“Biz ağıllı hücum planı düşünmüşük”
Azərbaycanın Latviyadakı səfiri:
"Diplomatik sirr olduğu üçün
planlar barədə xırdalığa getmək
istəmirəm, məqsədimiz
erməni lobbisini neytrallaşdırmaqdır"
Azərbaycanın Latviya Respublikasındakı
səfiri Elman Zeynalovun
APA-ya müsahibəsi
- Azərbaycan və Latviya arasındakı hazırkı münasibətlər
hansı səviyyədədir
və yeni hansı işlər nəzərdə tutulub?
- Azərbaycanla Latviya
arasında elə bir sahə yoxdur
ki, orada əməkdaşlıq inkişaf
etməsin. Artıq münasibətlər hərtərəfli inkişaf
edir. Hətta, məsələn, bu gün Azərbaycanda
keçirilən elə
bir böyük tədbir yoxdur ki, Latviya orada
ən yüksək səviyyələrdə təmsil
olunmasın. Əlbəttə ki, bu inkişafın
bizim üçün
real nəticələri də
var. Məsələn, Latviya
bu gün konkret olaraq Dağlıq Qarabağ məsələsində Azərbaycanın
mövqeyini birmənalı
olaraq dəstəkləyir.
Əminəm ki, indən
belə də bu dəstək davam edəcək.
Biz və eyni zamanda Latviyanın Azərbaycandakı səfiri
birgə işimizi elə qururuq ki, bu proses
daim inkişaf etsin.
Azərbaycanla Latviya arasında imzalanan sazişlər də iqtisadi əməkdaşlığın bütün sahələri
üzrə inkişafa
zəmin yaradır. Bu, əsasən azərbaycanlıların
imkanlarının Latviyada
tətbiq olunmasından
ibarətdir. Latviya Azərbaycanın
buraya sərmayə qoymasında çox maraqlıdır. Latviya Azərbaycanın
iqtisadi sahədə əldə etdiyi imkanların təcrübəsindən
də yararlanmağa çalışır və
bütün söhbətlərdə
bunu bizə bildirirlər. Onlar SSRİ dağıldıqdan
sonra müstəqillik
əldə etmiş Azərbaycanın zəif bir dövlətdən güclü bir dövlətə çevrilməsi
təcrübəsini öyrənməkdə
maraqlıdırlar. Təəssüf ki, regionda bəzi
qüvvələr Azərbaycanın
bu nailiyyətini qısqanclıqla qarşılayırlar.
Latviyanın durumu elədir ki, daim Rusiyaya
bağlı olub və Avropa İttifaqına üzvlüyə
qədər də bu ölkənin iqtisadiyyatını əsasən
Rusiya tənzimləyib. Bu gün artıq Latviya bu stereotipi
sındıraraq öz
iqtisadi xəttini tutmaq istəyir ki, burada da
əsas partnyor olaraq Azərbaycanı seçir. Nəzərdə tutulan işlər
də bu istiqamətdədir. Bundan başqa,
biz artıq planlaşdırmışıq
ki, ilin sonuna qədər Azərbaycanda Latviya, Latviyada isə Azərbaycan günləri
keçirək.
- Bu yaxınlarda Bakıda Azərbaycan prezidentinin iştirakı ilə Azərbaycanın xarici ölkələrdəki səfirləri
və diplomatik nümayəndələrinin müşavirəsi
keçirildi. Müşavirədən sonra Latviyada hansı işlərin görülməsi nəzərdə
tutulub?
- Həmin müşavirədə
cənab prezidentin bizə tapşırıqları
oldu. Xüsusən də hücum
siyasətinə keçidlə
bağlı. Burda da təbii ki, Azərbaycan torpaqlarını
işğal edən Ermənistanın havadarı
erməni lobbisindən
söhbət gedir.
Biz də Latviyadakı
səfirlik olaraq yerli spesifik xüsusiyyətləri nəzərə
almaqla bu tapşırıqlardan irəli
gələn planlarımızı
artıq qururuq. Sadəcə,
diplomatik sirr olduğu üçün
bu planlar barədə xırdalığa
getmək istəmirəm,
amma biz bunu həyata keçirəndə
hər kəsə bəlli olacaq.
Bizim məqsədimiz
erməni lobbisini neytrallaşdırmaqdır. Biz cənab prezidentin tövsiyəsi ilə emosional yox, ağıllı hücum planı düşünmüşük.
Bu planlara Latviya
ilə daha yüksək əlaqələr
qurmaq da daxildir. Çünki bu əlaqələr
düşmən tərəfin
burada zəifləməsinə
də şərait yaradacaq. Bir şeyi diqqətdən
qaçırmaq lazım
deyil ki, Azərbaycanın regionda güclənməsi uzaq ölkələrdə də
nüfuzunun artmasına,
ermənilərə diqqətin
azalmasına səbəb
olur.
- Son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas
xəttində ermənilərin
təxribatı nəticəsində
ciddi gərginlik yaşandı, itkilər oldu. Bu xaricdəki,
o cümlədən Latviyadakı
erməni lobbisinin fəaliyyətinə nə
kimi təsirlər göstərdi?
- Biz bu hadisədən sonra bütün təhlükələrə qarşı
hazırlığımızı daha da artırdıq.
Düzdür, bizi heç
bir təhlükə qorxutmur və buradakı təhlükəsizliyimizə
Latviya hökuməti özü də zamindir, amma biz hər ehtimala qarşı tədbirlər
gördük. Çünki praktikada erməni lobbisinin terror əməllərini
çox görmüşük.
Türk diplomatlarına qarşı
onların törətdiyi
terror aktları isə
xüsusilə yadda qalıb. Biz bunu heç vaxt nəzərdən qaçırmırıq. Ermənilərdən hər şey
gözləmək olar.
Bütün hallarda ermənilərin
buradakı fəaliyyətindən
Latviyanın aidiyyəti
qurumlarının da məlumatı olduğu üçün ümumilikdə
biz elə də fövqəladə təhlükə
gözləmirik.
- Bir sıra ölkələrin parlamentlərində Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı layihələr qəbul olunub. Bəs Latviyada bu gözlənilirmi?
- Latviya və Azərbaycan parlamentləri arasında çox yüksək münasibətlər yaranıb. İki dövlət arasındakı münasibətlərlə yanaşı, parlamentlərarası dostluq qrupunun fəaliyyəti də burada çox rol oynayıb. Bütün bu münasibətlərin fonunda bununla bağlı əlbəttə ki, Latviyada da iş gedir. Bizim məqsədimiz odur ki, Latviya parlamenti də Azərbaycan torpaqlarının işğal olunmasına və o cümlədən Xocalı soyqırımına hüquqi qiymət versin. Təbii ki, fəaliyyətimiz nəticəsini verəcək.
- Erməni lobbisinin bir sıra ölkə parlamentlərində qondarma "erməni soyqırımı" layihəsini qəbul etdirmə cəhdləri özünü göstərir. Latviyada vəziyyət necədir?
- Bu, heç vaxt mümkün ola bilməyəcək. Çünki yuxarıda qeyd etdiyim fəaliyyətimiz və bunun nəticəsi olaraq yerli ictimaiyyətin formalaşmış rəyi, eləcə də azərbaycanlıların artan nüfuzu buna imkan verməz. Eyni zamanda bir sıra məqamlar var ki, buna əsasən mən qəti əminəm ki, bu cür qondarma layihənin Latviya parlamentinə gəlib çıxması heç cür mümkün deyil. Ola bilməz.
- Azərbaycanla Latviya arasında ötən illərdə ermənilərə Latviyadan silah satılması ilə bağlı gərginlik yaşandı. Nə baş verirdi?
- Mən sizi qəti əmin edirəm ki, Latviya dövlət olaraq heç vaxt ermənilərə silah satmayıb. Bu dəqiq məlumatdır. Sadəcə, burada sistem elədir ki, bir sıra şirkətlər istədikləri kimi fəaliyyət göstərirlər. Onlardan biri müəyyən çirkin əməllərə əl atmağa cəhd edirdi. Amma bu cəhdlərinin qarşısı alındı. Latviya dövlətinin araşdırması nəticəsində şirkətin fəaliyyətində xeyli qeyri-müəyyənlik aşkarlandı. Artıq belə bir problem yoxdur.
Bu gün qəti əminlik var ki, Latviya ermənilər tərəfdən işğal olunmuş Dağlıq Qarabağın da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu istiqamətdə bütün cəhdlərimizi dəstəkləyir.
- Azərbaycanlıların bu ölkədə fəaliyyəti necədir?
- Konkret deyim ki, son 3 ildə azərbaycanlıların, Azərbaycan diasporunun burada fəaliyyəti sürətlə artıb. Etiraf edim ki, bunda Azərbaycan dövlətinin, xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsinin rolu çox aktiv olub. Baltikyanı ölkələrin, xüsusilə Latviyanın bizim üçün bir özəlliyi var ki, burada az da olsa, çox nüfuzlu azərbaycanlılar var və bu da diasporun təmərküzləşməsində burada mühüm rol oynayıb. Artıq burada milliyyətcə azərbaycanlı nazir də var və çox güman ki, azərbaycanlıların bu aktivliyi nəticəsində bu kimi göstəricilər daha çox olacaq. Bu işin əsas təşkilati özəlliyi odur ki, biz səfirlik olaraq Diasporla İş üzrə Dövlət Komitəsi ilə koordinasiyalı işləyirik. Bu isə istənilən marağı olan azərbaycanlının yüksək postlara getməsinə yaxşı dəstək olur. Təbii ki, burada iki ölkə arasındakı münasibətlərin də rolu böyükdür. Hazırda burada oktyabr ayında keçiriləcək parlament seçkilərinə hazırlaşırlar. Nəzərə alsaq ki, Latviya parlament respublikasıdır, biz seçki prosesində azərbaycanlıların aktivliyi üçün Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə indidən hazırlaşırıq.
Xalq Cəbhəsi.- 2014.- 23 avqust.- S.5.