Çaldıran savaşından 500 il ötür
Bu vuruşdan
sonra Şah İsmayıl bir də heç bir döyüşə girməyib, ancaq dövlət quruculuğu ilə məşğul oldu...
Avqustun
23-ü iki böyük
türk hökmdarı
Şah İsmayıl Xətai ilə Sultan Səlim arasında baş vermiş dəhşətli Çaldıran
fəlakətindən (1514-cü il) 500 il
ötür. Unutqan olmayanlar xəyalən
o çağlara qayıdıb
tariximizin, bütövlükdə
türk tarixinin ən qanlı, tükürpədən, yalnız
yenilgidən ibarət
savaşını, türkün
türkə qənim kəsildiyi Çaldıran
döyüşünü xatırlasınlar.
Bu andan o çağlara
boylandıqda böyük,
qüdrətli babalarımızın
adi yanlışlarından
öz ulusları üçün necə sarsıdıcı bir fəlakət törətdiklərinin
şahidi oluruq.
Bu savaş aradan
keçən sürədə
tarix kimi dartışılmaqda, çək-çevir
edilməkdədir. İstək
birdir: türk bir də yadlara
uyub özünə qarşı bu boyda dəhşətli savaş törətməsin,
öz soyuna qıymasın!
XVI əsrin başlanğıcında
Şərqdə ciddi,
dayanıqlı güc
olan iki türk imperiyasının
varlığı Avropanı
qorxutmağa başlamışdı. Türkü sevməyənlər
nə olur-olsun, onları bir-biri ilə vuruşdurmağa, zəiflətməyə çalışırdılar.
Nəhayət, Şah İsmayılla
Sultan Səlimin arasını
vura bildilər. Şər türklərin zəif damarını tapdı, babalarımızın bir-birini
sevməməsindən ustalıqla
yararlandı. İki türk
cahangiri öncə sözlə döyüşdülər,
sonra isə Çaldıranda.
Çaldıranla yeni fəlakətimizin özülü qoyuldu. Bu savaşda qalib olmadı. Əslində hər iki tərəf məğlub idi. Ona görə ki,
"Türk türklə
döyüşəndə həmişə məğlub
olub" (Asif Ata).
Hər ikisinin türklüyün yayılması
ilə bağlı gözəl istəkləri
də vardı. Türklər fəlakətlərindən dərs
ala biliblərmi? Hər
sayaq özgə hadisələr (dini, siyasi) az
qala hər kəsin ağlında, ürəyində kitablaşdığı
dərəcədə niyə
fəlakətlərimiz demək
olar, yada salınmır? Başqa yandan da fəlakətli tarixi hadisələrimiz daha çox tarix kimi araşdırılır,
xəlqi-mənəvi itkilərin
nədən ibarət
olduğu bilinmir.
O zaman savaş Osmanlı imperiyası ilə Azərbaycan Səfəvilər dövləti
arasında gedirdi. Sonradan Səfəvi hökmdarı
Şah Abbas babası Şah İsmayılın gördüyü
bütün böyük
işləri yox etdi.
İndi də dünya türklərin birliyini istəmir, əlindən gələni edir ki, nə olur-olsun,
türklər birləşməsinlər. Unutmayaq:
siyasi dünya bizi bizdən yaxşı tanıyır.
Buradaca bir doğma ərkimi də çatdırmaq istəyirəm. Qoy Türkiyə türkləri
bizi "azəri"
deyə çağırmasınlar.
Dünyada "azəri" adında türk soyu yoxdur. Bizim bir adımız
var - türk! Azərbaycan isə yaşadığımız
bölgənin, yurdun adıdır.
Çaldırandan qabaq Azərbaycanın Midiyanın çöküşü,
Babəkin qətli kimi böyük, sarsıdıcı faciələri
olmuşdu. Xalq olaraq fəlakətlərimizin
ölçüsünü anlaya bilmədik. Əksinə, Çaldırandan
sonra yeni-yeni fəlakətlərimiz (Türkmənçay
faciəsi, Azərbaycan
Xalq Cümhuriyyətinin
çöküşü, 20 Yanvar, Xocalı) baş verdi.
Çaldıran fəlakəti - bütün
türklər üçün
böyük dərsdir.
İndisə bu sarsıdıcı faciəmizi
ayrıntıları ilə yada salaq.
Səfəvilər dövlətinin meydana
çıxması (1501) və onun gücünün
artması Osmanlı İmperiyasını çox
qayğılandırırdı. Hələ 1502-ci ildə
sultan hökuməti Səfəvilərin durumu ilə
bağlı bilgi toplamağa başlamışdı. Sultan I Səlim Yavuz Çaldırana kimi Anadolu
şiələri tərəfindən yaranmış təhlükəni
yox etdi. Osmanlı imperiyası Səfəvilərin
yağısı olan Ağqoyunlu başçılarına
yardım edir, yeni dövlətin bərkiməsinə
qarşı çıxırdı. Ancaq
Osmanlı sultanı II İldırım Bəyazid (1481-1512 -
hakimiyyət illəri) Səfəvi hökmdarı Şah
İsmayıla (1486 -1524) qarşı savaşa başlamağa
cəsarət etmədiyindən 1504-cü ildə Səfəvilər
dövlətini tanımalı oldu. Bununla
belə Osmanlı feodalları Azərbaycanı və qonşu
ölkələri ələ keçirmək istəklərindən
əl çəkmirdilər. Səfəvilər
də Osmanlının bir sıra doğu torpaqlarını
özlərindən asılı etmək istəyirdilər.
I İsmayıl Osmanlı dövləti ilə
toqquşmanın qaçılmaz olduğunu duyur və
savaş üçün qıraqdan özünə yardım
axtarırdı. 1505-ci ildə Səfəvilər dövləti
Osmanlı imperiyasına qarşı birgə
çıxış etmək üçün Venetsiya ilə
danışıqlar apardı. Özəlliklə
bir sıra Avropa ölkələri bu iki qardaş dövlətin
vuruşmasını çox istəyir, bununla bağlı tərəfləri
bir-birinə qarşı salışdırırdılar.
İsmayılın Avropa dövlətlərindən
yardım almaq istəyi sonacan baş tutmadı. Şah İsmayıl qorxulu
qonşusu Şeybani xanın dövlətini
çökdürəndən sonra Osmanlıya qarşı bir
sıra yanlış addımlar atdı: onları qorxutmaq
üçün Şeybani xanın başının dərisinə
saman doldurub İstanbula göndərdi. Osmanlı
sarayının içərisində gedən çəkişmə
və Bəyazidin kiçik oğlu Səlimin
çevrilişi ilə bağlı bu, cavabsız qaldı.
Bəyazid yalnız İsmayıla gələcəkdə
belə işlərdən əl çəkməyi və
müsəlmanlar (Çaldıran döyüşünün
baş verməsində şiə-sünnü məsələsi
başlıca amillərdən olub, ona görə də
qanıbir, dilibir qardaş dövlətlər bir-birinə
yağı kimi baxıblar) arasında qan tökməməyə
çağırdı.
1512-ci ildə I İsmayılın sərkərdəsi
Ərzincan hakimi Rumlu Nurəli xəlifə yerli
qızılbaşların yardımı ilə Kiçik Asiyada
Qarahisar və Malatya şəhərlərinə yiyələndi. Bununla bir
çağda qızılbaş sərkərdəsi Məhəmməd
xan Ustaclı Diyarbəkri ələ keçirdi. Sultan I Səlim Yavuz taxta çıxan kimi qonşu
Avropa və Asiya dövlət başçıları onu
tanımaq üçün səfirlərini Ədirnəyə
göndərdilər. Onların içərisində
Səfəvilərin elçisinin olmaması sultana toxundu.
O, hakimiyyətə
gələn kimi (1512-1520) Osmanlı dövlətinin
qızılbaşlarla ilişkiləri dəyişdi və
onda qardaş qırğınına getmək
düşüncəsi daha da alovlandı. Bunun
üçün o, bir sıra işlər gördü: Avropa
ölkələri ilə ilişkilərini artırdı,
onlarla işbirliyi sazişləri bağladı; yardım
üçün Mavərənnəhrin özbək
padşahı Ubeydulla xanın razılığını
aldı; ölkədə qızılbaş dərviş təriqətlərinin
tərəfdarları olan şiələri ucdantutma
qırdı. Bunun üçün hər vilayətdə
7-dən 70 yaşınacan bütün şiə kişiləri
siyahıya aldırdı. Təkcə bu tədbirlərin
birində 40 min şiə türk qılıncdan
keçirildi; sultan işğalçılıq istəyini
ört-basdır etmək üçün 1514-cü ilin
yazında Ədirnədə gözlənilməz bir
toplantı çağırdı. Toplantıda
sünnü alimləri qızılbaş şiələrlə
savaşı bütün müsəlmanların müqəddəs
vəzifəsi olduğunu bildirdilər. Sultanın
vəzirləri isə Şah İsmayılla savaşın
qorxulu olacağını söylədilər.
Osmanlı sultanının göstərişi ilə
ölkənin hər yerindən qoşun toplandı. O,
döyüşçülərin ruh yüksəkliyini
qaldırmaq üçün onların hər birinə min
akça payladı. Az sonra 140 min nəfərlik
bir qoşun yarada bildi və ordu qızılbaşlarla
vuruşa hazır duruma gətirildi. Sultanın
qoşunu Osmanlı - Səfəvi sınırı boyunca axan
Çaysu çayını keçib Ərzincana girdi. Buna kimi Nurəli Xəlifə Şah
İsmayılın göstərişilə şəhərdən
çıxıb Azərbaycana doğru çəkildi. Osmanlı sultanı savaşa başlamazdan öncə
Şah İsmayıla göndərdiyi iki məkubunda onunla
ciddi döyüşəcəyini bildirmişdi. İsmayıl isə onu saymadığından məktublarına
da cavab vermədi. Sultan
üçüncü məktubunu göndərəndə
İsmayılı "qorxaq" adlandıraraq ələ
saldı. Şah İsmayıl bu dönə
ona sanballı bir məktub yazdı və onu sultan kimi
tanımadığını bildirdi.
Osmanlı sultanı anlayırdı ki,
İsmayılın geri çəkilməsinin, savaşdan
yayınmasının arxasında
düşünülmüş bir addım dayanır. Doğrudan da
İsmayıl döyüşü qışacan yubatmaq,
qışda sultan qoşununu aclıqla sınağa çəkmək
istəyirdi. İsmayılın saymaz davranışı
hər an sultanı
qıcıqlandırır, onda yağısına qarşı
acıq yaradırdı. İş o yerə çatdı ki,
ölkəsində olan Səfəvi elçisi Şahqulu
Boynökəri heç bir siyasi ölçülərə
sığmayan biçimdə edam etdirdi və
ardınca İsmayıla dördüncü məktubunu
göndərib, döyüş fikrinin kəskin olduğunu
vurğuladı. İsmayılın da
döyüşə hazır olduğunu duyunca sultan Güney
Azərbaycandakı Maku yaxınlığındakı
Çaldıran düzünə doğru irəlilədi.
Osmanlı qoşunu İsmayılın
qoşunundan bir neçə dəfə çox idi.
Döyüşdən öncə toplanan hərbi
şurada Səfəvi sərkərdələri Məhəmməd
xan Ustaclı və Rumlu Nurəli Xəlifə osmanlılar
üzərinə gecə ikən basqın etməyi Şah
İsmayıla bildirdikdə o, bunu qorxaqlıq, ürəksizlik
adlandırıb "Mən karvanbasan quldur deyiləm!" - demişdi.
Beləliklə,
gözlənilən gün gəlib çatdı: 1514-cü il avqustun 23-ü. Çaldıran düzündə
qanı, canı, dili bir iki türk övladı qanlı savaşa
girdilər. Qaynaqların yazdığına
görə, bu döyüş başlıca olaraq bir-birinə
qarşı din düşmənçiliyi prinsipi üzərində
qurulmuşdu və burada hər iki tərəfdən özlərinə
şəhidlik arzulayan yetərincə fanatik türklər var
idi. Bu fakt Çaldıran
vuruşmasının türk ulusunun ən böyük fəlakətlərindən
biri olduğunu ortaya çıxarır. Şah
İsmayıl bütün döyüşlərdə öndə
gedib, vuruşların hamısından uğurla
qayıtmışdı. Ancaq bu
döyüşdə o, uğur qazana bilmədi, bir səbəbi
o idi ki, Sultan Səlimin ordusunda o çağın yeni
silahları - topu-tüfəngi vardı. Bu
da faktdır ki, Şah İsmayıl Osmanlı sərkərdələrindən
biri ilə döyüşə girərək onu ikiparça
edib yerə sərmişdi. Şah İsmayılın
ordusu Osmanlıların piyada qoşununu geri oturtsa da,
qarşı tərəfin top atəşləri
qarşısında yenildi. Yaralanmış
Şah İsmayıl ordusunun sağ qalan kəsimi ilə
mühasirəni yarıb Təbrizə doğru çəkildi.
Şah İsmayıl qarşı tərəfdən
ordu sayında və ümumi hazırlıq məsələsində
geridə idi, topu olsa da, ondan osmanlılar kimi yararlana bilmədi.
Çaldıran döyüşü Azərbaycan Səfəvi
dövləti üçün böyük itkilərlə
yadda qaldı, torpaqlarının bir hissəsinin itirilməsinə
gətirib çıxardı. Osmanlılar düz Təbrizə
kimi irəliləsələr də, onlar burada cəmi 8
gün qala bildilər. Çaldıranda
qazandığı uğurdan sonra Osmanlı imperiyası
Ərzurum şəhərilə birlikdə Batı Anadolu və
Quzey Mesopotomiyaya yiyələndi. Bağdad
daxil olmaqla ərəb İraqısa Səfəvilərin əlində
qaldı. Bu vuruşdan sonra Şah İsmayıl bir də
heç bir döyüşə girməyib, ancaq dövlət
quruculuğu ilə məşğul oldu...
Uğur
Xalq Cəbhəsi.- 2014.- 23 avqust.- S.13.