“Telekanallarda Qara Qarayevin əsərləri
səslənmirsə, məni necə görə bilərsiniz?”
Xalq
artisti Tofiq Bakıxanov: "Alim Qasımov səhnədə
qışqırır, əllərini qaldırır - bunlar
başqa şeyin əlamətidir"
Xalq
artisti, bəstəkar Tofiq Bakıxanovun APA-ya müsahibəsi
O, Azərbaycanın
tarixində və musiqisində böyük xidmətləri
olan məşhur Bakıxanovlar nəslinin
davamçısıdır. Bu, həmin
Bakıxanovlardır ki, Azərbaycanın hərb tarixinə
üç general, iki polkovnik bəxş edib. Mədəniyyətində isə Əhməd və
Tofiq Bakıxanovların imzaları var.
Tofiq müəllim özü demiş, Üzeyir bəyin
əlindən su içib, Qara Qarayevlə, Fikrət
Əmirovla dostluq edib, üç baletin, üç musiqili
komediyanın, doqquz simfonik əsərin müəllifidir. İndi ömrünün
84-cü yayını yaşayır...
-
Yoldaşım rəhmətə gedəndən sonra mənə
çətin oldu. Şəhərdə qalanda ancaq evdə
oluram, dedim, bir az dəyişiklik olsun,
havamı dəyişim. Həm də burda
müalicə qəbul edirəm, gündə
üç-dörd həkimlə görüşürəm.
İki il əvvəl insult
keçirmişdim, bu xəstəlik də qan təzyiqindən
əmələ gəlir, çox pis xəstəlikdir. Mən ömrü boyu xəstələnməmişəm.
Nə qədər yubileylərim,
yaradıcılıq gecələrim olub, həmişə
aktiv iştirak etmişəm. Həm 75
illiyimdə, həm də 80 illiyimdə Vasif Talıbov mənə
zəng edib Naxçıvana dəvət etdi, yubileyimi
keçirdi. Bu ilin iyulunda Vasif Talıbov
yenə zəng elədi ki, Abbasqulu ağa Bakıxanovun
yubileyini keçiririk, siz də, ailə üzvləriniz də
mütləq iştirak etməlisiniz. Yeddi
nəfər getdik, gözəl yubiley tədbiri keçirildi,
mənim mahnılarımı oxudular. Bundan
başqa, Bakıda, Tehranda yubileylərim olub, hamısında
iştirak etmişəm, səhhətimdən şikayətim
olmayıb.
Mən ömrü boyu işləmişəm. Vaxtilə
yaradıcı adamları Neft Daşlarına göndərirdilər.
Xəzərin qoynunda olanda hiss edirdim ki, burda nə isə
yazmalıyam. Tərcüməçi Siyavuş
Məmmədzadə mənim qohumumdu, onun librettosu əsasında
"Xəzər balladası" baletini yazdım. Baletin premyerası çox uğurlu keçdi.
O vaxt Avropadan nümayəndələr gəlmişdi,
bütün SSRİ-ni gəzmişdilər, xoşlarına gələn
opera olmamışdı. Amma mənim baletimə
tamaşa edəndə, ayaq üstə əl çaldılar,
dedilər, bizə festival üçün məhz beləsi
lazımdır. Antraktda Mərkəzi Komitənin
şöbə müdiri Teymur Elçin məni təbrik etdi
ki, əsərini festivala aparacaqlar. "Xəzər
balladası" 30 dəfə nümayiş olundu. Paris daxil olmaqla Fransanın 15 şəhərində
nümayiş olunmuşdu. Qara Qarayev mənə dedi ki,
Tofiq, dünyada baleti Fransa qədər qiymətləndirən
ikinci ölkə yoxdur, onlar da yazıblar ki, Tofiq Bakıxanovun
baleti çox gözəldir. Mənim baletim
dünyada neft mövzusunda yazılan yeganə baletdir.
-
Qocalıqla yola gedə bilirsiniz? Sizi incitmir?
- Yox, qətiyyən!
Bilirsiniz, yaradıcı adamda bu əlamət
hiss olunmur. Soruşsanız, qocalıq yaradıcı adam üçün nədir, onu deyə bilmərəm.
Bilirsiniz, niyə?
- Niyə?
- Mən
elə bil yenə keçmişdə yaşayıram. Əvvəldən ki, hər gün işləməyə
vərdiş vermişəm, indi işsiz qala bilmərəm.
Keçən il bura gəlib Abbasqulu
ağa Bakıxanovun sözlərinə 20-yə yaxın əsər
yazdım, orkestr üçün işlədim. Əsərin əslini də Əlyazmalar
İnstitutuna təqdim etdim.
-
Övlad itkisindən danışmaq çətin olmaz?
- Nigar ərəb
dilini çox gözəl bilirdi. Elmi ad alandan
sonra onu ərəb ölkələrinə ezamiyyətə
göndərdilər, orda xəstəlik tapdı. 1995-ci ildə dünyasını dəyişdi.
İki övladı qalıb, onlar da Stokholmda həm
oxuyurlar, həm yaşayırlar. Yoldaşım sağ
olanda, yeddi il Stokholmda yaşadıq.
- Tofiq
müəllim, uşaqlığınızı necə
xatırlayırsınız?
- Mənim
xoşbəxtliyim odur ki, həyatımda Üzeyir Hacıbəyovun
rolu olub. Üzeyir bəyin təşəbbüsü
ilə istedadlı uşaqlar üçün məktəb
yaradılmışdı, orda təhsil aldım, bütün
konsertlərimizdə özü şəxsən iştirak edər,
bizə məsləhətlər verər, sənətə
ruhlandırardı. Bir neçə il
keçəndən sonra ifaçılığımı o qədər
bəyəndi ki, məni Konservatoriyaya imtahansız qəbul elədi.
Mircəfər Bağırovun oğlu Cahangir
bizim məktəbdə pianino sinfində oxuyurdu. Həmin vaxt Fikrət Əmirov dördüncü
kursda idi. Fikrətin ikili konsertini ifa etmək
bizə tapşırıldı. Andrey
Jdanovun məruzəsindən sonra müasir əsərləri
ifa etmək qadağan olunmuşdu. Üzeyir
bəyin 60 illiyində onun əsərini ifa elədim. Mircəfər Bağırov da konsertdə iştirak
edirdi. Fəxr edirəm ki, uşaq vaxtı
Üzeyir bəy kimi dahinin əsərini
sağlığında ifa etmişəm, özü qulaq
asıb.
- Mircəfər Bağırovun oğlu haqqında nə
danışa bilərsiniz?
-
Çox ciddi oğlan idi. Gülmək nədir,
Cahangir onu bilməzdi. Sinfə girən kimi
salamlaşar, sonra başını aşağı salıb
piano çalardı. Onunla mənim
xüsusi yoldaşlığım olmayıb. Məsələn, dərsdən çıxıb
harasa gedək, bir yerdə oturub çörək yeyək-filan,
yox, olmayıb. O katib oğlu idi, biz də... Cahangirə xüsusi nəzarət vardı, ona
görə elə yaxınlığımız olmurdu. Amma deyim, sadə oğlan idi.
- Onda belə
çıxır ki, sizin atanızı sinif
yoldaşınızın atası həbs etdirib...
- Məsələ
belə olub: Moskvada Azərbaycan ongünlüyü
keçiriləcəkdi. Atam Əhməd
Bakıxanov konsertə xüsusi
hazırlaşmışdı, sonra onun paxıllığını
çəkən adamlar şayiə yaydılar ki, guya atam
İran muğamlarını Azərbaycanda təbliğ edir.
NKVD-nin adamları gəlib evi yoxladılar,
heç nə tapa bilmədilər. Üzeyir
bəy bizimlə qonşu idi. Anam gedib dedi, Üzeyir əmi,
mənim ərimlə qaynımın nə təqsiri var ki, onları
həbs ediblər? Üzeyir bəy dedi, mən Moskvaya Mircəfər
Bağırovla bir vaqonda gedəcəyəm, məsələni
ona danışaram. Dediyi kimi də edib. Mircəfər Bağırov köməkçiyə
tapşırıb ki, yadıma sal, bu işi həll edəcəyəm.
Bir həftə sonra atamı buraxdılar. Amma ümumilikdə üç ay həbsdə
yatdı.
-
Atanız nə danışırdı? Fiziki
işgəncə vermişdilər?
-
Çox incitmişdilər. Keçmiş NKVD
26-lar bağının arxasında olub. Deyirdi,
saldılar zirzəmiyə, içərini çənəmə
qədər su ilə doldurdular, başladılar sorğu-sual
eləməyə. Atam da deyib, vallah, mənim
o adamlarla əlaqəm olmayıb. Yaxud
söz almaq üçün kameraya ilan salıblar, əl-qolunu
bağlayıb üstünə taxtabiti töküblər.
Üç ayda çəkdiklərini yana-yana
danışırdı. İkiotaqlı
evimiz "Nizami" metrosunun yanında idi, guya o iki otaqdan kisələrlə
düyü, kişmiş çıxıb. Yalandan yazmışdılar ki, Əhməd
Bakıxanov İran şahının agentidir. Hətta guya bizim evimizdən silah-sursat
çıxıbmış.
- Həyat
yoldaşınız nə vaxt dünyasını dəyişib?
- Mən
1960-cı ildə evlənmişəm. Bir dostum vardı, mənə
dedi, yaxşı ailə var, qızı tibb institutunda
üçüncü kursda oxuyurdu. Tanış
olduq, kinoya getdik, evə qayıdanda yola saldım,
gördüm, çox sadə, mehriban qızdır. Bir müddət sonra evləndik. Çox
dəyərli, savadlı həkim idi. 2001-ci
ildə dünyasını dəyişdi. Vaxtilə
dayıları yaxşı vəzifədə idi. Qardaşı da tərcüməçi Siyavuş Məmmədzadədir.
-
Soruşsam, Azərbaycan musiqisinin hazırkı vəziyyəti
necədir, cavabınız nə olar?
- İndi o qədər muğam oxuyanlar var ki. Çoxu da
muğamı bilmirlər. Asəf Zeynallıda dörd il oxuyur, olur muğam oxuyan. Deyirəm,
a bala, "Rahab" oxu, deyir, bilmirəm. İrad tuturam
ki, xanəndəsən, sabah şənliklərə
gedəcəksən, bir musiqi istəyəcəklər, deyəcəksən,
bilmirəm? Ayıbdır! Bu qədər
muğam oxuyanların əleyhinəyəm. Ələlxüsus qadın oxuyanlar. Qadın oxuyanlar olub - Sara Qədimova, Fatma Mehrəliyeva,
Şövkət Ələkbərova, Tükəzban
İsmayılova və başqaları.
- Bəs
Zeynəb Xanlarova?
- Zeynəbin
yolu başqadır. Onu yetişdirən mənim
atam olub. Şit oxuyanlar var, muğamın
başını-ayağını bilmirlər. Məsələn,
Bakı kəndlərində muğamı yaxşı bilirdilər
deyə, suallar verilirdi. Bir dəfə
Mütəllim Mütəllimova nə isə sual vermişdilər,
demişdi, qalsın başqa vaxta, bir də onu toya
çağırmadılar.
- Alim Qasımovun ifasına münasibətiniz necədir?
- Alim Qasımov əvvəl yaxşı
başlamışdı. Amma son zamanlar səhnədə
qışqırır, əllərini qaldırır - bunlar
başqa şeyin əlamətləridir. Muğam
ifaçılarından heç biri belə oxumayıblar.
O, nə isə axtarır, axtarışdadır. Avropada ona böyük qiymət verirlər. Onlar üçün bu yenidir, amma bizdə
muğamı elə muğam kimi oxumaq lazımdır.
- Alim
yenilik elədi, muğamla...
- Alim Qasımov bilmirəm, nə elədi, mən
xoşlamıram.
- Telekanallara niyə çıxmırsınız?
- Zaman elə gətirib ki, telekanalları başqa-başqa verilişlərlə doldurublar. Telekanallarda heç Qara Qarayevin əsərləri səslənmir, məni necə görə bilərsiniz? Mən telekanallara niyə gedim? Evlənmə verilişləri, kim kimi boşadı-filan mənlik deyil! AzTV-də "Musiqi xəzinəsi" verilişi var, müəllifin şəklini də qoymurlar ki, tamaşaçı bilsin söhbət kimdən gedir. Danışırlar, musiqi verirlər. Bu düzgün deyil. Radioda son vaxtlar mahnının ancaq bəstəkarının adını verirlər. Deyirəm, cavab verirlər ki, şairin adını çəkməyə qoymurlar. Gərək səlahiyyətli adamlar bu məsələ ilə məşğul olsunlar. Yazıçılar İttifaqı, Bəstəkarlar İttifaqı, nazirlik gərək bu işlə məşğul olsun, onlar da deyir, biz kanalların, radioların işinə qarışmırıq.
- Əsərlərinizə görə sizə qonorar verirlər?
- Ancaq əsəri
satanda qonorar olur. Bu yaxınlarda beş
simfonik muğamım çap olunub, hərəsi 150-200 səhifədir,
qonorar vermirlər.
-
Dolanışığınız necədir?
-
Çox minnətdaram, ümummilli liderimiz Heydər Əliyev mənə
prezident təqaüdü ayırıb, indi 1000 manat alıram.
Yaşamaq olur.
-
Dostlarınızdan kimin üçün
darıxırsınız?
-
Hamısı üçün darıxıram. Qara Qarayev, Fikrət
Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev...
-
Cavanlardan kimi bəyənirsiniz?
- Ramil Qasımovu xoşlayıram. O, yaxşı oxuyur. Bəstəkarlardan da, düzdür, cavanlıq
yaşını keçib, amma Cavanşir Quliyevin əsərlərini
xoşlayıram.
- Tofiq
müəllim, bu gün balet niyə yazılmır, yaxud az yazılır?
- Balet
yazmaq bəyəm asan işdir? Yazmaq bir tərəfə,
əvvəllər dövlət pul ayırırdı, əsər
səhnəyə qoyulurdu. İndi elə
deyil, əsəri səhnəyə qoymaq üçün gərək
filan qədər pul köçürülsün. Onu kim köçürəcək?
- Opera və
Balet Teatrında əsərlər dövlət hesabına səhnəyə
qoyulur...
- Heydər
Əliyev Sarayında 5 min pul verib, konsert keçirirlər.
- Bu
gün siz balet yazsanız, səhnəyə qoymaq çətin
olar?
- Mən
üç balet yazmışam, bəsimdir. Hətta
balet yazsam da, səhnəyə qoymaq çətin olacaq.
Xalq Cəbhəsi.-
2014.- 22 avqust.- S.10.