Bakının azad olunması dövrün
mətbuatında
AXC-nin 23 aylıq hakimiyyəti
dövründə qəzetlərin sayı 200-ə yaxın
idi
1918-ci ilin mart hadisələrinədək Azərbaycanda
türk dilində 15-dək qəzet və jurnal çap
olunurdu. Bu dövrə qədər isə
bütövlükdə nəşr olunan qəzetlərin,
jurnal və dərgilərin sayı 80-ni
ötüb-keçmişdi. Partiyalaşma
prosesinin sürətləndiyi bu illərdə, demək olar,
müxtəlif istiqaməti, siyasi-ideoloji
dünyagörüşü özündə əks etdirən
qəzetlərin əksəriyyəti partiyalı mətbuat
ömrünün yeni inkişaf mərhələsini və
çətinliklərini yaşayırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün
mətbuat tədqiqatçıları və biblioqrafları
bildirir ki, "Əkinçi" qəzetinin yaranmasından
1918-ci ilin mayına qədərki dövrdə cəmi 40 adda qəzet
çıxmışdısa, AXC-nin 23 aylıq hakimiyyəti
dövründə qəzetlərin sayı 200-ə yaxın
olmuşdu.
Tədqiqatçı Akif Aşırlı hesab edir ki,
dövrü mətbuatın statistikasındakı bu qeyri-adi
artımın səbəbləri hər şeydən əvvəl
Azərbaycanda olan mövcud demokratik idarəçilik sistemi, əks
fikirliliyə tolerant yanaşma, polemika və diskussiyalara verilən
meydanla bağlı idi. Burada əsas faktlardan biri də Azərbaycan
Xalq Cümhuriyyəti liderlərinin əksəriyyətinin
jurnalist olmaları, onların azad sözə önəm vermələridir.
Xalq Cümhuriyyəti yaratmaq, hakimiyyət və
torpağı xalqa qaytarmaq istəyi ilə mübarizə
aparanların qarşısında çox ciddi, çətin
vəzifələr dururdu. Bolşevik mətbuat
orqanlarında hürriyyət və cümhuriyyət
arzularının əleyhinə məqalələr çap
olunur, bu istəyin real olmadığı fikri təbliğ
edilirdi. Qafqaz canişini missiyasını Bakıda həyata
keçirməyə çalışan Bakı Xalq
Komissarları Sovetinin sədri S.Şaumyan hələ mart
ayında "Bakinski raboçi" qəzetində
yazırdı: "Azərbaycan muxtariyyətini istəyən
müsavatçılar nəticədə bir xarabazar
alacaqlar".
Daşnak
və bolşeviklərin ruporu kimi çıxış edən
"Bakinski raboçi", "Bakı və onun ətrafı
Şurasının əxbarı", "İzvestiya
raboçix deputatov sovetov", sol eserlərin mətbu
orqanı "Naşe znamya", "Naş trud" qəzetləri
milli qüvvələrə qarşı
çıxışlar edirdilər. S.Şaumyanın milli
qüvvələrə qarşı hədələrinin
arxasında Bakı Sovetinin 6 min nəfərlik
"Qırmızı Qvardiya"sı və Erməni Milli
Şurasının və "Daşnakstyun"
partiyasının 4 min nəfərlik silahlanmış dəstəsi
dayanırdı. Hadisələrin siyasi-hərbi
inkişafı gözlənilən faciəni qaçılmaz
etmişdi. Azərbaycanı müstəqillik
arzusundan daşındırmaq, onun sərvətlərini əldən
buraxmamaq məqsədi ilə kütləvi qırğın
aksiyalarını həyata keçirmək niyyəti ilə
hazırlıqlar aparılırdı. Azərbaycanın
aydınları, ziyalıları, siyasi xadimləri, publisistləri
təhlükənin yaxınlaşdığını
görür, milli mətbuat orqanlarında bu barədə xəbərdarlıq
edirdilər. 1918-ci ilin mart ayının əvvəlində
vətənin bütövlüyü, müstəqilliyi, xalq
hakimiyyəti yaratmaq çağırışları müxtəlif
partiyaların mətbu orqanlarının əsas
mövzularına çevrilmişdi.
Gürcüstanın ardınca öz müstəqilliyini
elan edən Azərbaycan Xalq Cümhuriyyəti Milli
Şurası İstiqlal bəyannaməsini imzaladı. Cümhuriyyətin
qarşısında həlli müşkülə çevrilən
problemlər vardı ki, onlardan ən önəmlisi dövlətin
paytaxtı Bakı şəhərinin bolşevik-daşnak hərbi
birləşmələrinin nəzarətində olması idi.
Bir tərəfdən S.Şaumyanın
başçılıq etdiyi Bakı Xalq Komissarları
Sovetinin "Qırmızı Qvardiya"sı yaranmış
şəraitdən istifadə edərək Bakı, Quba,
Şamaxı, Salyan, Kürdəmir kimi şəhər və
qəsəbələri dağıdıb viran qoyaraq Gəncəyə
doğru hərəkət edir, digər tərəfdənsə
Zəngəzuru işğal edib Qarabağa hücum edən
Andranik də Gəncəyə hücuma
hazırlaşırdı. Bununla bağlı M.Ə.Rəsulzadə
yazırdı: "Bu müşkül vəziyyətdən
milləti qurtaracaq yeganə çarə vardı - Türkiyə.
Ümidlər oraya dikilmişdi".
Batumda
Türkiyə təmsilçiləri ilə
danışıqlar aparan nümayəndə heyətinin
üzvü Xosrov bəy Sultanov Tiflis qəzetlərinə
verdiyi müsahibədə isə deyirdi: "Müsəlman
olan yerlərdə bolşeviklərlə mübarizə etmək
üçün türklərdən kömək istədik. Türklər cavab verdilər ki, bizim gəlməyimiz
Zaqafqaziya hökumətinin xahiş və tələbindən
asılıdır. Zaqafqaziya hökuməti
isə Türkiyənin müsəlmanları mühafizə
etməsini müqəddəs vəzifə hesab edir. Türklərin gəlişi anarxiyanı
yatırıb ermənilərlə münasibətin
yaxınlaşmasına xidmət edəcəkdir".
Osmanlı
dövləti və Azərbaycan Cümhuriyyəti arasında
bağlanmış dostluq və əməkdaşlıq
müqaviləsinin şərtlərinə görə, Azərbaycan
türklərini bolşevik istilasından və ermənilərin
törətdikləri qətliamlardan xilas etmək
üçün türk ordusunun ilk heyəti 1918-ci il mayın 25-dən Azərbaycana gəlməyə
başladı. Podpolkovnik Rüştü öz
hərbi memuarında müfəssəl məlumatlar verərək
ordunun Gəncəyə iki qrup halında gəldiyini yazır.
Birinci qrupda 147 zabit, 2812 əsgər, digərində isə
110 zabit və 2763 əsgər olan ordunun dislokasiyası,
komplektləşdirilməsi işini Nuru Paşa sürətlə
həyata keçirirdi. Bakıda milli mətbuat
nümunələri çap olunmadığı
üçün türk qoşunlarının gəlişi xəbərini
bolşevik mətbuatı, Tiflisin müxtəlif ideyaları təbliğ
edən qəzetləri çap edir, siyasi məqsədlərindən
doğan, istək və maraqlarına uyğun məlumatlar
yayırdılar. "Bakinski raboçi" qəzeti
Türkiyənin Azərbaycan milli hökumətinə hərbi
yardımını istilaçılıqla bağlayır,
qüvvələrin ölkəyə gəlişini
"Bakı proletariatının əzilməsinə yönələn"
hərbi akt hesab edir, ordunun gəlişi xəbərlərini
qısa, nəzərəçarpmayan səhifələrdə
yerləşdirirdi. Belə xəbərlərin birində
deyilirdi: "Türklər Qarakilsə-Ağstafa-Bakı
şosesi üzrə hərəkət edirlər. İmzalanmış sülh sazişinə əsasən,
türklər qoşunlarının Bakı və Culfa dəmir
yolu ilə köçürülməsi işinə
başlayacaqdır".
Akif Aşırlı yazır ki, Bakı Xalq
Komissarları Soveti isə Moskvadan kömək, hərbi
yardımlar gözləyir, nəzarətində olduğu qəzetlərdə
bu barədə məlumatlar dərc etdirirdi.
Xalq Nuru Paşanı göydən enmiş mələk
kimi qarşıladı.
M.Ə.Rəsulzadənin
"Azərbaycan Cümhuriyyəti" əsərində
xatırladığı bu tarix - 1918-ci ilin may ayının
25-i Vətən tarixinin ən unudulmaz, şanlı səhifəsidir.
Elə bu tarixi faktı fərqli rakursda bolşevik mətbuatı
da öz səhifələrinə köçürüb:
"Ənvər Paşanın nümayəndəsi Nuru bəy
30 nəfər zabit və 25 nəfər təlimatçı
ilə Yevlaxdadır. O, Zaqafqaziyaya İrandan Təbrizə,
oradan isə Qarabağa keçərək gəlib. Yevlaxda Nuru bəyi erməni-müsəlman nümayəndələri
duz-çörəklə qarşılayıb. Mühəndis Behbudov təbrik nitqi söyləyib.
Nuru bəy cavab nitqində qayda-qanun
yaradacağına söz verib".
Bakıda
yeganə azərbaycandilli mətbu orqan olan "Hümmət"
öz növbəsində hadisələri "Bakı xəbərləri",
"Teleqraf xəbərləri", "Tiflisdən xəbərlər"
rubrikası altında dərc etdirir, faktlara sinfi mübarizə
kontekstindən yanaşırdı. Ordu
komandanlığında təmsil olunan Nazim bəyin Nuru
Paşadan öncə Gəncəyə gəlişi,
döyüşlərə qatılması barədə
"Hümmət"də "Bakinski raboçi"yə
istinadən geniş məqalə dərc olunmuşdu:
"Nazim Paşa qabaqca Gəncəyə gələrək
camaat tərəfindən təntənəli surətdə
istiqbal edilmişdi. Vağzaldan şəhərə
kimi xalçalar döşənərək hər yerdə
izdiham var idi. Musiqi dəxi
çalınırdı". Nazim bəyin ordu ilə
xalq arasında ünsiyyət və əlaqə
yaratdığını, bunun isə böyük əhəmiyyət
daşıdığını etiraf edən bolşevik qəzetləri
onun xalqa müraciətindən epizodlar da dərc etmişdi:
"İndi on beş gündür biz bütün zəhmətimizə
mütəhəmmil olaraq sizləri görmək
üçün İstanbuldan çıxmışıq. Mən artıq ikinci dəfədir doğulmuşam.
Qafqaz İslam Ordusu şərəfinə
Yelizavetpol bələdiyyəsində verilən ziyafətdə
Nuru Paşa ilə birlikdə nitq icad edən Nazim bəy şəhəri
gəzməyə çıxmış, gəncəlilər
onu milli mahnılarla qarşılamışdılar".
Akif
Aşırlı "Cümhuriyyət Dövri Mətbuatında
qafqaz İslam Ordusu" kitabında qeyd edir ki, "Bu tip
bolşevik mətbuatının apardığı təbliğatlara
qarşı öz mətbuatını yaratmaq istəyən Azərbaycan
Xalq Cümhuriyyəti Qafqaz İslam Ordusunun gəlişi ilə
Tiflisdən Gəncəyə köçdü və bu istəyini
reallaşdırmaq niyyəti ilə "Azərbaycan hökumətinin
əxbarı" nəşrə başladı. Həftədə iki dəfə nəşri nəzərdə
tutulan bu mətbu orqanının missiyası Azərbaycan milli
hökumətinin qərarlarını çap etməklə
yanaşı, ordu quruculuğu prosesinə qatılmaq,
könüllülərin orduya cəlb olunması işində
yaxından iştirak etmək idi. Təbliğata
ciddi ehtiyac duyulduğunu görən ordunun siyasi
müşaviri, böyük qəzetçilik təcrübəsinə
malik olan Əhməd bəy Ağaoğlu "Türk
sözü" adlı qəzet çıxarmağa
çalışdı. Təəssüf
ki, bu qəzetin ömrü çox uzun olmadı, cəmi iki
sayı işıq üzü gördü".
Nuru Paşanın qarşısında duran ən
mühüm məsələlərdən biri kifayət qədər
silah-sursata malik olan Gəncə ermənilərini tərk-silah
etmək idi.
Qafqaz İslam Ordusunun Gəncədəki fəaliyyətini
geniş şəkildə izah edən "İttihad" qəzeti
yazırdı: "Onu qeyd etmək yerinə düşər
ki, Nuru Paşa Gəncədə olduğu birinci gündən
nəinki Qafqaz müsəlmanları üçün, o
cümlədən qeyri - müsəlmanlar üçün
böyük işlər gördü". Türk ordusunun ermənilərə
qarşı deyil, Qafqaz müsəlmanları üçün
böyük təhlükələr törətmiş,
onları qətlə yetirmiş bolşeviklərə,
xüsusilə də "Daşnaksütyun"
partiyasının silahlarına qarşı mübarizə
apardığını əsaslandıraraq
"İttihad" yazır: "Nuru Paşa Yelizavetpolda yerli
müsləmanlara səbr verir və təmkinlə davranaraq
deyirdi: "Sakit olun, hər şey yaxşı olacaq, ermənilər
ona görə sizi incidir ki, bu gün onlar sizdən
güclüdür, indi güc sizin tərəfinizdədir. Ermənilər tezliklə bu gücü
görüb, sizinlə dostlaşacaqlar".
Akif Aşırlı həmin dövrün mətbuatına istinad edərək yazır ki, Qafqaz İslam Ordusu bu döyüşlərdə 28 min güllə və 87 mərmi işlətmişdi. Bakının azad olunması xəbərini sentyabrın 15-də Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində çap olunan "Azərbaycan" qəzeti xəbər verdi. "Azərbaycan"ın ilk sayında Bakının azad olunması, Qafqaz İslam Ordusunun qardaş köməyi barəsində yazılar, informasiyalar kifayət qədər maraq doğurur. Bu haqda xəbərlərdə deyilirdi ki, Azərbaycan Cümhuriyyəti hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həzrətləri tərəfindən belə bir teleqram gəlmişdi: "Bismillahir-rəhmanir-rəhim. Bakı şəhəri 15.09, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusu komandanı Feriq Nuru".
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 23 avqust.- S.11.