“Vətən, xalqım” deyən dillər kəsilsə də...

 

Nəcəf bəy Vəzirovun əsərləri dövrümüzdə də aktualdır

 

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı yazılı abidələr təkcə xalqımızın deyil, Yaxın Şərqin orta və sonrakı yüzilliklərdəki ictimai-siyasi vəziyyətini öyrənmək baxımından qiymətli mənbələrdir.

Bu yazılı abidələr-əlyazma kitabları ilə yanaşı XIX yüzilliyin ikinci yarısından başlayaraq XX yüzillikdə yaşayıb-yaratmış alim, şair, ədəbiyyat və mədəniyyət xadimlərimizin şəxsi fondları da dövrün ümumi mənzərəsini əks etdirən qiymətli sənədlər olmaqla zəngin bir xəzinədir.

Burada M.F.Axundov, A.A.Bakıxanov, H.B.Zərdabi, N.B.Vəzirov, S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.T.Sidqi, R.B.Əfəndiyev, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ü.Hacıbəyov, Ə.A.Müznib, N.Nərimanov, S.Mümtaz, M.Maqomayev və bu kimi görkəmli xadimlərimizin arxivlərini tədqiq edib öyrəndikcə onların keçdikləri ömür yollarını izlədikcə, belə bir nəticəyə gəlirsən ki, müasir həyatımızda istər orta təhsil məktəblərində, istərsə də haqlarında yazılan məqalə və kitablarda bu el oğullarımızın keçdikləri həyat yolları hələ tam halda göstərilməyib və haqlarında deyiləcək sözlər, yarımçıq qalmış fikirlər açıqlanmayıb.

Milli ədəbiyyat və mədəniyyətimizin bu dəyərli övladları öz dərin zəka və ağılları ilə yaşayışlarının əsasını, yaradıcılıqlarının mənasını el işinə, vətəninə, xalqına xidmətdə görüb, heç nədən, heç kəsdən çəkinmədən dövrünün durumunu müxtəlif səpkilərdə yazdıqları əsərlərində - drama, komediya, hekayə, faciə və felyetonlarında əks etdirməyə çalışıblar.

Burada represiya qurbanları olmuş ədəbiyyatşünas alimlərimizdən Salman Mümtaz və Əlabbas Müznibin adını xüsusi qeyd etmək istərdik. Salman Mümtaz Azərbaycanın bütün bölgələrinə gedib xalq deyimlərini - folklor nümunələrini, adlı-sanlı insanları haqqındakı söhbətləri dinləyib, yazıya alıb, bugünkü günümüzə ərməğan edib. Əlabbas Müznib öz şeirləri ilə xalqını ayıltmağa, maarifləndirməyə, düşdüyü bəladan qurtarmaq üçün üzünü böyük türk oğlu Atatürkə tutmuş, ondan imdad istərkən adlarına "xalq düşməni" damğasını basmışlar. Bu fədakar el oğullarımızı Sibirə sürgünə aparan yol bunlar olmuşdu. "Vətən, xalqım" deyən dilləri kəsilsə də, uzaq Sibirdən gələn məktublarında, şeirlərində yenə də susmamışlar.

Haqqında danışacağımız Nəcəf bəy Vəzirovun şəxsi fondunda Salman Mümtazın bir teleqramı var. Salman Mümtaz Nəcəf bəyi yaradıcılığının 40 illik yubileyi münasibətilə Aşqabaddan təbrik edir və gələ bilmədiyi üçün təəssüf etdiyini bildirir. Ona milli ədəbiyyatımızın inkişafı naminə cansağlığı arzulayır. Nəcəf bəy Vəzirovdan çox danışılıb, çoxlu məqalələr və kitablar yazılıb. Biz isə burada onun şəxsi fondundakı bəzi sənədlərlə o böyük şəxsiyyəti yad etmək istərdik.

Şəxsi fondunda onun tərcümeyi-halını; yaradıcılığını açıqlayan çoxsaylı materiallar - dram əsərləri "Hacı Çırıq lənətullah", "Hacı Fərəc lənətullah", "Keçmişdə", "Keçmişdə qaçaqlar", "Kərəmlər", "Otuz beş il bundan əqdəm", "Qaçaqlar", "Qəzviyyə", "Təzə əsr", "Nə əkərsən, onu biçərsən", "Pul düşkünü Hacı Fərəc", və b;. felyetonları, məktublar və 40 illik yubileyi münasibətilə teleqram və qəzet yazıları var.

Bu sənədlərin qiyməti əksəriyyətinin avtoqraflı olmasıdır.

"Şəfa" maarif cəmiyyəti nəşriyyatı tərəfindən 1913-cü ildə çap edilmiş kiçik həcmli kitabça Nəcəf bəyin keçdiyi həyat yolunu açıqlayan əvəzsiz bir sənəddir. Kitabçanın üz qabığında "Qırx yil Qafqaz türkləri ədəbiyyatinə etmiş olduğu xidmətlərinə müqabil tərtib edilmiş yubileyi (şənlik günü) münasibətilə çap edilmişdir" kimi açıqlama verilib.

Buradakı N.B.Vəzirovun öz qələmindən çıxan tərcümeyi-halından bəzi məqamları müasir gəncliyə ərməğan olaraq qeyd etmək istərdik.

Nəcəf bəy yazır: "Mən, 1854-cü ildə bəhar aylarında (Şişə) şəhərində anadan doğulmuşam. Məni on iki yaşında məktəbə göndərdilər. 3 ayın ərzində Quran oxumağı öyrənib, yazıya başladım. Bir ildən sonra məni Şişə şəhərinin mülkiyə məktəbinə verdilər".

O, burada Mkrtç adlı müəllimdən rus dili dərsini almağa başlayır. Lakin müəllimin onu haq-nahaq döyməsinə dözməyib, məktəbdən qaçdığını, 1868-ci ildə anasının göz yaşlarına baxmayaraq Bakıya gəldiyini söyləyir. O, yazır ki, ailəmiz hədsiz dərəcədə kasıb idi. Ailəni anam idarə edirdi, atam xəstə və bacarıqsız idi: "O vaxtlar yadıma düşdükcə şimdi də ürəyim parə-parə oluyor" - deyə çəkdiyi əzab və əziyyətlərini qəlb ağrısı ilə dilə gətirir.

Nəcəf bəy Bakı həyatını ürək dolusu sevinclə təsvir edir və bildirir ki, burada Realni məktəbin II sinfinə daxil olur, oranı gümüş medalla bitirir. Onun gələcək həyatında mühüm rol oynayan amil, 6-cı sinifdə oxuyarkən rus teatrına tamaşa etməsi olur. O, yazır ki, ertəsi günü gimnaziya müəllimim Həsən bəy Zərdabiyə müraciət etdim: "Aya, bizim dilimizdə teyatro əsərləri, ya məzhəkə və ya faciə varmıdır?" deyə sordum.

Məlikov Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasını ona nişan verir və Nəcəf bəy bu komediyanı pansionun müsəlman şagirdləri ilə bir yerdə hazırlayıb tamaşaya qoyurlar. O, yazır ki, biz hazırlaşan zaman Həsən bəy Məlikov cənabları tamaşa edirdi. Amma şagirdləri mən hazırlayırdım.

Tamaşanın çox uğurla keçdiyini, qubernatorun ailəsi ilə tamaşaya gəldiyini, tamaşa bitdikdən sonra qubernatorun dilmancı Həsən bəy Nəbibəyovun onları qonaq etməsini sevinclə yad edir: "Həman gecə müəllimimiz Həsən bəy Məlikov Mirzə Fətəli Axundova teleqram göndərdi..."

O, Realni məktəbi bitirib əvvəlcə Sankt Peterburqa gedir, sonra Moskvadakı Petrovski Akademiyasına daxil olur. Burada son dərəcədə fəqirlik həyatı keçirir. Bu haqda belə yazır: "Havası soyuq Moskvada üstümə örtməyə bir yorğanım yox idi. Gecələr dünya malından təkcə gümanım gələn bircə palazımı üstümə çəkirdim... Hərdən oturub axırımın necə olmasından fikir edirdim... Hər il şəhərimizdə 10-15 imam ehsanı verən olur. Burada boynuyoğun mollalar, şiş papaqlı tacirlər, hacılar plovlanırlar. Allah belə ehsanı qəbul etsin. Fəqət fəqirlərin uşaqları üçün qayrılmış məktəbə verilən ehsanı qəbul etmir".

Nəcəf bəy belə bir mühitdə çalışmış, öz əsərlərində dövrünün fəna cəhətlərini təsvir edərək tənqid atəşinə tutmuşdu.

Göründüyü kimi son dərəcədə kasıblıq, fəqirlik həyatı keçirən bu insanı xalqının savadsız qalması, onun əsrlərdən bəri xanların, bəylərin, mollaların təzyiqi ilə nadanlıq dünyasında yaşaması Həsən bəyi genişmiqyaslı, müxtəlif məzmunlu əsərlər yaradıb bu kütləni ayıltmağa sövq etmişdi.

Bildiyimiz kimi Azərbaycanda dramaturgiya M.F.Axundovun qələmi ilə, maarifçi dramaturgiya isə Nəcəf bəy Vəzirovun yaradıcılığı ilə başlayıb. Vəzirovun ədəbi və ideoloji fəaliyyəti milli maarifçilik, faciə və məzhəkələri dramaturgiyamızın, elmi-bioloji əsərləri isə Azərbaycan meşəçilik elminin yeni bir mərhələsinin əsasını qoyub.

Yuxarıda qeyd etdiyimiz kimi, N.B.Vəzirovun ümumi yaradıcılığı ətraflı öyrənilib, tədqiq edilib nəşr olunub. Onun "Palıd" adlı elmi-təhqiqat işi isə haqqında yazılmış bir-iki məqaləni çıxmaqla indiyədək tədqiqat çap edilməyib.

Alimin şəxsi fondunda I saxlama vahidi altında qorunan bu əsər 72 vərəqdən ibarət olub, 17x4x 21 sm ölçüsündədir.

Əsər Azərbaycan dilində, ərəb əlifbası ilə yazılıb, tarixi və yazıldığı yer qeyd olunmayıb. Onun Nəcəf bəyin Ağamalıoğlu adına Yer Quruluşu və Meliorasiya Texnikumunda dərs dediyi zaman tələbələr üçün hazırladığını yəqin etmək olar.

Əsər sondan naqis olsa da məzmun etibarı ilə tamdır. Onu ilk dəfə olaraq transfoneliterasiya ilə nəşrə təqdim etməklə Azərbaycanda meşəçiliyin inkişafına lazımi qədər xidmət edəcəyi ümidindəyik. Ədibin şəxsi fondunda meşəçiliklə bağlı elə bir digər sənəd yoxdur. Lakin buradakı bir məktub nəzərimizi cəlb edir. Bu, Ağamalıoğlu adına Yer Quruluşu və Meliorasiya texnikumunun Nəcəf bəyin oğlu Samirə ünvanladığı müraciətdir. Məktubda atasının meşəçiliyə aid kitablarının texnikuma verilməsi xahiş edilib. Bu məktubdan məlum olur ki, Nəcəf bəyin meşəçiliyə, kənd təsərrüfatına aid əsərləri tələb olunan ünvana verilib. Məktub Nəcəf bəyin vəfatından sonra - 24 dekabr 1926-cı ildə yazılıb.

Şəxsi fondundakı digər bir sənəd Nəcəf bəyin kənd təsərrüfatındakı fəaliyyətini açıqlayır. Bu, 5 dekabr 1920-ci ildə Ümumrusiya Həmkarlar İttifaqı tərəfindən Vəzirova verilmiş kitabçadır. Kitabça onun Azərbaycan rayonlarında kənd təsərrüfatı ilə bağlı fəaliyyətinə görə verilib və Nəcəf bəyin I kateqoriyalı ali meşəbəyi olduğu, 28 fevral 1920-ci ildə Xalq Torpaq Komitəsinin müfəttişlik şöbəsinə işə götürüldüyü bildirilib.

Burada meşəçiliyə aid digər sənədlər Nəcəf bəyin meşə quruluşu işinə aid planlarıdır. Onun "İş planı" adlı sənədi texnikumun III kurs tələbələrinin meşə taktikası (oduncaqlı ağacların miqdarının təyin edilməsi), yay praktik işinin aparılması, praktika kimi bir illik, altmış illik ağacların sahəsinin, ölçüsünün təyin edilməsi və meşəçiliyə aid digər məsələlərin öyrənilməsi haqqındadır. Digər sənədlərdə Yer quruluşu və Meliorasiya texnikumunun meşəçilik sahəsinin I kurs tələbələrinin meşədə canlı və çürümüş ağacların böyüməsi, yaşı və xüsusiyyətlərini öyrənmələri, meşə torpağının dərinliyi, rütubətliliyi əsasında ağacları təyin etmək, ağacların yaşını və kölgəyə davamlılığını təyin etmək, kölgəyə davamlı ağacı təsvir etməkdir.

"Palıd" elmi əsəri Azərbaycanda meşəçiliyin inkişafı üçün çox dəyərlərə malik olduğundan onu ərəb əlifbasından foneliterasiya ilə çapa hazırlamaqla Nəcəf bəy Vəzirov yaradıcılığına azacıq da olsa xidmətimizlə qürurlanırıq. Əlbəttə, müəllifin öz ədəbi dilini saxlamaq şərtilə.

Ədibin şəxsi fondunda onun yaradıcılığının 40 illik yubileyi münasibətilə çoxlu təbrik teleqramları var. Bu teleqramlarda Nəcəf bəyin nadir yaradıcılığa malik olması (Yelizovetpol şəhərinin başçısı); onun kimi ədibin xalq üçün həmişə gərəkli olması (Bakı Müsəlman Cəmiyyəti Xeyriyyə idarəsi); onun ədəbiyyat sahəsindəki xidmətləri (Bakı Rus Müsəlman məktəblərinin müəllimlərindən) qeyd olunur.

 

Mehri Məmmədova,

araşdırmaçı

Xalq Cəbhəsi.- 2014.- 23 avqust.- S.14.