır?
Rəvamıdır ki, biçarə müəllim
bu qədər cəfa və bəla çəksin, bu qədər
əziyyətlərə qatlaşsın, nəhayətdə də
kamali-yəs və ələm ilə güc-bəla düzələn,
surətə düşən gözəl bir işi
bağlasın getsin?!
Nədir
bu ey müsəlman qardaşlar!! Bu nə bətalətdir, bu nə
kəsalətdir, bu qədər himmətsizlik olarmı ki, bizdə
var...
Siz də
ey atalar! Həmiyyətə gəliniz, nahaq yerə xərclədiyiniz
pulların bir cüzisindən cüzisi də öz
övladınız tərbiyəsində məsrəf edib bu
jurnalı bağlanmağa qoymayınız! Kömək
ediniz, 3-4 manata qızırqanıb daldasında
yatmayınız".
Amma iki illik fəaliyyətdən sonra "Dəbistan"
jurnalı maddi problemlər üzündən bağlanmaq məcburiyyətində
qaldı.
Ə.İ.Cəfərov artıq bağlanmaq ərəfəsində
olan jurnalın axırıncı sayında yazırdı:
"Oxucular, bəllidir ki, jurnalın axırıncı
nömrəsi artıq gecikir. Mən işimi
lazımi səviyyədə aparıram, bütün müsəlman
əhalisi mənim işimə deyil, "Dəbistan"ın
artıq qaçılmaz olan ölümünə, vəfatına
acıyırlar. Bütün müsəlman
cəmiyyəti dərin yuxudadır, hərəkətsizdir və
çox baha da olmayan qəzeti almağa qadir deyildi. Və mən məcburiyyət qarşısındayam
ki, öz həmvətənlərimin yuxudan oyanmasını
gözləyim. Mən dərin təəssüflə
öz istəkli balamın - "Dəbistan"ın həyatını
bağlayıram. Tərəqqiyə gedən
yolu dəstəkləmək asandır, ancaq onu yenidən bərqərar
etmək çətindir".
Sabir
"Dəbistan" jurnalının fəaliyyətini
dayandırması ilə bağlı acı təəssüf
hissi ilə bu şeiri yazmışdı:
Əlminnətü-lillah
ki, "Dəbistan"da qapandı!
Bir badi-xəzan
əsdi, gülüstan da qapandı!
"Dəbistan"ın qapanması bütün
maarifçi təbəqəni məyus etdi. Bu münasibətlə
"Molla Nəsrəddin" jurnalında Mirzə Cəlilin də
bir yazısı çap olunmuşdu: "Bir il bundan qabaq sən
başlayırdın "Dəbistan" jurnalı
çıxartmağa və məndən məsləhət
soruşdun. Yadındadır mən sənə nə dedim? Yoxsa yadından çıxıb? Həyə
yadından çıxıb qoy yadına salım: Mən sənə
dedim: "dəli olma". Sən dedin: "yox, "Dəbistan"
çığardacağam". Mən sənə dedim:
"Başına soyuq dəyib?". Sən
dedin: "yox, çıxardacağam". Mən sənə
dedim: "Görükür ki, çox pulun var". Sən
dedin: "Yox, çıxardacağam"...
İndi, dadaş, keyfin necədi? Gətir
görüm neçə müştərin var? De görüm neçə müsəlman şagirdi
sənin "Dəbistan"ını oxuyur? Gətir görüm, hanı "Dəbistan"ının
qədrini bilənlər?
Mən sənə demədimmi "biz müsəlmanlara "Dəbistan"-zad lazım deyil? Və bir də indi hələ xalqdan nə istəyirsən? Hələ indi ki, yaydı: qovun-qarpız vaxtıdı, nə "Dəbistan"bazlıqdı?.." (Qızdırmalı, "Molla Nəsrəddin" 8 iyul, 1907).
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 2 avqust.- S.11.