“Dağlar ahımı götürməz”
Həmin gün çoxumuz ağlayırdıq. Qədrini,
qiymətini bilmədiyimiz, böyüklüyünü dərk
etmədiyimiz bir insanın- Əbülfəz Elçibəyin
itkisinə ağlayırdıq. Bu
ağrı çox sonralar bizi yandıracaq. O insana
ehtiyac duyduğumuz, məsləhətinə
susadığımız vaxt ağlayacağıq...
...Hava
limanına yığışan insanlar Elçibəyin cənazəsini
gözləyirdilər. Böyük bəyi
Türkiyəyə müalicəyə yola salanlar
ağıllarına belə gətirməzdilər ki, bir
gün onun cənazəsini qarşılamağa
yığışacaqlar. Və bu cənazə
qara və qorxunc bir maşında Bəyi evinə
"aparacaq". Axı bəy bəyaz
maşında gəzərdi. İşığı
sevərdi, işığa doğru gedərdi. Sonuncu dəfə
mindiyi ağ maşın isə bəyin
yolunu gözləyirdi.
Maşında əyləşən sürücü Xəlil
başını divara söykəyərək
ağlayırdı. Elçibəyə sədaqətini onun
sağlığında sübut etmiş Xəlil həmin
gün hava limanından Bəysiz döndü.
"Əvvəllər
ondan xoşum gəlməzdi"
"Bəylə
1987-ci ildə tanış olmuşam. O
zaman Çənlibel təşkilatına bu gün
tanıdığımız siyasətçilər,
ziyalılar gəlirdilər. Bir dəfə Sabir
Rüstəmxanlı təşkilatın növbəti
toplantısında Əbülfəz Elçibəyi bizə təqdim
etdi. Düzü, əvvəllər mən
onu qəbul edə bilmirdim. Bəy
danışanda mənə çatmırdı. Ancaq Xəlil Rza çıxış edəndə ləzzət
verirdi. Radikal çıxışları
ilə hamını ələ alırdı. Bəylə həmişə mübahisələrimiz
olurdu. Mən deyirdim ki, sovet rejiminə
qulluq edənləri məhv etmək lazımdır. O isə
fərqli düşünürdü. Heç
kimin burnunun qanamasını belə rəva
görmürdü. Deyirdi "milləti
qırmaqla heç nəyə nail olmaq olmaz. Vaxt gələcək
millət ayılacaq, kimin kim olduğunu
özü dərk edəcək. Bizim vəzifəmiz
isə milləti düzgün yolla aparmaqdır".
Düzdür, çox şeyləri qəbul etməsəm
də, onu sevməyə başlamışdım. Sərhəd
bölgələrinə həmişə birgə
yollanardıq. Tonqalın ətrafına
yığılıb söhbət edərdik. Bəy danışanda hamı ona diqqətlə qulaq
asırdı. O, təkcə bir problemdən
danışmırdı. Düşdüyümüz
bəlalardan hərtərəfli danışardı. Bəzən
islam dinindən danışar, poeziyadan
söhbət açardı. Söhbətin sonu
da mütləq millətin azadlığı, istiqlaliyyəti
ilə qurtarardı".
"Bəy
KQB-nin sədrini məğlub etdi"
"1990-cı ildə Cəbrayıla getmişdik. Bizi qonaq
apardılar. Həmin məclisdə 100-dən artıq adam iştirak edirdi. Məclisin
şirin yerində bir nəfər içəri girdi. Mənə
məlumat verdilər ki, bu adam Cəbrayıl
rayon KQB sədridir. Eşidən kimi Bəyə
xəbər verdim. Bəy elə bunu
gözləyirmiş kimi daha da radikal çıxış etməyə
başladı. Sovet imperiyasının
xalqların başına açdığı oyunlardan, bu
rejimə qarşı mübarizə aparmaqdan
danışdıqca KQB sədri yerində qurcalanırdı.
Gecədən xeyli keçmiş məclis
dağıldı. Otaqda 5-10 nəfər
qaldı. Sədr də getməmişdi.
Əbülfəz bəy başladı bununla
mübahisəyə. Ona nələr demədi... Məsələn, deyirdi ki, "sən heç kimsən,
sənin əlindən heç nə gəlmir, ancaq buyruq
qulusan". Mübahisə gedən zaman mən
KQB sədrinin başının üstünü kəsdirmişdim
ki, bəyə artıq-əskik söz desə,
qulağının dibindən ilişdirim. Bəy bunu
sezdiyindən işarə etdi ki, bu yana
keçim.
Düzü, bəyin sədrlə bu cür
danışığının məqsədini
anlamırdım. Sonra bəy sədri necə hövsələdən
çıxardısa, o dedi ki, nə istəsən bu bölgədə
eləyərəm. O zaman bəy bildirdi ki, İranla sərhədi
aç, deyim nəsə etməyə qadirsən. Elə bunu eşidən kimi qalxdı ki, gedək.
Xudafərin körpüsünə gəlib
çatdıq. KQB-nin sədri
maşından düşüb sərhəçilərə
yaxınlaşdı. Sonra içəri
keçib zabitlə danışıq aparmağa
başladı. Bu danışıq düz
20 dəqiqə çəkdi. Bayaqdan
özünə güvənən KQB sədri zabitin
otağından qanı qara çıxdı. Elə bunu görən kimi bəy özü zabitin
otağına keçdi. Bəy nəzakətlə
özünü təqdim elədi və oturdu. Zabit ayaqlarını stolun üstünə uzadaraq
qarşısında olan araqdan töküb içir, bəzən
saymazyana bəyə də təklif edirdi. Bəy
isə zabitin ukraynalı olduğunu bildikdən sonra rus
imperiyasının Ukrayna xalqının başına
açdığı oyundan, onların tarixindən, tarixi qəhrəmanlarının
mərdlikə vuruşmağından danışdı. Zabit əvvəlcə laqeyidliklə deyilənləri
dinləyirdi. Sonra bəyin söylədikləri
ona necə təsir etdisə, başladı ayaqlarını
yığışdırmağa. Arağı
bir kənara qoyub bəyin danışığına hakim kəsildi.
Deyəsən, bəy məqsədinə
çatmışdı. Zabitdə milli
ruhu oyatmışdı. Bu nailiyyət idi.
Zabit bir stəkan araq töküb ayağa qalxdı və bu
sözləri dedi :"Siz Azərbaycan
xalqının böyük oğlusunuz, xalqınız sizinlə
fəxr etməlidir. Məndən nə xahiş
etsəniz, canla-başla əməl edəcəyəm".
Bəy bildirdi ki, mümkünsə 10 dəqiqəliyə
də olsa Xudafərinin üstündən keçən sərhəddi
açmağa icazə versin. Zabit əmr verdi
ki, sərhəd açılsın. Ancaq bəyə
xəbərdarlıq etdi ki,"körpünün düz
ortasında daş var, həmin daşı keçmək
olmaz. Əgər daşı keçsən
vuracaqlar. Bu tərəfdən atəş
açılmasa da, qarşı tərəf bu fürsəti əldən
verməyəcək". Sərhəd
açıldı. Bəy irəliyə
doğru yeridi. Hiss etdim ki, zabitin dediklərini eşitmir.
Başqa aləm yaşayır. Mən də bəylə birlikdə daşa
yaxınlaşıb dayandım. Bəy
daşı 3 addım geridə qoydu. Biz də
onunla birgə yeridik. Elə bu vaxt sərhəddə
projektorlar yandırılırdı, avtomatlar hazır vəziyyətə
gətirildi. Bəy dayandı. Bir arxaya baxdı, bir qabağa. Əllərini
göyə qaldırıb yana-yana dedi: "Ey Ulu Tanrı, belə
zülm olar? O tay da mənim, bu tay da mənim.
Bir tərəfdən fars şovinizmi, bir tərəfdən
də rus imperializmi". Bunu deyib
hönkür-hönkür ağladı. Geriyə
dönüb körpünün yanında oturdu.
Bütün bunları KQB sədri və ukraynalı zabit
görürdü... Yevlağa kimi Bəyi sakitləşdirə
bilmirdik".
"Məni
öldürmək istəyirdilər"
"Son iki ildə özümə söz vermişdim ki, daha bəylə mübahisə etməyəcəm. Hakimiyyətə gəldik. Bəy prezident olmaq istəmirdi. Ancaq müəyyən məsələlər vardı ki, hakimiyyətdə olmadan həll etmək olmurdu. Mən artıq prezidentin sürücüsü idim. Deyirdilər özünə fikir ver, hərəkətlərini ölç-biç. Lap əvvəldən "Marlboro" siqareti çəkirdim. Hakimiyyətə gələndən sonra dostlar dedi ki, artıq prezidentin sürücüsüsən, siqaretini başqasıyla əvəz elə. Nisbətən ucuz "Konqress " siqareti çəkməyə başladım. Bir gün bəy əlimdə təzə çəkdiyim siqareti gördü və dedi: "Xəlil bəy, nə olub, heç bir həftə deyil hakimiyyətə gəlmişik. Nə tez bahalı siqaret çəkirsən?" Dedim, "bəy, bu əvvəl çəkdiyimdən ucuzdur". Vallah, hakimiyyətə gələnə kimi məclislərdə də olmuşam, kabab da yemişəm. Ancaq bir il ərzində yediyimiz kolbasa çörək olub. 17 il idi ki, evim yoxuydu. Bəy tapşırmışdı ki, mənə ev versinlər. Bir-iki dəfə müxtəlif yerlərdə ev təklif olunanda bəyə dedim ki, "yaxşı olar birinci özünüz üçün ev təşkil edin, sonra məni fikirləşin." İnadkarlığımı görüb məcbur etmədi. Elə indi də evsizəm.
Bərk xəstələnmişdim. Necə iynə vurmuşdularsa şoka düşmüşdüm. Məni aradan götürmək istəyirdilər. Sonradan həmin həkimlər sorğu-sual olundu, onları həbs etdilər. Ancaq bəy onları bağışladı. İki ay ağır vəziyyətdə yatdım. İyun hadisələri zamanı xəstə olsam da, bəyi tək qoymurdum. Kələkiyə gedən günü Oqtay bəy soruşdu ki, "sən bəylə gedirsən?" Dedim əlbətdə. Anama kiçik məktub yazdım ki, uşaqlardan muğayat olsun.
Bizim hakimiyyət xəyanətin qurbanı oldu. Yüksək rütbəlilər hakimiyyəti 4 iyunda Gəncədə təhvil verdilər. Bəyə təklif etdilər ki, qiyamı yatırmaq üçün icazə versin. Ancaq razılaşmırdı. Çünki vətəndaş müharibəsindən qorxurdu. 1993-cü ilin avqustunda Bakıya dönmək istədi, qoymadılar".
"Əbülfəz bəy hər iki tərəfdən incimişdi"
"AXCP-də baş verənlər ona yaman təsir etmişdi. Ona namərdlik etdilər. O türkçü idi, azadlıq aşiqi idi, demokrat idi. Ancaq bütün bunlarla yanaşı o, əsl Kişi idi. Yadımdadır, Ayaz Mütəllibovun atasının dostunun Bakının mərkəzində bir obyekti vardı. Ayazın atası hər gün dostunun yanına gəlib nərd atardı. Həmin obyekti bağlamışdılar. Bunu eşidən bəy İsgəndər Həmidova zəng vurur və tapşırır ki, bu kişinin atasından da üzr istəsinlər. Elə də oldu".
Son görüş
"Türkiyəyə müalicəyə gedənə kimi bir gün də olsun dincəlmədi. Amerikaya gedəndə ayağı şişmişdi. Dedim "ay bəy, qurbanın olum, özünə fikir ver, səhhətini qoru". Kimə deyirdin, dinclik nədir bilmirdi. Amerikaya gedəndə evə də getmədi. Qərərgahdan birbaşa hava limanına apardım. Gələndən sonra ağrıları başladı. Sonuncu dəfə Türkiyəyə yola salanda inanırdım ki, sağalacaq. Çünki bəy çox sağlam idi.
Avqustun 17-də inamım itdi. Yuxuda gördüm ki, Əbülfəz bəy əyninə qara rəngli dar köynək geyib. Onunla söhbət edirəm. Bəylə sağollaşmaq istəyəndə nə qədər edirəmsə əlim bəyə çatmır. Birtəhər üz-gözündən öpürəm. Dönüb getmək istəyəndə bəydən xahiş edirəm ki, qoy bir də gözlərindən öpüm. Ancaq qoymur. Deyir ki, "Xəlil bəy, bu bizim son görüşümüzdü"
Yuxudan dik atıldım. Gördüm qan-tər məni aparır. Ürəyimin üstünə də elə bil daş qoyublar. Səhəri diri gözlü açdım. Sübh tezdən Almurad ağanın evinə getdim. Yuxumu danışandan sonra, o məni sakitləşdirdi və bildirdi ki, bəy yaxşıdır. Dözə bilmədim. Yollandım Qadınlar Cəmiyyətinə. İçəri girəndə Xanım müəllimənin ağladığını hiss etdim. Bəy ona baş çəkənlərə hər dəfə tapşırıbmış ki, Xəlili də gətirin. Ancaq çox təəssüf ki, aparmadılar. Bəlkə mənə deyiləsi bir sözü vardı. Özüm gedəcəkdim. Xarici pasportum olmadığına görə ləngidim.
Axırıncı 8 ayda içindən ah çəkirdi. Həmin ahı 20 Yanvarda, Xocalı soyqırımında, Nəcəf Nəcəfovun və Eldar Bağırovun ölümü zamanı çəkmişdi. Ah çəkəndə deyirdim "Bəy ahın dağlara". Deyirdi: "O dağlar mənim ahımı götürməz".
Bəydən sonra heç nəyin yaxşı olacağına inanmıram. Mənim üçün hər şey mənasızlaşıb. Bir arzum var Tanrıdan. Məni tez bəyin yanına aparsın (gözlərinin yaşını saxlaya bilmir-A.Ş.)".
...Xəlil tək Milli liderini deyil, həm də qəlb sirdaşını, məsləkdaşını, Peyğəmbər kimi səcdə etdiyi bir insanı itirib. Bu itkidən qorxduğu üçün təkliyə nifrət edir.
Və neçə vaxtdır Xəlil bir səsə, bir sözə möhtacdır: "Xəlil bəy, necəsən, uşaqlar necədir?"
11 sentyabr
2000-ci il
Arzu Şirinova
Xalq Cəbhəsi.-
2014.- 22 avqust.- S.8.