Orta çağ Azərbaycan bədii nəsri
Anadilli ədəbiyyatımızın
ayrılmaz qolunu təşkil edən bədii nəsr uzun bir
inkişaf yolu keçsə də, "Kitabi-Dədə
Qorqud" dastanları nəzərə alınmazsa, şeirlə
müqayisədə çox az öyrənilib.
Azərbaycan klassik bədii nəsr nümunələrinin
çoxu araşdırıcıların diqqətindən
yayınıb, bir növ kölgədə qalıb. Bu,
bir yandan ümumiyyətlə, orta yüzilliklərdə
şeirə, poeziyaya meylin daha güclü olması
üzündən bədii nəsrin ağır və ləng
inkişafı ilə izah olunursa, o biri yandan da Azərbaycanda
uzun müddət klassik irsə, xüsusilə də bədii
nəsr nümunələrinə olan birtərəfli və
biganə münasibətlə. Belə ki, orta
çağ Azərbaycan bədii nəsrinin bir çox
nümunələri indiyə kimi ya sırf dini əsərlər,
ya da ikinci dərəcəli tərcümələr
sayılıb. Ana dilimizdə
yaranmış klassik bədii nəsr nümunələrindən
biri də Möhsün Nəsirinin "Lisanüt-teyr"
("Quş dili") əsəridir. Onun əldə
olan bu yeganə əsəri Gəncə xanı Cavad xan
Ziyadoğlu Qacarın sifarişilə qələmə
alınıb. Müstəqil siyasət
yürütmüş Cavad xanın hakimiyyəti dövründə
(1785-1804) Gəncə xanlığı güclənmiş,
inkişafının zirvəsinə çatmışdı.
Çağdaşlarının
yazdığına görə, Cavad xan möhkəm xarakterli,
qətiyyətli, cəsur və natiq bir şəxsiyyət
olub.
Nəsirinin
doğulduğu yer, il və ölüm
tarixi haqqında əlimizdə heç bir bilgi yoxsa da,
"Lisanüt-teyr"əsərinin XVII yüzilliyin
sonlarında qələmə alındığını və
bu zaman müəllifin yetkin yaşda olduğunu söyləyə
bilərik. Əsərin girişində Cavad
xanın dililə göstərilir ki, Nəsiri öz
dövrünün savadlı, məlumatlı şəxslərindən
olub. Kitabın sonunda işlənmiş
"sahibxame" (qələm sahibi) sözünə əsasən,
Nəsirinin saray tarixçisi olduğunu da güman etmək
olar.
"Lisanüt-teyr"
əsəri göstərir ki, Nəsiri klassik Şərq, o
sıradan Azərbaycan ədəbiyyatına dərindən bələd
olub, ərəb və fars dillərini
mükəmməl bilib.
Əsərdə Sədi, Hafiz, Cami
yaradıcılığına üz tutulması, onların qələmindən
çıxmış şeir parçalarının nəsr
arasında ustalıqla və yerində işlədilməsi
bunu aydın sübut edir. Ancaq Nəsirinin daha
çox bəhrələndiyi, yaradıcılıqlarına
üz tutduğu, şeirlərindən nümunələr gətirdiyi
şairlər onun öz doğma sələfləridir - Nizami,
xüsusilə də Füzulidir. Bəlli
olduğu kimi, anadilli klassik bədii nəsrimiz ərəb ədəbiyyatının
təsirilə uzun müddət qafiyə ilə - səclə
yazılıb. Azərbaycan ədəbiyyatı
tarixində anadilli qafiyəli nəsr özünün yüksək
zirvəsinə Füzulinin "Hədiqətüs-süəda"
əsərində çatıb. "Lisanüt-teyr"də
Füzulinin bu məşhur nəsr əsərinin təsiri
açıq duyulur.
Nəsirinin bu əsəri haqqında geniş bilgini Azərbaycan
MEA-nın müxbir üzvü, professor Əlyar Səfərli
verib. Əsərin qaynaqları, ideya-bədii xüsusiyyətləri
üzərində ətraflı dayanan Ə.Səfərli onu
"Tutinamə" adlandırıb. Müəllif
hekayə və rəvayətlərin tutinin və
heyvanların dilindən söyləndiyinə görə,
sözlə mənanın bağlılığını nəzərə
alaraq əsərin adını "Lisanüt-teyr"
("Quş dili") qoyub. "Lisanüt-teyr"
adlı başqa bir əsərin Şərq ədəbiyyatında
ilk dəfə böyük özbək şairi Əlişir
Nəvai tərəfindən yazıldığı bəllidir.
Nəvai bu əsərini məşhur sufi
şairi Şeyx Fəridəddin Əttarın farsca
yazdığı "Məntiqüt-teyr" əsərinin təsirilə
qələmə alıb. Çox güman ki,
Əlişir Nəvainin bu əsərindən Nəsirinin xəbəri
olub və onun təsirilə kitabına bu adı seçib.
Nəsirinin bu əsərinin Azərbaycanda
"Tutinamə" adı ilə tanınması şübhəsiz,
təsadüfi deyil. Məsələ burasındadır
ki, Nəsirinin "Lisanüt-teyr"i məzmunca Ziyaəddin
Nəxşəbinin fars dilində
yazdığı məşhur "Tutinamə" əsərilə
demək olar, eynidir. "Tutinamə"nin
kökləri, qaynaqları qədim hind folkloru və ədəbiyyatı
ilə bağlı olsa da, bu mövzu Yaxın və Orta Şərq
ölkələrində daha çox yayılıb. Nəxşəbinin "Tutinamə"si (1330) tez
bir zamanda bütün müsəlman Şərqinə
yayılıb, müəllifinə dünya şöhrəti
qazandırıb. Əsər orta yüzillərdə
bir sıra dillərə, o sıradan türk, türkmən,
özbək, tatar və başqa dillərə tərcümə
olunub. Bunların ən qədimi Nəxşəbinin
"Tutinamə"sindən təxminən 100 il
sonra Sultan Bayəzid üçün edilmiş türkcəyə
tərcümə sayılır. 30 görklü
hekayətdən ibarət bu məşhur tərcümə
keçən yüzilin ortalarında alman dilinə də
çevrilərək çap edilib.
Azərbaycan ədəbiyyatında "Tutinamə"
mövzusunda qələmə alınmış ilk əsər
hələlik Möhsün Nəsirinin
"Lisanüt-teyr"i sayılır. Cavad xan maraqlı və ibrətamiz
hekayətlərlə dolu bir əsərin - "Tutinamə"nin insanların əxlaqında,
dünyagörüşündə müsbət rol
oynayacağını düşünərək onun ana dilində
yazılmasını buyurub. Nəsiri əsəri yazmaqda əvvəlcə
tərəddüd etsə də, sonralar özündə belə
bir bacarıq olduğunu duyub, tarixin "gizlinclərində
unudulub qalmış" "Tutinamə"ni
təzədən işləyib, ona yeni don geyindirərək
"Lisanüt-teyr" adlandırıb. Müəllifin
özünün yazdığı kimi, onun dilsiz heyvanları,
şüursuz quşları "danışdırmaqda" məqsədi
bu yolla insanları düzgünlüyə
çağırmaq, çağdaşı olduğu olaylar
barədə düşüncələrini oxuculara
çatdırmaqdır.
Ancaq Nəsiri "unudulmuş" bu əsərin
adını və müəllifini göstərmir. Görünür,
Nəxşəbinin "Tutinamə"si yuxarıda göstərdiyimiz
kimi, çox məşhur olduğundan Nəsiri buna ehtiyac
duymayıb. Həm də bir qayda olaraq orta yüzilliklərin
tərcümə əsərlərində onların fars dilindən tərcümə olunduğu
göstərilirsə də, əsl qaynaq və müəllifin
adı çəkilmir. Nəxşəbi ənənəvi
mövzuda əsər yaratsa da, onun əsəri orijinal
sayılır. "Lisanüt-teyr"lə
Nəxşəbi "Tutinamə"si arasında
yaxınlıq, oxşarlıq olduqca çoxdur. Təkcə bunu xatırlatmaq yetər ki, hər iki əsər
məzmunca və quruluşca demək olar, eynidir. Nəxşəbidə olduğu kimi, Möhsün Nəsiridə
də hekayətlər Şərqdə müdriklük simvolu
sayılan tutuquşunun dilindən söylənilir. Əri səfərdə olan gənc qadına
tutuquşu hər gecə bir ibrətli hekayət
danışmaqla onu pis yoldan çəkindirir. Nəsirinin əsərindəki 49 hekayətin
hamısı "Tutinamə"də olduğu kimi
başlayır, olaylar eyni biçimdə cərəyan edir,
eyni sonluqla bitir. Nəsiri "Tutinamə"dəki
şəxs adlarına, coğrafi adlara da toxunmayıb. Nəsiri "Tutinamə"yə məzmun
baxımından sadiq qalsa da, onun üzərində əsl
yaradıcılıq işi aparıb, qafiyəli nəsrlə
qələmə aldığı əsəri ana dilinin folklor
incilərilə, bədii ifadə vasitələri ilə zənginləşdirib,
bir növ yeni əsər ərsəyə gətirib. Nəsiri
"Lisanüt-teyr"i orijinal bənzətmə və məcazları
ilə bəzəyib, "Tutinamə"ni,
doğrudan da bədiilik, söz sənəti baxımından
yenidən işləyib, onun üzərində əsl
yaradıcılıq işi aparıb. Nəsirinin
öz işinə yaradıcı münasibəti əsərdə
olan şeir parçalarında daha qabarıq şəkildə
özünü göstərir. O, əsərə yeri gəldikcə
məharətlə həm öz şeirlərini daxil edib, həm
də Nizami, Sədi, Hafiz, Cami, Füzuli, Qövsi kimi söz
ustalarının seçmə şeirlərindən bəhrələnib.
Nəxşəbidə şeirlərin
hamısı onun öz qələmindən çıxıb.
Didaktik-nəsihətamiz əsər olan
"Lisanüt-teyr"dəki hekayətlərin çoxunda
qadın və onun əxlaqından danışılır. Müəllifin
fikrincə, istər qadın, istərsə də bütün
insanlar üçün başlıca kefiyyət onun daxili
saflığı, əxlaqi təmizliyidir. İnsan məhz
bu kefiyyətlərə söykənərək mənəvi
kamilliyə ucala və öz arzu-istəyinə nail
ola bilər. Hekayətlərdəki hadisələr
daha çox Yaxın və Orta Şərq şəhərlərindən
Bağdad və Kabulda, İsfahan və Nişapurda və hətta
Təbrizdə baş verir. Əsərin
dil materialı göstərir ki, Azərbaycan-türk dili 200
illik bir müddət ərzində necə də irəli gedib
və yad ünsürlərdən təmizlənib. Nəsirinin "Lisanüt-teyr" əsərinin
onun öz qələmindən çıxmış nüsxəsi
günümüzə qədər gəlib çatmayıb.
Əsərin sifarişçisi Cavad xan
1804-cü ildə işğalçı çar
qoşunları ilə vuruşda öldürülüb və
heç şübhəsiz, onun üçün xüsusi tərtibatla,
müəllifin öz əli ilə yazılmış
"Lisanüt-teyr" nüsxəsi də bu zaman məhv
edilib (bəlkə müəllifin özü də bu zaman həlak
olub).
"Lisanüt-teyr"in
əldə olan beş əlyazma nüxsəsinin
hamısı Azərbaycan Füzuli adına Əlyazmalar
İnstitutunda saxlanılır. Bu nüxsələrin
beşi də XIX yüzilliyin 30-40-cı illərində Quzey
Azərbaycanda köçürülüb. "Lisanüt-teyr"in əlyazmalarından biri
yarımçıq, dördü isə tamdır. Tam nüsxələrdən ikisi 1833-1834-cü illərdə
eyni katib-Rəsul Allahverdi oğlu Nəsirzadə tərəfindən
köçürülüb. Araşdırmaçı
Söhrab Bayramlı həmin beş
nüsxə əsasında "Lisanüt-teyr"in elmi tənqidi
mətnini tərtib edib.
Möhsün
Nağısoylu,
filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.-
2014.- 26 avqust.- S.14.